Parisdə “Azərbaycan – İdman diqqət mərkəzində” adlı sərgi açılıb

Parisdə “Azərbaycan İdman diqqət mərkəzində” adlı sərgi açılıb

16
(Yenilənib 17:09 06.06.2015)
Parisdəki Fransa İdman Evində “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunan “Azərbaycan – İdman diqqət mərkəzində” adlı sərginin açılış mərasimi keçirilib.

BAKI, 4 iyun — Sputnik. Parisdəki Fransa İdman Evində “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunan “Azərbaycan – İdman diqqət mərkəzində” adlı sərginin açılış mərasimi keçirilib.

Sputnik Azərtac-a istinadən xəbər verir ki, sərgi “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC), Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa nümayəndəliyinin, Fransa Milli Olimpiya və İdman Komitəsinin (CNOSF) Nitsa Milli İdman Muzeyi ilə birgə əməkdaşlığı çərçivəsində baş tutub. Açılış mərasimi haqqında məlumat Fransa Milli Olimpiya və İdman Komitəsinin internet səhifəsində də yerləşdirilib http://espritbleu.franceolympique.com/espritbleu/actus/5082-lazerbadjan--ct-sport--une-exposition--la-maison-du-sport.html. Bundan başqa, tədbir haqqında reportaj “Bakı- 2015” birinci Avropa Oyunlarının rəsmi Fransa yayımçısı olan “L’Équipe 21” kanalında yayımlanıb.

150-dən artıq diplomat, idmançı, idman həvəskarının və Fransadakı Azərbaycan icması üzvlərinin iştirak etdikləri sərginin hörmətli qonaqları arasında Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, Avropa Şurasının Yerli və Regional Hakimiyyətləri Konqresinin sədri, fransalı senator Jan-Klod Frekon, Fransa Milli Assambleyasının deputatı və Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel, Fransa Güləş Federasiyasının prezidenti və birinci Avropa Oyunlarında iştirak edəcək Fransa nümayəndə heyətinin rəhbəri Alen Bertolom, Fransanın sabiq idman və gənclər məsələləri naziri, hazırda isə CNOSF-in tibb komitəsinin sədri Alen Kalmat, məşhur Fransa futbolçusu Mixael Landro və Paralimpiya çempionu, xizəkçi Mari Boşe də olub.

Fransa Milli Olimpiya və İdman Komitəsinin prezidenti Denis Masseglia sərginin açılış mərasimində çıxış edərək bildirib ki, Bakı şəhəri Avropa Oyunlarının keçirilməsi üçün öz namizədliyini irəli sürəndə biz bu şəhərin bu cür tədbirləri təşkil etməyə qadir olduğunu bilirdik. Azərbaycan çox gözəl ölkədir və onun paytaxtı ilk Avropa Oyunlarının keçirilməsi üçün zəruri olan bütün imkanlara malikdir.

Səfir Elçin Əmirbəyov “Bakı-2015” birinci Avropa Oyunlarının Azərbaycanın çağdaş tarixində bir çox idman növləri üzrə təşkil ediləcək ən böyük yarışlardan biri olduğunu vurğulayıb. Diplomat qeyd edib ki, Azərbaycan, xüsusilə də Bakı multikulturalizm və dini tolerantlıq ənənələrini təcəssüm etdirir. O, son illər ərzində Azərbaycanın mədəniyyətlərarası dialoq və dinlərarası tolerantlığı təbliğ edən bir neçə beynəlxalq tədbirin təşkilatçısı kimi çıxış etdiyini xatırladıb.

Elçin Əmirbəyov idmanın əsas strategiyasının sülh konsepsiyasının qardaşlıq, həmrəylik və tolerantlıq kimi ideallarını təbliğ etməsi olduğunu vurğulayıb. O deyib: “İdman insanları bir araya gətirmək imkanına malik bir qüvvədir. İnanıram ki, məhz bu ruhda TEAS millətlər arasında dostluq və həmrəyliyi gücləndirən bu iki vacib elementi – mədəniyyəti və idmanı bir araya gətirə bilib. TEAS-ın sərgilədiyi bu fotoşəkillər idmanın müxtəlifliyini ən universal ölçüdə əks etdirir.”

Avropa Azərbaycan Cəmiyyətinin Fransa nümayəndəliyinin rəhbəri Mari-Letitia Gourdin bildirib ki, “Azərbaycan – İdman diqqət mərkəzində” sərgisinin məqsədi Bakıda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində idmanın ümumbəşəriliyini və idman ruhunun mahiyyətini əks etdirməkdir.

Son on il ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri haqqında söhbət açan Mari-Letitia Gourdin vurğulayıb ki, Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi altında idman və idman infrastrukturu da bu inkişafdan kənarda qalmayıb. Bu uğurlu fəaliyyətin nəticəsində Azərbaycan birinci Avropa Oyunlarının təşkilati məsələlərinə yalnız iki il yarım vaxt sərf etdi, lakin başqa ölkələr üçün buna yeddi il tələb olunur.

Nümayəndəliyin rəhbəri məlumat verib ki, növbəti illərdə Azərbaycan digər beynəlxalq idman yarışlarına da ev sahibliyi etməyə hazırlaşır. Buraya 2016-cı ildə keçiriləcək Formula-1 üzrə Avropa Qran-prisi, 2017-ci il İslam Həmrəyliyi Oyunları və Avro 2020-nin bəzi futbol matçları daxildir. Azərbaycan, həmçinin 2024-cü ildə təşkil ediləcək Yay Olimpiya Oyunlarının keçirilməsi üçün namizədliyini irəli sürəcək.

Fransalı deputat Jan-Fransua Mansel Bakıda keçiriləcək ilk Avropa Oyunlarının möhtəşəm bir idman tədbiri və gözəl bayram olacağını deyib: “Fikrimcə, möhtəşəm anlar yaşanacaq. Azərbaycan bu Oyunların olduqca qısa bir müddətdə hazırlanması işini öz üzərinə götürə bildi”.

Fransa İdman Evində nümayiş etdirilən 65 fotoşəkil 2014-cü ildə TEAS tərəfindən təşkil edilən fotomüsabiqənin yekun nəticəsinə əsasən seçilib. Həmin fotoşəkillər dünyanın müxtəlif ölkələrindən olan peşəkar və həvəskar fotoqrafların təqdim etdiyi 300 şəkil arasından seçilib. Müsabiqənin mövzusu 2015-ci ildə Azərbaycanın ev sahibliyi etdiyi birinci Avropa Oyunlarına həsr olunmuşdu. Müsabiqə Azərbaycan, idman, idmanın ümumbəşəriliyi və Avropa Oyunlarının məzmunu kimi mövzuları əhatə edirdi.

Beləliklə, birinci yerə azərbaycanlı idman fotoqrafı Dilavər Nəcəfovun “Şöhrətə doğru”, ikinci yerə fransalı fotoqraf və videoqraf Pol Robionun “İpanema – Rio de Janeyro”, üçüncü yerə isə azərbaycanlı həvəskar fotoqraf Rüfət Abasın “Yekun təlimat” adlı fotoşəkilləri layiq görülüb.

Hər üç qalib bu il fevralın 27-də Londonun məşhur “Oxo” qalereyasında keçirilən tədbirdə təltif olunmuşdu. Londondan sonra şəkillər Nitsa, Maastrixt, Brüssel, İstanbul, Berlin kimi bir çox paytaxt və böyük şəhərlərdə nümayiş olunub.

Münsiflər heyətinə tanınmış amerikalı fotojurnalist, “VII Foto” Agentliyinin təsisçilərindən biri və 2011-ci ildə “World Press Photo” müsabiqəsinin qalibi Ed Kaşi, Maykl Cekson, Ledi Qaqa və Sofi Loren kimi məşhurların fotoportretlərinin müəllifi kimi tanınan almaniyalı fotoqraf Filip Ratmer və azərbaycanlı fotoqraf, bir çox beynəlxalq mükafatların laureatı Əğdes Bağırzadə daxil olub.

 


16
Azərbaycan Ordusunun hərbi qulluqçusu, arxiv şəkli

Azərbaycanda yaşayan etnik icma rəhbərləri: Qələbə bizimdir!

7
Azərbaycanın bütün xalqları Vətənimizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın düşməndən azad olunması, məcburi köçkünlərimizin öz ata-baba yurdlarına, Azərbaycanın tarixi torpaqlarına qayıtması uğrunda aparılan müqəddəs mübarizədən heç vaxt kənarda qalmayıb.

BAKI, 28 sentyabr — Sputnik. Azərbaycan Respublikasında yaşayan etnik icma rəhbərləri Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü ilə bağlı bəyanat imzalayıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a daxil olmuş bəyanatda bildirilir:

"Bu ilin 27 sentyabr tarixində Ermənistan növbəti hərbi təcavüzə əl ataraq, atəşkəs rejimini kobud şəkildə pozub, təmas xətti boyunca Azərbaycan ordusunun mövqelərini, yaşayış məntəqələrini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutmuşdur. Azərbaycanın cavab həmlələri nəticəsində ciddi tələfat verən düşmən növbəti siyasi-ideoloji təxribata əl atır, Azərbaycan Respublikasının guya döyüş əməliyyatlarına müxtəlif xalqların nümayəndələrinin zorən gəlb etməsi barədə çirkin məlumat yaymışdır. Onu da yaxşı bilirik ki, Azərbaycanda yaşayan xalqlar arasında əsrlər boyu davam edən sarsılmaz dostluq və qardaşlıq münasibətləri, onların vahid və bölünməz vətən naminə həmrəyliyi özünün sərsəm iddiaları ilə monoetnik dövlətə çevrilən irqçi Ermənistanda həmişə qısqanclıq və qıcıq hissi ilə qarşılanır. Çünki Vətənimiz Azərbaycanın ən böyük sərvəti onun etnik müxtəlifliyi, burada yaşayan bütün xalqların tarixi birliyi və qardaşlığıdır. Münaqişənin əvvəllərində olduğu kimi, bu gün də Azərbaycanın milli ordusunun sıralarında Azərbaycanda yaşayan xalqların yüzlərlə, minlərlə nümayəndələri - əsgər və zabitləri vardır. Odur ki, terrorçu Ermənistan və onun havadarları münaqişənin ilk dövrlərindən etibarən Azərbaycan xalqları arasında münasibətləri pozmağa, etnik, dini zəmində süni qarşıdurmalar yaratmağa çalışmış və bu istiqamətdə pozuculuq fəaliyyətini indi də davam etdirməkdədir.

Lakin onların bütün çirkin və mənəviyyatsız oyunları həmişə olduğu kimi bu gün də uğursuzluqla nəticələnir. Ermənistanın dövlətimiz üçün əlavə gərginlik mənbələrinin yaradılmasına yönəldilmiş təxribat cəhdləri sıralarımızı daha da möhkəmləndirir, bizi bir-birimizə bağlayan qardaşlıq tellərini daha sarsılmaz edir. Ermənistanın özünü Azərbaycanda yaşayan xalqların "dostu və himayədarı" kimi təqdim etməsi isə riyakarlıqdan başqa bir şey deyildir. Biz Ermənistanın növbəti çirkin böhtan kampaniyasını qətiyyətlə pisləyir və bir daha bəyan edirik: İşğalçı və marionet Ermənistan dərk etməlidir ki, Azərbaycanın bütün xalqları Vətənimizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın düşməndən azad olunması, məcburi köçkünlərimizin öz ata-baba yurdlarına, Azərbaycanın tarixi torpaqlarına qayıtması uğrunda aparılan müqəddəs mübarizədən heç vaxt kənarda qalmamışdır.

Biz etnik və dini mənsubiyyətimizdən asılı olmayaraq, Azərbaycan əsgərlərinin döyüş bölgələrində uğurlarına sevinəndə, şəhidlərimizə göz yaşları tökəndə onların etnik mənsubiyyətini soruşmuruq. Biz ürəkdən inanırıq və əminik ki, tezliklə Azərbaycanın rəşadətli ordusu üçrəngli bayrağımızı Şuşada, Xankəndində dalğalandıracaq, şəhidlərimizini qisasını alacaq və mənfur düşmən üzərində böyük qələbə sorağı ilə bizi sevindirəcəklər. Azərbaycan əsgərlərin isə hansı xalqa məxsus olmalarının, hansı dildə danışmalarının və hansı dinə tapınmalarının heç bir əhəmiyyəti yoxdur. Çünki, Azərbaycan bizim doğma Vətənimiz, Azərbaycan Respublikası bizim də dövlətimizdir. Onun hər qarış torpağı Azərbaycan xalqları üçün müqəddəs və əzizdir. Qələbə bizimdir!

İmamverdi Həmidov - Talış icmasının ağsaqqalı

Əhməde Həpo - Kürd icmasının ağsaqqalı,

İmran Rzayev - "Samur" Ləzgi Milli Mərkəzi,

Məhəmməd Nooyev - Azərbaycan-Avar İctimai Birliyinin sədri,

Mixail Zabelin - Azərbaycanda Rus İcması

Elman Əhmədov - "Azəri" tat mədəniyyət mərkəzi ictimai birliyi

Milix Yevdayev - Bakı Dağ Yəhudiləri Dini İcması

Robert Mobili - Azərbaycan Respublikasının Alban-Udi Xristian Dini İcması

Aleksandr Şarovski - Avropa Yəhudilərinin Bakı Dini İcması

Rafiq Abdullayev - "Buduq" Xeyriyyə Cəmiyyəti

Gülcan Miəsautova - "Tuqan tel" Tatar Mədəniyyəti Cəmiyyəti

Ismayıl Rəhimov - Azərbaycanda Yaşayan Axısxa Türkləri "Vətən" İctimai Birliyi

Sevinc Bulacova - İngiloy İcması

Rafael Qvaladze - Azərbaycanda yaşayan Gürcü İcması

7
Noutbuk arxasında kişi, arxiv şəkli

Nazirlikdən internet istifadəçilərinə xəbərdarlıq

77
Telefonunuzda istifadə edilən tətbiqlərin mənşəyinə və etibarlılığına diqqət yetirin. Bəzi tətbiqlər xəbəriniz olmadan fərdi məlumatlarınızı oğurlaya bilər.

 

BAKI, 28 sentyabr — Sputnik. Ermənistanın törətdiyi təxribat nəticəsində cəbhədə vəziyyətin gərginləşdiyinin, qarşı tərəfdən törədilən təxribatların artdığının şahidi oluruq. Bu təxribatlar, həmçinin kibermühitdə də davam etdirilir. Belə ki, son vaxtlarda ölkəmizin sosial şəbəkə istifadə hesablarına, şəbəkə qurğularına – router və ya modemlərinə kütləvi hücumlar edilir, insanlar arasında dezinformasiya yaymaqla qorxu və ya təşviş yaratmağa cəhdlər edilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nəqliyyat, Rabitə və yüksək Texnologiyalar Nazirliyinin açıqlamasına bildirilir. Məlumatda həmçinin deyilir ki, bu gün hər kəsin mobil texnologiya və internetə çıxışının olması hamını potensial olaraq informasiya müharibəsinin iştirakçısına və qurbanına çevirə bilir. "Məhz bu dövrdə hər birimizin kibertəhlükəsizlik məsələsinə xüsusi həssaslıqla yanaşması və kibertəhlükəsizlik qaydalarına əməl etməsi xüsusi əhəmiyyət daşıyır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bir daha vətəndaşları mövcud vəziyyətdə ayıq davranmağa və sadə kibertəhlükəsizlik qaydalarına əməl etməyə çağırır:

Sosial mediada qarşınıza çıxan, telefonunuza, e-poçtunuza tanımadığınız şəxslər tərəfindən göndərilən heç bir keçidə daxil olmayın, yaxud hər hansı faylı və ya tətbiqi yükləməyin. Tanımadığınız nömrələrdən gələn mesajlara və zənglərə etimad etməyin və cavab verməyin. Tanıdığınız mənbə olsa belə əvvəlcə mesajın düzgünlüyünü yoxlayın. Sosial şəbəkə hesablarınızın təhlükəsizliyini qoruyun. İki faktorlu təsdiqləmədən və güclü parollardan istifadə edin. Daha ətraflı: https://cert.az/…/diqqetsosial-media-hesablarinizin-tehluke…

"Wi-Fi" şəbəkənizin təhlükəsizliyini qoruyun və vaxt itirmədən müvafiq sazlamaları aparın. Daha ətraflı: https://cert.az/…/diqqet-wi-fi-sebekenizin-tehlukesizliyini…

Telefonunuzda istifadə edilən tətbiqlərin mənşəyinə və etibarlılığına diqqət yetirin. Bəzi tətbiqlər xəbəriniz olmadan fərdi məlumatlarınızı oğurlaya bilər. İstifadə etmədiyiniz tətbiqləri silin.

Hər yayılan məlumata etimad edib ani hərəkət etməyin. Aldığınız hər bir bildirişə şübhəylə yanaşın və həqiqiliyini rəsmi mənbədən yoxlayın.

Sosial media hesablarınız, cihazlarınız, internetə qoşulan bütün qurğular üçün ən sadə kibertəhlükəsizlik qaydalarına riayət edin. Unutmayın, internetə qoşulan hər bir qurğu özlüyündə kibertəhdid təşkil edir.

Standart istifadəçi adı və parollardan, o cümlədən zəif parollardan istifadə etməyin. Təxirə salmadan, bu cür parolları dəyişin. Proqram təminatlarını mütəmadi yeniləyin və antivirus proqramlarından istifadə edin. Mütəmadi olaraq kibertəhlükələr və onlardan qorunma yolları barədə özünüzü və ətrafınızdakıları maarifləndirin. Qeyd edək ki, hər bir hücumdan ən yaxşı müdafiə yolu məlumatlı olmaq və vaxtında tədbir görməkdir!

Hər hansı kiberinsidentlə üzləşdiyiniz və ya metodiki dəstəyə ehtiyacınız olduqda www.cert.az saytı, "1654" qaynar xətti və ya reports@cert.az e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edin", - deyə açıqlamada qeyd olunub.

77
Əlaqədar
Ölkədə təhsil böhranı yaşanır, internet problemi isə hələ də həllini tapmayıb
Səfərbərlik Xidməti çağırışçılara müraciət etdi