According to the report, over 1.5 billion people around the world use social media, and participate in platforms such as Facebook, Twitter and LinkedIn.

Qəzetlərin gələcəyi necə olacaq?

155
(Yenilənib 13:29 01.07.2015)
Kağız yoxsa internet?

Kinematoqrafın yarandığı ilk illərdə teatr həvəskarları bir qədər əndişələnsələr də, nikbin idilər. Onların fikrincə, "sinema" adlanan bu yeni sənət növü əsla teatrı üstələyə bilməzdi. 

İllər, qərinələr keçdi… Gerçəkdən də, kino teatrı əvəz edə bilmədi. Amma o da həqiqətdir ki, teatr tamaşaçıları ilə kinoya baxanlar arasındakı fərq müqayisə olunmazdır.

İndi çoxları güman edir ki, eyni situasiya ilə qəzetlər qarşılaşıblar. Doğurdanmı, vərəqləyib oxumağa vərdiş etdiyimiz qəzetlər artıq tarixin arxivinə getməyə hazırlaşır.

Qlobal maliyyə böhranı və kompüter-kommunikasiya texnologiyalarının sürətli inkişafı nəticəsində tirajları əhəmiyyətli dərəcədə aşağı düşən qəzetlər çıxış yolları axtarmaqdadır. Alıcılar, yəni oxucular azalır, onlar xəbərləri daha sürətli vasitədən — internetdən əldə etməyə üstünlük verirlər. Artıq dünyada bir sıra qəzetlər yalnız elektron versiyada yayına keçiblər.

Azərbaycanda da təxminən eyni vəziyyətdir. Orta statistik oxucunun fikrincə, populyar xəbər saytlarından oxuduğu xəbərin sabah kağız formatına pul verib almağın mənası qalmır.

Bəs qəzetlərin gələcəyi necə olacaq – kağız yoxsa internet hansına üstünlük veriləcək?

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı veb-qəzetlərin üstünlüyündən danışsa da, ənənəvi qəzetlərin hələ uzun müddət mövcud olacağına inanır: “Qəzetlərin, yəni ənənəvi — çap mediyanın yaşama imkanları təbii ki, rəqabət baxımından onlayn jurnalistikaya uduzur. Bu həqiqətdir və bu da bütün dünya media sistemində baş verən proseslərlə bağlıdır. Dünya mediasında hansı inkişaf meylləri varsa, o Azərbaycan jurnalistikasında da öz əksini tapır. Azərbaycan mediası yeniliklərə açıqıdr. Təbii ki, onlayn medianın inkişafı göz önündədir, amma çap mətbuatının da yaşam imkanları var”.

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev də öz fikirlərini belə bildirdi: “Azərbaycanda bütün ciddi gündəlik qəzetlərinin saytları onlayn rejimdə fəaliyyət göstərir. Onlar xəbər aqentlikləri kimi çalışmırlar və özlərinə məxsus formatı var. Hazırda Azərbaycanda saytsız qəzet tapmaq və ya təsəvvür etmək mümkün deyil. Bəziləri hesab edirlər ki, artıq qəzet erasının sonu çatıb, amma mənə elə gəlir ki, qəzet erası hələ başa çatmayıb. Qəzetlər hələ uzun müddət fəaliyyətlərini davam etdirəcəklər, amma onlar öz fəaliyyətlərində internet medianın verdiyi üstünlüklərdən də istifadə edəcəklər”. 

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə qəzetlərin gələcəyinin yalnız internetdə olacağına inanır:

“İnternet və sosial media Azərbaycanda xeyli sayda ölüb getməkdə olan qəzetlərin ölməyinin qarşısını aldı. Mən düşünürəm ki, oxunaqlıq cəhətdən, içtimai rəyə təsir etmək və yeni auditoriya əldə etmək baxımından internet və sosial medianın rolu əvəzsizdir. Ömründə qəzeti arası açmayan insan sosial mediada o qəzetdəki bir material onun qarşısına çıxırsa onu oxuyur, axtarıb tapır və s”.


155