Qərəvəli kənd sakini  27  yaşlı Teyyub Nağıyev

Buradan laqeyd keçməyin: Yol kənarında fındıq satan müharibə iştirakçısı var

3657
(Yenilənib 09:21 27.07.2021)
Vətən müharibəsi başlayan günədək həyətində yetişdirdiyi məhsulları yol kənarında satmaqla ailəsini dolandıran qəhrəman, döyüşlərin başladığı ilk günlərdən orduya qatılıb.

BAKI, 27 iyul — Sputnik. Bakıdan İsmayıllı, eləcə də digər şimal-qərb rayonlarına hərəkət edən yolçular yəqin ki, avtomobil yolunun kənarında duraraq əlində fındıq satan bu gənci görüblər. Onu görənlər və tanıyanlar üçün təkrarda fayda var deyək, tanımayanlar üçünsə tanıdaq.

Şamaxı rayonu, Qərəvəli kənd sakini 27 yaşlı Teyyub Nağıyev. Vətən müharibəsi başlayan günə qədər həyətində yetişdirdiyi məhsulları yol kənarında satmaqla ailəsini dolandıran qəhrəmanımız, döyüşlərin başladığı ilk günlərdən ordu sıralarına qatılıb.

© Sputnik / Rashad Keremoglu
Qərəvəli kənd sakini 27 yaşlı Teyyub Nağıyev

Teyyub Nağıyevin Sputnik Azərbaycan-ın müxbiri Rəşad Kərəmoğluna bildirdiyinə görə, müharibənin ilk günlərində Goranboy rayonu, Ağcakənd istiqamətində N saylı hərbi hissəyə göndərilib. Orada 3 gün qaldıqdan sonra Talış kəndi istiqamətində gedən döyüşlərə yollanıb.

© Photo : courtesy of Teyyub Nagiyev
Qərəvəli kənd sakini 27 yaşlı Teyyub Nağıyev

"Talış istiqamətində döyüşlərdə iştirak etmişəm. Həmin kənd alınandan sonra, Suqovşan istiqamətində döyüşlərə qatılmışam. Daha sonra Murovdağ istiqamətindəki döyüşlərdə iştirak etmişəm. 2020-ci ilin dekabrın 31-də müvafiq sərəncamla ehtiyata buraxılmışam", - deyə Nağıyev bildirib.

O, müharibədən qayıdandan sonra yenidən öz işinin başına dönüb. Yol kənarında mövsümə uyğun olaraq kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olur.

© Photo : courtesy of Teyyub Nagiyev
Qərəvəli kənd sakini 27 yaşlı Teyyub Nağıyev

Qəhrəmanımız döyüşlərdən qayıdandan bir neçə gün sonra iş üçün Şamaxı rayon Məşğulluq Mərkəzinə müraciət edib. Onu dərhal qeydiyyata alıblar. Ötən həftə isə ona 3 baş iribuynuzlu inək verilib. Günün bir neçə saatını yol kənarında məhsul satmaqla qazanc əldə edən Teyyub Nağıyevin ən böyük arzusu sevdiyi peşə ilə məşğul olmaq və evinin yarımçıq qalan tikintisini tamamlamaqdır.

© Sputnik / Rashad Keremoglu
Qərəvəli kənd sakini 27 yaşlı Teyyub Nağıyev

"Yeganə çətinliyim odur ki, evdə işləyən təkcə mənəm. Anam 250 manat pensiya alır, atamın 67 yaşı var, işləyə bilmir. Gündə 15-20 manatlıq, şənbə və bazar günləri isə 20-30 manatlıq qoz-fındıq satıram. Rabitə və texnologiya sahəsini yaxşı bilirəm. Əsgərlikdə 1 il 6 ay rabitəçi olmuşam. Müharibə dövründə də 96 gün ərzində rabitəçi olmuşam. Bu işi yaxşı bildiyim üçün əgər rabitə sahəsindən təklif gəlsə, məmnuniyyətlə işləyərəm", - deyə keçmiş döyüşçü ona gələcək iş təkliflərini gözləyir.

© Photo : courtesy of Teyyub Nagiyev
Qərəvəli kənd sakini 27 yaşlı Teyyub Nağıyev

Teyyubun gəlirlərinin az olması səbəbindən tikintisi yarımçıq qalan evinə gəlincə, ümid edirik ki, imkanlı şəxslər və müvafiq dövlət qurumları inşaat işlərinin başa çatdırılmasına yardım etməklə onun sevincinə səbəb olacaqlar.

Həmçinin oxuyun:

Zəfərimizin təməlini qoyan iki böyük qəhrəmanın şəhid olduğu gündür

Sahibini gözləyən bağlamalar. Bir qəhrəmanın özü, digərinin anası gəldi...

Yüzlərlə qəhrəmanın yeganə şəhid bacısı: "Yubileyi son ad günü oldu"

3657
 Şuşada Bülbülün ev-muzeyi, arxiv şəkli

Bülbülün Şuşadakı ev-muzeyinə direktor təyin olunub

6
(Yenilənib 22:41 23.09.2021)
Avqustun 29-da Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

BAKI, 23 sentyabr — Sputnik. Bülbülün Şuşadakı ev-muzeyinə direktor təyin olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu vəzifəyə tanınmış telejurnalist Fəxrəddin Hacıbəyli təyinat alıb. Bununla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

F.Hacıbəyli artıq ev-muzeyinin direktoru kimi fəaliyyətə başlayıb. O, 02.09.2021-ci tarixli əmrlə ev-muzeyinin direktoru təyin edilib.

Qeyd edək ki, avqustun 29-da Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Ev muzeyi 1982-ci ildən fəaliyyət göstərir. Bülbül bu evdə anadan olub və uşaqlıq illərini burada keçirib. Ümummilli lider Heydər Əliyevin göstərişi əsasında 1982-ci ildə Bülbülün doğulduğu və yaşadığı evin muzeyə çevrilməsi barədə qərar qəbul edilib. Bina 1982-1983-cü illərdə təmir olunub. Ev-muzeyi Şuşanın işğalından sonra ermənilər tərəfindən dağıdılıb.

Bu il yanvarın 14-də Şuşaya səfəri zamanı ev-muzeyində olan Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, muzeydə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Ev muzeyi Bülbülün oğlu, Azərbaycanın Rusiyadakı səfiri, görkəmli bəstəkar Polad Bülbüloğlunun vəsaiti hesabına təmir-bərpa edilib.

Bərpa zamanı evin divarlarında daş üzərində yonulmuş yazılarda evin tikilmə tarixinin qeyd edildiyi aşkarlanıb. Divarın üzərində yeni aşkar olunmuş yazıda binanın 1788-ci ildə inşa olunduğu qeyd edilib. Ev-muzeyinin həyəti əvvəlki görkəmini saxlamaqla bərpa olunub. Muzeyin həyətində Bülbülün yeni hazırlanan büstü ucaldılıb. Eyni zamanda burada vaxtilə olan və erməni vandalizminə məruz qalan büstü də saxlanılır.

Muzeydə Bülbülə aid olan eksponatlar, əşyalar, sənədlər toplanıb. Bundan başqa, ev-muzeyində quraşdırılan böyük monitorda görkəmli musiqiçinin ifa etdiyi əsərlər, onunla bağlı audio və videoyazılar, məlumatlar 7 dildə nümayiş olunur.

Həmçinin oxuyun:

Şuşa yaxın iki-üç aya tamam dəyişəcək: Xüsusi nümayəndə görülən işlərin hesabatını verdi

6
Teqlər:
Bülbül
Nikol Riçi, arxiv şəkli

Dünya şəhrətli ulduzun saçları ad günündə alışıb

4
(Yenilənib 22:37 23.09.2021)
Məşhur müğənni həmin anları 5,2 milyon izləyicisi olan "Instagram" hesabında da paylaşıb. İfaçının bu paylaşımına qısa müddətdə 1,5 milyona yaxın baxış gəlib.

BAKI, 23 sentyabr — Sputnik. Dünya şöhrətli ulduz Nikol Riçi doğum gününü sevdikləri ilə birlikdə qeyd edərkən uğursuz hadisə ilə üzləşib. Sputnik Azərbaycan verir ki, tortun üzərindəki şamları söndürmək üçün əyilən məşhurun saçları alovlanıb. O, qısa müddətli panikadan sonra saçlarını xilas edib.

2000-ci illərin ilk yarısında çılğın həyatı ilə gündəmdə olan və evlənib uşaq sahibi olduqdan sonra sakit həyatına davam edən Nikol Riçi, 40 yaşını qeyd edərkən yaşadığı bu hadisənin görüntülərini sosial media hesabında yayımlayıb.

Məşhur müğənni həmin anları 5,2 milyon izləyicisi olan "Instagram" hesabında da paylaşıb. İfaçının bu paylaşımına qısa müddətdə 1,5 milyona yaxın baxış gəlib.

Məşhur müğənni sənət fəaliyyətinə 2003-cü ildən başlayıb. Məşhur pop kralı Maykl Cekson onun xaç atasıdır.

4
Teqlər:
məşhur, müğənni, ad günü