BŞİH Aparat rəhbərinin məhkəməsində keçmiş nazirin adı hallanıb

37
(Yenilənib 14:32 13.09.2021)
Dövlət ittihamçısı Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbərini İH rəhbərinin səlahiyyətlərini mənimsəməkdə günahlandırıb.

BAKI, 13 sentyabr — Sputnik. Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə cinayət işində zərərçəkmiş qismində tanınan Şəhərsalma və Arxitektura Komitəsinin hüquqi nümayəndəsi Rüfət Muradova söz verilib.

Hüquqi nümayəndə bildirib ki, tarixi abidə sökülərək yerində bina tikilib. Aparılan tikinti zamanı isə orada tikinti normalarına riayət olunmayıb.

Daha sonra Rasim Quliyev ifadəsini davam etdirib.

R. Quliyev bildirib ki, Dilarə Əliyeva küçəsində tikinti aparılması üçün 2015-ci ildə işlər görülüb. Tikinti işləri aparılması üçün eskiz nişanı həmin vaxtdan hazırlanıb: "Burada mənim imzaladığım deyilən 2017-ci il sərəncamına nə ehtiyac var idi? Həmin sərəncamı o vaxt Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində olan Memarlıq və Şəhərsalma Baş İdarəsi hazırlayırdı. Nəsimi Rayonu Dilarə Əliyeva 141-də mənim sərəncamımdan əvvəl 4 mərtəbə qaldırılmışdı. Mənim sərəncamımdan sonra isə beşinci mərtəbədə bir balaca atma işləri aparılıb".

R. Quliyev ifadəsində sabiq mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Baş nazirin sabiq müavini Hacıbala Abutalıbova sözügedən tarixi əhəmiyyətli binalarla bağlı məktub göndərildiyini deyib: "Məktubda yazılıb ki, Dilarə Əliyeva küçəsi 141 və 145 saylı binalar tarixi əhəmiyyətli bina kimi dövlət nəzarətinə götürülüb. Qış parkında aparılan tikinti zamanı həmin binaya ziyan dəyib".

Daha sonra dövlət ittihamçısı təqsirləndirilən şəxsin ifadəsinə etirazını bildirərək onun verilən ittiham üzrə danışmasını istəyib: "Siz öz özbaşına icra başçısı səlahiyyətlərini mənimsəmisiz. Siz Aparat rəhbəri olsanız da, gah müavin olmusunuz, gah icra başçısı səlahiyyətlərini icra etmisiz. Hələ bundan başqa sərəncam da vermisiniz".

Təqsirləndirilən şəxsin vəkili dövlət ittihamçısının sözlərinə etiraz edərək bildirib ki, Rasim Quliyevə vəzifə səlahiyyətlərindən istifadə ilə ittiham verilib: “Sizin sözləriniz isə vəzifə səlahiyyətlərini aşmaqla bağlıdır”.

Rasim Quliyevin digər vəkili Rəsul Yusifbəyli də etiraz edib: "Bakı Şəhər İcra Hakimiyyəti sizin üçün nədir? Gələn istənilən səlahiyyətləri götürür? Hacıbala Abutalıbova müavin vəzifəsinə adam tapmayıblar, Rasim Quliyevə tapşırıblar. Hələ Hacıbala Abutalıbov deyib ki, sənə vəzifəni elə-belə vərirəm, nəzarəti özündə saxlayır"

Prosesin davamında hakim Faiq Qəniyev məhkəmədə zərərçəkmiş qismində iştirak edən hüquqi varisə Bakı Şəhər İcra Hakimiyyətinin ciddi dövlət qurumu olduğunu bildirərək, prosesə hazır şəkildə sənədlərlə birgə gəlməli olduğunu bildirib.

Proses sentyabrın 20-də davam etdiriləcək.

Qeyd edək ki, Baş prokurorluğun məlumatına görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.

Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.

Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun:

Prokurorluq BŞİH-in sabiq Aparat rəhbərinin həbsi ilə bağlı məlumat yayıb

37

Rusiyalı dənizçilər Şüvəlanda həmkarlarının xatirəsini yad ediblər

2
Xəzər dənizinin tam xəritəsini hazırlamaq üçün məlumat toplayan gəmi 1857-ci ildə Abşeron yarımadasının sahilində pis hava şəraiti üzündən qəzaya uğrayıb, 22 nəfər həlak olub.

BAKI, 18 sentyabr - Sputnik. Dostluq səfəri ilə ölkəmizdə olan Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının nümayəndə heyətinin üzvləri Abşeronun Şüvəlan kəndində "Kuba" gəmisinin dənizçilərinin abidəsini ziyarət edərək 164 il əvvəl həlak olmuş həmkarlarının xatirəsini yad ediblər.

1857-ci il sentyabrın 14-də qəzaya uğrayan "Kuba" paroxodu Xəzər Astronomiya və Hidroqrafiya ekspedisiyasının rəhbərliyi ilə Xəzər dənizinin tədqiqatı ilə məşğul idi. İyirmi iki nəfərin həlak olduğu qəzada əlli yeddi nəfərin həyatını qurtarmaq mümkün olub. 

© Sputnik
Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının nümayəndə heyəti batmış "Kuba" gəmisinin dənizçilərinin xatirəsinə ucaldılmış abidə önündə

Təxminən bir əsr yarım əvvəl Həştərxandan yola salınan gəmi Xəzər dənizinin hərtərəfli və tam təsviri, onun dəqiq xəritəsinin hazırlanması tapşırığını almışdı. Ancaq qəza günü hava dumanlı, yağışlı idi, qasırğa gəmini Şüvəlan burnunda əvvəllər qeydə alınmayan sualtı daşlara çırpdı.

Bir qədər sonra qəza yerinin yaxınlığında memar İohann Edelin müəllifi olduğu abidə ucaldıldı. Azərbaycan müstəqillik əldə edəndən sonra, 2005-ci ildə, Böyük Vətən Müharibəsində Qələbənin 60 illiyi ərəfəsində abidə bərpa olundu.

© Sputnik
Batmış "Kuba" gəmisinin dənizçilərinin xatirəsinə ucaldılmış abidə.

"Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə şənbə günü Bakıya gələn Rusiya HHD dənizçiləri qəza qurbanlarının abidəsi önünə güllər düzərək hərbi salam veriblər.

  • Batmış "Kuba" gəmisinin dənizçilərinin xatirəsinə ucaldılmış abidə.
    © Sputnik
  • Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının nümayəndə heyəti batmış "Kuba" gəmisinin dənizçilərinin xatirəsinə ucaldılmış abidə önündə
    © Sputnik
  • Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının nümayəndə heyəti batmış "Kuba" gəmisinin dənizçilərinin xatirəsinə ucaldılmış abidə önündə
    © Sputnik
1 / 3
© Sputnik
Batmış "Kuba" gəmisinin dənizçilərinin xatirəsinə ucaldılmış abidə.

Qeyd edək ki, şənbə günü, sentyabrın 18-də dostluq səfəri ilə ölkəmizdə olan Rusiya Federasiyası Xəzər Donanmasının hərbi nümayəndə heyətinin rəhbəri ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanlığı arasında işçi görüşü keçirilib.
Azərbaycan HDQ-nin komandanı kontr-admiral Sübhan Bəkirov Rusiya HDD-sı Xəzər flotiliyasının gəmilərin dəstə komandiri 2-ci dərəcəli kapitan Vladimir Zaytsevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan HDQ ilə Rusiya Federasiyası Xəzər Flotilyası arasında dostluq münasibətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Səfər sentyabrın 20-dək davam edəcək.

 

2
Teqlər:
rusiyalı, hərbi dənizçilər, Bakı, Şüvəlan, xatirə, abidə
Əməkdar İncəsənət xadimi, professor Amin Novruzov

Film çəkənlərlə çəkməyənlərin dediyi dərs: "O, Azərbaycan kinosunu qara günə qoydu"

74
(Yenilənib 22:32 18.09.2021)
"Özgə vaxt", "Qızıl qaz", "Cin mikrarayonda", "Şərikli çörək" və s. kimi filmlərə ekran həyatı verən Amin Novruzov Sputnik Azərbaycan-a müsahibəsində kinomuzun hazırkı və əvvəlki durumunu müqayisə edib, köhnə filmlərin çəkiliş meydançasından maraqlı anları yada salıb.

BAKI, 18 sentyabr — Sputnik. Amin Novruzov - Azərbaycanın əməkdar incəsənət xadimi, 60-dan artıq filmin operatorudur. İndiki adla desək, təsvir rejissorudur. ÜDKİ-nin kinooperatorluq fakültəsində V. Yusovun emalatxanasında təhsil alan sənətkar 1983-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu operator kimi fəaliyyət göstərib. Uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi fəaliyyət göstərən Novruzovun qonağı olduq.

Səhhəti ilə əlaqədar sənətdən və universitetdən uzaqlaşıb. Azərbaycan kinosunun dünəni və bugünkü problemlərindən Sputnik Azərbaycan-a bəhs edən Amin müəllim bildirir ki, son dövrlər səhhətilə bağlı Azərbaycan kinosunu izləmir. Televiziyada yayımlanan seriallara gəldikdə isə, sənətkar düşünür ki, onlara da baxmasa, yaxşıdır: "O seriallara baxıb zövqümü korlamaq istəmirəm. Bir "Yuxu kimi" serialına baxıram, o da tələbəmin işidir deyə baxıram. Digərlərinə baxanda, ona "yaxşı" demək olar".

Ötən illərin xiffətini çəkən kinooperator kinostudiyanın Sovet dönəmindəki fəaliyyətindən söhbət açarkən bildirir ki, bir vaxtlar kinostudiya kino adamları ilə aşıb-daşırdı. İndi isə tərk edilmiş xarabalığa bənzəyir. Hərdən bir-iki heç kəsə lazım olmayan şou proqramları buranın pavilyonunda çəkirlər, vəssalam. Halbuki Sovet dönəmində o pavilyonda filmlər çəkilərdi.

Amin müəllim vurğulayır ki, kinonun bugünki hala gəlib çatmasında ən böyük günahkar keçmiş mədəniyyət naziri Əbülfəz Qarayevdir: "Qarayev Azərbaycan kinosunu qara günə qoydu. Bu sahə tamamilə çökdü onun dövründə. O illər üçün çox darıxıram. Bugünkü kimi deyildi o vaxt. Dəhlizlərdə o qədər insan olurdu ki, iynə atsan, yerə düşməzdi. Ən əsası da hər kəs başını aşağı salıb öz işini görürdü. Və insanlar işlərini məsuliyyətlə yerinə yetirirdilər. Ümid edirəm ki, yeni nazir bu sahəni dirçəldər.

Kinostudiyanın bütün maddi- texniki bazası məhv oldu köhnə nazirin dövründə. Evim kinostudiyanın yaxınlığındadır. Həkimim mənə hər gün piyada gəzməyi məsləhət görüb. Mən də hər gün, demək olar ki, kinostudiyanın həyətini gəzirəm. Ürəyim ağrıyır, heç cür oranın o vəziyyəti ilə barışa bilmirəm. Yeni direktor Fariz Əhmədov nəisə etməyə çalışır, amma maddi-texniki baza yoxdur".

2018-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən uzaqlaşan həmsöhbətimiz bildirir ki, film çəkməyən müəllimin univeristetdə dərs deməsi doğru deyil: "İndi bilmirəm, orada kim var, kim yox. Amma eşitdiyimə görə, film çəkməyən insanlar dərs deyirlər. Kino sahəsində tələbə yetişdirən müəllimin gərək film sahəsində praktikası olsun. Savadı olmayan, heç bir film çəkməyən müəllimin ixtiyarı yoxdur auditoriyaya girməyə".

""Azərbaycan kinosu" deyiləndə nədənsə insanların ağlına ilk Sovet dönəmində çəkilən filmlər gəlir. Halbuki son dönəmlər də film çəkilir. Sizcə, bu nədən qaynaqlanır?" sualına Novruzovun cavabı belə oldu: "Bizim dövrümüzdə film çəkməyə gedəndə 7 maşın gedirdik – operatorun, rejissorun, qrimyorların, aktyorların maşınları ayrı-ayrı olardı. İndi isə kino avadanlıqları və kinonun bütün yaradıcı heyəti bir maşında gedir. Ona görə də aləm qarışır bir-birinə. Film də keyfiyyətsiz alınır. Həm də komanda olaraq çox mehriban olurduq".

Amin müəllim söhbət zamanı onu da bildirdi ki, o dövrdə sənət adamına xüsusi diqqət, hörmət var idi. Hansısa ucqar kəndə gedəndə təmtəraqla qarşılanırdılar. Bunun səbəbi sənət adamlarının sənətlərinə olan sevgisindən irəli gəlirdi. İndi isə filmlər efirə gedir, tamaşaçı da baxır ki, film olduqca bayağıdır. Elə ona görə də həmin filmdə çəkilən aktyorun cəmiyyətdə nüfuzu olmur:

"İndikilər çox müştəbehdilər, elə ona görə də insanlar onlara hörmət eləmirlər. Ramiz Əzizbəyli ilə iki film çəkmişəm – "Yalan" və "Bəxt üzüyü". "Yalan" filminin bəzi kadrlarını Qubada çəkmişdik. Bizi çox hörmətlə qarşılamışdılar. Biz bir həyətə girdik. Orada istədiyim fakturanı almaq üçün dəyişikliklər etdik. Filmdən sonra hər şeyi əvvəlki vəziyyətinə qaytardıq. Amma gənc həmkarlarımız gedirlər hansısa rayona, ziyanlıq vururlar, heç üzürxahlıq da eləmirlər. İnsanlar onlara necə dəyər versinlər?"

Müsahibimiz ekran müəllifi olduğu filmlərin pərdəarxası məqamaları, başına gələn ekstrimləri, məhrum sənətkarla olan xatirlərini bizimlə bölüşüb: ""Qatır Məmməd" filmində Teyyub Axundovun köməkçisi idim. Şahmar Ələkbərov mənə dedi ki, "Atam, (mənə "atam" deyirdi) gedək atları gətirək, gələk. Dedim, ay Şahmar, mən at sürə bilmirəm axı, qorxuram atdan. Dedi, sən qorxma, mən yanında olacağam. Mən, aktyor Rafiq Əzimov, Ceyhun Mirzəyev və Şahmar mindik maşına, getdik atları gətirməyə. O vaxt film üçün atları Dağıstandan gətirirdilər. Atları mindik, gəlib Biləcəri tərəfə çatanda Şahmarın atı hürkməyə başladı. Mənim də atım ona qoşuldu. Bir də baxdım ki, camaat başıma yığılıb. Sən demə, at məni yerə çırpıb. Şahmar dedi, qalx ayağa, min ata, gedək. Daha yıxılmayacaqsan. Dedim, yox, mən bir də ata minmərəm".

Amin müəllim 1978-ci ildə lentə alınan "Qaynana" filminin çəkiliş prosesindən söhbət açıb:

"Nəsibə Zeynalova "Qaynana" filminə qədər başqa filmlərdə çəkilmişdi, amma onlar epizodik idi. "Qaynana" filmində isə baş rolu ifa edirdi. Nəsibə xanım çox peşəkar teatr aktrisası idi. Teatr aktyorları da həmişə improvizə edirdilər. Bu da filmin rejissoru Hüseyn Seyidzadənin xoşuna gəlmirdi. Aralarında həmişə mübahisə olurdu. Nəsibə xanım oturub ağlayırdı, sonra Hüseyn müəllim onun könlünü alırdı, barışırdılar və çəkiliş davam edirdi".

İllərdir ki, Azərbaycan tamaşaçısının sevə-sevə izlədiyi "Bəxt üzüyü" filmində də maraqlı məqamlar olub. Həmsöhbətimiz filmlə bağlı bəzi faktları bölüşüb: "Tanrıverdinin ad günü olan səhnəni əl kamerası ilə çəkirdik. Dava səhnəsini çəkməzdən öncə Ramiz Afaq xanıma deyib ki, yıxılanda sazı at yerə. Üç dubl çəkdik, sazı əlindən buraxmadı ki, buraxmadı. Ramiz də hirsləndi ki, burax da sazı. Sən demə, sazın sahibi Afaq xanıma əvvəlcədən deyib ki, sazı əlinizdən buraxmayın, sınar. Axır biz elə çəkdik ki, Afaq xanım yıxılır və sazı qarnının üstündə çalır. İndi düşünürəm ki, yaxşı ki, sazı buraxmayıb, ona da bir don geyindirəcəkdilər".

"Başqa bir maraqlı fakt, Sevda dənizdə zırpının batdığını xəbər verir, Afaq da qaçır. Mən və assistentim onun dalınca qaçırdıq. Ayağı daşa dəyir, yıxılır, mən və assistentim də onun üstünə yıxıldıq. Qorxdum ki, kamera sınar, xoşbəxtlikdən, salamat idi. Həmin səhnəni çəkən vaxt kameranı qurdum, Afaq da kameraya tərəf qaçırdı. O da kök idi axı, dedim, ay Allah, gəlib kameraya dəysə, kamera sınacaq. Baxmayaraq ki, dolu bədənli idi, amma həddindən artıq sürətlə qaçırdı. Gəlib kameraya çatanda uşaqlar arxadan tutdular ki, gedib kameranı yıxmasın. Həm də yuxarıdan aşağıya tərəf qaçdığından sürət daha da artır.

Oradakı araq səhnəsi də təbii idi, həqiqətən də arağın tapılmayan vaxtı idi. Rəhmətlik Ramizə dedim, əşşi, neyləyirsən arağı, gəl içinə su tökək. Dedi yox, araq olmalıdır. Güc-bəla ilə araq tapdıq", - deyə A. Novruzov əlavə edib.

"Özgə vaxt", "Qızıl qaz", "Cin mikrarayonda", "Ləqəbi "İka"dır", "Şərikli çörək", "Son döyüş", "Arxada qalmış gələcək" və s. kimi filmlərə ekran həyatı verən Amin Novruzov hazırda təqaüd almır. O təqaüdlə bağlı hələ Əbülfəz Qarayevin dövründə altı il Mədəniyyət Nazirliyinə müraciət edib, amma cavab verməyiblər. Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət etdik. Nazirlikdən bildirdilər ki, son iki ildə heç bir sənət adamına təqaüd təyin olunmayıb.

Eləcə də oxuyun:

74