əsgərlər

“Bakı-2015"-də təhlükəsizliyi 24 min polis əsgər qoruyacaq

29
(Yenilənib 18:57 21.05.2015)
Bu ilin martında daxili işlər nazirinin əmri ilə "Bakı-2015" Avropa Oyunları ilə bağlı qərargah yaradılıb

BAKI, 20 may — Sputnik. "Bakı-2015" Avropa Oyunları ilə bağlı təhlükəsizliyin və ictimai asayişin təmin olunmasına 24 min nəfər polis və Daxili Qoşunların əməkdaşları cəlb olunub”. Azərbaycanın daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov bu barədə jurnalistlərə bildirib.  

Nazir müavinin sözlərinə görə, 2013-cü ilin fevral ayında Azərbaycanda "Bakı-2015" Avropa Oyunlarının keçiriləcəyi barədə qərar qəbul edildikdən sonra hazırlıq işlərinə başlanılıb. Həmin vaxt, yəni 2013-cü ilin fevralında daxili işlər nazirinin təsdiqi ilə tədbirlər planı hazırlanıb: “İlk növbədə qarşıya qoyulan məqsəd o idi ki, şəxsi heyətin hazırlığı, lazımi texniki vasitələrin alınması, texniki qurğuların tətbiqi və digər bu kimi tələb olunan məsələlərin həlli ilə ölkəmizdə ilk dəfə keçiriləcək bu cür möhtəşəm oyunların təhlükəsizliyi ən yüksək səviyyədə təmin olunsun. 2013-cü ilin fevralından indiyədək hər gün bu məsələ rəhbərlik tərəfindən müzakirəyə çıxarılır, mütəmadi olaraq ayrı-ayrı rəhbər şəxslərə lazımi tövsiyələr verilir. 2014-cü ilin dekabrından isə müəyyən edilib ki, "Bakı-2015" Avropa Oyunlarına nə qədər polis əməkdaşı cəlb edilə bilər. Deyə bilərəm ki, təxminən 24 min nəfər polis və Daxili Qoşunların əməkdaşı Avropa Oyunlarına cəlb olunacaq. Onlar ictimai asayişin keşiyində dayanmaqla yanaşı, ayrı-ayrı müvafiq xidmət sahələrində də işə cəlb olunublar. 2014-cü ilin dekabrından biz artıq istifadəyə verilən, tikilməkdə və təmirdə olan idman arenalarının mühafizəsi işinə başlamışıq. Həmçinin, idman arenaları istifadəyə verildikcə, biz onların necə mühafizə olunması ilə bağlı təlimlər keçirmişik. Hər bir əməkdaşa fərdi qaydada qarşısında duran vəzifələr izah olunub və yoxlanılıb”.

Nazir müavini qeyd edib ki, mart ayında daxili işlər nazirinin əmri ilə "Bakı-2015" Avropa Oyunları ilə bağlı qərargah yaradılıb və idmançıların qalacağı ərazilərdə 15 köməkçi qərargah təşkil edilib. Bütün bu qərargahların hər birinə isə peşəkar hazırlıqlı təcrübəli şəxslər rəhbər təyin olunub. Ayın 29-da isə nazirin şəxsən iştirakı ilə hazırlıq təlimləri bir daha yoxlanılıb.

“Bu gün mən cəsarətlə deyə bilərəm ki, Daxili İşlər Nazirliyinin bütün əməkdaşları, o cümlədən, Daxili Qoşunlar və digər qurumlar birlikdə əlaqəli və koordinasiya edilmiş formada "Bakı-2015" Avropa Oyunları ilə bağlı təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunmasına tam nəzarət edə bilir. Əmin edə bilərəm ki, bu gün "Bakı-2015" Avropa Oyunları ilə bağlı ictimai asayişin təmin edilməsində hər hansı nöqsan gözlənilmir. Əgər hər hansı bir xoşagəlməz hadisə baş verərsə, o zaman hər bir əməkdaşımız onun vaxtında qarşısının alınmasına tam hazırdır” – deyə Oruc Zalov əlavə edib.


29