Arxeoloji qazıntılar, arxiv şəkli

Lələtəpə Neolit dövrü yaşayış yerində yeni tapıntılar aşkar edilib

19
(Yenilənib 09:27 24.08.2021)
Neolit dövründə Azərbaycan ərazisində Şomutəpə arxeoloji mədəniyyəti ilə yanaşı mövcud olan Qarabağ arxeoloji neolit mədəniyyəti dünya elmi dairələrinin diqqətindədir.

BAKI, 24 avqust — Sputnik. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Eneolit və İlk Tunc dövrü arxeologiyası şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədovun rəhbəri olduğu "Qarabağ neolit-eneolit ekspedisiyası"nın Füzuli rayonunun Horadiz kəndinin inzibati ərazisinə daxil olan Lələtəpə Neolit dövrü yaşayış yerində apardığı arxeoloji tədqiqatların ilkin nəticələri açıqlanıb.

Tarixçinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, 2016-cı ilin aprelində şanlı Azərbaycan Ordusunun düşmən işğalından azad etdiyi məlum Lələtəpə yüksəkliyinin daxil olduğu ərazidə yerləşir. Hündürlüyü 6,4 metr, sahəsi 0,9 hektar olan təpə formalı qədim yaşayış yerinin səthi 2019-cu ildə "Qarabağ neolit-eneolit ekspedisiyası" tərəfindən qeydiyyata alınıb. Abidədə 2020-ci ildə başlanılmış arxeoloji qazıntılar bu il də davam etdirilib.

Hər biri 16 kvadratmetr olan dörd sahədə aparılan qazıntı zamanı bizim eradan əvvəl VI minilliyin I yarısına aid oval, dairəvi və düzbucaqlı quruluşda çiy kərpicdən 3 tikinti qalığı və həyətin divarının bir hissəsi aşkar edilib. Mərkəzi hissədə zikkurat (akkadca siqquratu — "dağ zirvəsi": - Qədim Mesopotamiyada və Elamda Şumer, Assur, Babil və Elam memarlığı üçün xarakterik çoxmərtəbəli-pilləli məbəd) tipli platforma yerləşir. Zikkurat çiy kərpicdən inşa edilib, konusvari quruluşa malikdir. Ondan cənubda diametri 3,3 metr, hündürlüyü 1,5-2 metr arasında dəyişən dairəvi bina yaşayış üçün istifadə olunub. Yaşayış üçün istifadə edilmiş tikili qalığının müxtəlif səviyyələrdə üç döşəməsi müəyyənləşdirilib ki, bu döşəmələr də oxra (təbii mineral qırmızı boya) əlavə edilmiş palçıqla suvanıb. Buradan iki təsərrüfat küpü, daşdan və sümükdən müxtəlif təyinatlı alətlər, ocaq qalıqları aşkarlanıb. Tikili qalığının üçüncü döşəməsinin altında bükülü halda dəfn edilmiş uşaq skeletinə təsadüf edilib.

Abidənin ən maraqlı cəhəti onun məzarlığı ilə bağlıdır. Belə ki, Cənubi Qafqaz neolitində məzarlığa ilk dəfə olaraq Lələtəpə yaşayış məskənində rast gəlinir. Cənubi Qafqazın tədqiqata cəlb edilmiş bir çox Neolit dövrü abidəsində ayrı-ayrılıqda insan qəbirləri və bir qəbirdə kütləvi dəfn (Menteştəpə, Tovuz rayonu) aşkar olunsa da, insanların müəyyən oturuşmuş ayinlərin icra edildiyi məkanda - məzarlıqda dəfn edilməsi adətinə ilk dəfədir ki, təsadüf olunur. Məzarlıq F6 kvadratının qərb hissəsində, dairəvi evin həyətində aşkar edilib. Cənub-qərbə doğru genişlənən məzarlığın təxminən 8 kvadratmetr hissəsi təmizlənmiş və üç səviyyədə 8 qəbir aşkar olunub. Təmizlənmiş qəbirlərdən 14 skelet aşkar edilib ki, bunlardan 7-si körpə (bir yaşa qədər), 3-ü yeniyetmə və 4-ü isə yetkin insanlara aid olduğu təxmin edilir. Skeletlər oval quruluşlu xüsusi dəfn kamerasında-çalada aşkarlanıb. Hər bir qəbir kamerası oxralı palçıqla suvandığı halda, sadəcə bir qəbirdə (qəbir № 4) oxralı palçıq suvağın üstünə həsir qoyulub. Qəbirlərdə insanlar tək və qoşa olmaqla sıx bükülü vəziyyətdə, müxtəlif istiqamətdə dəfn edilib. Dəfn olunan insanların yanında pasta, malaxit və daş muncuqlar, sümükdən hazırlanmış bəzək əşyaları və əsabaşı (skipetr) aşkarlanıb.

Xəqani Alməmmədov bildirib ki, məzarlıqdan aşkar edilmiş skeletlərdən götürülmüş nümunələrin Hacattepe Universitetinin (Türkiyə) "Antik DNT laboratoriyası"nda DNT analizləri aparılaraq, bu insanların genetik bağlılıqları, irsi və bakterioloji xəstəlikləri və qida rasionları öyrəniləcək. Aparılacaq DNT çalışmaları ümumilikdə Neolit dövründə Qarabağ ərazisində baş vermiş etnik-mədəni dəyişikliklər və xüsusən də Cənubi Qafqazda erkən istehsal münasibətlərinin təşəkkülündə etnik və ya mədəni miqrasiyanın rolunun öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, bu nümunələr əsasında abidənin radiokarbon tarixlənməsi də veriləcək.

Qeyd edək ki, Neolit dövründə Azərbaycan ərazisində Şomutəpə arxeoloji mədəniyyəti ilə yanaşı mövcud olan Qarabağ arxeoloji neolit mədəniyyəti dünya elmi dairələrinin diqqətindədir. Bu baxımdan Qarabağ arxeoloji Neolit dövrü mədəniyyətinə aid Lələtəpə yaşayış yeri dünya arxeologiyası üçün böyük maraq kəsb etməkdədir.

Eləcə də oxuyun:

19
Teqlər:
arxeoloji tapıntı, arxeoloji qazıntı, Lələtəpə
Mövzu:
Azərbaycanın görməli yerləri, turizm obyektləri (77)
Elektrik xətləri, arxiv şəkli

İES-lərin enerji hasilatında artım, SES-lərin hasilatında isə azalma var

2
(Yenilənib 23:07 25.09.2021)
Avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 611,2 milyon kilovat/saat artaraq 2 milyard 767,4 milyon kilovat/saat olub.

BAKI, 25 sentyabr — Sputnik. Yanvar-avqust aylarında istilik elektrik (İES) və su elektrik stansiyalarında (SES) istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb.

Energetika Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 8 ayda respublikada elektrik enerjisinin istehsalı 18 milyard 612,4 milyon kilovat/saat olub.

Hesabat dövründə ötən ilin eyni aylarına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 994,2 milyon kilovat/saat artaraq 17 milyard 409,7 milyon kilovat/saat, SES-lərdə 120,3 milyon kilovat/saat çoxalaraq 966,9 milyon kilovat/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 4,8 milyon kilovat/saat azalaraq 235,8 milyon kilovat/saat olub.

Qeyd edək ki, təkcə avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 611,2 milyon kilovat/saat artaraq 2 milyard 767,4 milyon kilovat/saat olub.

Ay ərzində elektrik enerjisinin ixracı 150,6 milyon kilovat/saat, idxalı isə 10,5 milyon kilovat/saat təşkil edib.

Həmçinin oxuyun:

Bərpa olunan Laçın SES kimə işıq verəcək?

2
Teqlər:
İES, SES
Neft buruğu, arxiv şəkli

İraqın neft naziri: Azərbaycanla neft-qaz sahəsində əməkdaşlıqda maraqlıyıq

132
(Yenilənib 21:36 25.09.2021)
Azərbaycan və İraqın energetika nazirləri görüşüb. İki ölkə arasında neft-qaz sahəsində əməkdaşlığın inkişafına dair məsələlər müzakirə edilib.

BAKI, 25 sentyabr — Sputnik. Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə ölkəmizdə səfərdə olan İraqın neft naziri İhsan Abdul-Cabbar İsmail Əl-Səid arasında görüş keçirilib.

Nazirlikdən Sputnik Azərbaycan-a bildirilib ki, görüşdə əsasən iki ölkə arasında neft-qaz sahəsində əməkdaşlığın inkişafına dair məsələlər müzakirə edilib.

Nazir Pərviz Şahbazov Azərbaycanın neft-qaz sektorunda nailiyyətləri, şaxələndirilmiş infrastruktur sisteminin yaradılması ilə ölkəmizin regional və beynəlxalq enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələr, həmçinin qaz hasilatı və ixracının artımında "Cənub Qaz Dəhlizi"nin rolu barədə ətraflı məlumat verib. Eyni zamanda, müasir trendlərə uyğun olaraq bərpa olunan enerjidən istifadənin genişləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" məkanlarına çevrilməsi istiqamətində görülən tədbirlər diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi milli prioritetinin növbəti onillikdə reallaşdırılmasını, işğaldan azad edilmiş ərazilərimizdə "yaşıl enerji" zonasının yaradılmasını təşviq edən strateji qərarları enerji əməkdaşlığı üçün yeni imkanlar açır.

Azərbaycanın neft sektorundakı xarici investorlarla uğurlu əməkdaşlıq təcrübəsinin artıq bərpa olunan enerji sahəsinə doğru genişləndiyini vurğulayan nazir yeni imkanları ölkələrimiz arasında enerji əməkdaşlığının inkişafı kontekstində qiymətləndirib:

"Hər iki ölkə arasında münasibətlərin yüksək səviyyəsi və qlobal neft bazarının tənzimlənməsi prosesində birgə iştirak gələcək əməkdaşlığımız üçün təməldir. SOCAR tərəfindən İraq mənşəli xam neft və neft məhsullarının dünya bazarına təchizatı və OPEC+ formatı çərçivəsində mövcud olan enerji əməkdaşlığını genişləndirmək üçün perspektivləri dəyərləndirə bilərik".

İraqın neft naziri İhsan Abdul-Cabbar İsmail Əl-Səid isə ölkəsinin neft-qaz sahəsində mövcud təcrübəsini bölüşüb, Azərbaycanın neft bazarının balanslaşdırılmasına verdiyi dəstəyi yüksək qiymətləndirib. Bildirilib ki, İraq Azərbaycanla neft-qaz və emal sahələri üzrə intensiv əməkdaşlıqda maraqlıdır.

Görüşdə, həmçinin İraqın bərpa olunan enerji ilə bağlı kursuna və dünya enerji bazarında mövcud vəziyyətə dair fikir mübadiləsi aparılıb.

Həmçinin oxuyun:

İraq SOCAR-la əməkdaşlıq etmək niyyətini açıqladı

132
Teqlər:
İraq