Mətbəxdə qadın. arxiv şəkli

Qadın qətllərinin ilginc səbəbləri: Qız uşağı doğulmamış ona qarşı ayrı-seçkilik başlayır

2916
(Yenilənib 16:32 03.09.2021)
Komitə rəsmisi bildirib ki, məişət zorakılığının baş verməsinə səbəb olan əsas amillər sırasında sosial səbəblər heç ilk onluqda da yer almır.

BAKI, 3 sentyabr — Sputnik. Bu günlərdə məişət zorakılığına dair bir xəbər hər kəsi sarsıtdı. Belə ki, avqustun 30-da saat 14 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayan 1997-ci il təvəllüdlü Niftəliyeva Aytən İlham qızı və onun azyaşlı övladı 2020-ci il təvəllüdlü Niftəliyeva Tahirə Rəhman qızının yaşadıqları evin pəncərəsindən yıxılaraq çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmələri ilə bağlı Səbail rayon prokurorluğuna məlumat daxil olub.

Göstərilən zəruri tibbi yardımlara baxmayaraq, Tahirə Niftəliyeva aldığı xəsarətlərdən avqustun 30-da, Aytən Niftəliyeva isə sentyabrın 2-də müalicə olunduqları xəstəxanada vəfat ediblər.

Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, dünyasını dəyişən qadının övladı ilə birgə özünü binadan atdığı söylənilsə də, A.Niftəliyevanın anası Mehriban Süleymanova qızının bunu intihar məqsədilə etmədiyini iddia edib.

"Qızım Aytən intihar etməyib, onu həyat yoldaşı və qayınanası döyərək damdan atıb", - Mehriban Süleymanova deyib.

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik tədqiqatlar şöbəsinin müdiri Elgün Səfərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ötən ilin cari dövrü ilə müqayisədə qadın qətlləri artmayıb. Əksinə, ötən ilin müvafiq 3 ayı ilə müqayisədə məişət zəminində baş verən zorakılıqların sayında azalma müşahidə edilib:

"Ötən il 40 qadın qətlə yetirilib. 2021-ci ildə isə daha çox məişət zəminində fiziki zorakılıq halları olub. 2020-ci ildə baş verən hadisələrdə pandemiyanın da təsiri olmuşdu. 2020-ci ilin analoji dövrü ilə müqayisə etsək, cinayət hadisələrinin sayı azalmaqdadır. 2020-ci ilin birinci rübündə ailə-məişət zəminində 973 cinayət faktı qeydə alınmışdısa, 2021-ci ilin analoji dövründə 292 belə fakta görə cinayət işi açılıb. 2020-ci ildə qadınlara qarşı 5 min 176 zorakılıq faktı qeydə alınmışdı ki, onlardan da 2007-si üzrə cinayət işi açılmışdı".

Komitə nümayəndəsi əlavə edib ki, quruma müraciət edilirsə, preventiv mexanizmlər işləyir.

"Ümumiyyətlə, təkcə bizə yox, aidiyyəti üzrə digər dövlət qurumlarına - Daxili İşlər Nazirliyi, icra nümayəndəliklərinə müraciət edilirsə, yerlərdə onlara dəstək göstərilə bilər. Lakin təəssüflər olsun ki, əksər hallarda bizə müraciət daxil olmadıqda hadisələr ölümlə nəticələnir", - deyə o bildirib.

E.Səfərov deyir ki, bu cür hadisələrin baş verməsinin 3 əsas səbəbi:

"Məişət zorakılığının baş verməsinə səbəb olan əsas amillər sırasında sosial səbəblər heç ilk onluqda da yer almır. Narkotik vasitələr və alkoqollu içki istifadəsi, ailədəki zorakılıq, sonsuzluq faktoru da məişət zorakılığına səbəb olan amillərdir. Hətta belə olan halda nəsillərarası problemlər də yaranır. Ailələr boşanır və onlar ayrı-ayrı yaşayırlar. Təəssüf ki, həmin cütlüklər övladlığa uşaq götürmək haqda düşünmürlər. Bundan başqa, xəyanət məsələsi də çox aktualdır. Bu da nəticə olaraq qətllərin törədilməsinə səbəb olur. Məişət zorakılığında qısqanclıq əsas səbəb olaraq göstərilir. Məişət zorakılığına səbəb olan amillərdən biri də məhdudiyyətlər və stereotiplərin tətbiq olunmasıdır. Stereotiplərin olması gündəlik zorakılıq faktlarının baş verməsinə səbəb olur. Tərəflər bir-birini başa düşmür, danışıqlar aparmırlar. Ümumiyyətlə, ailələr qurulanda da bəzi nüanslar nəzərə alınmır". 

Komitə rəsmisi bildirir ki, ali təhsilli, yaxşı təminatlı ailələrdə də belə xoşagəlməz hallar var:

"Qadına qarşı cəmiyyətdə, ailədə olan stereotiplər var, hansı ki bunlar məhdudiyyətlər yaradır. Baxanda görürsünüz ki, nə sosial vəziyyət, nə də ki təhsil səviyyəsi buna təsir etmir. Ən çox təsir edən məqamlar məhz stereotiplərdir. Nəyə görə bu gün Azərbaycanda doğulan qız uşaqlarının nisbəti oğlan uşaqları ilə müqayisədə hər il azalır? Çünki artıq doğulanadək qız uşağına qarşı ayrı-seçkilik var. Ana bətnində ikən ona qarşı cinsi ayrı-seçkilik baş qaldırır".

Səfərov onu da deyir ki, ailələrdəki zorakılıq, psixoloji travmatik vəziyyət ən çox uşaqlara mənfi təsir edir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva isə deyib ki, zorakılıq faktları nəinki Azərbaycanda, bütün dünyada aktualdır. 

Statistik rəqəmlərdə artımın olduğunu vurğulayan Komitə yetkilisi bildirir ki, əvvəlki illərlə müqayisədə qadınlara qarşı zorakılıq faktları dəyişməyib. Hətta belə cinayətlərin şiddəti artıb.

"Belə məsələlərə diqqətin artması və işıqlandırılması da elə hiss yaradır ki, cinayətlərin sayı artıb. Bir fakt belə bizi narahat edir. Dövlət Komitəsi bu istiqamətdə müəyyən tədbirlər həyata keçirir. Məişət zorakılığının qarşısının alınması ilə bağlı qanun qəbul olunub, həmçinin Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün milli fəaliyyət planı da qəbul olunub. Bu, elə bir məsələdir ki, bütün qüvvələr birləşsə, cəmiyyət dövlətin keçirdiyi tədbirlərə adekvat cavab versə, hansısa müsbət nəticələr əldə etmək olar. Biz də buna çalışırıq", - Aynur Sofiyeva əlavə edib.

Həmçinin oxuyun:

Uşaqları pornoqrafiya və zorakılıq dolu materiallardan necə qoruya bilərik?

2916
Teqlər:
zorakılıq
Stefan Kuntz, arxiv şəkli

Türkiyə milli futbol komandasının yeni baş məşqçisi məlum oldu

6
(Yenilənib 22:54 20.09.2021)
Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi olub və 1995-1996-cı illərdə Beşiktaş komandasının tərkibində çıxış edib.

BAKI, 20 sentyabr — Sputnik. Türkiyə milli komandasına yeni baş məşqçi təyin olunub. Sputnik Azərbaycan-ın NTV kanalına istinadla verdiyi xəbərə görə, Türkiyə Futbol Fedarasiyası bu məqsədlə alman mənşəli keçmiş futbolçu Stefan Kuntzla razılıq əldə edib.

Federasiyadan verilən açıqlamada "Türkiyə Futbol Fedarasiyası İdarəetmə Heyəti milli komandanın baş məşqçisi vəzifəsi üçün Stefan Kuntzla razılıq əldə edib", – deyə bildirilir.

Yeni baş məqşçi ilə imza mərasimi sabah baş tutacaq.

Qeyd edək ki, Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi idi. 1995-1996-cı illərdə isə Beşiktaş komandasının tərkibində çıxış etmişdi.

Xatırladaq ki, Türkiyə Futbol Federasiyası bu günlərdə milli komandanın baş məşqçisi Şenol Günəşlə yollarını ayırıb. Buna səbəb Türkiyə millisinin 2022-ci il Dünya Çempionatının Avropa seçmə oyunları çərçivəsində  G qrupunda Hollandiyaya 6:1 hesabı ilə uduzması olub.

Həmçinin oxuyun:

Şenol Günəş istefaya göndərildi

6
Teqlər:
futbol, Türkiyə, milli
Emmi mükafatı, arxiv şəkli

Daha üç serial "Emmy" mükafatlarının qalibi seçilib

5
(Yenilənib 22:47 20.09.2021)
Ən yaxşı faciəvi serial adı uğrunda "Mandalorian", "Qaqalar", "Bridcerton", "Qulluqçunun nağılı", "Lavkraft ölkəsi", "Duruş", "Bu bizik" ekran əsərləri də mübarizə aparıb.

BAKI, 20 sentyabr — Sputnik. "Tac", "Ted Lasso" və "Kraliçanın addımı" serialları "Emmy" mükafatlarının qalibi seçilib. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, 73-cü mükafatlandırma mərasimi ötən gün Los-Ancelesdə keçirilib.

"Tac" 24 kateqoriya üzrə namizədliyini irəli sürərək ümumi nominasiyalar arasında liderliyini saxlayıb. Bu filmlə bərabər ən yaxşı faciəvi serial adı uğrunda "Mandalorian", "Qaqalar", "Bridcerton", "Qulluqçunun nağılı", "Lavkraft ölkəsi", "Duruş", "Bu bizik" ekran əsərləri mübarizə aparıb.

Məlumat üçün bildirək ki, mükafatların təqdimetmə mərasimləri 1949-cu ildən başlayaraq hər il keçirilir. Lakin 1974-cü ilə qədər yalnız sadəcə "Emmy" mükafatı mövcud idi. Sonralar bu mükafatı gündüz verilişlərinə görə təqdim edilən "Emmy" mükafatından fərqləndirmək məqsədilə adı dəyişdirilərək praym-taym "Emmy" mükafatı adlandırılıb.

Mükafatı üç təşkilat təqdim edir: Amerika televiziya akademiyası (ingiliscə Academy of Television Arts & Sciences) idman verilişləri istisna edilməklə, mükafatı bütün axşam verilişləri üzrə təqdim edir; Amerika Milli Televiziya Akademiyası (ingiliscə National Academy of Television Arts & Sciences) gündüz, idman, xəbərlər və sənədli proqramlar üzrə mükafatı təqdim edir; və Beynəlxalq Televiziya Akademiyası (ingiliscə International Academy of Television Arts & Sciences) ABŞ sərhədlərindən kənarda hazırlanan və yayımlanan televiziya proqramları üzrə təqdim edir.

Həmçinin oxuyun:

Gələcəyimizin varisi olan uşaqlar nəyə baxırlar?

5