Ət, arxiv şəkli

Süni ət təbii əti əvəz edə bilərmi - Ekspert rəyi

1317
(Yenilənib 21:32 04.09.2021)
BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı isə 2030-cu ilədək süni ətin ümumi ətə olan tələbatın sadəcə olaraq 10 faizini qarşılacağını proqnozlaşdırır.

BAKI, 4 avqust — Sputnik. Əhali sayının artması fonunda təbii resursların sayının azalması hazırda dünyanı alternativ protein qaynaqlarının üzərində işləməyə məcbur edir. Artıq bir çox ölkələr ətin laboratoriyada istehsalı ilə məşğul olmağa başlayıblar. Belə ki, onlar bu üsulla heyvanları öldürmədən 1-2 santimetr ölçüdə əldə olunan biopsilərdən laboratoriyada "təmiz ət", yəni, süni ət istehsalını reallaşdırıblar.

BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı isə 2030-cu ilədək süni ətin ümumilikdə ətə olan tələbatın ancaq 10 faizini təmin edə bləcəyini proqnozlaşdırır.

"Micrasoft"un qurucusu Bill Qeyts isə bir kitabının təqdimatında insanları heyvan yetişdirməkdənsə, süni ət istehsaletməyə çağırıb. Alimlər təbii ətin istehlakının yaratdığı fəsadları göstərmək üçün, sadəcə olaraq 1 kiloqram ətin ərsəyə gəlməsi üçün israf olunan təbii sərvətlərdən və digər zərərlərdən haqda danışırlar:

- 1 kiloqram qırmızı ət üçün 15 ton su sərf olunur;

- Heyvanların 1 kiloqram çəki alması, böyüdülməsi üçün 178 kv metrlik otlaq sahəsinə ehtiyac var;

- 1 kiloqram ətin istehsalı 300 kiloqram CO2-nin (karbondioksit) meydana gəlməsi ilə nəticələnir.

Digər məsələ ondan ibarətdir ki, hətta xəstə olmayan heyvanlara antibiotiklər vurulur. Aparılan arşadırmalar isə göstərir ki, həmin heyvanların əti ilə qidalanarkən antibiotiklər insanların da orqanizminə daxil olur.

Artıq qonşu Türkiyə də bu istiqamətdə addımlayır və süni ət istehsalı üçün müəyyən addımlar atır.

Qida üzrə ekspert Elsevər Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb. O bildirib ki, ölkəmizdə nə süni ət istehsalı, idxalı, nə də ki, süni ət istehlakına ehtiyac var. Ekspert bunun səbəbini süni məhsulların insan orqanizminə mənfi təsiri ilə əlaqələndirir. O bildirir ki, elmi araşdırmalar da süni ətin nə qədər ziyanlı olmasını göstərir:

"Süni ət yalnız bitki mənşəli komponentlərdən ibarət deyil, o həm də süni-kiməyvi birləşmələrdən alınan məhsuldur. Burada müəyyən qədər zülalı hidrolizatlardan istifadə olunur. Zülallı hidrolizatların da böyük qismi soyadan əldə olunur. Soya xammal olaraq həm yağ, həm də zülali birləşmələrin istehsalı üçün istifadə edilir. Təbii ətin tərkibi isə tək zülaldan ibarət deyil. Onun tərkibində kifayət qədər digər inqridiyent var".

Ekspertin sözlərinə görə, məhz bu səbəblərdən süni yolla əldə edilən ət qidalanmaq üçün yolverilməz hesab edilməlidir.

E.Fərzəliyev ölkəmizdə təbii ətin istehsalı üçün kifayət qədər şəraitin olduğunu da vurğulayıb:

"Heyvan kəsilmək üçün yetişdirilir. Biz kənd təsərrüfatını inkişaf etdirib təbii ət istehsalını həyata keçirtməliyik. Təbii ət istehsalının həyata keçirilməsi üçün bizim düşmən tapdağından azad olunan Qarabağımız var. Qarabağda heyvandarlığın inkişafı üçün çox əlverişli bir mühit var. Həmin ərazilər minadan təmizləndikdən sonra biz orada bu işləri görə biləcəyik. Qarabağın potensialından istifadə edilərək ərzaq bolluğu yaradılacaq. Bu resurslardan istifadə edərək həm iri, həm də xırda buynuzlu heyvandarlığı inkişaf etdirə bilərik. Quşçuluğun inkişafı üçün də Qarabağda çox uyğun bir şərait var. Biz bu yollarla ət çatışmazlığının qarşısını almağa çalışmalıyıq".

Daha sonra ekspert balanslaşdırılmış qida məsələsinə də toxunub:

"Ət xammalı, yaxud da ət xammalından hazırlanan digər məhsullardan aldığımız, orqanizm üçün vacib olan qida inqridentlərini əsasən bitki mənşəli xammallardan almağa üstünlük vermək lazımdır. Günlük balanslaşdırılmış qida rasionu var. Bu zaman insan istehlak etdiyi miqdarda inqrident qəbul etməlidir".

Bir qədər də araşdırmalara nəzər yetirək:

Dünyada hər il 56 milyard heyvan insanların qidalanması üçün öldürülür. Bu rəqəmlərə balıq və digər dəniz heyvanların sayını da əlaqə etsək, rəqəmlər 150 milyarddan da çox olacaq. Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatının hesabatına görə, təkcə 2002-ci il hesabatnda 1 ildə 133 milyon ton dəniz canlısı istehlak olunub. Sonrakı illərdə isə bu rəqəm daha da artıb. 2018-ci ildətəkcə ABŞ-da 9.59 milyard heyvan insanların qidalanması üçün öldürülüb. Ət ixracı üçün isə ayrıca olaraq ABŞ-da hər il 8 milyard heyvan öldürülür.

Aparılan hesablamalara görə veqan və vegeterian insanlar ildə 95, bir ömür boyu isə minlərlə belə heyvanın həyatını xilas etmiş olur. Rəqəmlərin bu qədər yüksək olmasının səbəbi isə sənaye heyvandarlığıdır. İnsanlar özləri hələ qədim dövrlərdə heyvan ovladıqları vaxt bu qədər heyvan insanın qidalanması üçün öldürülmürdü.

Lakin fermaların yaradılması, belə heyvanların həyət evlərində böyüdülərək saxlanılması isə bu heyvanların kütləvi sürətdə öldürülməsinə səbəb oldu.

 Heyvandarlığın inkişafı ətin qiymətinin enməsində və daha çox şəxsin ət almağa əlçatanlığının təmin olunmasında faydası olsa da, zərərləri də az olmadı. Milyardlarla insanın ət istehlakı 10 milyardlarla heyvanın öldürülməsinə səbəb oldu.

Təbii ət istehlakının artması sadəcə olaraq bu səbəbdən deyil, həm də ekoloji zərərlər baxımdan da planetimiz üçün çox təhlükəli mənbəyə çevrildi. Araşdırmalara görə, böyük baş heyvanlar atmosferə karbondioksid və metan qazlar ötürür ki, bu da qlobal istiləşməyə təsirsiz ötüşmür.

 Ət istehsalının səbəb olduğu əsas itkilərə nəzər yetirək:

Kənd təsərrüfatı sahələrinin 80 faizdən çoxu ət istehsalı üçün yetişdirilən heyvanlara görə istifadə edilir. Şirin su qaynaqlarımızın isə 20 faizdən çoxu məhz bu heyvanların yetişdirilməsi üçün istifadə olunur.

1317
Teqlər:
ət
Orxan Quluzadə

Azərbaycanlı kəşfiyyatçı: Şəhidimizi silahsız çıxardıq ki, ermənilər vahiməyə düşsünlər

10
(Yenilənib 01:18 25.09.2021)
Kəşfiyyat bölüyündə döyüşən Orxan Quluzadə Sputnik Azərbaycan-a müsahibəsində ən çətin anları Füzuli istiqamətində yaşadığını deyir. Ən yaddaqalan anlarından  biri isə şəhid yoldaşını günorta vaxtı düşmən postundan əliyalın götürmələri olub.

BAKI, 27 sentyabr — Sputnik. 44 gün davam edən Vətən müharibəsində xalqımız möhtəşəm birlik və müasir Azərbaycan Ordusunun gücünü dünyaya nümayiş etdirdi. Ötən il sentyabrın 27-də başlayan haqq savaşımızda torpaqlarımızı işğaldan azad etmək üçün minlərlə cavan döyüşlərə könüllü olaraq getdi.

Lənkəran rayonu Girdəni kənd sakini, 29 yaşlı Orxan Quluzadə də döyüşə könüllü gedən igidlərimizdən biridir. Orxan 2011-2012-ci illərdə həqiqi hərbi xidməti dövründə kəşfiyyatçı kursunu keçib və kəşfiyyat manqasının komandiri olub. Müharibəyə getmək üçün isə anasına yalan demək məcburiyyətində qalıb.

© Photo : Courtesy of Orhan Guluzade
Orxan Quluzadə

Sputnik Azərbaycan-a müsahibəsində Quluzadə həmin günləri xatırlayıb: "Müharibə iki gün idi ki, başlamışdı, bir yerdə dura bilmirdim. Çayxanaya gedib televizorda xəbərləri eşidəndə qala bilmirdim. Evə gəldim, ilk olaraq xəstə yatan anamın yanına gedib: “Ana, mən kəşfiyyatda manqa komandiri olmuşam, ola bilsin, məni aparsınlar. Komandirlərin hamısı döyüşə gediblər, ola bilsin, təzə gələn əsgərlərə təlim keçmək üçün məni aparsınlar", - dedim.

Sonra isə əgər şəhidlik qismət olsa, övladlarımın əziyyətini çəkəcək həyat yoldaşımdan da halallıq almaq istədim. Elə bir kəlmə müharibəyə getmək istəyirəm dedim, cavabı da bir kəlmə oldu: "Bəyəm orada şəhid olan qardaşlarımızdan artıqsan?!” Mənə bu cavab bəs elədi.

Ertəsi gün səhər tezdən rayon hərbi komissarlığına gedib müharibəyə getmək üçün müraciət etdim. Adımı qeyd etdilər, hərbi biletimdə bütün məlumatlar var idi deyə yarım saat sonra da döyüşə yola saldılar. Artıq oktyabrın 1-i səhər sübh vaxtı Beyləqana çatdıq. Bizi general-mayor Mais Bərxudarov, rəhmətlik Milli Qəhrəmanımız polkovnik Şükür Həmidov və polkovnik Elşad Əbilov kəşfiyyat bölüyünə ayırdılar. Seçilən 84 nəfər kəşfiyyatçıdan 42 döyüşçü Cəbrayıl istiqamətindən, digər 42 nəfər, yəni biz, Füzuli istiqamətindən döyüşə girdik. Bizim dəstə Füzulinin Alxanlı kəndi istiqamətindən döyüşlərə başladı".

© Sputnik / Rahim Muradov
Üzərində güllə deşik açmış Orxanın döyüşdəki papağı

Müsahibimiz deyir ki, ilk döyüşə girəndə həyəcan var idi: "Kimsə deyə bilməz ki, həyəcan olmayıb. Ən uzağı, üç gün həyəcanlı oldum, artıq ondan sonra tam sərbəst. Məsələn, mənfur düşmənin atdığı minaatanın mərmisi gələndə artıq bilirdim ki, mərmi məndən neçə metr aralıda və hansı istiqamətdə düşəcək, uzanmağa ehtiyac var, yoxsa yoxdur. Düzdür, mərmi gələndə mən döyüş yoldaşlarıma “Uzanın!” deyirdim.  Yəni bunu ona görə deyirdim ki, minaatan mərmisi sizin yaxınlığınıza düşsə də, partlayış dalğası sizi kənara ata bilər, şok verə bilər, yüngül xəsarətlər verə bilər. Mən kəşfiyyat kursunu keçdiyim üçün döyüş haqqında 90% məlumatım var idi".

Döyüş zamanı Orxan və onun silahdaşları hər cür çətinliklə qarşılaşıblar.

"Müharibənin ilk günləri, oktyabrın 4-5 tarixlərində Füzulidə idik və yağış yağırdı. Daha doğrusu, əvvəl hava günəşli idi. Biz də hava günəşlidir deyə hərbi gödəkçəmizi çıxarıb geridə saxladıq. Sonra isə döyüş gedə-gedə yağış başladı. Bizdən sol tərəf mövqedə olanlardan birinin yaralandığını, bir nəfərin isə şəhid olduğunu eşitdik. Qaldığımız yer əlverişsiz idi, bizim mövqe tutduğumuz səngərin dərinliyi 1 metr, eni isə 40 santimetr idi. Fikirləşdik ki, yaralını oradan çıxarılması üçün dolayı yolla aparsaq, gec olar və qardaşımız şəhid olar. Təsəvvür edin, yağış yağır, səngər təqribən 20 santimetrə qədər su ilə dolub. Qərara aldıq ki, su ilə dolmuş səngərin içərisinə uzanaq və onlar gəlib üstümüzdən keçsinlər. Yaralını aparan qardaşımıza: “Gəl, üstümüzdən keç, yaralını təxliyə et", - dedik. Bu minvalla yaralı qardaşımızı oradan çıxara bildik. Döyüş bitəndən sonra həmin yaralı qardaşımızı gördüm. Güllə ağzının içərisindən girib, boynunun arxasında çıxmışdı, şükür, sağ idi. Həmin qardaş qonşu Astara rayonundan idi, indi də əlaqə saxlayırıq biri-birimizlə", - döyüşçü xatırlayır.

© Photo : Courtesy of Orhan Guluzade
Orxan Quluzadə

Orxan Quluzadə Füzulinin Kürdlər kəndi istiqamətində gedən döyüşdə möcüzə nəticəsində sağ qalıb: "Oktyabrın 7-də 82 nəfər heyətlə Füzuli rayonunun Kürdlər kəndinə qalxanda döyüşə girdik, amma mühasirəyə düşdük. Oradan cəmi 8 nəfər sağ çıxa bildi. Biz həmin istiqamətdə döyüşə girəndə sol tərəfimizdə ayrı hərbi hissəmiz hücuma girmişdi. Oradakı qardaşlarımız şəhid olmuşdular, ermənilər də hücuma keçmişdilər. Biz dedik ki, o biri tərəfdən düşmənin arxasına keçək, amma 5-6 dəqiqə gecikdik. Həmin yerdə həddən çox düşmən əsgəri var idi, bizim gecikməyimizə görə hətta onların xüsusi təyinatlıları da gəldilər və bizi mühasirəyə aldılar.

Orada çox şəhid verdik, bacardığımız qədər yaralını, şəhidlərimizi döyüş meydanından çıxardıq. Bizimlə çiyin-çiyinə döyüşdüyümüz və əvvəllər xüsusi təyinatlılarda xidmət etmiş Zaur İsmayılzadə var idi, bizim yanımızda kəlmeyi-şəhadətini deyib, gözlərini yumdu. Ən axırıncı mühasirədən mən çıxırdım, geriyə dönüb baxanda gördüm ki, Xaqani adlı qardaşımız var, o, geridə qalıb. Xaqani bizim qonşu Havzava kəndindəndir və biz ona Xan deyirdik. Düşmənin 5 km içərisində mühasirədəydik. Xaqanini oradan çıxarmaq üçün təzədən geriyə qayıtdım. Silahımda cəmi 7-8 patron qalmışdı. Xaqaninin isə patronu qurtardığından olduğu mövqedən çıxa bilmirdi.

Düşmənlə cəmi 40 metr məsafədə üz-üzə qalmışıq. Bir-iki güllə atıb Xaqanini oradan çıxarıb qabağa buraxdım. Düşünün, açıq ərazi, gizlənməyə nə bir ağac, nə kol-kos var. Düşmən dayanmadan atırdı. Məndə də artıq 2-3 patron qalıb, atışıb qarşımızdakı balaca təpəni qalxmalıyam. Həmin an ermənilər biz tərəfə iki daraq güllə atdılar. Düşmənin atdığı o qədər güllədən biri papağımın yan tərəfini deşdi. Güllə saçlarımın arasından keçərək yandırıb arxadan papağımı dəlib keçdi. Mən güllənin zərbəsini də hiss elədim, Allah məni orada qorudu.

Həmin papağı da gətirmişəm, o döyüşdən yadigar saxlamışam (əlində göstərir). Həmin an mənə şəhidlik qismət olmadı. Beləcə, oradan çıxa bildik və ondan sonra uşaqlar bunu xatırlayıb bir az zarafatlaşırdılar. Bu, ən yaddaqalan döyüşümüz oldu. Amma düşmən də həmin kənddə həddən çox itki verdi.

© Photo : Courtesy of Orhan Guluzade
Orxan öz döyüş yoldaşları ilə şəhid ziyarətində

Lənkərandan Nurlan Əmənli var, bizimlə bir yerdə döyüşən qardaşlarımızdandır. Şəhid qardaşımız Vasif Abıyev yaralı olan zaman Nurlan onu mühasirədən çıxarmağa getmişdi. Nurlan yaralımızı çıxara bilməsin və özü atəş hədəfinə çevrilsin deyə mənfur düşmən onun hər iki ayağının dizdən yuxarı nahiyəsindən snayperlə vurub yaraladı. Nurlan özünü itirməyib yaralı vəziyyətdə 4 km sürünərək özü-özünü təxliyə edə bilmişdi. İndi Nurlan qardaşımız Türkiyədə müalicə alır”.

Qəhrəmanımız Xocavənddə döyüş zamanı erməni silahlıları onun olduğu səngərə tərəf minaatan mərmisi atıblar. 

“Mərmi bir neçə santimetr qarşıya düşsəydi, düz təpəmə düşəcəkdi. Mərminin partlayış dalğası məni səngərə çırpdı. Burnumdan qan açıldı, qulaqlarım tutuldu, amma olduğum mövqeni qəti tərk etmədim. Əvvəl heç nə eşitmirdim, işarələrlə başa düşürdüm, sonra tədricən eşitməyə başladım. Yəni ki, yenə də Allah məni qorudu.

Biz torpaqları işğaldan azad edəndə ancaq irəli getməyi düşünürdük. Düşmən bizimlə üz-üzə gələndə dediyi söz “Təslim!” idi. Füzulidə, Xocavənddə bir neçə dəfə olub, erməni əsir götürmüşük. Yenə deyirəm, ilk iki-üç gün çətin oldu, sonra öyrəşdik. Gözümüzün qabağında qardaşlarımız şəhid olurdular. Bizdə qorxu adlı hiss yox idi, nə şəhid olmaqdan, nə də yaralanmaqdan qorxurduq. Düşündüyümüz yalnız torpaqları işğaldan azad etmək və şəhid qardaşlarımızın intiqamını almaq idi”, - Orxan deyir.

Müzəffər ordumuz hər zaman düşmənə gözlənilməz zərbələr endirib: “Tarix dəqiq yadımda deyil, səhv eləmirəmsə, oktyabrın ortaları idi, Füzuli tərəfdən Xocavəndə girdik. Sözün açığı, düşmən Füzulidən Xocavəndə girə biləcəyimizi gözləmirdi. Keçdiyim döyüşlərin hamısı çətin olub, amma ən çətini Füzuli olub. Hansı rayonlarda ki döyüşmüşəm, orada qayalıq, ya ağaclar və yaxud meşə var idi, orada gizlənib döyüş aparmaq olur. Füzulidə isə düşmən oturub səngərdə, biz isə açıq ərazidə, səhra kimi yerdə düşmən üzərinə gedirdik. Düşmən orada şok oldu ki, bu necə ola bilər?

Bir dəfə Füzulidə döyüşdüyümüz vaxt erməni əsgərləri şəhidimizi götürüb öz postuna aparmışdı. Şəhidimiz əslən Yardımlıdan olan mayor idi. Döyüşdə aldığım travmalardan sonra yaddaşım arada itib-gəlir, ona görə rəhmətliyin adı, soyadı yadımda deyil. Mən idim, İsmayıl Ağayev idi, Nurlan və Astaradan Vüqar qardaşımız, bir yerdə silahsız gedib şəhidi postdan çıxarmağa qərara aldıq. Günorta vaxtı biz erməni postuna silahsız girib, düşmənin xəbəri belə olmadan şəhidimizi oradan götürüb geri qayıtdıq. Biz oraya hücum edib postu ala da bilərdik. Günorta vaxtı gizlicə düşmənin öz postundan şəhidimizi ona görə çıxardıq ki, düşməni vahimə bürüsün. Bizə çox əsgərlərimiz dedilər ki, getməyin böyük riskdir, amma biz inad etdik. Hətta bizim erməni postuna girib şəhidimizi oradan çıxarmağımızı komandanlıq da izləyirdi.

Hücuma keçəndə artıq çox atəş açmağa ehtiyac olmurdu. Bir az atan kimi düşmən əsgərləri bizi görüb qaçırdılar. Onlar artıq fikirləşirdilər ki, gündüz vaxtı gəlib öz şəhidlərimizi onların postundan, özü də silahsız gəlib apara bilirksə, gecə ilə onları darmadağın edə bilərik”. 

© Photo : Courtesy of Orhan Guluzade
Orxan Quluzadə

Qazi Orxan Quluzadə və onun olduğu dəstə on gün Cəbrayılda döyüşdükdən sonra yenidən Xocavəndə qaytarılıblar. Cəbrayılda isə şəhid Xudayar Yusifzadə və onların dəstəsi ilə bir yerdə döyüşüblər: "Biz Xocavəndə qayıdanda rəhmətlik Xudayargilin dəstəsinə başqa istiqamətə gedib vuruşmaq komandası verilmişdi. Müharibənin bitməsinə 2-3 gün qalmış isə mən Xudayar qardaşımızın şəhid olması xəbərini eşitdim.

Müharibə vaxtı çalışdığım qədər düşmən də, onların hərbi texnikasını da məhv etmişəm, “UAZ”larını da vurmuşam. Elə olub ki, düşmənin tankı hücum edərkən üstünə dırmaşıb, tankın içərisinə əl qumbarasını atıb heyətini məhv etmişik”.

Vətən müharibəsi iştirakçısı Orxan Quluzadə üç medalla təltif olunub: “Bizim orduda hər şey öz yerində idi, amma döyüş vaxtı istər-istəməz qarışıqlıq olur. Əsgərlərin göstərdiyi şücaət haqqında da yuxarı komandanlığa bizim komandirlərimiz məruzə edirlər. Müharibə vaxtı bizim dörd komandirimiz şəhid oldu, mən özüm də yuxarı komandanlığıma deyə bilmərəm ki, mən filan yerlərdə döyüşmüşəm. Çünki bu, mənim vəzifəm deyil, mən deməməliyəm. Allah Ali Baş Komandanımıza cansağlığı versin ki, əmr verdi. Biz sırf qisasımızı almağa getmişdik, bu, haqq döyüşü idi. Medal üçün getməmişdik, amma mən “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olundum. “Füzulinin azad olunmasına görə” medalı artıq mənə təqdim olunub. Digər iki medalları isə verəcəklər".

Həmsöhbətimiz deyir ki, tez-tez döyüş yoldaşları ilə yığışıb görüşürlər. Bir neçə gün bundan əvvəl isə şəhid döyüş yoldaşlarının ailəsinə baş çəkiblər. "Bizim şəhid döyüş yoldaşımız Vasif Abıyevin anasının doğum günü idi, xəbərsiz gedib şəhidin anasına baş çəkdik. Həmin gün axşam başqa bir şəhid qardaşımızın atasına baş çəkdik. Biz əgər həmin ərazidən keçiriksə, orada dəfn olunan şəhidə baş çəkirik. Məzar başında oturub baş verənləri şəhidlə danışırıq, dərdləşirik".

10

Ceyhun Bayramov Ermənistan XİN rəhbəri ilə görüşüb