İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

42
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir və onun yanındadır.

BAKI, 30 iyul — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Sputnik Azərbaycan xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident, əziz qardaşım, qardaş Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları və onların törətdiyi fəsadlar barədə xəbər bizi son dərəcə kədərləndirir.

Əminəm ki, Sizin rəhbərliyiniz altında hökumətinizin atdığı qətiyyətli addımlar sayəsində əzmli və mübariz Türkiyə xalqı bu fəlakətin öhdəsindən tezliklə gələcəkdir.

Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir və onun yanındadır.

Dağıdıcı yanğınlar nəticəsində həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"

Türkiyədə yanğınlar 

Türkiyədə, Antalyanın Manavgat rayonunda Yeniköy məhəlləsinin yaxınlığındakı meşədə yanğın olub. İyulun 28-dən başlayan yanğın nəticəsində Manavqat rayonun mərkəzinə qədər yayılıb, bəzi yaşayış məntəqələri və iş yerləri yanaraq yararsız hala düşüb. Ümumilikdə Türkiyənin Antalya əyalətində başlayan meşə yanğınları nəticəsində 3 nəfər həlak olub, 62 nəfər isə xəsarət alıb.
Yanğının söndürülməsinə 100-dən çox texnika, o cümlədən 2 təyyarə və 15 helikopter cəlb edilib.

Eləcə də oxuyun:

  • Antalya alov içində - dəhşət saçan fotolar

42
Teqlər:
Azərbaycan, Türkiyə, Rəcəb Tayyip Ərdoğan, İlham Əliyev, başsağlığı, Yanğın, həlak, yaralı, meşə

Əlvida, dəniz, isti günlər üçün darıxacağıq

2
(Yenilənib 21:49 24.09.2021)
İndi daha günəş yandırmır. Sərində sahil boyu gəzişmək, velosiped sürmək bədəni gümrahlaşdırmaqla yanaşı, xüsusi nostalji zövq bəxş edir adama. Payızın ilk günləri Nabran sahilləri Sputnik Azərbaycan-ın fotolentində.

Daha bir yay bitdi. Havaların soyuması ilə dənizə gedənlərin sayı azalıb. Yayın isti günlərində istənilən vaxt sahildə görünən adamlar indi çəkilmək üzrədir. Sübh tezdən tilovunu suya atıb saatlarla gözləyən balıqçılar gözə dəyirlər.

Mavi suların qoynu və qumlu sahillər azyaşlıları sevindirir. Velosipedlə sahil kənarında hərəkət edənlər dənizin təmiz havasında bədənlərini gəncləşdirirlər. Dənizin dalğalarından qorxmayan heyvanlar sahil kənarında sərinləyirlər. Günəşin közərən şüaları görünür. Günəş qürub etdikcə dalğaların səsi aydın eşidilir. Əlvida, dəniz. İsti günlər üçün darıxacağıq...

2
  • © Sputnik / Ilham Mustafayev

    Zaman da qum kimi barmaqlar arasından süzülür.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda dalğalarla son söhbət - gələn mövsümədək.

  • © Sputnik / Ilham Mustafayev

    Sentyabr gəldisə, balıq tutmaq və yemək olar. Nabranda balıqçılar bu fürsəti qaçırmırlar.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda qürub daha həşəmətli görünür.

  • © Sputnik / Ilham Mustafayev

    Sahil kənarıyla qaçan alabaş.

  • © Sputnik / Ilham Mustafayev

    Xırçın ləpələr də adamlarsız darıxır.

  • © Sputnik / Ilham Mustafayev

    Yaş qum üzərində velosiped sürmək də bir zövqdür.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda sahildə unudulmuş toplar.

  • © Sputnik / Ilham Mustafayev

    Polietilen torba budağı "niyyət ağacı"na bənzədib.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda qürub vaxtı dənizdən pay uman balıqçı.

  • © Sputnik / Ilham Mustafayev

    Narıncıya boyanan gün.

  • © Sputnik / Ilham Mustafayev

    İnəklər də çimərlikdə tənhalıqdan kam alırlar.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda sahil kənarında qız.

“Üzeyir sənətinin gənclik sədaları” layihəsinin növbəti konserti

"Üzeyir sənətinin gənclik sədaları"

10
(Yenilənib 22:24 24.09.2021)
Xəzər Universitetinin Kamera orkestri ilə solistlərinin də qatıldığı "Xəzər dalğası" adlı layihə maraqla qarşılanıb.

BAKI, 24 sentyabr — Sputnik. XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Üzeyir sənətinin gənclik sədaları" layihəsinin növbəti konserti baş tutub.

Mədəniyyət Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Xəzər Universitetinin Kamera orkestri ilə solistlərinin də qatıldığı "Xəzər dalğası" adlı layihə maraqla qarşılanıb. Orkestrin bədii rəhbəri Zülfiyyə Sadıqova, dirijoru Orxan Həşimovdur.

Konserti ön sözlə açan bəstəkar, respublikanın Xalq artisti Sərdar Fərəcov 13 il ərzində keçirilən bu festivalın əhəmiyyətindən danışıb. Festivala artıq yeddinci ildir ki, qatılan Xəzər Universitetinin iştirakının gözəl ənənə olduğunu vurğulayıb.

Xəzər Universitetinin Fikrət Əmirov adına konfrans-konsert mərkəzində keçirilən tədbirin solist iştirakçıları sırasında respublikanın əməkdar artistləri - müğənni tenor Fərid Əliyev, zurna və balaban ifaçısı Şirzad Fətəliyev, beynəlxalq müsabiqə laureatları Məhsəti Cabbarova və Yuliya Behbudova olublar.

Konsertdə Nikolay Rimski-Korsakovun "Seyrələn uçan buludlar", Frans Leqarın "Cuditta" operasından Cudittanın mahnısı, Leo Delibin "İspan mahnısı", Tomazo Albinoninin "Adajio", Sərdar Fərəcovun "Elegiya", Ü.Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasından Gülçöhrənin ariyası və digər əsərlər səslənib. Tədbir Fikrət Əmirovun "1001 gecə" baletindən "Şəhrizadın bayramı" rəqs nömrəsi ilə tamamlanıb.

10