Alma və karandaş

Diyetoloq qurdlu alma yeməyin mümkün olub-olmamasından bəhs edib

18
(Yenilənib 21:08 19.08.2021)
Həkim izah edib ki, həddindən çox alma yemək məsləhət görülmür, çünki həm iştahı öldürür, həm də insan üçün zəruri olan protein məhsulları və liflər meyvə ilə əvəz olunur.

BAKI, 19 avqust — Sputnik. Yazın sonunda piştaxtalarda çoxlu miqdarda yeni almalara rast gəlmək olar. Tibb elmləri namizədi, diyetoloq, "Rimmarita" klinikasının baş həkimi Rimma Moysenko Sputnik radiosuna bu meyvəni gün ərzində nə qədər yemək lazım olduğunu və kimə necə təsir edəcəyini açıqlamasında bildirib.

Onun sözlərinə görə, təzə alma mədəaltı vəzi və bağırsaq xəstəlikləri diaqnozu qoyulmuş insanlar üçün tövsiyə edilmir, onlar bu meyvələri yalnız bişirilmiş şəkildə yeyə bilərlər. Həkim onu da qeyd edib ki, həzm sistemindən şikayət etməyənlər üçün alma faydalı məhsuldur.

"Əgər biz almanı normal həzm etmək imkanı olan sağlam insan haqqında danışırıqsa, qırmızı, yaşıl və sarı alma bizim üçün faydalıdır. Əgər biz yaşlı bir insan haqqında danışırıqsa, o zaman daha az miqdarda fruktoza olan, nə şirin, nə də turş olmayan neytral alma seçmək lazımdır. Bir qayda olaraq bunlar sarı-yaşıl almalardır", - deyə Rimma Moysenko bildirib.

Tibb elmləri namizədi əlavə edib ki, çeşidindən və rəngindən asılı olmayaraq qabıqda olan vitamin və mikroelementlərin miqdarı demək olar ki, eynidir. Onun sözlərinə görə, həzmi çox yükləməmək üçün almanı günün birinci yarısında, günorta yeməyindən gec olmayaraq yemək daha yaxşıdır.

Rimma Moysenko gün ərzində nə qədər alma yeyilə biləcəyini də bildirib.

"Qış və bahar dövründə ümumilikdə 100 qram alma yemək kifayət edir. İndi təzə alma əldə etmək imkanı olduğu halda 300 qram yeyə bilmək normal miqdardır ki, bu da sağlamlığa çox xeyirlidir", - deyə diyetoloq Sputnik radiosuna verdiyi müsahibəsində əminliklə bildirib.

Həkim izah edib ki, həddindən çox alma yemək məsləhət görülmür, çünki həm iştahı öldürür, həm də insan üçün zəruri olan protein məhsulları və liflər meyvə ilə əvəz olunur.

Alma qabığının tərkibində antioksidantlar və həzm olunmayan liflər də daxil olmaqla bir çox faydalı maddələrin olduğunu Rimma Moysenko əlavə edib. Buna görə almanı yeməzdən əvvəl qabığını soymaq vacib deyil, onun yaxşı yuyulması kifayətdir.

Tibb elmləri namizədi almanın qurdlu olmasına baxmayaraq onu atmağı məsləhət görməyib.

"Əgər meyvə qurdludursa, deməli, nitratlarla və pestisidlərlə dolu olmayan yaxşı bir almadır. Onu yuyub, bir az çürük olan hissəsini bıçaqla təmizləmək lazımdır", - deyə həkim qeyd edib.

Həmçinin oxuyun:

18
Elektrik xətləri, arxiv şəkli

İES-lərin enerji hasilatında artım, SES-lərin hasilatında isə azalma var

7
(Yenilənib 23:07 25.09.2021)
Avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 611,2 milyon kilovat/saat artaraq 2 milyard 767,4 milyon kilovat/saat olub.

BAKI, 25 sentyabr — Sputnik. Yanvar-avqust aylarında istilik elektrik (İES) və su elektrik stansiyalarında (SES) istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb.

Energetika Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 8 ayda respublikada elektrik enerjisinin istehsalı 18 milyard 612,4 milyon kilovat/saat olub.

Hesabat dövründə ötən ilin eyni aylarına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 994,2 milyon kilovat/saat artaraq 17 milyard 409,7 milyon kilovat/saat, SES-lərdə 120,3 milyon kilovat/saat çoxalaraq 966,9 milyon kilovat/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 4,8 milyon kilovat/saat azalaraq 235,8 milyon kilovat/saat olub.

Qeyd edək ki, təkcə avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 611,2 milyon kilovat/saat artaraq 2 milyard 767,4 milyon kilovat/saat olub.

Ay ərzində elektrik enerjisinin ixracı 150,6 milyon kilovat/saat, idxalı isə 10,5 milyon kilovat/saat təşkil edib.

Həmçinin oxuyun:

Bərpa olunan Laçın SES kimə işıq verəcək?

7
Teqlər:
İES, SES
Neft buruğu, arxiv şəkli

İraqın neft naziri: Azərbaycanla neft-qaz sahəsində əməkdaşlıqda maraqlıyıq

222
(Yenilənib 21:36 25.09.2021)
Azərbaycan və İraqın energetika nazirləri görüşüb. İki ölkə arasında neft-qaz sahəsində əməkdaşlığın inkişafına dair məsələlər müzakirə edilib.

BAKI, 25 sentyabr — Sputnik. Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə ölkəmizdə səfərdə olan İraqın neft naziri İhsan Abdul-Cabbar İsmail Əl-Səid arasında görüş keçirilib.

Nazirlikdən Sputnik Azərbaycan-a bildirilib ki, görüşdə əsasən iki ölkə arasında neft-qaz sahəsində əməkdaşlığın inkişafına dair məsələlər müzakirə edilib.

Nazir Pərviz Şahbazov Azərbaycanın neft-qaz sektorunda nailiyyətləri, şaxələndirilmiş infrastruktur sisteminin yaradılması ilə ölkəmizin regional və beynəlxalq enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələr, həmçinin qaz hasilatı və ixracının artımında "Cənub Qaz Dəhlizi"nin rolu barədə ətraflı məlumat verib. Eyni zamanda, müasir trendlərə uyğun olaraq bərpa olunan enerjidən istifadənin genişləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" məkanlarına çevrilməsi istiqamətində görülən tədbirlər diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi milli prioritetinin növbəti onillikdə reallaşdırılmasını, işğaldan azad edilmiş ərazilərimizdə "yaşıl enerji" zonasının yaradılmasını təşviq edən strateji qərarları enerji əməkdaşlığı üçün yeni imkanlar açır.

Azərbaycanın neft sektorundakı xarici investorlarla uğurlu əməkdaşlıq təcrübəsinin artıq bərpa olunan enerji sahəsinə doğru genişləndiyini vurğulayan nazir yeni imkanları ölkələrimiz arasında enerji əməkdaşlığının inkişafı kontekstində qiymətləndirib:

"Hər iki ölkə arasında münasibətlərin yüksək səviyyəsi və qlobal neft bazarının tənzimlənməsi prosesində birgə iştirak gələcək əməkdaşlığımız üçün təməldir. SOCAR tərəfindən İraq mənşəli xam neft və neft məhsullarının dünya bazarına təchizatı və OPEC+ formatı çərçivəsində mövcud olan enerji əməkdaşlığını genişləndirmək üçün perspektivləri dəyərləndirə bilərik".

İraqın neft naziri İhsan Abdul-Cabbar İsmail Əl-Səid isə ölkəsinin neft-qaz sahəsində mövcud təcrübəsini bölüşüb, Azərbaycanın neft bazarının balanslaşdırılmasına verdiyi dəstəyi yüksək qiymətləndirib. Bildirilib ki, İraq Azərbaycanla neft-qaz və emal sahələri üzrə intensiv əməkdaşlıqda maraqlıdır.

Görüşdə, həmçinin İraqın bərpa olunan enerji ilə bağlı kursuna və dünya enerji bazarında mövcud vəziyyətə dair fikir mübadiləsi aparılıb.

Həmçinin oxuyun:

İraq SOCAR-la əməkdaşlıq etmək niyyətini açıqladı

222
Teqlər:
İraq