CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əsrik dərəsi "alpinist", pul, səlahiyyət və mədəniyyət axtarışında

© Sputnik / Ilham MustafayevTovuz rayonunun Əsrik dərəsi ərazisində məişət tullantıları
Tovuz rayonunun Əsrik dərəsi ərazisində məişət tullantıları - Sputnik Azərbaycan, 1920, 24.07.2021
Abunə olmaq
Ağbulaq kənd icra nümayəndəsi deyir ki, populyar turizm məkanını təmizləmək üçün az qala alpinistə ehtiyacları var. Əsrik dərəsinin zibil poliqonuna çevrilməməsi üçün isə bir az düşüncə, bir az da pul gərəkdir.

 

BAKI, 24 iyul — Sputnik. Tovuz rayonunun Əsrik dərəsi Azərbaycanın ən dilbər guşələrindən biridir. Lakin əsrarəngiz gözəlliyə malik bu turizm bölgəsi günü-gündən zibilin içində batır. Çay yatağı, eləcə də yol qıraqlarında hər addımda zibilə rast gəlmək mümkündür. Hətta bəzi ərazilər zibil poliqonunu xatırladır.

Bu vəziyyətin yaranmasında rəsmilər turistləri və yuxarı kəndlərin sakinlərini, onlar da öz növbəsində rəsmiləri günahlandırırlar. Eyni zamanda ərazidə fəaliyyət göstərən onlarla restoranın da zibili hara tökməsi müəmmalıdır. Ərazidə fəaliyyət göstərən restoranlardan birinin icarədarı Azər Məmmədov Sputnik Azərbaycan-a günaşırı olaraq restoranların zibillərinin Tovuz MKTB-nin maşınları tərəfindən daşındığını deyib:

"Hər bir restoran sahibi istəyir ki, ərazisi təmiz olsun. İki gündən bir yığılan zibili qablarda yol kənarına çıxarırıq. Maşın gəlib onları yığıb aparır. Amma buraya istirahətə gələn insanlar təmizliyə riayət etmirlər. Əllərinə keçəni yol qıraqlarına atırlar. Ən çox da yuxarı kəndlərin sakinləri ərazini zibilliyə çevirirlər. Gətirib gözümüzün qabağında zibili atırlar buraya. İstirahətə gələnlər oturub çörəklərini yeyirlər, sonra da hər yeri zibilləyib gedirlər". 
© Sputnik / Ilham MustafayevTovuz rayonunun Əsrik dərəsi ərazisində məişət tullantıları
Əsrik dərəsi alpinist, pul, səlahiyyət və mədəniyyət axtarışında - Sputnik Azərbaycan, 1920, 24.07.2021
Tovuz rayonunun Əsrik dərəsi ərazisində məişət tullantıları

Rayon sakini Güzgüxan Məhərrəmov isə acınacaqlı vəziyyətin yaranmasında dövlət qurumlarını günahlandırıb: “Buranın zibillənməsinin səbəbi “komxoz”dur, bələdiyyələrdir. Hansı ki, meşə idarəsi, ekologiya idarəsi buralara nəzarət etməlidir, amma etmirlər. Ərazidə bir dənə də olsun zibil yeşiyi yoxdur. Mən siqaret çəkirəmsə, zibil qabı yoxdursa, onun kötüyünü haraya atmalıyam? Gözəl dağlarımız var, meşəmiz var, təmiz havası var. Lakin qiymət verib təmizliyinə baxan yoxdur”, - deyə o, fikrini ifadə edib.

Əsrik dərəsinin ərazisinin bir hissəsinin düşdüyü Ağbulaq kənd icra nümayəndəsi Əli İbrahimov ərazinin zibillənməsinin qarşısının alınmasında çətinlik çəkdiklərini, əraziyə ayrılan iki nəfərin bu işlərin öhdəsindən gələ bilmədiyini vurğulayıb:

“Bizim kənddən yuxarıda yaşayan neçə kənd var, hamısı zibilini gətirib bu dərəyə atır. Kimin maşını var, zibilini yığır, buradan keçəndə dərə aşağı atıb gedir rayon mərkəzinə, işinin-gücünün arxasınca. Eyni zamanda istirahətə gələnlər zibilləyirlər. Əllərinə düşəni elə yerlərə atırlar ki, alpinist lazımdır onları götürmək üçün. Bizim kənddə yol kənarlarının zibillərini təmizləmək üçün iki nəfər ayrılıb. Onlar da çatdıra bilmirlər. Bu gün təmizlənir, sabah görürsən ki, ikiqat artıb”, - deyə o məlumat verib.
© Sputnik / Ilham Mustafayev
Tovuz rayonunun Əsrik dərəsi ərazisində məişət tullantıları - Sputnik Azərbaycan
1/4
© Sputnik / Ilham Mustafayev
Tovuz rayonunun Əsrik dərəsi ərazisində məişət tullantıları - Sputnik Azərbaycan
2/4
© Sputnik / Ilham Mustafayev
Tovuz rayonunun Əsrik dərəsi ərazisində məişət tullantıları - Sputnik Azərbaycan
3/4
© Sputnik / Ilham Mustafayev
Tovuz rayonunun Əsrik dərəsi ərazisində məişət tullantıları - Sputnik Azərbaycan
4/4
1/4
2/4
3/4
4/4

Kənd nümayəndəsinin sözlərinə görə, zibil tökənlərin qarşısını almaq üçün əllərində heç bir səlahiyyət yoxdur. O, dəfələrlə zibil atanlarla rastlaşdığını, xəbərdarlıq etdiyini və bu zaman onların aqressiyası ilə üzləşdiyini söyləyib.

Tovuz rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Ceyhun Hüseynov isə təsərrüfat əsasında işlədiklərini və əraziyə zibil yeşiklərinin qoyulması üçün vəsaitlərinin olmadığını bildirib.

“Bizim orada heç bir restoranla müqaviləmiz yoxdur. Düzdür, ötən il müqavilə olub. Lakin pulu ödənmədiyinə görə maşınlar gedib dağıldı. Sonra göndərə bilmədik. Restoranlardan zibili biz götürmürük və o zibilin haraya atıldığını bilmirik. Ərazidə fəaliyyət göstərən restoranlar bizim idarə ilə müqavilə bağladığı təqdirdə maşınlarla zibillərin daşınmasını həyata keçirə bilərik”, - deyə Ceyhun Hüseynov açıqlama verib.

© Sputnik / Ilham MustafayevTovuz rayonunun Əsrik dərəsi ərazisində məişət tullantıları
Əsrik dərəsi alpinist, pul, səlahiyyət və mədəniyyət axtarışında - Sputnik Azərbaycan, 1920, 24.07.2021
Tovuz rayonunun Əsrik dərəsi ərazisində məişət tullantıları

Zibil qablarına gəlincə, C.Hüseynov idarənin təsərrüfat əsasında işlədiyini söyləyib. “Zibil qabları baha başa gəlir və bu bizim idarənin imkanları xaricindədir”, - deyə o qeyd edib.

Görünən odur ki, bu xoşagəlməz mənzərə hələ uzun müddət davam edəcək. Vətəndaşlar isə unutmamalıdırlar ki, tullantıları müvafiq yerlərə qoymaq, ətrafı təmiz saxlamaq bir mədəniyyətdir.

Eləcə də oxuyun:

  • Xəzərin sahilində: Çimərliklərdə qiymətlər sərinləməyə imkan vermir

  • Sağalmayan yaramız: ekoloji fəlakətlər

  • "Siçovullar doqquzuncu mərtəbəyə qalxıb, evə girir. Uşaqlara, böyüklərə hücum edir"

Xəbər lenti
0