CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnsanlar evsiz-eşiksiz qalıblar, nazirlik isə susur

© Sputnik / Leyla AbdullayevaXaçmazda selin fəsadları
Xaçmazda selin fəsadları - Sputnik Azərbaycan, 1920, 28.08.2021
Abunə olmaq
Sakinlər evlərinin sel suları səbəbindən uçduğunu bildirsələr də, FHN-in əraziyə ezam etdiyi qrupun rəyi onları çaş-baş salıb.
BAKI, 28 avqust — Sputnik. Ötən il noyabr ayının 15-də Xaçmaz rayonunda gecə saatlarında yağan intensiv yağışlar nəticəsində 200-dən çox evə ziyan dəyib, bir neçə ev isə yararsız hala düşüb. Zərərçəkmişlərin sözlərinə görə, sel aparan evlərə FHN-in əməkdaşları baxış keçirib rəy versələr də, daha sonra heç bir tədbir görməyiblər. Bu barədə daha geniş məlumatı Sputnik Azərbaycan-a bir ilə yaxındır evsiz qalan rayon sakini Mətanət Abışova danışıb. Onun sözlərinə görə, yenicə ürək əməliyyatı keçirib və xəstə vəziyyətdə qapılarda qalıb.
“Qəfil yağan intensiv yağışlar nəticəsində evlərimizi sel basdı. Evlər və içərisindəki əşyalar yararsız hala düşdü. FHN-in əməkdaşları, rayon icra başçısı və nümayəndələri gəlib dəfələrlə evlərə baxış keçirdilər. Söz verdilər ki, bu, təbii fəlakət nəticəsində baş verdiyi üçün tezliklə evsiz qalan sakinlər evlə təmin olunacaqlar. Biz də buna inanaraq gözlədik. Amma o gedən oldular. Heç kimdən xəbər çıxmadı. Dəfələrlə lazımi orqanlara müraciət etdik. Eyni cavabı aldıq - “gözləyin”.
Bu müddət ərzində nələr çəkdiyimizi bir zərərçəkənlər, bir də Allah gördü. Daha sonra heç bir xəbər çıxmadığını görüb ölkə başçısı İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya məktub ünvanladıq. Məktubun cavabında işin FHN-ə yönləndirildiyi, məsələnin həlli üçün onlara tapşırıldığı haqda məlumat verildi. Ölkə başçısının tapşırığına əməl ediləcək deyə sevinməyə başlasaq da, sevincimiz boğazımızda qaldı. FHN-in rəhbər qrupu guya evlərin təbii fəlakət nəticəsində deyil, tikintisinin zəif olma səbəbindən uçduğunu iddia edib bizə kömək etmədi”, - Mətanət xanım bildirib.
Daha bir zərərçəkən Abışov Aslan da öz narahatlığını və narazılığını dilə gətirib: “Biz burada demək olar ki, bir nəsilik. Hamımızın da evimiz tamamilə yararsız vəziyyətə düşüb. Bacım ürək əməliyyatı keçirib və qapılarda qalıb. Nəvələrimiz nə düzgün məktəbə gedə biliblər, nə də təhsil ala biliblər. İnsan nə qədər başqasının qapısında qalar?! Biz ölkə başçısına qədər məktub yazdıq. Çox sağ olsun ki, ölkə başçısı məktubumuzu dərhal cavablandırdı. Amma nə fayda?! FHN tərəfindən, Mətanət xanımın qeyd etdiyi kimi, ağlasığmaz bir qərar çıxartmaları dəhşətdir. Axı evlərin sel nəticəsində dağılması barəsində sübutlar, videolar, fotoşəkillər var. Bunlar bunu necə dana bilərlər axı? Və onu da qeyd etmək istəyirəm ki, FHN bunu etməklə biz xalqı ölkə başçısı ilə üz-üzə qoymuş olur. Bir daha ölkə rəhbərliyinə xahişimiz budur ki, bizə köməklik göstərsinlər”.
Məsələ ilə bağlı Xaçmaz rayonu üzrə FHN sədri, həm də rayon İcra Hakimiyyətinin müavini Bəxtiyar Osmanovla əlaqə saxlayıb məsələni aydınlaşdırmağa çalışdıq. O, vətəndaşların haqlı olduğunu, bu məsələnin onların səlahiyyətində olmadığını bildirdi.
© Sputnik / Leyla Abdullayeva
Xaçmazda selin fəsadları - Sputnik Azərbaycan
1/3
© Sputnik / Leyla Abdullayeva
Xaçmazda selin fəsadları - Sputnik Azərbaycan
2/3
© Sputnik / Leyla Abdullayeva
Xaçmazda selin fəsadları - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3
“Biz icra nümayəndəliyi olaraq əlimizdən gələn ilkin yardımları göstərmişik. Həmin vaxt FHN-dən gələn əməkdaşlar tərəfindən komissiya təşkil olunub və həmin zərər görmüş ərazilərdə reyd keçirilib. Ümumilikdə zərərçəkmiş 596 ev sahibi bizə müraciət edib və əksəriyyətinə ilkin yardım göstərmişik.
Sonra isə FHN-nin həmin əraziyə ezam olunmuş əməkdaşları ilə birlikdə baxış keçirilmiş və 24 evdə yaşayışın mümkünsüz olması aşkar edilmişdi. Bununla bağlı akt tərtib olunub və akt nazirlikdə təsdiq olunub ki, evlər həqiqətən yararsızdır. Təəssüflər olsun ki, bu məsələ hələ də öz həllini tapmayıb. Artıq bu məsələ bizim səlahiyyətimizdə olmadığı üçün vətəndaşlara heç bir köməklik göstərə bilmirik.
Onu da qeyd edim ki, vətəndaşların ünvanladığı məktubların bir nüsxəsi bizdə var və biz bunu FHN-in ezam olunmuş qrupuna yollamışıq. Cavabında evlərin sel suları vasitəsilə yox, palçıqdan tikilmə səbəbi ilə uçması bildirilib”.
Biz də çalışdıq məsələ ilə bağlı nazirliyin Şimal Regional Mərkəzinin rəhbəri Şahin Mirzəyev və mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva ilə əlaqə saxlayıb münasibət öyrənək. Təəssüflər olsun ki, dəfələrlə əlaqə saxlamağa çalışsaq da, zənglərə cavab verilmədi.
Eləcə də oxuyun:
Azərbaycanın cənubunda sel evləri, təsərrüfatları basıb: kəndlər arasında əlaqə kəsilib
Nə gəzməyə imkan verir, nə pul qazanmağa - Qəbələlilər yeni "əjdaha"dan şikayətçidirlər
Xəbər lenti
0