Təhsil Nazirliyinin binası, arxiv şəkli

Təhsil Nazirliyindən vətəndaşlara müraciət

18
Müraciətlərinə müsbət qərar verilmiş vətəndaşlar şəxsi kabinetləri vasitəsilə yeni yaradılan kadr bankına qoşula bilərlər.

BAKI, 27 avqust — Sputnik. Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici kvalifikasiyaları tanınmış ərizəçilərin tərcümeyi-hallarının yer aldığı elektron resursu (www.kadr.taninma.az) istifadəyə verib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə təhsil naziri Emin Əmrullayev məlumat verib.

O bildirib ki, kadr bankının yaradılması bilik, bacarıq və səriştələri ölkə ərazisində tanınmış şəxslərin əmək bazarına girişinə dəstək göstərilməsi və işəgötürənlərin işaxtaranlarla daha rahat şəkildə əlaqələndirilməsinə töhvə verilməsi baxımından olduqca əhəmiyyətlidir:

"Kadr bankına kvalifikasiyaları tanınmış ərizəçilərin əlavə edilmə prosesi davam edir. Müraciətlərinə müsbət qərar verilmiş vətəndaşlar şəxsi kabinetləri vasitəsilə yeni yaradılan kadr bankına qoşula bilərlər".

Həmçinin oxuyun:

Kolleclərə ixtisas seçiminə start verilib

18
Teqlər:
təhsil, nazirlik
Gürcüstanlı jurnalistlərin Ağdama səfəri

Əcnəbi jurnalist blogerlər Ağdama səfər ediblər

2
(Yenilənib 18:55 23.09.2021)
Bloger: Ağdamın hər yeri yerlə yeksan edilib. Ağdama növbəti dəfə də səfər etmək arzusundayam. Səbirsizliklə bura yenidən gəlib, abidələrin yeni və bərpa edilən formasını görmək istəyirəm.

BAKI, 23 sentyabr — Sputnik. Sentyabrın 23-də Gürcüstandan olan bir qrup jurnalist və bloger işğaldan azad olunmuş Ağdam şəhərinə səfər ediblər. Sputnik Azərbaycan-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, onlar ilk olaraq Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksi ilə tanış olublar.

Daha sonra onlar Ağdam Çörək Muzeyinin, Ağdam Dram Teatrının qalıqlarına baxıb, işğal dönəmində ermənilərin heyvan saxladığı Ağdam Cümə məscidində olublar.

“Ağdamın hər yeri yerlə yeksan edilib. Ağdama növbəti dəfə də səfər etmək arzusundayam. Səbirsizliklə bura yenidən gəlib, abidələrin yeni və bərpa edilən formasını görmək istəyirəm”.
  • Gürcüstanlı jurnalistlərin Ağdama səfəri
    © Sputnik / Emin Babayev
  • Gürcüstanlı jurnalistlərin Ağdama səfəri
    © Sputnik / Emin Babayev
  • Gürcüstanlı jurnalistlərin Ağdama səfəri
    © Sputnik / Emin Babayev
1 / 3
© Sputnik / Emin Babayev
Gürcüstanlı jurnalistlərin Ağdama səfəri

Bu sözləri jurnalistlərə açıqlamasında gürcüstanlı bloger Nina Berdzenava deyib. O, Ağdamı gəlib bu vəziyyətdə görəcəyini təsəvvür etmədiyini bildirib.

"Ağdamda Azərbaycan xalqına məxsus tarixi abidələri dağıtsalar da, kökləri qalıb. Mən əminəm ki, Azərbaycan digər rayonlarda olduğu kimi buradakı abidələri də bərpa edəcək".
© Sputnik / Emin Babayev
Nina Berdzenava

“Azərbaycan iqtisadi, siyasi, hərbi cəhətdən güclü dövlətdir”. 

Bu sözləri Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun eksperti, professor Zurab Batiaşvili Ağdam səfərinin təəssüratlarını bölüşərkən deyib. O bildirib ki, Ağdama səfəri onu sarsıldıb.

"Biz üç gündür Azərbaycandayıq. Bu günlər ərzində Bakıda, Gəncədə olduq. İndi isə Ağdama gəlmişik. Burda kəndlər, tarixi abidələr xarabalığa çevrilib. Əminəm ki, ən tez zamanda burda hər şey yenidən qurulacaq. Azərbaycan xalqı buna tam gücüylə dəstək verəcək. Azərbaycan iqtisadi, siyasi, hərbi cəhətdən güclü dövlətdir”.
© Sputnik / Emin Babayev
Zurab Batiaşvili

Qeyd edək ki, Ağdama səfər edən Gürcüstanlı qonaqlara ermənilərin işğal müddətində Azərbaycanın mədəni, tarixi və dini abidələrinə qarşı törətdiyi vəhşiliklər barədə ətraflı məlumat verilib.

Həmçinin oxuyun:

Toivo Klaar: Müharibənin acı xatirələri hər zaman qalacaq, lakin biz gələcəyə baxmalıyıq

2
Teqlər:
Gürcüstan
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Azərbaycanda Vətən müharibəsinin Anım Günü belə qeyd olunacaq

5
Axşam saatlarında xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və "Alov qüllələri"nin üzərində Azərbaycan bayrağı əks olunacaq.

BAKI, 23 sentyabr — Sputnik. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək. Bununla əlaqədar olaraq bu il sentyabrın 27-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Sputnik Azərbaycan-ın xəbərinə görə, Təşkilat Komitəsindən verilən məlumata görə, Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq.

Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Axşam saatlarında xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və "Alov qüllələri"nin üzərində Azərbaycan bayrağı əks olunacaq. Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi tərəfindən anım tədbirləri keçiriləcək.

Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri keçiriləcəkdir.

Qeyd edək ki, 2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan ordusu erməni təxribatlarına cavab verərək əks hücum əməliyyatlarına başlayıb. Sentyabrın 27-də başlanan Vətən müharibəsi 44 gün davam edib. Azərbaycan 28 il işğal altında olan torpaqlarını azad edib. Noyabrın 8-də müharibədə Zəfər qazandığımız rəsmən elan olunub.

Həmçinin oxuyun:

Müharibənin başlanmasının il dönümü ilə bağlı müsabiqəyə start verilib

5
Teqlər:
anım, anım günü