Gəncə qırğını

İtalyan jurnalist yazır: "Gəncə qırğını, unutmaq olmaz"

35
(Yenilənib 20:43 20.08.2021)
İtalyan jurnalist İtaliya mətbuatında Vətən müharibəsi dövründə Gəncədə şahidi olduğu erməni vəhşiliklərindən bəhs edib.

 

BAKI, 20 avqust — Sputnik. İtaliyanın nüfuzlu “İl Giornale/İnside Over” qəzetinin müxbiri Emanuel Pietrobonun ölkəmizə baş tutan səfəri ilə bağlı həmin qəzetdə silsilə yazıları dərc olunmağa başlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, jurnalist ilk yazısını Vətən müharibəsi günlərində Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini ballistik raketlərlə atəşə tutması və onun nəticələri mövzusuna həsr edib.

Gəncə qırğını, unutmaq olmaz” sərlövhəli məqaləsində jurnalist ötən ilin sentyabrın sonu - noyabrın əvvəllərində Qafqazın yüksəkliklərində tarixin yazıldığını bildirir.

“Beynəlxalq münasibətləri izləyənlər bu paradiqmanın dəyişməsinin təsirlərini və nəticələrini tam olaraq yalnız qısa və uzunmüddətli perspektivdə anlaya biləcəklər, lakin bir şey artıq indidən, daha doğrusu, ötən noyabrdan bəri aydındır: İkinci Qarabağ müharibəsi Ermənistan istisna olmaqla, Azərbaycan və Türkiyə başda olmaqla bütün oyunçuların əllərindəki imkanları artırmaqla Cənubi Qafqazdakı proseslərə təkan verdi”, - deyə jurnalist qeyd edir.

E.Pietrobon bildirir ki, münaqişədəki qələbə Bakıya fayda və üstünlüklər gətirmiş və gətirməkdə davam edir, lakin müharibə travmalarsız ötüşmədi. “Qeyd edilən itkilərlə, həmçinin bombardmanların gurultusu və döyüş görüntüləri ilə əlaqədar travmalar. Azərbaycanda Gəncə bombalanmaları və ya Gəncənin bombalanması kimi yadda qalan gözlənilməz və qanunsuz hücumların izi kimi qalan travmalar”, - deyə jurnalist vurğulayır.

300 mindən çox əhalisi olan Gəncənin ölkənin ən xarakterik və mənzərəli yerlərindən biri olduğunu deyən jurnalist paytaxt Bakıda olduğu kimi, böyük şəhər olan Gəncənin düşüncədə dünyəviliyi, memarlıqda türkçülüyü və tarixdə qloballığı ilə Azərbaycan xalqının multikulturalizminin mükəmməl aynası və Qafqazın incisi olduğunu bildirir.

“Gəncə hərbi əməliyyatların əhatə olunduğu və Qafqazın açıq damarı olan qanlı Qarabağ torpaqlarında yerləşmir, ancaq bu fakt Gəncəni ötən il Azərbaycan və Ermənistanın apardığı 44 günlük müharibə zamanı qoruya bilmədi. Əksinə, Gəncə oktyabr ayında, toqquşmaların qızğın vaxtında ermənilər tərəfindən gözlənilmədən hədəf alındı və hələ də həmin günlərin travmasını özündə daşıyır”, - deyə jurnalist qeyd edir.

İrəvanın müharibə psixologiyasından istifadə edərək qorxu yaratmaqla şəhərdən əhalinin çıxarılmasına nail olmaq istədiyini vurğulayan jurnalist bildirir: “Bəlli olan faktlar var : 4, 8, 10 və 17 oktyabr. Şəhərin Ermənistan işğalçı qüvvələrinin mövqelərindən atılan Scud tipli ballistik raketlərlə dörd gecə qəfil bombalanması heç də təsadüfi deyildir. 32 ölü və 125 yaralı ilə nəticələnən, ailələri məhv edən, bir neçə uşaq da daxil olmaqla günahsız dinc sakinlərin həyatını əlindən alan gecələr”.

Jurnalist qeyd edir ki, Bakı əsl müharibə cinayəti olan Gəncəyə hücumların qisası olaraq Füzulinin azad olunmasını sürətləndirdi, münaqişə ocağından kənarda yerləşən və xüsusilə də mülki şəxslərə aid olmasına görə ictimaiyyətin daha güclü birliyi və dəstəyinə səbəb olan bu məsələ Ermənistanın hərbi qüvvələrinin məğlub etdirilməsinə gətirib çıxardı.

“Bu gün, müharibənin bitməsindən doqquz ay sonra, azərbaycanlılar və turistlər qələbəni sözün həqiqi mənasında gözləri ilə görüb, ona əlləri ilə toxuna bilərlər, çünki şəhərlərdən kəndlərə, binaların divarlarından su şüşələrinə qədər üstündə gecə-gündüz görünən bir yazı var: Qarabağ Azərbaycandır. Hər yaş qrupunu və sosial təbəqəni əhatə edən, görünməmiş bir vətənpərvərlik hərəkatına səbəb olan, lakin bəzi yerlərdə, məsələn, Ermənistanın atəşinə məruz qalmış Gəncə məhəllələrində fərqli şəkildə yaşanan bir qələbə”, - deyə jurnalist fikirlərinə davam edir.

“Çünki Gəncədə cəbhədən fərqli olaraq qurbanlar mülki şəxslər idi. Burada bütün ailə üzvləri ölən ailələr var, məsələn Şahnəzərli ailəsi kimi – ailə üzvlərinin sayı dörd nəfərdən birə - üç yaşlı bir qıza endirilmiş ailə. Burada 10 aylıq olan Narin Əsgərova kimi yeni doğulmuş körpələrin cəsədini tapdılar. Burada Nurəddin Ağayevdən (77 yaş) Nigar Əsgərovaya (17 oktyabr gecəsi həyatını itirdi, ertəsi gün 15 yaşı tamam olacaqdı) qədər hər yaşda insan qətlə yetirildi və yaşayış binalarından oyun meydançalarına qədər heç bir şey ballistik raketlərin və həmin bombaları atanların ölümcül mənəviyyatsızlığından xilas olmadı”, - deyə Emanuel Pietrobon xatirələrini bölüşür.

Jurnalist hazırda Gəncədə qələbənin havada olduğunu, amma əhval-ruhiyyənin fərqli olduğunu və Qarabağın azad olunmasının mötədilliklə qeyd olunduğunu bildirir. “Çünki burada baxmağa, dayanıb düşünməyə məcbur edən dağıntılar vardır. Burada, hər yerdən daha çox, yas tutmaq üçün məsum ölülər var”, - deyə jurnalist vurğulayır.

O qeyd edir ki, Ermənistan ordusu, bəlkə də Gəncədə törətdikləri ilə Füzulinin azad edilməsinin təsirini aradan qaldırmaq ümidi ilə psixoloji savaşın qorxunc potensialına həqiqətən inanırdı, bəlkə də hərbi yolla Azərbaycan xalqını mənəvi şəkildə ruhdan salmaq istəyi ilə vaxt qazanmaq istəyirdi, bəlkə də daha sadə desək, qorxu toxumları səpmək istəyirdi. “Başqa bir yolu da istisna etmək olmaz: münaqişənin Ermənistan ərazisinə qədər uzanacağını gözləmək. Çünki Azərbaycanın Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə təcavüzü Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını aktivləşdirmək istəyini doğrultmuş olardı. Kremlin rədd edə biləcəyi bir istək, lakin buna baxmayaraq, şübhəsiz ki, müharibənin qarşısını ala biləcək bir rol oynaya bilərdi”, - deyə jurnalist bildirir.

Fikirlərinə davam edən E.Pietrobon bildirir:

"O günləri yenidən nəzərdən keçirdikdə görünür ki, Paşinyan Gəncənin əhalisini boşaltmaq arzusundan daha çox, münaqişənin axarını dəyişmək üçün asimmetrik bir qisas alacağına əmin idi. Riskli bir hesablama, Gəncəyə raket hücumu Ermənistan üçün beynəlxalq humanitar hüququ pozduğuna görə ittihamlar yağışına, sonra isə məğlubiyyətə uğramasına səbəb oldu. Çünki Bakı müharibənin uzanması ilə əlaqəli riskləri, siyasi cəhətdən - KTMT-nin müdaxiləsi, iqtisadi cəhətdən davamlılığın təmini və hərbi cəhətdən daha geniş və müdafiə olunan bir döyüş sahəsindəki dronların effektivliyi kimi riskləri yaxşı bildiyi üçün, bu ağır travmanı stimullaşdırıcı bir hadisəyə çevirə bilərdi”.

Jurnalist məqaləsini bu fikirlərlə tamamlayır: “Bu gün, o qanlı oktyabrdan 10 ay sonra Gəncə normal həyatına qayıdır. Skudların zərbəsindən xarabalığa çevrilmiş binalar yeni binalarla əvəz olunmasını gözləyir. Hətta qurbanların fotoşəkilləri də orada qalmaqda davam edir və gələcəkdə də onları xatırlamaq, anmaq üçün orada da qalacaq”.

Eləcə də oxuyun:

35
Teqlər:
İtaliya, jurnalist, Gəncə, erməni terroru, məqalə
Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

Rusiyanın hərbi gəmiləri Bakıda

8
(Yenilənib 12:19 18.09.2021)
Qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi attaşesinin nümayəndələri iştirak ediblər.

BAKI, 18 sentyabr — Sputnik. Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, nümayəndə heyəti Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb.

Qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi attaşesinin nümayəndələri iştirak ediblər.

  • Rusiyanın hərbi gəmiləri Bakıya gəlib
    © Sputnik / Murad Orujov
  • Rusiyanın hərbi gəmiləri Bakıya gəlib
    © Sputnik / Murad Orujov
1 / 2
© Sputnik / Murad Orujov
Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

Xatırladaq ki, avqustda Rusiya, Azərbaycan, İran və Qazaxıstan gəmilərinin sentyabrda Xəzər dənizində birgə hərbi-dəniz təlimləri keçəcəkləri barədə məlumat yayılmışdı.

Rusiya Xəzər donanmasının komandanının müavini kontr-admiral Sergey Yakimovun sözlərinə görə, birgə təlimlərdə Rusiya HDD-nin, İran, Qazaxıstan və Azərbaycan HDQ-nin hərbi gəmiləri iştirak edəcəklər: "Bir neçə gün ərzində biz burada, Xəzər dənizində birgə fəaliyyətləri məşq edəcəyik".

Eləcə də oxuyun:

8
Teqlər:
gəmi, Bakı, Rusiya, Xəzər dənizi
Mövzu:
Bakının son xəbərləri
Пианист, фото из архива

Kosmosda da səslənir: Azərbaycanın ən gözəl musiqi parçalarından seçmələr

8
Sputnik Azərbaycan nəinki Yerdə, eləcə də Kainatda səslənməyə layiq Azərbaycan xalq və bəstəkar musiqi əsərlərinin bəzilərini təqdim edir.

BAKI, 18 sentyabr — Sputnik. Azərbaycanda Musiqi Günü sentyabrın 18-də, dahi bəstəkar, musiqişünas, pedaqoq, Azərbaycan peşəkar musiqisinin banisi, SSRİ Xalq artisti Üzeyir Hacıbəylinin doğum günündə qeyd edilir.

Hər il Azərbaycanda bu gün bir sıra tədbirlər keçirilir, konsertlər təşkil olunur. Üzeyir Hacıbəyli adına festival isə bu il sentyabrın 18-dən 24-dək davam edəcək. Onun ilk konsertlərinin bu gün Şuşada təşkil olunması gözlənilir.

Milli Musiqi Günü münasibətilə Sputnik Azərbaycan ölkənin tanınmış mədəniyyət xadimlərinə müraciət edərək özləri ilə kosmik uçuşa yollansalar, hansı Azərbaycan musiqi incilərini götürmək istədiklərini soruşub. Onların seçimini təqdim edirik.  

Xalq artisti, dirijor Rauf Abdullayev - Üzeyir Hacıbəylinin "Koroğlu" operasından uvertüra.

İstedadlı tenor Azər Zadə - Tofiq Quliyevin "Azərbaycan"ı.

Əməkdar artist Fuad İbrahimov - Fikrət Əmirovun "Azərbaycan kapriççiosu".

Xalq artisti Mənsum İbrahimov və əməkdar artist Təyyar Bayramov - Azərbaycan muğamı, xüsusən "Bayatı-Şiraz".

Xalq artisti, balaban ifaçısı Əlixan Səmədov - "Sən gəlməz oldun" (musiqisi Ələkbər Tağıyev, sözləri Mədinə Gülgün)

 

Xalq artisti, pianoçu Murad Adıgözəlzadə - Fərhad Bədəlbəylinin "Dəniz"i.

Xalq artisti, Bolşoy Teatrın solisti Elçin Əzizov - Üzeyir Hacıbəylinin "Sənsiz" və "Sevgili canan" romansları. 

Bu siyahıya Qara Qarayev, Soltan Hacıbəyov, Vasif Adıgözəlov, Cahangir Cahangirov, Niyazi, Rauf Hacıyev, Şəfiqə Axundova, Müslüm Maqomayev, Firəngiz Əlizadə və başqalarının əsərlərini də əlavə etmək olar.

Azərbaycan muğamı kosmosda

1977-ci il fevralın 27-də "Voyacer"in Qızıl diski" işıq üzü görüb. Kainatın sakinlərini planetimizin səsləri ilə tanış etmək məqsədilə NASA-nın sifarişi ilə tərtib olunmuş, "Yerin səsləri" adlı, səslərin, nitqin, musiqinin kompilyasiyası "Voyacer" kosmik gəmisinin göyərtəsində kosmosa göndərilib.

Bethovenin Beşinci simfoniyası və 13-cü simli kvarteti, Baxın "Brandenburq konserti" və "Yaxşı temperlənmiş klavir"i, Motsartın "Sehrli fleyta"sı və Stravinskinin "Müqəddəsin baharı", Lui Armstronqun ifasında "Melancholy Blues", kor blüzmen Blaynd Uilli Consonun ifasında "Dark Was the Night, Cold Was the Ground" diskdə yer alır.

Diskə eləcə də Azərbaycan muğamı, gürcü xoru, vulkanların püskürməsi, ildırım səsi, işıldaböcəklərin və yağışın səsi, ürək döyüntüsü, gülüş, it hürüşü, quşların nəğmələri də yazılıb.

 

8
Teqlər:
musiqi, Musiqi günü, video