Jenevada Ümumdünya Səhiyyə Təşkilatının mənzil-qərargahı, arxiv şəkli

Dünya Səhiyyə Təşkilatı Azərbaycanı məktəbləri açmağa çağırdı

45
(Yenilənib 13:40 01.09.2021)
ÜST və UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin yaydığı birgə məlumatda bildirilir ki, uşaq və gənclər təhsillərinə bir il də fasilə verilməsi riski ilə üzləşməməlidirlər.

BAKI, 1 sentyabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və UNICEF-in Azərbaycandakı Nümayəndəliyi birgə məlumat yayıb.

Sputnik Azərbaycan xəbər verir ki, məlumatda deyilir:

Yeni tədris ili ilə əlaqədar olaraq uşaqların məktəbə qayıtmağa hazırlaşdığı bir dövrdə virusun ötürülməsini minimuma endirmək üçün tədbirlərin görülməsi hər zamankından daha böyük və həlledici əhəmiyyət kəsb edir.

ÜST və UNICEF-in bəyan etdiyi kimi, bu tədbirlərə müəllimlər və digər məktəb işçilərinin peyvəndlənməyə əlçatanlığın təmin edilməsi, eləcə də sinif otaqlarının daha yaxşı havalandırılması, siniflərdə daha az şagird sayı, fiziki məsafənin gözlənilməsi, məktəb əməkdaşlarının virusa qarşı müntəzəm yoxlanılması və valideynlərin təhlükəsizlik tədbirləri haqda davamlı məlumatlandırılması kimi tədbirlər vasitəsilə məktəb mühitinin təhlükəsizlik standartlarına uyğunluq baxımından yaxşılaşdırılması daxildir.

Peyvəndlənmə, "Delta" variantı da daxil olmaqla, virusdan ən yaxşı və sürətli qorunma üsullarından biridir. Müəllimlər və digər məktəb işçilərinin peyvəndlənməsi bu il mövcud olan bir üstünlükdür ki, bunun sayəsində məktəblər daha təhlükəsiz məkan olacaq.

"İki ilə yaxındır ki, COVID-19 pandemiyası ilə yaşayırıq və məktəblərin təhlükəsiz şəkildə yenidən açılması ümdə prioritetə ​​çevrilmişdir. Məktəblərin qapanması uzun müddətli dövrdə böyük mənfi təsirlərə səbəb olur və buna bəraət qazandırmaq çətindir. Hamımız uşaqlarımızın gələcəyini qorumaq naminə məktəblərin təhlükəsiz şəkildə yenidən açılması üçün çalışmalıyıq.

Ümumdünya Səhiyyə Təşkilatı, Azərbaycan da daxil olmaqla, ölkələrə COVID-19 riski və virusun fərqli variantlarının yayılmasını minimuma endirmək üçün tədbirlər görərkən məktəbləri açıq saxlamağı təkidlə tövsiyə edir. Məktəblərin yenidən açılmasında mühüm rol oynayan milli vaksinasiya strategiyasının həyata keçirilməsində yerli tərəfdaşlarımızı dəstəkləyirik", - deyə ÜST-ün Azərbaycandakı nümayəndəsi Dr. Hande Harmancı bildirib.

"Pandemiya məktəblərin qapanmasının uşaqlar üçün böyük mənfi təsirlər göstərdiyini nümayiş etdirməklə yanaşı, məktəblərin uşaqların təhsili, psixi sağlamlığı və sosial bacarıqları baxımından da əhəmiyyətli rol oynadığını sübuta yetirdi.

Uşaqlar və gənclər təhsillərinə bir il də fasilə verilməsi riski ilə üzləşməməlidirlər. Sentyabrın 15-də məktəblərin təhlükəsiz şəkildə açılmasını təmin etmək və uşaqların məktəbin təqdim etdiyi imkanları əldən verməmələri üçün UNICEF Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edir", - UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Aleks Haykens bəyan edib.

Hazırda, UNICEF-in Azərbaycandakı Nümayəndəliyi Azərbaycanın seçilmiş on rayonunda təlimi bərpa etmək məqsədilə uşaqlara ünvanlı dəstək vermək üçün Təhsil Nazirliyi ilə əməkdaşlıq edir. Proqram yeni dərs ilində geri qalmamaları üçün uşaqlara əlavə tədris şəklində dəstək, müəllimlərə isə mentorluq dəstəyi nəzərdə tutur. Uşaqlar və müəllimlərə psixi sağlamlıqla bağlı və psixo-sosial dəstək həm UNICEF, həm də ÜST üçün davamlı prioritetlərdən biri olacaq.

UNICEF və ÜST-ün Azərbaycandakı Nümayəndəlikləri ölkədə bütün uşaqların məktəblərə təhlükəsiz qayıdışı naminə valideynlər, müəllimlər və şagirdlər üçün bütün zəruri məlumatlar da daxil olmaqla birgə "Məktəbə qayıdış" kampaniyası üçün Təhsil Nazirliyinə, eləcə də yerli səhiyyə qurumlarına birgə dəstək verəcək.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 216 milyonu keçib, 4,50 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ilin fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

45
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Azərbaycanda Vətən müharibəsinin Anım Günü belə qeyd olunacaq

3
Axşam saatlarında xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və "Alov qüllələri"nin üzərində Azərbaycan bayrağı əks olunacaq.

BAKI, 23 sentyabr — Sputnik. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək. Bununla əlaqədar olaraq bu il sentyabrın 27-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Sputnik Azərbaycan-ın xəbərinə görə, Təşkilat Komitəsindən verilən məlumata görə, Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq.

Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Axşam saatlarında xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və "Alov qüllələri"nin üzərində Azərbaycan bayrağı əks olunacaq. Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi tərəfindən anım tədbirləri keçiriləcək.

Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri keçiriləcəkdir.

Qeyd edək ki, 2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan ordusu erməni təxribatlarına cavab verərək əks hücum əməliyyatlarına başlayıb. Sentyabrın 27-də başlanan Vətən müharibəsi 44 gün davam edib. Azərbaycan 28 il işğal altında olan torpaqlarını azad edib. Noyabrın 8-də müharibədə Zəfər qazandığımız rəsmən elan olunub.

Həmçinin oxuyun:

Müharibənin başlanmasının il dönümü ilə bağlı müsabiqəyə start verilib

3
Teqlər:
anım, anım günü
Lənkəranda magistraturaya qəbul imtahanının ikinci cəhdi, 26 may 2021-ci il

Universitetlərdə dərs saatı 80 dəqiqəyə endirilir

7
Şöbə müdirinin sözlərinə görə, dərslər fasiləsiz şəkildə olduqda 80 dəqiqə, əks halda 45 dəqiqə olması təklif edilir.

BAKI, 23 sentyabr — Sputnik. Ali məktəblərdə dərs saatının 90 dəqiqədən 80 dəqiqəyə endirilməsi təklif edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli açıqlama verib.

Şöbə müdirinin sözlərinə görə, dərslər fasiləsiz şəkildə olduqda 80 dəqiqə, əks halda 45 dəqiqə olması təklif edilir: "Bu, universitetlərin verəcəyi qərardır. Amma biz tövsiyə etmişik ki, 80 dəqiqəlik dərslər olsun. Beləliklə, tələbələrin tənəffüsə çıxmalarının və təmasların sayının az olmasına səbəb olacaq. Yəqin ki, belə davam etsə, 80 dəqiqəlik dərslər keçiriləcək".

N.Məmmədli universitetlərdə müəyyən qruplarda koronavirusa kütləvi yoluxma halının qeydə alınması təhlükəsinə də toxunub. Nazirlik rəsmisinin sözlərinə görə, belə hallar baş verərsə, həmin qruplarda dərslərin dayandırılması ilə bağlı təhsil müəssisəsi özü qərar verəcək:

"Həmçinin şənbə gününə dərslərin salınması da ali təhsil müəssisəsinin öz ixtiyarındadır. Təhsil müəssisəsi istədiyi halda şənbə günləri də tədrisin keçirilməsini nəzərdə tuta bilər. Şənbə günləri ictimai nəqliyyatın işləməməsi aktual məsələdir. Sözsüz ki, bununla bağlı müvafiq orqanlar artıq qərar verməli olacaqlar".

Həmçinin oxuyun:

"Mühafizəçiyə silah vermək olmaz": Bəs tələbəni necə qorumalı?

7
Teqlər:
universitet, dərs