Tibb işçisi insana COVID-19-dan Sinovac vaksini vurur, arxiv şəkli

QMİ dindarları vaksin olunmağa çağırıb

25
QMİ-dən bildirilib ki, dünyanın aparıcı dini mərkəzləri vaksinin istifadəsini məqbul hesab edir və zəmanənin bəlasına çevrilmiş xəstəliklə mübarizədə təsirli vasitə kimi tövsiyə edirlər.

BAKI, 27 iyul — Sputnik. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası vaksinasiya ilə bağlı tövsiyə yayıb.

Sputnik Azərbaycan xəbər verir ki, tövsiyədə bildirilir:

"Bismillahir-rəhmanir-rəhim!

Möhtərəm mömin qardaş və bacılarımız! Son zamanlar dindarlarımız tərəfindən edilən müraciətləri nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası aşağıdakıları bildirməyi vacib sayır:

İslam dini insanın öz sağlamlığı qayğısına qalmasını imanın bir parçası kimi qəbul edir. Müsəlman aləmində təbabətin "tibbi-nəbəvi" (Peyğəmbər tibbi) adlanan xüsusi bir bölməsi mövcuddur ki, orada Peyğəmbərimizin tibbi baxışları, Sünnədə tibbin məqamı və əhəmiyyəti geniş şəkildə işıqlandırılır. Həzrət Məhəmməd (s) səhiyyə sahəsi ilə yaxından maraqlanmış, onun bu mövzu ilə əlaqəli hədisləri insanlar üçün yol göstəricisi olmuşdur.

Eyni zamanda Allahın qüdrət və əzəmətini, əbədi və əzəli hikmətini insanlara çatdıran Qurani-Kərimdə bir sıra tibbə dair məlumatlar əks olunur. Bir sıra alımlərin və müasir islamşünasların rəyinə görə, Qurani-Kərimin sağlamlıq barəsində əsas prinsipi müalicə ilə yanaşı, insanı mühafizə etmək, onun sağlamlığını qorumaq – hifzü-sihhədir. Hifzü-sihhəyə bir sıra gigiyenik təlimatlar, o cümlədən, normal qidalanma, zərərli ərzaqlardan və yoluxucu xəstəliklərdən qorunma məsləhətləri də daxildir. İnsanın sağlamlığına qarşı bu qədər həssas və ciddi olan bir dini sistem kimi, İslam tibbi məsələlərin həm əxlaqi, həm də hüquqi baxımdan düzgün uzlaşdırılmasını daima diqqətdə saxlamışdır.

QMİ Qazılar Şurası bildirir ki, Uca Allahın buyurduqlarına, müqəddəs hədislərə istinadən özünün, yaxınlarının və ətrafındakıların həyat və sağlamlığını təhlükəyə atmamaq hər bir insanın borcudur. Zamanında vəba epidemiyası haqqında Peyğəmbərimiz Hz.Məhəmməd belə buyurmuşdur: "Vəbanın olduğu yerə getməyin, əgər vəbanın olduğu yerdəsinizsə, oradan çıxmayın".

İmanlı insan təkcə öz canının deyil, başqalarının da canının qorunmasından məsul və mükəlləfdir. Dinimiz müxtəlif xəstəliklərə qarşı önləyici tədbirlərin alınmasına, xüsusilə yoluxucu xəstəliklərə qarşı son dərəcə diqqətli olmağa çağırır. Hər bir insan belə bir təhlükədən özünü gözləməlidir, çünki müqəddəs Qurani-Kərimdə buyurulduğu kimi: "Öz əlinizlə özünüzü təhlükəyə atmayın" (Bəqərə, 195). Bu ilahi hökmü və müasir şəriət alimlərinin müvafiq fətvalarını nəzərə alaraq, dindarlarımıza tövsiyə edirik ki, pandemiya ilə mübarizədə ən təsirli vasitə sayılan peyvəndlərin vurulmasında aktiv mövqe tutsunlar, özlərini və yaxınlarını vaksin vasitəsi ilə bu ağır bəladan mühafizə etsinlər.

Nəzərinizə çatdırırıq ki, dünyanın aparıcı dini mərkəzləri vaksinin istifadəsini məqbul hesab edir və zəmanənin bəlasına çevrilmiş xəstəliklə mübarizədə təsirli vasitə kimi tövsiyə edirlər. Qafqaz Müsəlmanları İdarəsi dövlətimizin pandemiyaya qarşı qəbul etdiyi qərar və göstərişləri dəstəkləyir, cəmiyyətimizi bu vacib məsələyə ciddi və diqqətli yanaşmağa dəvət edir. Allah hamımızın yardımçısı olsun, dövlətimizi və xalqımızı bəlalardan hifz etsin!

25
Teqlər:
vaksin, vaksinasiya, QMİ, dindar
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya (102)
 Şuşada Bülbülün ev-muzeyi, arxiv şəkli

Bülbülün Şuşadakı ev-muzeyinə direktor təyin olunub

9
(Yenilənib 22:41 23.09.2021)
Avqustun 29-da Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

BAKI, 23 sentyabr — Sputnik. Bülbülün Şuşadakı ev-muzeyinə direktor təyin olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu vəzifəyə tanınmış telejurnalist Fəxrəddin Hacıbəyli təyinat alıb. Bununla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

F.Hacıbəyli artıq ev-muzeyinin direktoru kimi fəaliyyətə başlayıb. O, 02.09.2021-ci tarixli əmrlə ev-muzeyinin direktoru təyin edilib.

Qeyd edək ki, avqustun 29-da Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Ev muzeyi 1982-ci ildən fəaliyyət göstərir. Bülbül bu evdə anadan olub və uşaqlıq illərini burada keçirib. Ümummilli lider Heydər Əliyevin göstərişi əsasında 1982-ci ildə Bülbülün doğulduğu və yaşadığı evin muzeyə çevrilməsi barədə qərar qəbul edilib. Bina 1982-1983-cü illərdə təmir olunub. Ev-muzeyi Şuşanın işğalından sonra ermənilər tərəfindən dağıdılıb.

Bu il yanvarın 14-də Şuşaya səfəri zamanı ev-muzeyində olan Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, muzeydə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Ev muzeyi Bülbülün oğlu, Azərbaycanın Rusiyadakı səfiri, görkəmli bəstəkar Polad Bülbüloğlunun vəsaiti hesabına təmir-bərpa edilib.

Bərpa zamanı evin divarlarında daş üzərində yonulmuş yazılarda evin tikilmə tarixinin qeyd edildiyi aşkarlanıb. Divarın üzərində yeni aşkar olunmuş yazıda binanın 1788-ci ildə inşa olunduğu qeyd edilib. Ev-muzeyinin həyəti əvvəlki görkəmini saxlamaqla bərpa olunub. Muzeyin həyətində Bülbülün yeni hazırlanan büstü ucaldılıb. Eyni zamanda burada vaxtilə olan və erməni vandalizminə məruz qalan büstü də saxlanılır.

Muzeydə Bülbülə aid olan eksponatlar, əşyalar, sənədlər toplanıb. Bundan başqa, ev-muzeyində quraşdırılan böyük monitorda görkəmli musiqiçinin ifa etdiyi əsərlər, onunla bağlı audio və videoyazılar, məlumatlar 7 dildə nümayiş olunur.

Həmçinin oxuyun:

Şuşa yaxın iki-üç aya tamam dəyişəcək: Xüsusi nümayəndə görülən işlərin hesabatını verdi

9
Teqlər:
Bülbül
Nikol Riçi, arxiv şəkli

Dünya şəhrətli ulduzun saçları ad günündə alışıb

7
(Yenilənib 22:37 23.09.2021)
Məşhur müğənni həmin anları 5,2 milyon izləyicisi olan "Instagram" hesabında da paylaşıb. İfaçının bu paylaşımına qısa müddətdə 1,5 milyona yaxın baxış gəlib.

BAKI, 23 sentyabr — Sputnik. Dünya şöhrətli ulduz Nikol Riçi doğum gününü sevdikləri ilə birlikdə qeyd edərkən uğursuz hadisə ilə üzləşib. Sputnik Azərbaycan verir ki, tortun üzərindəki şamları söndürmək üçün əyilən məşhurun saçları alovlanıb. O, qısa müddətli panikadan sonra saçlarını xilas edib.

2000-ci illərin ilk yarısında çılğın həyatı ilə gündəmdə olan və evlənib uşaq sahibi olduqdan sonra sakit həyatına davam edən Nikol Riçi, 40 yaşını qeyd edərkən yaşadığı bu hadisənin görüntülərini sosial media hesabında yayımlayıb.

Məşhur müğənni həmin anları 5,2 milyon izləyicisi olan "Instagram" hesabında da paylaşıb. İfaçının bu paylaşımına qısa müddətdə 1,5 milyona yaxın baxış gəlib.

Məşhur müğənni sənət fəaliyyətinə 2003-cü ildən başlayıb. Məşhur pop kralı Maykl Cekson onun xaç atasıdır.

7
Teqlər:
məşhur, müğənni, ad günü