Arxa cəbhənin rütbəsiz generalları: "Xocavəndə çatanda gördük, maşınların sayı on dörddür"

273
(Yenilənib 19:47 22.08.2021)
44 günlük müharibədə Ermənistan silahlılarını məğlub edən cəngavərlərlə yanaşı, arxa cəbhədə fəallıq göstərənlər də az deyildi. Yaşı çox olduğu səbəbindən ön cəbhəyə buraxılmayan mingəçevirli qəhrəmanların hekayəti Sputnik Azərbaycan-ın məqaləsində.

BAKI, 22 avqust — Sputnik. Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı zəfər haqqında hələ çox bəhs ediləcək. Dərsliklərdə, filmlərdə qalib əsgər və zabitlərimizin qəhrəmanlıqları zaman-zaman öyrəniləcək, izləniləcək. Qəhrəman oğullarımız düşmən önündə göz qırpmadan, qarış-qarış irəliləyərək bizi illərdir gözlədiyimiz qələbəyə, azad olunmuş rayonlara, kəndlərə qovuşdurdular. Bu yolda canından keçib şəhidlik zirvəsinə ucalan, qazi olub sağlamlığını itirənlər də az olmadı.

Döyüş meydanında Ermənistan silahlılarını məğlub edən cəngavərlərlə yanaşı, arxa cəbhədə fəallıq göstərənlər də az deyildi. Yaşından asılı olmayaraq kimi təcili tibbi yardım avtomobili ilə təhlükəli ərazilərdən yaralıları çıxardı, kimi müharibə gedən ərazilərə təkər, qum, digər vacib ləvazimatı çatdırdı. Onlardan biri şəhid qardaşı, Birinci Qarabağ döyüşlərinin iştirakçısı Məhərrəm Şamxalovdur.

© Sputnik / Rahim Mammadov
Məhərrəm Şamxalov

Mingəçevir sakini Sputnik Azərbaycan-ın müxbiri ilə söhbətində həmin dövrdə gördüyü işlərdən danışıb:

“Tovuz döyüşlərindən sonra mən və bir neçə yoldaş komissarlığa gedib könüllü yazıldıq. Müharibə başlayanda müraciət etdik ki, bizi lazımi yerlərə göndərin, gedək döyüşək. Komissarlıqdan dedilər ki, sizin yaşınız çoxdur, elə arxa cəbhədə kömək edin, bu, bizə yetər. Mənim 58 yaşım var. Birinci Qarabağ müharibəsində iştirak etmişəm, qardaşım Tahir Şamxalov isə şəhid olub. O dövrlərin ağrı-acısını görmüşəm.

Döyüşlər başlayanda cəbhə bölgəsinə əsasən təkər və digər lazım olan əşyaları toplamağa başladıq. Bir təkər bir əsgərin həyatını xilas edir döyüşdə. Bunu nəzərə alıb 20 mindən artıq işlək təkər göndərdik. Özüm gedib toplayırdım, elə olurdu, müəyyən məbləğ ödəyib alırdım. Onları döyüş gedə-gedə lazımi yerlərə çatdırırdıq. Heç bir qorxu, həyəcan yox idi. Bəzən elə olurdu, biz olan yerin yaxınlığına gəlib mərmi düşürdü. Şükür, salamat qurtula bilirdik. 44 günlük müharibə dövründə Mingəçevirdən iki yük maşını ərzaq, geyim dəstləri, digər vacib əşyaları toplayıb yola düşdük. Xocavəndə çatanda bizə qoşulan yüklə dolu maşınların sayı on iki idi. Hər kəs cəbhəyə yardım etməyə, əsgərlərimizə dəstək olmağa çalışırdı”.

  • Məhərrəm Şamxalov
    © Sputnik / Rahim Mammadov
  • Məhərrəm Şamxalov
    © Sputnik / Rahim Mammadov
  • Məhərrəm Şamxalovun medalı
    © Sputnik / Rahim Mammadov
  • Məhərrəm Şamxalov
    © Sputnik / Rahim Mammadov
1 / 4
© Sputnik / Rahim Mammadov
Məhərrəm Şamxalov

Arxa cəbhə fəalları da düşməndən çəkinmədən, təhlükədən qorxmadan üzərlərinə düşən işin öhdəsindən layiqincə gəliblər. M.Şamxalovla birgə Birinci Qarabağ müharibəsi veteranı Xanbaba Abdullayev, Nazim İsmayılov da böyük əmək sərf ediblər. Onların xidmətləri isə müxtəlif medallar, fəxri fərmanlarla qiymətləndirilib.

Şəhid qardaşı Məhərrəm Şamxalov Vətən Müharibəsi Veteranları Birliyinin Mingəçevir şöbəsi tərəfindən “Böyük Zəfər” medalı ilə təltif edilib: “Düzünü desəm, Birinci Qarabağ müharibəsində iştirak etsəm də, mənə veteranlıq verilmədi. Amma bu gün, sağ olsunlar, arxa cəbhədə göstərdiyim xidmətlərə görə əməyimi qiymətləndirdilər, iki medal verildi. Beyləqan Veteranlar Cəmiyyəti tərəfindən “Qarabağ Veteranı” və Vətən Müharibəsi Veteranları Birliyinin Mingəçevir şöbəsi tərəfindən “Böyük Zəfər” medalları təqdim edildi. Çox sevinirəm ki, ordumuz qalib gəldi, torpaqlarımız işğaldan azad edildi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”.

Qeyd edək ki, Mingəçevir sakini olan Məhərrəm Şamxalov Nuru Paşanın əsgərlərindən olan Abdulla Şamxalovun oğludur. Abdulla kişi 1918-ci ildə Nuru Paşanın qoşunu ilə Azərbaycana gəlib, Bakının azad olunmasında iştirak edib. Daha sonra isə ölkəmizdə qalaraq ailə, uşaq sahibi olub. Abdulla Şamxalov 35 il öncə vəfat edib və Mingəçevirdə dəfn edilib.

Eləcə də oxuyun:

273
Teqlər:
arxa cəbhə, Mingəçevir, fəal, Qarabağ
Mövzu:
Müharibə adamları
Elşən Məmmədovun xatirə guşəsi

Yeddisi günü dedilər, müharibə başladı: Cibində cəmi 7 manatı qalan şəhid

2
(Yenilənib 19:46 21.09.2021)
Müddətdən artıq hərbi qulluqçu Elşən Məmmədovun şəhid olduğu gündən bir il ötür/Müddətdən artıq hərbi qulluqçu Elşən Məmmədovun şəhid olduğu gündən bir il ötür/

BAKI, 21 sentyabr — Sputnik. Tovuz rayonunun Qazıqulu kənd sakini, müddətdən artıq hərbi qulluqçu Elşən Məmmədov həmin gün səhər erkəndən həmişəki kimi xidməti yerinə yollanır. Onu hərbi hissəyə atası yola salır. Bir az keçməmiş isə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmən növbəti təxribatını edir. Təxribat nəticəsində kiçik çavuş Elşən Məmmədov şəhid olur.

Şəhidin əkiz qardaşı Rövşən Məmmədov qardaşı Elşənin hərbi sahəyə uşaqlıqdan maraq göstərdiyini , 6 il hərbi qulluqçusu vəzifəsinə şərəflə yerinə yetirdiyini deyir. Şəhidin qardaşı bildirir ki, Elşənin yeganə arzusu Vətən torpağını bütöv görmək idi.

© Sputnik / Ilham Mustafayev
Elşən Məmmədovun xatirə guşəsi

"Mən bu gün fəxr edirəm ki, qardaşım vətən uğrunda şəhid olub. O, həmişə arzulayırdı ki, torpaqlarımız geri qaytarılsın. Biz şəhidlərimizin səbəbinə yaşayırıq və torpaqlarımız geri alındı. Bütün şəhidlərimizə rəhmət diləyirəm". - Rövşən Məmmədov deyib. 

Şəhidin atası Əli Məmmədov oğlunun hərbi xidmət keçdiyi dövrdə nümunəvi xidməti ilə seçildiyini bildirir. Göstərdiyi şücaətlərlə hər zaman diqqət mərkəzində olmağı bacardığını deyir. "Oğlumun qanı yerdə qalmadı, elə 6 gün sonra başalan haqq savaşında onun və digər şəhidlərimizin qisası alındı", - deyir.

© Sputnik / Ilham Mustafayev
Elşən Məmmədovun oğlu

"Yeddisi günü dedilər müharibə başladı. Elə müharibə, ilk qığılcım Tovuzdan başladı. Allaha şükür ki, 44 gündə torpaqlarımızı geri qaytardıq. Oğlumun və bütün şəhidlərimizin qısası alındı", - deyə şəhid atası əlavə edib.

Şəhid Elşən Məmmədov ailəli idi. İndi onun özündən sonra vətənə əmanət qoyub getdiyi 3 igid övladı böyüyür. Şəhidin həyat yoldaşı Aytəkin Məmmədova deyir ki, Elşən övladlarının oxuyub təhsil almalarını arzulayıb:

  • Şəhidin həyat yoldşı Aytəkin Məmmədova
    © Sputnik / Ilham Mustafayev
  • Şəhidin əkiz qardaşı Rövşən Məmmədov
    © Sputnik / Ilham Mustafayev
  • Şəhidin atası Əli Məmmədov
    © Sputnik / Ilham Mustafayev
1 / 3
© Sputnik / Ilham Mustafayev
Şəhidin həyat yoldşı Aytəkin Məmmədova

"Tovuz döyüşləri başlayanda ən qabaqda getdilər. Zəng edəndə deyirdi, "uşaqlar bilməsin ki, qabaqdayam". Günlərlə xəbər tuta bilmirdik. Bir gün evə gəldi, onda döyüşlər səngimişdi. General Polad Həşimov rəhmətə gedəndən sonra idi. Evə gələndə toz-torpaq içində idi. O deyirdi: "Aytən həyat işidi, oldu da, gəldi başımıza, ayağını yerə bərk bas, şəhidlik hər adama qismət olmur. Generaldan artıq deyilik ki". Getdi Qaraqayaya, orda şəhid oldu. Onu səhər yola salandan sonra mən bazara getmişdim. Bizdə bazarın qarşısında qəbirstanlığa gedən yolda marşurutdan düşdüm, yağış başlamışdı. Hərbi təcili yardım qabağımdan keçdi. Dedim, kiminsə balası ağlar qalıb, evinin işığı keçib. Sən demə elə özümüzünkü imiş. O maşının içində Elşəni aparırmışlar. Son maaşı vermişdi evə. Cibində 7 manat qalmışdı. Evin bərəkəti olsun deyə saxlayıram o pulu". 

© Sputnik / Ilham Mustafayev
Şəhid Elşən Məmmədovun son maaşından qalan pul

Şəhidlik zirvəsinə ucalan şəhid Elşən Məmmədovu ötən ilin sentyabrın 21- də minlərlə insan son mənzilə yola salıb. Əbədi olaraq ürəklərdə yaşayan şəhidimizi tanıyanlar bu gün də onu yad edir, xatırlayırlar.

2
Azərbaycanlı karateçi Rafael Ağayev

Rafael Ağayev Tokio Olimpiadasındakı məğlubiyyətə görə Luici Busadan qisas ala bilər

4
(Yenilənib 19:37 21.09.2021)
Karate-1 Premyer Liqası seriyasının Moskva turniri Tokioda Yay Olimpiya Oyunlarından sonra Azərbaycan karateçiləri üçün ilk yarış olacaq.

BAKI, 21 sentyabr — Sputnik. Dünya karatesinin brilyantı Rafael Ağayev (75 kiloqram) oktyabrın əvvəlində Tokioda Olimpiya Oyunlarının finalında uduzduğu italiyalı Luici Busaya məğlubiyyətinin heyfini çıxa bilər.

Sputnik Azərbaycan xəbər verir ki, Moskvada oktyabrın 1-də azərbaycanlı karateçilərin, həmçinin kişilərdən ibarət milli komandanın lideri Rafael Ağayevin (75 kiloqram) iştirakı ilə Karate-1 Premyer Liqasının ilk turniri başlayacaq. Tokio Olimpiya Oyunlarından sonra Moskva turniri Ağayev üçün ilk olacaq.

Üstəlik, onun Tokio Olimpiadasının finalında uduzduğu rəqibi italiyalı Luici Busa da Moskva turnirində çıxış edəcək. Ağayevlə Busa arasındakı döyüş son dərəcə prinsipial ola bilər, çünki Tokioda keçirilən yarışda məğlub olan Rafael final döyüşündən sonra italyan rəqibini qələbəsi münasibətilə təbrik etməyib və hətta Busa ilə salamlaşmaq niyyətində olmadığını da bildirib.

Tokio Olimpiadasının digər gümüş mükafatçısı İrina Zaretska (68 kiloqram) da Premyer Liqanın Moskva mərhələsində iştirak edəcək. Yeri gəlmişkən, Tokio finalında Zaretskanın uduzduğu rəqibi, misirli Feryal Abdeləziz də Rusiya paytaxtında çıxış edəcək.

Əlavə edək ki, "Premyer Liqa" seriyasından olan Moskva turnirinə Azərbaycandan ümumilikdə 24 iştirakçı gedəcək.

4