İlham Əliyev

Növbəti əfv sərəncamının Avropa oyunları ərəfəsində olacağı gözlənilir

34
28 may - Respublika günü ilə əlaqədar olaraq əfv sərəncamı gözlənilsə də, lazımi işlər və siyahı üzərində iş yekunlaşmadığından sərəncam ertələnib.

BAKI, 26 may — Sputnik. Növbəti əfv sərəncamı Birinci Avropa Oyunları ərəfəsində olacağı gözlənilir.

Bu barədə Sputnik-ə etibarlı mənbə məlumat verib. 

Mənbə bildirib ki, 28 may — Respublika günü ilə əlaqədar olaraq əfv sərəncamı gözlənilsə də, lazımi işlər və siyahı üzərində iş yekunlaşmadığından sərəncam ertələnib: “Əfv sərəncamı 28 mayla bağlı deyil, iyun ayında Birinci Avropa oyunları ərəfəsində olacaq. Artıq bu istiqamətdə işlər gedir.”

Məsələ ilə bağlı hüquq müdafiəçisi Səadət Bənənyarlı mövqe bildirib.

“Ölkə başçısı hər zaman humanist addım atıb həbsdə olan şəxsləri əfv edir. Hesab edirik ki, bu indiki vəziyyətdə cəmiyyət üçün stimulverici hal olardı. Ancaq əfv sərəncamı ölkə başçısının birbaşa səlahiyyətində olan məsələdir. Əgər sərəncam Birinci Avropa Oyunları ərəfəsində olacaqsa belə, biz onu təqdir edəcəyik və bu müsbət hadisə olacaq.”

Daha öncə, Hüquq Müdafiə Təşkilatlarının  Monitorinq Qrupunun (HMTMQ) üzvü, hüquq müdafiəçisi Novella Cəfərova Sputnik-ə açıqlamasında 28 may — Respublika günü ilə bağlı əfvin olacağını istisna etməmişdi.

Hüquq müdafiəçisi onu da əlavə etmişdi ki, artıq HMTMQ əfv olunması hesab etdiyi şəxslərin siyashısını hazırlayaraq Əfv komissiyasına təqdim edib: “Bizim siyahıda 17 nəfərin adı var. Ümid edirik ki, növbəti əfv bu şəxslərə də şamil olunacaq və onların da bir qismi  azad olunacaq.”


34