Bakıda taksilər, arxiv şəkli

Taksi sürücüləri "Bolt"dan niyə şikayətlidir - bazarda rəqabət var

132
Ekspert: bu sahədə hansısa dövlət müdaxiləsinin olmasının əleyhinəyəm. Nə vaxt dövlət qiymətləri tənzimləməyə cəhd edəcəksə, bir müddətdən sonra qiymətlərin artmasının, müştərilərin şikayətlərinin şahidi olacağıq.

BAKI, 13 sentyabr — Sputnik. Artıq bir neçə ildir ki, Azərbaycanda müxtəlif taksi şirkətləri fəaliyyət göstərir. Müəyyən nöqsanlar, xırda problemlər olsa da, ümumilikdə qiymətlərin sərfəli olması müştəriləri sevindirir. Onlar qiymətlərin sərfəli, aşağı olmasına sevinsə də, bəzi sürücülərbu vəziyyətdən heç də məmnun deyillər.

Xüsusən də "Bolt" şirkətinin sürücüləri qiymətlərin həddindən artıq aşağı olmasından şikayətlənirlər. Onların qiymətlərlə bağlı irad və təklifləri var.

"Bolt" taksi xidmətinin sürücüsü Ramin Kərimov Sputnik Azərbaycan-a açıqlamasında qiymətlərin məsafəyə görə az təyin olunmasından şikayətlidir:

"Məsafəyə görə gediş haqqı demək olar ki, heç nədir. Dünən bir nöqtədən eyni vaxtda 3 sərnişin minib, onları mənzil başına çatdıranda, qiyməti görəndə az qala havalandım. 5 kilometrlik məsafəyə 62 qəpik yazılmışdı. Bu heç 3 sərnişinin avobusla olan gediş haqqısının qiyməti deyil. 62 qəpik nədir ki?! Taksi üçün gediş haqqını avtobus qiyməti səviyyəsində edirlərsə, o zaman avtobusları ləğv eləsinlər, elə taksilər işləsin. Belə olmaz axı".

Onun sözlərinə görə, qiymətlər bu qədər aşağı olarsa, "Bolt"la əməkdaşlığını dayandıracaq:

"Mən nə qədər 60-80 qəpiyə sərnişin daşımalıyam? Normal qiymət olmalıdır. Gedilən yol 1.60 AZN hesablanırsa, heç olmasa, 1 AZN da artıq yazılmalıdır. Bildiyimə görə, "Bolt"da kilometrə görə qiymət 25-30 qəpik arasında dəyişir. Bu qiymət heç olmasa, 50 qəpik olsa, daha yaxşı olar".

Sürücü bu cür işləməklə gəlir əldə edə bilmədiyini deyir. Onun sözlərinə görə, axşama kimi "Bolt" xidmətindən sifarişlər götürsə də, gündəlik 5-10 AZN güclə qazanır:

"Şikayətimizi də kimə bildirək, kimə yazaq, bilmirəm. "Bolt" şirkətinin sahibi var?".

Sürücü deyir ki, digər taksi şirkətləri ilə işləmək ona sərf etmir:

"Çünki digər şirkətlər öncə "akula"ları yemləyir, sonra artıq qalan sifarişləri də bizim üçün qırağa tullayır ki, onları "selyodka"lara versinlər. Bu da bizə sərf etməz. Amma "Bolt"da belə deyil. Ardıcıl sifariş götürə bilirsən. Sadəcə olaraq qiymət normal olsa, "Bolt"la çalışmaq daha rahatdır".

Sürücü həm də "Bolt"un müştərilər üçün müxtəlif endirim aksiyalarınıdan şikayətlidir:

"Onsuz qiymətlər aşağıdır, müştəriyə endirim də bizim hesabımızdan çıxılır və belə olanda qazancımız daha da aşağı olur".

Digər "Bolt" sürücüsü Fəqan Məmmədov günün pik saatlarında qiymətlərin qənaətbəxş olduğunu desə də, digər vaxtlarda qiymətlərin aşağı olmasından gileylidir:

"Məsələn, pik saatlarda "Bolt" 10 kilometrə 7 AZN gediş haqqı yazırsa, günün adi vaxtlarında bir də görürsən ki, 9 kilometrlik yola 2 AZN gediş haqqı yazır. 2 AZN isə heç ziyanı da ödəmir". 

O, gediş haqqının sürücülərə səyahətin sonunda məlum olmasının da onlar üçün problem olduğunu söyləyir:

"Biz öncədən sifarişin dəyərini görə bilmirik, sifarişi götürürük. Yaxşı olardı ki, bir dəyişiklik edilsin, sürücülər öncədən sifarişin dəyərini görə bilsinlər. Belə olarsa, ən azı 9 kilometrlik yol üçün 2 AZN olan sifarişi götürmərəm və ziyanla işləmərəm".

F.Məmmədov təklif edir ki, heç olmasa 10 kilometrlik yol üçün 5 manatlıq gediş haqqı təyin olunsun.

Sürücü gündəlik gəlirindən də söz açıb:

"Yalnız "Bolt"la işləyirəm. Əvvəllər xərclərlə birgə ümumilikdə 100 AZN qazancım olurdu. Gündəlik olaraq təxminən 10 saat işləyirəm, indi xərci çıxandan sonra özümə 20-30 AZN qalır".

Göründüyü kimi, müştərilərdən fərqli olaraq sürücülər vəziyyətdən heç də məmnun deyillər. Maraqlıdır, "Bolt"da və digər taksi şirkətlərində qiymətlərin aşağı olması ilə bağlı sürücü narazılığı davam edərsə, vəziyyət necə olar?

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında ümumi vəziyyəti şərh edərək bildirib ki, Azərbaycanda taksi xidmətləri sferasının "rəqabətli mühitin olduğu azsaylı sahələrdən biri" olduğunu deyib:

"Bazarda həm yerli şirkətlər, həm xarici şirkətlər, həm də fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan sürücülər var. Qiymətlərin tənzimləməsində rəqabət kifayət qədər rol oynamağa başlayıb. Devalvasiyadan sonrakı illərə nəzər yetirsək, görə bilərik ki, manatın dəyərdən düşməsinə baxmayaraq yeganə olaraq taksi şirkətlərində qiymətlər nəinki artmadı, əksinə daha da azaldı. Gündəlik olaraq da qiymətlərin aşağı olmasını hiss edirik".

Ekspert bildirir ki, qiymətlərin tənzimlənməsinə getsək, bir müddətdən sonra bahalıqdan şikayətlənəcəyik. O, yaranmış bu vəziyyəti bazarın sərt üzü adlandırır və bildirir ki, bir müddətdən sonra bəzi sürücülər bazardan çıxmağa başlayacaq:

"Bu sahədə hansısa dövlət müdaxiləsinin olmasının əleyhinəyəm. Nə vaxt dövlət qiymətləri tənzimləməyə cəhd edəcəksə, bir müddətdən sonra qiymətlərin artmasının, müştərilərin şikayətlərinin şahidi olacağıq".

Cəfərli deyir ki, vəziyyət bu cür davam edərsə, xərclərinin gəlirlərindən daha çox olduğunu görən sürücülər taksi şirkətlərindən çıxacaqlar:

"İş yerləri ilə bağlı seçim imkanları artsa, taksi şirkətində çalışanların bir qismi digər sahələrə keçməyə cəhd edəcəklər. Çünki insanlar borc-xərclə maşın alırlar ki, dolanışıq üçün bir vasitələri olsun. Yəni, digər sahələrdə işləmək imkanı artdıqca, bazarda təkliflər azalacaq və belə olan halda bazarın öz qızıl qaydaları işə düşəcək. Yəni, təklif azaldıqca qiymətlər qalxacaq".

Ekspert təcrübələrdən də söz açır və deyir ki, İstanbulda fərdi qaydada taksi sürücüsü kimi fəaliyyət göstərmək mümkünsüzdür:

"Bu sahə İstanbulda böyük şəhər bələdiyyələrinə həvalə olunub. Hər zaman təklif etmişəm ki, böyük şəhər bələdiyyələri yaradılsın və bu sahə bələdiyyələrə verilsin. Bununla da bələdiyyə daha yaxşı pul qazandıqca vətəndaşa daha keyfiyyətli xidmət yaratsın. Yaxud da gözləyək, bazara özü qiymətləri tənzimləsin. Vətəndaş olaraq görsəm ki, taksi üçün daha çox vəsait xərcləyirəm və bələdiyyələr də mənə keyfiyyətli xidmət verir, o zaman qiymətlərin yuxarı olmasından narazı olmaz".

Ekspert deyir ki, İstanbulda taksi nömrələri birdəfəlik çox baha satılır və demək olar ki, nəsildən-nəslə ötürülür. Bu da gələcəyə yatırımın bir formasıdır. Yəni, avtomobil köhnəlsə belə, lisenziya üzərindəki nömrəni başqa avtomobil üzərinə sənədləşdirmək, yaxud da satmaq olar. 

Cəfərli bildirir ki, Gürcüstanda bu sahə demək olar ki, tənzimlənmir və lisenziya da yox dərəcəsindədir:

"Gürcüstanda fərdi sahibkar olaraq taksi sürücüsü kimi çalışanlar həddindən artıq çoxdur". 

"Bolt"dan sorğumuza cavab olaraq bildirilib ki, şirkətin məqsədi sürücülər üçün daha yaxşı və rahat qazanc təmin etməkdir:

"Qiymətlər ortalama bazar qiymətlərinə əsasən tənzimlənib. "Bolt"da qiymətlər dinamikdir və tariflər bazardakı tələb-təklifə uyğun olaraq təyin edilib. Bundan əlavə, qeyd edək ki, gediş haqqı kilometr, dəqiqə və yollardakı vəziyyətdən asılı olaraq dəyişir".

"Bolt" sürücülər arasında əsas narazılığa səbəb olan məsələyə, qiymətlərin müştərinin mənzil başına çatmasından sonra görünməsinə də münasibət bildirib:

"Bolt tətbiqinin işləmə prinsipi şirkət siyasətinə əsaslandığı üçün bu funksiyanın dəyişməsi və ya əvəzlənməsi yaxın gələcəkdə gözlənilmir".

Maraqlıdır, "Bolt"dan fərqli olaraq digər taksi şirkəti *8555-də qiymətlər necədir?

Şirkətdən Sputnik Azərbaycan-a bildirilib ki, hələlik ki, sürücü və müştərilərdən qiymətlə bağlı şikayət olmayıb:

"Hər saatın öz qiyməti var. Bundan başqa, qiymətlər həm də yollardakı vəziyyətə, həftənin adi günləri və ya istirahət günləri olmasına görə dəyişir. Çalışırıq ki, nə müştəri narazı olsun, nə də ki, sürücü. Bizdə minimal gediş 0-3 kilometr üçün 2.60 AZN-dir. 3-10 kilometrlik məsafədə gediş haqqı hər kilometr üçün 0.30 AZN, 10 kilometrdən yuxarı olduqda 0.29 AZN-dən hesablanır".

Həmçinin oxuyun:

Taksi şirkətləri vahid tarifə keçərsə,...

Həftəsonu qadağası virusla mübarizədə effekt vermir! - Ekspertlər

"Fərqlənmə nişanı" ilə yükdaşıma xidməti göstrən sürücünün vergi öhdəliyi nədir?

 

132
Teqlər:
taksi, sürücü, sürücülər, şikayət
Qazi

Bizə Qələbə sevinci yaşadanlara postmüharibə dövründə hansı sosial dəstək göstərilib?

5
(Yenilənib 19:56 27.09.2021)
Prezidentin aylıq təqaüdləri - şəhid ailəsi üçün - 300 manatdan 500 manata çatdırılıb.Prezidentin aylıq təqaüdləri - şəhid ailəsi üçün - 300 manatdan 500 manata çatdırılıb.

BAKI, 27 sentyabr — Sputnik. Bu gün ölkəmizdə Vətən müharibəsinin Anım Günü qeyd olunur. İkinci Qarabağ müharibəsində şəhid olmuş, yaralanmış, eləcə də erməni terrorundan əziyyət çəkənlər ölkəmizdə həssas qrup hesab olunduğundan post müharibə dövründə onların sosial müdafiəsi ölkə başçısı səviyyəsində diqqətdə saxlanılır. Bəs görəsən, postmüharibə dövründə onlar hansı sosial dəstək tədbirlərinə cəlb olunublar?

Sputnik Azərbaycan-ın sorğusuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən cavabda bildirilir ki, əsas hədəf qrupları - Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibədə yaralanmış hərbçilər, müharibə əlilləri, Vətən Müharibəsi Qəhrəmanları, erməni terrorundan zərər çəkənlər, müharibə iştirakçıları, qeyd olunan şəxslərin yaxınları hesab olunur. Postmüharibə dövründə bu kateqoriyaya aid olan 30000 şəxs 37000 xidmətlə əhatə olunub:

"Hədəf qrupları ilə görüşülür, hüquqlarına dair məlumat verilir. Şəhid ailəsi üzvləri və müharibə iştirakçılarının hüquqları, sosial dəstək tədbirləri ilə bağlı məlumatlılığın artırılması üçün Nazirliyin saytında (sosial.gov.az) bölmə yaradılıb. Hədəf qruplarının sosial hüquqları, güzəştləri, göstərilən dəstək (ödəniş təyinatları, sosial-psixoloji xidmətlər, məşğulluq və s.) barədə KİV-də məlumatlar yayımlanır, müsahibələr verilir, sorğular (o cümlədən sosial şəbəkələrdə) cavablandırılır (gündəlik). Sosial mediada çətin maddi durumu barədə məlumat paylaşılan hədəf qrupları ilə ünvanlarında görüşlər keçirilir, onlara dəstək tədbirləri barədə ictimaiyyət məlumatlandırılır. Postmüharibə dövründə yaralanmış qazilərlə görüşlər və monitorinqlər də aparılıb.

Dövlət Sosial Müdafiə Fondu tərəfindən Vətən müharibəsində yaralanan hərbçilərlə evlərində görüşlər keçirilir. Bu görüşlərdə eyni zamanda, onların və ailələrinin sosial təminat hüquqlarının reallaşdırılması üçün monitorinqlər aparılır. Yaralanmış qazilərin 90%-i ilə görüşülərək aşağıdakı istiqamətlər üzrə məlumatlar toplanır. Yataq xəstələrinin, amputasiya olunmuşların, sərbəst hərəkət edə bilməyən və kənar şəxslərin köməyinə ehtiyacı olanların sayı, psixoloji yardıma və reabilitasiya vasitələrinə ehtiyacı olanların sayı, sosial vəziyyəti yaxşı, orta və ya pis olanların sayı.

Sosial ödəniş təyinatlarına gəlincə, şəhidlərin ailə üzvlərindən ibarət 7900 nəfərə 15700 sosial ödəniş təyinatı aparılıb. Müharibə ilə əlaqədar 2000 qaziyə (Vətən müharibəsi qaziləri) əlillik və bununla əlaqədar sosial ödənişlərin təyinatı aparılıb. Mənzil və avtomobillə təminata gəldikdə Prezident İlham Əliyevin göstərişinə əsasən məcburi köçkünlər üçün inşa olunmuş mənzillərin şəhid ailələrinə və müharibə əlillərinə verilməsinə başlanıb. 25 fevral 2021-ci ildə Ramana, 14 iyul 2021-ci ildə Bakının Xocasən qəsəbəsində, 26 avqust 2021-ci ildə Abşeron rayonu, Stansiya Sumqayıt deyilən ərazidə şəhid ailələri və müharibə əlillərinə Prezident İlham Əliyevin iştirakı ilə mənzillərin və avtomobillərin təqdim olunması tədbiri keçirilib.

Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2014-2019-cu illərdə uçota alınmış şəxslər, həmçinin 2020-ci ildə hərbi əməliyyatlar, o cümlədən Vətən müharibəsi zamanı şəhid olanların ailələri və bu müharibə əlilləri 5 il ərzində mərhələli şəkildə mənzil və ya fərdi evlərlə təmin olunacaqlar (11 min mənzil və fərdi ev, o cümlədən 2021-ci ildə 3 minədək mənzil və fərdi ev).  Prezidentin eyni sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanları və onların ailə üzvlərinin mənzillə təmin edilməsinə başlanılıb. 2021-ci ilin planı üzrə artıq 1600 mənzil şəhid ailələri və müharibə əlillərinə verilib. Ümumilikdə isə ötən dövrdə 11 minə yaxın (10 800) mənzil və fərdi ev şəhid ailələrinə və müharibə əlillərinə verilib. Müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin dövlət tərəfindən avtomobillə təminatı tədbirlərinin davamı kimi, Nazirlik tərəfindən onlara 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə 600 avtomobil, 2020-ci ildə 400 avtomobil verilib. 2021-ci ildə 150-dək avtomobil verilib. Ümumən indiyədək onlara 7350-dək avtomobil təqdim edilib.

3000 ailəyə (10 min ailə üzvü) sosial-psixoloji dəstək göstərilib, konsultasiyalar keçirilib. “Onlayn psixoloji xidmət” (050 406 75 85) göstərilir. Zənglərə 5 psixoloq cavab verir. 1590 zəng cavablandırılıb, o cümlədən psixoloji xidmətlə bağlı 1067 zəng qəbul edilib (zənglər əsasında 70 şəxs psixiatra yönləndirilib, 43 şəxsin evində əyani psixoloji dəstək göstərilib). Reabilitasiya müəssisələrində 1500 qaziyə reabilitasiya xidmətləri göstərilib. 142 hərbçi yüksək texnologiyalı müasir protezlə, əlavə olaraq 1200 müharibə əlili (I və II QMƏ) 8830 reabilitasiya vasitəsi ilə təmin edilib. O cümlədən, 770 əlilliyi olan şəxs mühərrikli  təkərli oturacaqla təmin olunub, onlardan əksər qismi qazilərdir. Son illərdə qurulan müasir reabilitasiya infrastrukturu Vətən müharibəsi qazilərimizin keyfiyyətli reabilitasiya xidmətləri ilə təminatı üçün mühüm potensial, baza rolunu oynayır. 2019-2020-ci illərdə 11 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. 2021-ci ildə də 4 reabilitasiya və sosial xidmət müəssisəsinin (Şağan Reabilitasiya Pansionatı (25.02.21-ci ildə istifadəyə verilib), Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisəsi, Qəbələ Uşaq Reabilitasiya Mərkəzi, Şəmkir Uşaq Reabilitasiya Mərkəzi) açılması nəzərdə tutulub. 2021-ci ildə reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayı 3 dəfə artaraq 30 minə çatacaq (2018-ci ildə 10 min nəfər olub).

Ailə üzvlərindən əlilliyi olan və sağlamlıq imkanları məhdud 300-dən çox şəxsə birdəfəlik maddi yardım ayrılıb. Sosial tərəfdaşlar tərəfindən 110 mindən çox ərzaq payı həssas qruplara verilib (H.Əliyev Fondu 100 min, “Bravo” 10 min, UNICEF 2 min ailəyə ərzaq payı çatdırıb). Özünüməşğulluq proqramına 5320 nəfər cəlb edilib. Əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi Proqramı da daxil olmaqla hədəf qruplarına aid 1310 nəfərə (işədüzəltmə) göndəriş verilib. Haqqı ödənilən ictimai işlərə 530 nəfər cəlb edilib. 10 iyun tarixindən başlayan “Məşğulluq marafonu” çərçivəsində 518 işəgötürən 2641 vakansiya təqdim edib. Proses davam edir. Həmin vakansiyalar şəhid ailəsi üzvləri və yaralanmış qazilərin işlə təmin olunmasına yönəldiləcək. Artıq 765 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.

Bu müddətdə yaralanmış hərbçilərin əlilliyinin qiymətləndirilməsi istiqamətində də iş aparılıb. NK-nın 13.01.21 tarixli Qərarı ilə hərbçilərin tibbi-sosial ekspertizasının operativ, vaxtında, keyfiyyətlə və mərkəzləşmiş şəkildə aparılması məqsədilə ƏƏSM nazirinin sədrliyi ilə komissiya yaradılıb. Komissiya hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuları birgə əyani müayinədən keçirilməsi, aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi, sənədlərin sürətlə rəsmiləşdirilməsi, tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin e-sistemə daxil edilməsi və nəticə olaraq əyani müayinə keçirməklə əlilliyin qiymətləndirilməsi funksiyasını yerinə yetirir.

Eyni zamanda  dövlət başçısının 25 iyun 2021-ci il tarixli Fərmanı ilə yaradılan  Vahid Əlaqələndirmə Mərkəzləri (VƏM) VƏM-də “bir pəncərə” prinsipi ilə 7 qurum üzrə 26 xidmət göstərilir. VƏM-lər 23 avqust tarixindən DOST mərkəzlərində fəaliyyətə başlayıb. VƏM-lər vasitəsilə 900 şəxsə xidmətlər göstərilib.

01.01.2021-ci il tarixdən Prezidentin aylıq təqaüdləri - şəhid ailəsi üçün  -  300 manatdan 500 manata çatdırılıb. (o cümlədən 20 Yanvar şəhidlərinin və Əfqanıstanda sovet qoşunları tərkibində beynəlmiləl borcu yerinə yetirərkən həlak olanların ailələri üçün).  Müharibə, 1990-cı ilin 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirməklə, Çernobıl AES-də hərbi xidmətlə ilə əlaqədar əlilliyi olan şəxslər üçün

• I dərəcə üçün  -  250 manatdan 400 manata çatdırılıb;

• II dərəcə üçün  -  230 manatdan 350 manata çatdırılıb;

• III dərəcə üçün  -  210 manatdan 300 manata çatdırılıb;

✓ Milli Qəhrəmanlar üçün  - 1500 manatdan 1800 manata çatdırılıb;

✓ Böyük Vətən müharibəsi iştirakçıları üçün 150 manatdan 300 manata çatdırılıb;

✓ “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslər üçün Prezidentin aylıq təqaüdü təsis olunub - 2000 manat.

  Bir sıra kateqoriyadan olan şəxslərə ödənilən sosial müavinət, təqaüd və pensiya əlavələri optimallaşdırılıb və artımlar müəyyən edilib. "“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” AR Prezidentinin 2021-ci il 25 yanvar tarixli Sərəncamı imzalanıb. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na 20 noyabr 2020-ci il tarixdə dəyişiklik edilməklə, şəhid statusu Gəncə və Naftalan şəhərlərində, Bərdə rayonunda erməni təxribatı nəticəsində həlak olmuş mülki şəxslərə də aid edilib.

Hərbi qulluqçuların əlilliyinin operativ qiymətləndirilməsi məqsədi ilə Komissiyanın yaradılması üçün “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası ilə bağlı bəzi məsələlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 13 yanvar tarixli 7 nömrəli Qərarı qəbul edilib.

Hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji yardımın göstərilməsi ilə bağlı Komissiyanın yaradılması üçün “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji yardımla bağlı bəzi məsələlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 13 yanvar tarixli 8 nömrəli Qərarı qəbul edilib. “Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiyanın yaradılması barədə” AR NK 2021-ci il 30 yanvar tarixli 24 nömrəli Qərarı təsdiq edilib. “Veteranlar haqqında” və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunlar təsdiq edilib və hər iki Qanunun tətbiqi haqqında 17 iyun 2021-ci il tarixli Fərmanlar imzalanıb. Yeni qanunlara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vahid informasiya bazasının yaradılması məqsədilə Nazirliyin elektron informasiya sistemində müharibə veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrləri elektron formada aparılacaq. 

25 iyun 2021-ci ildə “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanıb (7 qurum üzrə 26 xidmət). 25 avqust 2021-ci il tarixdə Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş  şəxsləri və ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərini mənzillə təmin edəcək.

5
Koronavirus testləri, arxiv şəkli

Azərbaycanda COVID-19: yoluxma sayı yenə artıb, ölənlərin sayı isə azalıb