Rusiya Avropanın Türkiyəyə dəstək olması vacibdir

42
(Yenilənib 11:52 28.07.2015)
İŞİD beynəlxalq problemdir və onunla mübarizə təkcə Türkiyənin üzərinə düşən məsələ deyil

Türkiyədə gərginlik davam edir. Bir neçə gündür Türkiyə Silahlı Qüvvələri havadan və qurudan Suriyada İŞİD-ə, İraqın şimalında isə PKK silahlılarına qarşı hərbi əməliyyatlar keçirir.

Türkiyə Hərbi Hava Qüvvələri İŞİD-in Suriya və İraqdakı hədəflərinə aviazərbələr endirməyə davam edir.

Türkiyə hazırda öz torpaqlarında PKK kürdlərinə, sərhəddə isə İŞİD yaraqlılarına qarşı savaşır. 

Son zamanların ən gərgin günlərini yaşayan Türkiyə 2013-cü ildə PKK ilə qeyri-rəsmi də olsa razılıq əldə etmişdi. PKK Türkiyə sərhədlərini tərk edəcəyini, hökumət isə kürd probleminin həlli istiqamətində işlər görəcəyini demişdi.

Bu iki il ərzində Türkiyənin müxtəlif  bölgələrindən gələn terror xəbərləri səngimişdi. İndi isə vəziyyət dəyişib. PKK-nın Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulması müxtəlif şəhərlərdə qruplaşma tərəfdarlarının etirazlarına səbəb olub. PKK məsələsi yenidən alovlanmağa başlayır.

Türkiyənin digər bir savaşı isə dünyanın probleminə çevirilən İŞİD-ə qarşıdır. Sərhəd bölgələrdə İŞİD mövqelərini bombalayan Türkiyə hökuməti qruplaşma tərəfindən hədələnib. İŞİD Türkiyəni əsas gəlir sahəsi olan turizm mərkəzlərini hədəf götürəcəyi ilə hədələyir.

Suriya ilə İraq sərhəddində İŞİD-lə mübarizə aparan Türkiyə hökuməti Rusiya və Avropa ölkələrindən dəstək gözləyir.

Ərdoğan iyulun 26-da Putinlə telofonla danışıb. İki prezident  Yaxın Şərq, əsasən də Suriya və İraqdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıb, terrorun və ekstremizmin yayılmasının qarşısının alınmasında uğur əldə etmək üçün bütün maraqlı dövlətlərin beynəlxalq hüquqi əsaslarla səylərini konsolidasiya etməsinin vacib olduğu qeyd edib.

Poltoloq Elçin Mirzəbəyli Türkiyədə baş verən hadisələri Sputnik-ə şərh edib. Onun fikrincə baş verənlər Türkiyə hökumətinin yürütdüyü siyasətin nəticəsidir:

“Türkiyədəki bu vəziyyət şübhəsiz ki, qısa bir dönəm ərzində yaranmayıb. Baş verən hadisələr sübuta yetirdi ki, Türkiyədə cəmiyyət üçün AKP-nin yürütdüyü açılım siyasəti doğru deyildi. Bundan əvvəl bütövlükdə cəmiyyətin inteqrasiyasını təmin etmək lazım idi. Sonra isə daha radikal addımlar atamağa imkan var idi. Amma bir proses başa çatmadan, digər prosesin həyata keçirilməsi, ardıcıl şəkildə bir neçə boşluğun buraxılması, qonşu ölkələrlə problemlərin yaradılması yekun nəticədə real mənzərənin yaranmasına səbəb oldu. 

Təbii ki, baş verənlə çox üzücüdür. Terror hadisələrində günahsız insanlar öldü. İndiki şəraitdə Türkiyənin bir neçə cəbhədə vuruşmasının səbəblərindən biri də din üzərindən yürüdülən siyasətdir. Proses sübut etdi ki, fərqi yoxdur, istər mötədil, istərsə də radikal və ya hansısa bir formada dinin siyasətə gətirilməsi son nəticədə bölücülüyə, ayırıcılığa və qarşıdurmalara səbəb olur. İŞİD şübhəsiz ki, qısa zaman ərzində meydana çıxmayıb. İŞİD kimi digər dini quruplaşmaların da meydana gəlməsində din üzərindən yürüdülən siyasətin, siyasətçilərin və eyni zamanda bu proseslərdən istifadə edən beynəlxalq güclərin də böyük günahı var. 

Türkiyə NATO-nun üzvü kimi fövqəladə toplantı çağırıb. NATO-nun bu prosesdə Türkiyəyə necə dəstək verəcəyini əvvəlcədən söyləmək çətindir. Amma bildiyimiz kimi, qurumun üzvününü hər hansını biri üçün təhlükə olarsa, ona dərhal dəstək verilməlidir. Amma bu günədək NATO-nun Türkiyəyə dəstəyini görməmişik”. 

Elçin Mirzəbəyli problemdən çıxış yolunu Türkiyə cəmiyyətinin qüvvələrini birləşdirərək ölkənin ərazi bütövlüyünü qorumasında görür. O, hesab edir ki, İŞİD təkcə Türkiyə üçün təhlükə deyil və bu qruplaşmaya qarşı mübarizədə Rusiya və Avropa ölkələri dəstək olmalıdır:

“İŞİD və bu kimi terror qrupları beynəlxalq problemdir və bu təkcə Türkiyənin üzərinə düşən məsələ deyil. Rusiyanın da bu prosesdə aktiv iştirak etməsinə ehtiyac var. Rusiya da dini qruplaşmaların terror təhlükəsi ilə qarşılaşıb. İŞİD Rusiyanın da bir addımlığındadır. Həm Rusiyanın, həm də Avropanın bu məsələdə Türkiyəyə dəstək verməsi vacibdir. Çünki proses elə mərhələyə gəlib ki, artıq terror qruplaşmaları idarə olunmaz vəziyyətə gəliblər. Hanısa bir gücün onlara tam şəkildə nəzarət etməsi qeyri-mümkündür. İndiki şəraitdə dəstəyin olacağını düşünürəm”.

Qeyd edək ki, Türkiyədə hadisələrin qızışmasına səbəbi isə iyulun 20-də Şanlıurfa vilayətinin Suruç şəhərində terror aktının törədilməsi oldu. Terror aktı nəticəsində 32 nəfər həlak olub, 100-dən çox insan yaralanıb. Türkiyə höküməti terror aktını 20 yaşlı Şeyx Əbdürrəhman Alagöz adlı İŞİD üzvünün törətdiyini açıqladı. 


42