Beynəlxalq Bank

Azərbaycanın bank sektorundan dövlət əlini geri çəkməlidir

69
(Yenilənib 12:26 27.07.2015)
Həftənin iqtisadi icmalı ekspert Pərviz Heydərovun təqdimatında

Son həftə ərzində iqtisadi sahədə Azərbaycanda və dünyada yetərincə hadisə baş verib. Bunların sırasında Beynəlxalq Bankın özəlləşdirilməsi, İranın dünya neft bazarına çıxma ehtimalı, Azərbaycanın Avropa Birliyi və ABŞ-la daha da yaxınlaşması və s. məsələləri saymaq olar.

Baş verən son iqtisadi hadisələri araşdırmağa çalışdıq. Sualarımıza iqtisadçı ekspert Pərviz Heydərov cavab verib:

- İrana qarşı sanksiyaların aradan götürülməsindən sonra onun dünya neft bazarına daxil olduğu deyilir. Bu, neftin qiymətinə necə təsir edəcək?

— İran böyük neft ölkəsidir. Onun bazara daxil olması istər-istəməz qiymətlərə təsir edəcək. Amma burda bir amili nəzərə almaq lazımdır. İranın bazara daxil olan kimi dərhal qiymətlərə kəskin şəkildə təsir edə biləcək tərzdə neft çıxara biləcəyi sual altındadır. İran iqtisadiyyatı neçə müddətdir sanksiyalar altında yaşayırdı və bu ölkədə texnolojı baxımdan gerilik mövcuddur. Neft hasilatı sahəsində də İran qonşu ölkələr ilə eyni səviyyədə imkanlara malik deyil. Ona görə də, onun bazara dərhal, istənilən səviyyədə neft çıxaracağı sual altındadır. Bunun üçün müəyyən vaxt tələb olunur. Əgər Qərblə İran arasında anlaşmalar belə revanş şəkildə davam edərsə, bu İran iqtisadiyyatına investisiya axınları üçün geniş şərait yaradacaq və bu da avtomatik olaraq İranda neft hasilatının istənilən səviyyədə yüksəlməsinə gətirib çıxaracaq. O zaman İranın bazarda iştirakının əhəmiyyətli səviyyədə qiymətlərə təsir edə biləcəyindən danışmaq olar. Lakin nəzərə almalıyıq ki, dünya bazarında neftin qiymətinin müəyyən olunmasında psixolojı amillər bəzən mühüm rol oynayır. Ona görə İranın bazara çıxmaq söhbəti özü də qiymətlərə təsir edə bilər.

- Azərbaycanın Avropa Birliyi və ABŞ-la yaxınlaşması ölkənin iqtisadi təhlükəsizliyinə hansı yeni dividentlər vəd edir?

— Azərbaycan iqtisadiyyatı nə Avropa Birliyi tərəfindən, nə də ABŞ tərəfindən qarşılıqlı iqtisadi əlaqələrdə mənfi təsirlər hiss etməyib. Son yaxınlaşmaya görə də, hansısa divident gözləməyə dəyməz. Bu sırf siyasi məsələdir, burda iqtisadi divident nəzərdə tutmaq, hələ ki, mümkün deyil.

- Beynəlxalq Bankın özəlləşdirilməsi Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?

— Beynəlxalq Bankın özəlləşdirilməsi haqda uzun illərdir ki söhbət gedir, lakin hələ də həllini tapa bilmir. Son vaxtlara qədər Beynəlxalq Bank ölkənin bank sektorunda üstün mövqeyə malik idi. Onun özəlləşdirilməsi əslində indiyədək öz həllini tapmalı idi. Ümumiyyətlə, Azərbaycanın bank sektorunda dövlət əlini geri çəkməlidir. Dövlətin bank sektorundan təmamilə geri çəkilməsi məsləhətdir. Bunun üçün də birinci şərt – məhz Beynəlxalq Bankın özəlləşdirilməsidir. 

- Yaxın gələcəkdə Azərbaycanda manatın perspektiv rəqabətə davamlılığını necə qiymətləndirirsiz?

— Manatın davamlılığı neftə bağlıdır. Neftin qiyməti isə, siyasi proseslər və iqtisadi amillərlə bağlı yaxın gələcəkdə qiymət 50-60 dollar arası olacaq. Hazırda Azərbaycan iqtisadiyyatında neftin bu qiymətinə adaptasiya olunma prosesi gedir. Eyni zamanda Mərkəzi Bankın rəhbərliyi də qeyd edib ki, əgər neftin qiyməti bu aralıqda olarsa, bu təhlükə törətmir. Qiymətin 50 dollar civarında olması tədiyyə balansına elə bir ciddi təhlükə yaratmayacaq. Bu da manat üçün böyük bir təhlükə vəd etmir. Ən azı bu il üçün milli valyutanın məzənnəsində ciddi bir təhlükə gözləməyə dəyməz.


69