Enerji içki, arxiv şəkli

Azərbaycanda enerji içkiləri ilə bağlı son durum acınacaqlıdır: Kimsə qanunlara əməl etmir

2583
(Yenilənib 22:25 05.09.2021)
Millət vəkili Azər Badamov əlçatanlığın azaldılması üçün enerji içkiləri ilə əlaqədar vergi və qiymətlərin artırılmasının tərəfdarı olduğunu bildirib.

BAKI, 5 sentyabr — Sputnik. Ötən gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən enerji içkiləri bazarında fəaliyyət göstərən sahibkarlıq subyektləri barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılan işlərə dair yekun qərarlar qəbul edilib.

“AVRORA” MMC-nin “BİZON energy”, “BERG ENERGY” MMC-nin eyni adlı məhsulu, “A+CO” ASC-nin “FULL energy”, “NPG Azərbaycan” MMC-nin “PITBULL” adlı alkoqolsuz içkilərin markalanmasında həmin məhsulların enerji içkisi olması təəssüratlarının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatlar təqdim etməklə haqsız rəqabətə yol verildiyi müəyyən olunub.

Bununla yanaşı, “PITBULL” alkoqolsuz içkisinin qablaşdırılmasında "Veysəloğlu" MMC-nin adından qanunsuz istifadə halları aşkarlanıb. Qərarlara əsasən, “BERG ENERGY” MMC, “AVRORA” MMC, “A+CO” ASC və “NPG Azərbaycan” MMC-lərə qarşı müvafiq məsuliyyət tədbirləri barədə qərarlar qəbul edilərək pozuntuların aradan qaldırması barədə göstərişlər verilib.

Təhlükəli hesab edilən bu içkilərə əlçatanlığı necə azalda bilərik və bazardakı son durum necədir?

"Azad İstehlakçılar" Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında ümumi vəziyyəti şərh edib. E.Hüseynov son zamanlar atılan bəzi müsbət addımlardan da söz açıb:

"İstehsalçılar məhsulun üzərinə "enerji içkisi" yazsalar da, görünür ki, tərkibini enerji içkisinə uyğun etməyiblər. İstehlakçı hüquqlarının müdafiəçisi kimi tələb edərdim ki, ümumiyyətlə, bu məhsulların üzərində "Enerji içkisi" yazılsa da, içi sudan ibarət olsun ki, insanlar zərər çəkməsinlər".

Enerji içkilərinin zərərlərindən danışan E.Hüseynov bildirir ki, 18 yaşadək olan şəxslərə, hamilələrə, xəstələrə tövsiyə olunmayan bu məhsullar sağlam şəxslər üçün də faydalı ola bilməz.

E.Hüseynov atılan müsbət addımları da dəyərləndirib. O bildirib ki, il yarım öncə Azərbaycan Qida Təhülkəsizliyi Agentliyi iş apararaq enerji içkilərinin tərkibinin xeyli sadələşdirilməsinə, öyrəşdirici maddələrin miqdarının azaldılmasına nail olub:

"Bu çox gözəl və uğurlu addımdır. Hazırda yerli istehsala ciddi nəzarət var. Antiinhisar qurumu isə istehlakçının aldadılmasının qarşısını alıb".

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin bu bazardakı fəaliyyətindən danışan ekspert xidmətin norma və tələblərlə bağlı pozuntu hallarını ifşa etdiyini, aidiyyəti şirkətləri cərimələdiyini deyir. E.Hüseynov enerji içkilərinə əlçatanlığın azaldılması üçün görülən işlərdən də söz açıb. O bildirirb ki, bu məhsullara əlçatanlığın azaldılması üçün "Azad İstehlakçılar" Birliyi olaraq hər zaman enerji içkiləri ilə bağlı anti-reklam aparıblar:

"Hökumətlə apardığımız iş zamanı da bu içkilərə tətbiq edilən vergilərin 30 faizdən çox artırılmasına nail olduq. Bu məhsullarının köşklərdən satışının yığışdırılmasının tərəfdarıyam. Bu içkilərin reklamı təşkil olunur. Pul naminə bu cür reklamlara çəkilməməli, onlara sponsorluq edilməməlidir".

O bildirir ki, lakin tələb artdıqca təklif meydana çıxdığından bazarda belə məhsulların sayı artır. Həmsöhbətimiz deyir ki, bu məhsulların satışını qadağan etmək mümkün olmayacaq. Çünki Azərbaycan bazarı dünyaya inteqrasiya olunub.

Millət vəkili Azər Badamov Sputnik Azərbaycan-a açıqlamasında əlçatanlığın azaldılması üçün vergi və qiymətlərin artırılmasının tərəfdarı olduğunu bildirib. Millət vəkili bundan başqa, nəzarətin daha da gücləndirilməsinin tərəfdarı olduğunu vurğulayıb:

"Müxtəlif resurslardan istifadə etməklə enerji içkilərinin dövriyəsini azaltmaq lazımdır ki, gənc nəsil belə məhsullardan aktiv şəkildə istifadə etməsin".

O bildirir ki, enerji içkilərinin təhsil müəssisələrinin yaxınlığında satışına icazə verilməməlidir. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Dövlət Statistika Komitəsinin rəsmi internet resursunda enerji içkilərinin idxalı, ixracı və istehsalı ilə bağlı rəqəmlər olmadığından ölkədə enerji içkilərinə tələbatın artıb-artmaması haqda da konkret fikir formalaşdırmaq mümkün deyil.  

Qeyd edək ki, bununla bağlı olaraq hər iki komitəyə sorğu yollamışıq.

Xatırladaq ki, ötən ilin 19 mart tarixindən etibarən enerji içkiləri üçün aksiz dərcəsi artırılıb. Bu barədə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 17 fevral 2020-ci il tarixli qərarında əksini tapıb.

Qərara əsasən, aksiz dərəcəsi energetik içkilərin hər litri üçün 3 manatdan 3,1 manata, səməni pivəsinin hər litri üçün 1,7 manatdan 1,9 manata qaldırılıb.

Eyni zamanda aksiz dərəcəsi  qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm susloları istisna olmaqla, təbii üzüm şərabları (spirt qatılmışlar daxil olmaqla) və üzüm suslosunun hər litri üçün 3,5 manatdan 3,6 manata, şampan şərabı üçün 5 manatdan 5,1 manata, denaturasiya olunmamış etil spirit (80 həcm faiz və ya çox spirt qatılığı ilə) və həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spiritnin hər litri üçün 4 manatdan 5,2 manata,  viski, rom və digər spirtli tinkturalar (şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan), cin və ardıc tinkturası, araq, likörlər və digər spirtli içkilərin  hər litri üçün isə 10 manatdan 11,2 manata qaldırılıb.

Tərkibində spirtin miqdarı 9,0 faizdən az olan digər tündləşdirilməmiş alkoqollu içkilərin hər litri üçün aksiz dərəcəsi isə 1,9 manat müəyyənləşib.

Üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturaların hər litri üçün  aksiz dərəcəsi isə 10 manatdan 7,2 manata endirilib.

Məlumat üçün bildirək ki, "Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları"na əsasən, alkoqolsuz içkilərin tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və (və ya) antisedativ təsirə malik olan kofein, taurin, qlükoronolakton, amin turşuları, B qrupu vitaminlər və s. kimi maddələrdən və ya bitki ekstraktlarından ən azı ikisi mövcud olduğu təqdirdə, yaxud həmin maddələrdən yalnız kofein olduqda və miqdarı 15 mq/100 ml-dan artıq olarsa, həmin alkoqolsuz içkilər enerji içkisi hesab edilir.

2583
UNESCO

Azərbaycanlılar Venesiyada: UNESCO-nun tədbirində "Sarı gəlin" səsləndi

30
(Yenilənib 20:59 24.09.2021)
Qala gecəsinin ən mühüm məqamı isə azərbaycanlı tanınmış caz ifaçısı Etibar Əsədlinin Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i ifa etməsi olub.

BAKI, 24 sentyabr — Sputnik. İtaliyanın Venesiya şəhərinin San Klemente adasında UNESCO-nun iştirakı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə "Rise from the ashes" (“Küllərdən qalx”) adlı humanitar xarakterli multikultural forum keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, 17-ci Venesiya Memarlıq Biennalesi çərçivəsində “Vasconi Architectes by Thomas Schinko” memarlıq şirkətinin təşəbbüsü ilə təşkil olunan beynəlxalq forumda dünyanın tanınmış şəxsləri ilə yanaşı, azərbaycanlı memarlar, sənətçilər, incəsənət nümayəndələri və tələbələr iştirak ediblər.

Tədbirin əsas məqsədi Beyrut şəhərinin rekonstruksiyası, həmçinin şəhərin Baş memarlıq planı üçün həll yollarının tapılması olub. Forumda, eyni zamanda, təcrübəli beynəlxalq təlimçilər müxtəlif mövzularda çıxışlar ediblər.

UNESCO-nun Baş Konfransının prezidenti Altay Cengizer çıxış edərək UNESCO-nun Baş direktoru xanım Odre Azulenin bu foruma dəstək olduğunu iştirakçıların diqqətinə çatdırıb. Tədbirdə tanınmış memar Renzo Piano, UNESCO-nun xoşməramlı səfiri Hedva Ser, UNESCO-nun Venesiya bölgəsi üzrə rəsmi nümayəndəsi Ana Luiza Thompson-Flores, Livan Mühəndislər və Memarlar Federasiyasının prezidenti Cad Tabet, ALBA Universitetinin prezidenti Andre Bexazi, Beynəlxalq təhlükəsizlik, enerji və ətraf mühit üzrə direktorlar şurası və Pentaqonun baş məsləhətçisi Çarlz Sills və digər nüfuzlu şəxslər iştirak etdilər.

Forumda, həmçinin peşəkar təlimçilər tərəfindən müxtəlif aktual mövzularda çıxışlar olub. “Millionaire Concept Network”un dəstəyi ilə konfransda iştirak edən Afrika Sağlamlıq Federasiyasının idarə heyətinin sədri Mohamed El Sahilinin məruzəsi dinlənilib.

Tədbirdə “Eurasia Analytics”in direktoru Gülmira Rzayeva, “Millionaire Concept Network”un İtaliya üzrə direktoru Turan Sadigi, elm, cəmiyyət və rəssamlıq sahəsində 20 illik təcrübəyə malik rəssam Koen Vanmexelen, “SnarkArt” şirkətinin icraçı direktoru Nadia Taiga və digər şəxslər iştirak ediblər. Forumda NFT rəssamı kimi məşhurluq qazanan Krista Kim şəhərlərin yenidən qurulması üçün UNESCO-ya sənət, memarlıq sahəsində, cəmiyyətdə inqilab edəcək fikirlər təqdim edərək bu işdə qlobal miqyasda fəaliyyət göstərən təşkilatların, institutların və yaradıcı şəxslərin önəmli rol oynadığını qeyd edib. "TheSuperWorld" virtual daşınmaz əmlak platformasının baş icraçı direktoru və həmtəsisçisi Hrish Lotlikar isə daha yaxşı bir dünya yaratmaq üçün AR/VR/Blockchain və AL texnologiyalarından istifadə etməyin vacibliyini bildirib.

Livanın məşhur sənətçisi Rudy Rahme qala gecədə canlı performans nümayiş etdirib. Türk sənətçisi Özge Günaydın isə “Küllərdən qalx” simvolunu yaradıb. Qala gecəsinin ən mühüm məqamı isə azərbaycanlı tanınmış caz ifaçısı Etibar Əsədlinin Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i ifa etməsi olub.

Tədbirin təşkilatçısı, “Vasconi Architectes by Thomas Schinko” memarlıq şirkətinin vitse-prezidenti, həmyerlimiz Aytən Mirzoyeva gələcəkdə belə bir formatda forumun Gəncə şəhərinin və Qarabağın yenidən qurulması üçün Mədəniyyətlərarası Dialoqa dair Sülh Yaradıcılıq Mərkəzinin iştirakı ilə Azərbaycanda keçirilməsinin nəzərdə tutulduğunu deyib.

 

30
Azərbaycan hərbçiləri, arxiv şəkli

Bir "dəmir yumruq" olub düşmənin başına zərbə endirməyə gedənlər xatirələrini bölüşdülər

475
(Yenilənib 18:24 24.09.2021)
Təəssüf ki, 44 gün davam edən döyüşlərdə yüzlərlə döyüşçü cəbhə xəttindən geri dönməyib. Ölkənin gələcəyi uğrunda onlarla dinc sakin həyatını qurban verib. Azərbaycan vətəndaşları onların qəhrəmanlıqlarını heç vaxt unutmayacaqlar.

BAKI, 24 sentyabr — Sputnik. Otuz ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız ölkənin qeyrətli oğul və qızlarının qəhrəmanlığı və cəsarəti sayəsində Azərbaycana qaytarılıb. Təəssüf ki, 44 gün davam edən döyüşlərdə yüzlərlə döyüşçü cəbhə xəttindən geri dönməyib. Ölkənin gələcəyi uğrunda onlarla dinc sakin həyatını qurban verib. Azərbaycan vətəndaşları onların qəhrəmanlıqlarını heç vaxt unutmayacaqlar.

Bu gün Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçirilən dəyirmi masada müharibənin başlanmasının şahidi olanlar həmin anları, müharibə günlərini necə xatırladıqları barədə söhbət açıblar.

Polad Həşimov şəhid olan gün qərarlarını verdilər: Döyüşə gedirik! 

Sputnik Azərbaycan-ın redaktoru, müharibə iştirakçısı Vüsal Azayev qardaşı Eldost Azayevlə birlikdə general-mayor Polad Həşimov şəhid olanda hər kəs kimi orduya yazılıblar. Vüsal Azayev o günləri belə xatırlayır: "Mən cəbhə bölgəsinə yaxın olduğuma görə bizə xəbərlər gəlirdi ki, müharibə başlayır. 27-si səhər rayondan 500-ə yaxın təcili yardım maşını keçdi. Artıq başa düşdük ki, bu, irimiqyaslıdır. 28-i bizə mesaj gəldi, 29-u səhər biz yol düşdük. Hər ikimiz ehtiyatda olan zabit idik".

Müharibə iştirakçısı bildirir ki, müharibəyə yola düşəndə insan izdihamını görəndə heyrətlənib. Həm də qürurlanıb ki, tək deyillər, onların arxasında böyük bir xalq dayanıb: "Ağcəbədidən gedəndə ikinci şoku yaşadım. Hər kəs çalışırdı ki, əlindən gələni etsin. Hər kəs çalışırdı ki, cəbhəyə nəsə yollasın".

Növbəti şok isə xoş olmayıb. Hərbçi yoldaşları ilə birlikdə Cəbrayılda mühasirəyə salınan Azayev orada minomyot yağışına düşüblər. Həmin gün cəbhə yoldaşlarının böyük bir qismi şəhid olub: "Mən bölük komandirinin müavini idim. Pərən-pərən düşdük, xeyli şəhid verdik. Mən gördüm ki, mənim bölük komandirlərim hamısı mənim yanımdadır. Halbuki onlar arxada olmalı idilər. Bunun özü adama stimul verirdi. On üç əsgər, iki zabit, tabor komandiri və tabor komandirinin müavini şəhid oldular. Qərargah rəisimiz də yaralandı".

© Sputnik / Murad Orujov
Vətən müharibəsi iştirakçısı Vüsal Azayev

Həmkarımız müharibənin bitdiyi günü belə xatırlayır: "Noyabrın 10-da gecə saat 2-də bizə məlumat verildi ki, atəşkəs elan olunub. Təxminən 2 saat keçdi, ermənilər atəşkəsi yenidən pozmuşdular. Artıq səhər saat 6 radələrində Müdafiə Nazirliyinin məlumatı gəldi ki, bütün şəxsi heyətə çatdırılsın ki, qarşıda artıq sülhməramlılar da var. Həmişə zarafatla deyirdilər: "Lazım" nə vaxt gələcək?" "Lazım" gəldi də, tarixi, hərbi şərait yarandı, düşmən təxribata əl atdı və biz də ondan istifadə etdik. Və tarixi qələbəmizi qazandıq".

"Yaşca məndən kiçiklər şəhid və qazi olanda, özümü lənətləyirdim"

Tanınmış müğənni Vüqar Muradov könüllü yazılmazdan öncə öz rayonunun hərbi komissarlığından bildiriş gözləsə də, o sənəd heç cür gəlməyib. Ona görə də İkinci Qarabağ müharibəsi başlayandan bir neçə gün sonra müğənni özü hərbi komissarlığa gedib. Uzun mübahisələrdən sonra cəbhəyə yollanıb. Muradov etiraf edir ki, hərbi hissədəki əsgərlər onu görəndə xeyli təəccübləniblər.

Onlar hesab ediblər ki, Muradov onlara mahnı oxuyub əhval-ruhiyyələrini yüksəltməyə gəlib: "Mən partizan idim. Müharibəyə qeyri-qanuni getdim. Mənim yaşım da düşmürdü. Deyirdilər, əşi, o müğənni gedib orada nə edəcək? Amma dedim ki, nə olur-olsun, mən gedəcəyəm. Tanışlarım var idi, onlar məndən balaca idilər, ailəli idilər. Onlar şəhid və ya qazı olanda mən özümü lənətləyirdim ki, onlar məndən yaşca kiçikdirlər və ailələri var. Arxalarında övladlarını qoyub gedirlər. Amma mən getmirəm".

© Sputnik / Murad Orujov
Vətən müharibəsi iştirakçısı müğənni Vüqar Muradov

Mügənni deyir ki, müğənni olsa da texnikadan anlayışı var. Atası mühəndis olduğuna görə ondan texnikanın sirlərini öyrənib. Muradov müharibənin ən qızğın vaxtlarında ön cəbhəyə silah-sürsat, yemək daşıyıb. "Hadrutda xüsusi təyinatlı qüvvələrin hərbçiləri ilə tanış oldum. Xahiş etdim ki, mən sizin yanınızda olmaq istəyirəm. Mənə pikap maşını verdilər. Mən Cəbrayıl, Qubadlı, Füzuli, Xocavəndin bütün kəndləri və Şuşaya qədər olan ərazilərdə oldum. Bəzən şayiələr gəzirdi ki, Azərbaycan əsgəri acdır. Amma tam yalandır.

Azərbaycan əsgəri müharibədə hər şeylə təmin olunmuşdu. Təkcə dövlət yox, xalqımız da həmin vaxt bir olub, əsgərə pay göndərirdi. 7-dən 77-dək hər kəs ordu üçün çalışırdı. Mən xarici ölkələrdə də ölkəmizi təmsil etmişəm. Həmişə başqa ölkələr, xüsusən də Fransa bizə rişxəndlə baxırdı. Artıq bütün ölkələrin yanında başımız dikdir".

Kimi erməni hərbçilərlə döyüşürdü, kimi də saxta profillərlə 

Vətən Müharibəsi Əlillərinə Yardım İctimai Birliyinin icraçı direktoru Zamin Zeynalov bildirir ki, bu müharibədə hər kəs birləşdi. Bütün sahələrin adamları, o cümlədən bütün siyasi partiyalar ölkə rəhbərinin ətrafında birləşdilər. Ermənilər anladılar ki, artıq Azərbaycanda siyasi mühiti də ələ almaq imkanları olmayacaq:

"Bütün bunlar dünya siyasi müstəvisinə mesaj xarakteri daşıyırdı. Biz də müharibə zamanı ön cəbhədə olan mövcud problemləri aradan qaldırmaq üçün töhfələr verməyə çalışırdıq. Təbii ki, dövlətimiz ön cəbhədə olan döyüşçülərimizi hərtərəfli təmin edirdi. Amma biz də qeyri-hökumət təşkilatı olaraq dəstək olmağa çalışırdıq".

© Sputnik / Murad Orujov
Vətən Müharibəsi Əlillərinə Yardım İctimai Birliyinin icraçı direktoru Zamin Zeynalov

Zeynalov vurğuladı ki, həmin vaxtlar sosial şəbəkələrdə yaranan müəyyən problemlərə rəğmən, insanlarımız müxtəlif yollarla həm də informasiya cəbhəsində vuruşurdular. Saxta erməni profilləri ilə mübarizə aparırdılar: "Müharibə zamanı Ali Baş Komandanın xarici kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr dünya ictimaiyyətinin diqqətini cəlb etdi. Ümid edirəm ki, yaxın zamanlarda biz digər işğal altında olan torpaqlarımızı da azad edəcəyik".

İş yeri səngər oldu

CBC telekanalının aparıcısı Elmira Musazadə müharibə zamanı ön cəbhədə öz vəzifəsini yerinə yetirib. Aparıcı bundan əvvəl də hərbi verilişin aparıcısı olub. İlk dəfə 2017-ci ildə balaca Zəhranın və nənəsinin ölümündən sonra müharibənin başlanğıcını hiss edib:

"Tərtər şəhərinə hücum edildiyini öyrənən kimi dərhal yola düşdüm. Dörd ildir, hərbi verilişin aparıcısı idim. Buna görə də ərazi ilə tanış idim. Həmin 44 gün ərzində erməni tərəfinin Tərtər, Ağdam, Goranboy rayonlarında dinc əhaliyə necə hücum etdiyini gördük. Tərtər müharibə zamanı 16 mindən çox mərminin atıldığı qəhrəman şəhərdir. Ermənilər yaşayış binalarını, insanları və hökumət binalarını hədəf aldılar. Bu şəhərdə heç bir hərbi qurğu yox idi".

475

Səfir İranın təlimləri, Ermənistana daşınan yüklər Seyid Həsən Amilinin təhdidi barədə