Avropa İttifaqı

Azərbaycan ilə əməkdaşlığa yenidən baxa bilər

19
Azərbaycanın təklifləri Avropa İttifaqı tərəfindən nəzərə alınmasa, gələcəkdə təşkilatla əməkdaşlığın xarakteri ilə bağlı mövqe bildiriləcək.

BAKI, 22 may- Sputnik. Təkliflərimiz Avropa İttifaqı (Aİ) tərəfindən nəzərə alınmasa, gələcəkdə onlarla əməkdaşlığın xarakteri ilə bağlı mövqeyimizi bildirəcəyik.

Sputnik APA-ya istinadən xəbər verir ki, belə bir bəyanatla Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini Novruz Məmmədov çıxış edib.

"Azərbaycan prezidenti dəfələrlə deyib ki, Aİ ilə münasibətlərimiz xüsusi xarakter daşımalı, aramızda strateji tərəfdaşlıq olmalıdır. Biz münasibətlərimizi bu istiqamətdə qurmaq istəyirik. Bu dəfə də təklifimiz və tələbimiz bu idi ki, Aİ ilə münasibətlərimizi başqaları ilə eyni çərçivədə yox, ayrıca — strateji tərəfdaşlıq sənədi ilə quraq. Danışıqlar da bu istiqamətdə gedirdi", deyə Məmmədov vurğulayıb.

Riqa sammitində Avropa Parlamentinin prezidenti Martin Şultzun anti-azərbaycan mövqeyinə aydınlıq gətirən Məmmədov bildirib ki, Şultz hər dəfə bir bəhanə ilə Azərbaycanın əleyhinə addımlar atmağa cəhd edir: "Onun beynində, fikrində həmişə Azərbaycan var. Bu sammitin məqsədi Aİ ilə "Şərq tərəfdaşlığı" dövlətlərinin əməkdaşlığının indiki vəziyyətini, problemlərini, perspektivlərini müəyyənləşdirməkdən, nəzərdən keçirməkdən ibarətdir.

Şübhəsiz, bununla bağlı Aİ ilə əməkdaşlığımızda müəyyən sözümüzü, mövqeyimizi bildiririk. Bu forumun yekun Bəyannaməsinə ciddi iradlarımız var. Biz Bəyannamənin ruhunu Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının xarakterinə uyğun saymırıq. Azərbaycan postsovet məkanında Aİ ilə uğurlu, hərtərəfli əməkdaşlıq edən dövlətdir. Amma Bəyannamədə Azərbaycanla bağlı müddəalar o ruha cavab vermir. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yanaşmadan narazıyıq. Bütün bunları biz açıq şəkildə Aİ rəhbərliyinə, burada iştirak edən bütün dövlətlərin nümayəndə heyətlərinə çatdırdıq.

Bununla bağlı çox böyük gərginlik yarandı. Biz ümumilikdə Bəyannaməyə razılıq veririk, amma xüsusi mövqeyimizi bildirməklə… Xüsusi mövqeyimizi isə rəsmi surətdə yazıb göndərəcəyik. Biz Aİ ilə sıx enerji, siyasi islahatlar, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlıq edirik, ikinci belə dövlət yoxdur. Amma bizi başqa dövlətlərlə eyniləşdirmək lazım deyil."

Avroparlamentin prezidenti sammit çərçivəsində çıxış edərək bəyan edib ki, Azərbaycan "Şərq tərəfdaşlığı sammitinin yekun Bəyannaməsinin müəyyən müddəalarını blok etmək istəyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi bəzi müddəalarla razılaşmayıb.

Şultz Azərbaycanın daxili siyasəti ilə bağlı mövqeyinin bəlli olduğunu bildirib, bununla belə, Azərbaycan hakimiyyəti ilə dialoqu davam etdirməyin tərəfdarı olduğunu vurğulayıb.

19
Əlaqədar
Avropa İttifaqı Azərbaycana ümid edir
Azərbaycan Riqa sammitinin yekun Bəyannaməsini imzalayıb
Azərbaycan prezidentinin sammitə qatılmaması doğru qərardır - ekspert