Qarahəsənli kəndində xırdabuynuzlu heyvanlar

Keyfiyyət istəyən pul ödəsin: növbə mal-qaraya çatdı

27
Nazirlik bildirir ki, sahə baytarlıq məntəqələrinin özəlləşdirilməsinin məqsədi bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq baytarlıq xidmətlərinin rəqabətliliyini artırmaq və bununla da fermerlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır.

BAKI, 27 iyul — Sputnik. Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” layihəsi çərçivəsində dövlət baytarlıq sistemində çalışan baytarların özəl xidmətə hazırlanması məqsədilə təlimlərə başlanıb. Sputnik Azərbaycan-a bu barədə nazirlikdən daxil olan məlumatda bildirilir. 

Məlumata görə, özəl baytarlıq xidmətinə keçid prosesinə ölkə prezidentinin 22 aprel 2020-ci il tarixli “Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmanı ilə start verilib. Proses bu gün mövcud olan və dövlət büdcəsindən maliyyələşən 798 sahə baytarlıq məntəqəsində çalışan 1624 sahə baytar həkimini əhatə edir.

Özəl xidmətə keçiddən sonra profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşən xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan tədbirləri (peyvəndlənmə, qan nümunələrinin toplanması, və s.) baytar həkimlər əmək müqaviləsi ilə yox, xidməti müqavilə və təsdiq edilmiş preyskurant əsasında həyata keçirəcəklər. Bundan əlavə, fermerlərin öz vəsaitləri hesabına maliyyələşən digər müalicə və profilaktika tədbirləri baytarlarla fermerlər arasında müəyyən razılaşma əsasında ödənişli həyata keçiriləcək. Sahə baytarlıq məntəqələrinin özəlləşdirilməsinin məqsədi bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq baytarlıq xidmətlərinin rəqabətliliyini artırmaq və bununla da fermerlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır.

“Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” layihəsinin baytarlıq üzrə eksperti Məsud Xatibi bildirib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tövsiyələrinə uyğun olaraq həyata keçirilən bu dövlət siyasəti heyvanlar arasında xəstəliklərin azaldılmasına və bununla gələcəkdə heyvan xəstəliklərinə sərf edilən büdcə xərclərinin qənaətinə, baytarların bilik və bacarıqlarının artırılmasına və daha yüksək gəlir əldə etmələrinə, baytarlıq fakültəsini yeni bitirmiş məzunların işlə təminatının asanlaşmasına yönəlib:

“Bununla yanaşı, baytarlıq peşəsinin hüquqi müdafiəsinin təmin edilməsi məqsədilə baytarlıq statuar orqanının - Baytarlıq Palatasının yaradılması da nəzərdə tutulur. Palata baytar həkimlərin və texniklərin səlahiyyət və etik professional davranış standartlarına nəzarətin həyata keçirilməsini, baytar həkimlərinə lisenziyaların verilməsi, yeni biliklərə nail olunması üçün mütəmadi təlimlərin keçirilməsi, baytarlıq fakültəsinin tədris proqramına təhsillə əlaqədar yeniliklərin əlavə edilməsi, normativ və inzibati proseduraların aparılması və qeydiyyatı kimi işlərin həyata keçirilməsinə imkan yaradacaq”.

Təlimlər hər rayonda 3 gün olmaqla, 52 rayonda keçiriləcək. COVID-19 pandemiyası ilə əlaqədar dərslər 10 nəfərdən ibarət qrupları əhatə edəcək və ümumilikdə təlimlərdə 1416 baytar həkim iştirak edəcək. Təlimlərdə baytar həkimlərinə xəstəliklərlə yeni mübarizə üsulları, istifadə olunan yeni növ dərman preparatları barədə, eləcə də sahibkarlıq və biznes fəaliyyətinin təşkili mövzularında məlumat veriləcək. Təlimçilər Azərbaycan Dövlət Aqrar Universitetinin müəllim heyətindən, baytarlıq sahəsində beynəlxalq təcrübəsi olan mütəxəssislərdən, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təcrübəli təlimçilərdən seçilib.

Təlim keçmiş bütün sahə baytar həkimləri özəl fəaliyyət göstərmək üçün layihə tərəfindən lazım olan baytarlıq ləvazimatı və avadanlıqlarla təmin olunacaqlar.

Eləcə də oxuyun:

27
Teqlər:
mal-qara, baytar, xidmət, özəl
Пианист, фото из архива

Kosmosda da səslənir: Azərbaycanın ən gözəl musiqi parçalarından seçmələr

0
Sputnik Azərbaycan nəinki Yerdə, eləcə də Kainatda səslənməyə layiq Azərbaycan xalq və bəstəkar musiqi əsərlərinin bəzilərini təqdim edir.

BAKI, 18 sentyabr — Sputnik. Azərbaycanda Musiqi Günü sentyabrın 18-də, dahi bəstəkar, musiqişünas, pedaqoq, Azərbaycan peşəkar musiqisinin banisi, SSRİ Xalq artisti Üzeyir Hacıbəylinin doğum günündə qeyd edilir.

Hər il Azərbaycanda bu gün bir sıra tədbirlər keçirilir, konsertlər təşkil olunur. Üzeyir Hacıbəyli adına festival isə bu il sentyabrın 18-dən 24-dək davam edəcək. Onun ilk konsertlərinin bu gün Şuşada təşkil olunması gözlənilir.

Milli Musiqi Günü münasibətilə Sputnik Azərbaycan ölkənin tanınmış mədəniyyət xadimlərinə müraciət edərək özləri ilə kosmik uçuşa yollansalar, hansı Azərbaycan musiqi incilərini götürmək istədiklərini soruşub. Onların seçimini təqdim edirik.  

Xalq artisti, dirijor Rauf Abdullayev - Üzeyir Hacıbəylinin "Koroğlu" operasından uvertüra.

İstedadlı tenor Azər Zadə - Tofiq Quliyevin "Azərbaycan"ı.

Əməkdar artist Fuad İbrahimov - Fikrət Əmirovun "Azərbaycan kapriççiosu".

Xalq artisti Mənsum İbrahimov və əməkdar artist Təyyar Bayramov - Azərbaycan muğamı, xüsusən "Bayatı-Şiraz".

Xalq artisti, balaban ifaçısı Əlixan Səmədov - "Sən gəlməz oldun" (musiqisi Ələkbər Tağıyev, sözləri Mədinə Gülgün)

 

Xalq artisti, pianoçu Murad Adıgözəlzadə - Fərhad Bədəlbəylinin "Dəniz"i.

Xalq artisti, Bolşoy Teatrın solisti Elçin Əzizov - Üzeyir Hacıbəylinin "Sənsiz" və "Sevgili canan" romansları. 

Bu siyahıya Qara Qarayev, Soltan Hacıbəyov, Vasif Adıgözəlov, Cahangir Cahangirov, Niyazi, Rauf Hacıyev, Şəfiqə Axundova, Müslüm Maqomayev, Firəngiz Əlizadə və başqalarının əsərlərini də əlavə etmək olar.

Azərbaycan muğamı kosmosda

1977-ci il fevralın 27-də "Voyacer"in Qızıl diski" işıq üzü görüb. Kainatın sakinlərini planetimizin səsləri ilə tanış etmək məqsədilə NASA-nın sifarişi ilə tərtib olunmuş, "Yerin səsləri" adlı, səslərin, nitqin, musiqinin kompilyasiyası "Voyacer" kosmik gəmisinin göyərtəsində kosmosa göndərilib.

Bethovenin Beşinci simfoniyası və 13-cü simli kvarteti, Baxın "Brandenburq konserti" və "Yaxşı temperlənmiş klavir"i, Motsartın "Sehrli fleyta"sı və Stravinskinin "Müqəddəsin baharı", Lui Armstronqun ifasında "Melancholy Blues", kor blüzmen Blaynd Uilli Consonun ifasında "Dark Was the Night, Cold Was the Ground" diskdə yer alır.

Diskə eləcə də Azərbaycan muğamı, gürcü xoru, vulkanların püskürməsi, ildırım səsi, işıldaböcəklərin və yağışın səsi, ürək döyüntüsü, gülüş, it hürüşü, quşların nəğmələri də yazılıb.

 

0
Teqlər:
musiqi, Musiqi günü, video
Playstation 4-ün costiki, arxiv şəkli

"Playstation"da qanun pozuntusu aşkarlandı

2
“Playstation” oyun-əyləncə mərkəzində karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi halı aşkarlanıb.

 

BAKI, 18 sentyabr — Sputnik. Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, bu istiqamətdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı rayon ərazisindəki “Playstation” oyun-əyləncə mərkəzində karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi halı aşkarlanıb. Karantin qaydalarının pozulduğu həmin obyektin sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək baxılmasından ötrü Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, bir müddət öncə Bakıda analoji hadisə baş vermişdi. Belə ki, "Pub-110" adlı kafenin sahibi Emin Məmmədovun müştərilərə qəlyan verdiyi aşkar edildiyi üçün həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

 

2