Aydın Mirzəzadə - millət vəkili

Avropa Şurasında olmaq Azərbaycan üçün həyati məsələ deyil

1
(Yenilənib 13:38 01.07.2015)
Millət vəkili Aydın Mirzəzadə: “Azərbaycan nə qədər qeyri-obyektiv yanaşmalara dözməlidir?”

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) iyunun 26-da başa çatan yay sessiyası Azərbaycanın üçün çox gərgin keçdi.

Sessiyada Azərbaycanla bağlı qəbul edilmiş qətnamədə Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərlə bağlı bənd dəyişdirilib. Bu da nümayəndə heyətinin və rəsmi Bakının etirazına gətirib çıxardıb.

AŞ PA qətnamənin 1-ci maddəsindəki “Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər yeddi rayonu barədə tam məlumatlıdır” ifadəsini “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi ilə dəyişdirib. 

AŞ PA-nın bu cür qərəzli münasibəti son günlər Azərbaycan rəsmilərinin əsas müzakirə mövzudur. Və hətta Azərbaycanın AŞ PA-nı tərk edib-etməyəcəyi haqda suallar yaranıb. 

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov sessiya başa çatdıqda sonra bildirdi ki, yaşananlar Azərbaycan üçün ciddi suallar yaradıb: “Sessiyada baş vermiş hadisələr bizi ciddi düşünməyə vadar edir. Avropa Şurası ilə yalnız insan hüquqları ilə bağlı deyil, ümumiyyətlə əməkdaşlığın zərurəti var, yoxsa yoxdur. Bu, ən ciddi sualdır və bu sualla sessiyadan evə dönürük”.

Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da AŞ PA-nın qərarından narazılığını dilə gətirərək AŞ PA-dan ayrıla biləcəyimizə eyham vurmuşdu. 

N.Məmmədov bildirib ki, Avropa Şurasının belə bir mövqeyi Azərbaycanın bu təşkilatda qalmasını sual altında qoyur.

Yaranan suallar ətrafında müəyyən fikirlər səsləndirən, Azərbaycanın AŞ PA-nı tərk edəcəyini də deyənlər var. 

Millət vəkili Aydın Mirzəzadə bununla bağlı “Sputnik”in suallarını cavablandırır:

- Aydın müəllim, Azərbaycan AŞ PA-nı tərk etməlidirmi? 

— Azərbaycan Avropa Şurası ilə işləməkdə maraqlıdır. Son dövrlərdə Avropa Şurasında müəyyən dairələrin Azərbaycana qarşı çox qeyri-obyektiv münasibəti ortaya çıxır. Vəzifəli şəxslər məsələni araşdırmadan Azərbaycanla bağlı qəbul edilməz və AŞ PA nizamnaməsinə zidd olan bəyanatlar verirlər. Azərbaycana zorla “siyasi məhbus” deyilən bir anlamı qəbul etdirməyə çalışırlar. Azərbaycanla bağlı son müzakirədə isə  Ermənistan Azərbaycanın torpaqlarını işğal etdiyi halda “Dağlıq Qarabağ və digər yeddi rayon” ifadəsi çıxarıldı. Göründüyü kimi Azərbaycanla bağlı çox xoşa gəlməz siyasi oyun gedir. Buna görə də Azərbaycan bunu düşünə və müzakirə edə bilər. Düşünürəm ki, bu təkcə Azərbaycanın yox Avropa Şurasının da müzakirəsi olmalıdır. Avropa Şurası bununla nə əldə edəcək? Bu gün Avropa Şurasında olub-olmamaq Azərbaycan üçün elə də ciddi həyati bir məsələ deyil. Azərbaycan Avropa Şurasının nüfuzunun qalxmasında öz töhvəsini verə bilər. Avropa Şurası ilə əməkdaşlıq bir tərəfdən vacibdir, amma bir tərəfdən də Azərbaycan nə qədər bu cür qeyri-obyektiv məsələlərə dözməlidir? Nə qədər Azərbaycan ağın ağ, qaranın qara olduğunu sübut etməlidir? Buna görə də bu məsələ çox ciddi bir müzakirə mövzusudur.

- Əgər Azərbaycan AŞ PA-nı tərk edərsə, bu Azərbaycana nə verəcək? Nə itirə bilərik?

— Demokratiya, insan hüquqları, beynəlxalq birliyə inteqrasiya bizim gündəlik həyatımızın ayrılmaz bir hissəsidir. Bu təşkilatda olsaq da olmasaq da bu yolla gedirik. O başqa məsələ ki, Avropa Şurası özünün vacib tərəfdaşını itirər.    

- Əgər AŞ PA-da qalarsaq, Azərbaycanın mövqeyi bundan sonra necə olmalıdır və hansı addımlar atılmalıdır?

— Azərbaycan bu gün Avropa Şurasının üzvüdür və fəaliyyətində yaxından iştirak edir. Ola bilər demək başqa məsələdir. “Ola biləri” indi müzakirə etməyə dəyməz. 

- Bəzi Avropa ölkələrinin erməni lobbisinə dəstək verməsinin arxasında nə dayanır? 

— Avropada bu gün dünyanın problemlərinin həllində yaxından iştirak edən və eyni zamanda buna məsuliyyətlə yanaşan dairələr də var. Amma müəyyən dairələr ermənipərəstliklə bağlıdır, müəyyən dairələr ermənilərlə bağlı olmayıb Azərbaycana qarşı qərəzli münasibətdədir, müəyyən dairələr xaricdə transmilli şirkətlərə bağlıdır və onlar istəyirlər ki, Azərbaycanın iqtisadiyyatı onların nəzarətində olsun. Amma Azərbaycan Avropanın hər bir hissəsinə olduğu kimi qiymət verir.    


1