Bakının mərkəzində tibbi maskada olan gənc, arxiv şəkli

Karantin uzadıldı, avqustda da həftəsonları marşrut metro işləməyəcək

10601
(Yenilənib 13:30 22.07.2021)
Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 sentyabr saat 06:00-dək uzadılıb.

BAKI, 22 iyul — Sputnik. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 sentyabr saat 06:00-dək uzadılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, 2021-ci il 31 iyul saat 00:00-dan 2 avqust saat 06:00-dək, 7 avqust saat 00:00-dan 9 avqust saat 06:00-dək, 14 avqust saat 00:00-dan 16 avqust saat 06:00-dək, 21 avqust saat 00:00-dan 23 avqust saat 06:00-dək, 28 avqust saat 00:00-dan 30 avqust saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Baş nazirin COVID-19-la bağlı müşavirəsi

İyulun 21-də Azərbaycan Respublikasının Baş naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədovun sədrliyi ilə Qərargahın geniş tərkibdə respublika müşavirəsi keçirilib. Müşavirədə Operativ Qərargahın üzvləri ilə bərabər şəhər və rayonların icra hakimiyyəti başçıları, polis şöbələrinin rəisləri, baş həkimlər iştirak ediblər.

Müşavirənin gündəliyindəki iki məsələ - ölkə üzrə peyvəndlənmə prosesinin gedişi və xüsusi karantin rejimində şənlik mərasimlərinin – toy, nişan və s. tədbirlərin keçirilməsi zamanı xüsusi karantin rejimi qaydalarına nəzarət məsələləri müzakirə olunub.

Baş nazir Əli Əsədov bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Operativ Qərargahın yaradıldığı dövr ərzində əhalinin sağlamlığının qorunması üçün bütün imkanlar səfərbər edilərək xəstəliklə mübarizəyə cəlb olunub, o cümlədən səhiyyə orqanlarının bütün maddi təminatı ödənilib, habelə yoluxmanın və sağalmanın dinamikasına uyğun olaraq xüsusi karantin rejiminin gücləndirilməsi və yumşaldılması üzrə inzibati tədbirlər görülüb.

Xüsusi karantin rejimi çərçivəsində məhdudiyyətlərin iqtisadiyyata göstərdiyi təzyiqə baxmayaraq, dövlət başçısının elan etdiyi prinsip - vətəndaşların sağlamlığı əsas prinsip kimi tətbiq olunub.

Pandemiya ilə mübarizənin aparıldığı dövrün təcrübəsi göstərir ki, xəstəliyə qarşı ən effektli mübarizə vasitəsi peyvəndlənmədir.

Prezident İlham Əliyevin zamanında qəbul etdiyi qərara əsasən ölkəmizə 15 milyon doz peyvəndin gətirilməsinə dair anlaşmalar əldə olunub, sifarişlər edilib və hissə-hissə gətirilməkdədir. Məqsəd, ölkə əhalisinin təqribən 70%-ə qədərini peyvəndləməkdir.

Qəbul olunmuş qərarlar nəticəsində yoluxmanın səviyyəsinin aşağı salınmasına nail olundu, yayın əvvəlinədək yoluxmanın statistikası ikirəqəmli həddə endi, sağalanların sayı və çarpayı ehtiyatı artırıldı.

Toylar yoluxmanın artmasında vasitə kimi

Ölkədəki əlverişli epidemioloji vəziyyəti əsas götürərək, vətəndaşların, xüsusilə gənclərin çoxsaylı müraciətlərini nəzərə alaraq, 2021-ci ilin iyulun 1-dən etibarən xüsusi karantin rejiminin qəbul olunmuş qaydalarına uyğun olaraq şənlik mərasimlərinin keçirilməsinə icazə verildi.

Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələrindən ibarət monitorinq qruplarının Bakı şəhərində, eləcə də respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən şənlik mərasimləri təşkil edilən obyektlərdə apardıqları nəzarət tədbirləri nəticəsində, eləcə də Operativ Qərargaha ictimaiyyət nümayəndələrindən daxil olan çoxsaylı müraciətlərdən məlum olur ki, şənliklər bütün hallarda “İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər” və “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda müəyyən olunmuş tələblərə uyğun şəkildə keçirilmir.

Qeyd edilib ki, əsasən Bakı şəhərinin şənliklər təşkil olunan obyektlərində əksər hallarda qaydalara əməl olunur. Bununla belə: qonaqların sayına qoyulmuş məhdudiyyət nəzərə alınmır, iştirak edən şəxslərin COVID pasportu olmur, mərasimin vaxtı müəyyən olunmuş saatları keçir, sanitar-epidemioloji normalar pozulur, obyektlərdə əməkdaşların 80%-nin peyvəndlənmiş olması tələbi tətbiq olunmur.

Oxşar hallar respublikanın başqa şəhər və rayonlarında da müşahidə olunmaqdadır.

Belə mənfi halların nəticəsidir ki, son günlər ölkə üzrə yoluxmanın artımı müşahidə olunur.

Vurğulanıb ki, prosesin bu şəkildə davam etməsi arzuolunmaz nəticələrə aparıb çıxara bilər. Monitorinqin nəticələri, vətəndaşların çoxsaylı müraciətləri və yoluxmanın artması ciddi və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.

Baş nazir Operativ Qərargahın üzvlərinin, şəhər və rayon rəhbərlərinin, nəzarətedici strukturların nümayəndələrinin nəzərinə bir daha çatdırıb ki, əhalinin sağlamlığı ilə bağlı tədbirlərin tətbiqinə şəxsi məsuliyyət daşıyırlar.

Müzakirələrin gedişində şənlik mərasimlərinin keçirilməsi zamanı tələb olunan qaydalara əməl olunması və daha səmərəli nəzarətin həyata keçirilməsi üçün təkliflər səsləndirilib.

Qeyd olunub ki, gənclərin, şənlik mərasimi sahiblərinin həyatlarının ən sevincli və yaddaqalan gününün inzibati müdaxilələrlə pozulması arzuolunmazdır və Operativ Qərargah belə müdaxilələrlə şənlik mərasimlərinin dayandırılmasının tərəfdarı deyil.

Operativ Qərargah belə arzuolunmaz müdaxilələrə yol verilməməsi üçün vətəndaşları şənlik mərasimləri zamanı xüsusi karantin rejiminin qaydalarına əməl etməyə çağırır.

Operativ Qərargah şənliklərin keçirildiyi obyektlərin sahiblərinin nəzərinə bir daha çatdırır ki, bütün məsuliyyət onların üzərindədir və qayda pozuntuları ilə bağlı qəti və sərt tədbirlər görüləcək.

Müşavirədə peyvəndləmə prosesində aşkar edilən neqativ hallara qarşı nəzarətin gücləndirilməsi və sərt tədbirlərin görülməsi məsələsi də müzakirə olunub.

Qeyd olunub ki, peyvəndləmənin yüksək sürətlə aparılması üçün həm texniki imkanlar, həm də kifayət qədər peyvənd ehtiyatı var.

Peyvəndlənmənin sürətinin artırılması üçün Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyinə səyyar vaksinasiya briqadalarının sayının artırılması da daxil olmaqla konkret tapşırıqlar verildi.

Sonda Baş nazir Əli Əsədov vətəndaşlara müraciət edərək bildirib ki, peyvəndlənmə xəstəliyin qarşısını almaq üçün ən təsirli vasitədir. Pandemiyanın əvvəlindən nümayiş etdirdiyimiz həmrəyliyimizi peyvəndlənmə mərhələsində də davam etdirməyimiz vacibdir.

Həmçinin oxuyun:

Yoluxmanın artmasının səbəbi toylardır: OQ-dan sahibkarlara sərt cəzalar haqda xəbərdarlıq

Azərbaycanda koronavirus: yoluxanların sayı azalsa da, vəfat edənlər var

Toy adamları ev adamlarını xərcə saldılar

Şadlıq saraylarının qara günləri: Mingəçevirdə sahibkarlar külli miqdarda cərimələnib

* Azərbaycan toylarının "olmazsa, olmaz"ı menyudan silinir: şadlıq evlərindən yeni şərtlər

10601
Azərbaycanlı güləşçi Rafiq Hüseynov Tokio-2020 Olimpiya Oyunlarında

Tokio Olimpiadası bürüncə ümidlər var

5
(Yenilənib 09:49 02.08.2021)
Azərbaycan idmançılarının hələ Olimpiya Oyunlarının bürünc medalını qazanmaq şansı var, ancaq bu o halda olacaq ki, onların uduzduqları rəqibləri finala çıxsınlar.

BAKI, 2 avqust – Sputnik. Azərbaycan güləşçiləri Rafiq Hüseynov (77 kq) və Elis Manolova (68 kq) Tokio Olimpiadasının qızıl medallarını qazanmaq imkanını əldən veriblər.

Sputnik Azərbaycan bildirir ki, qadınlar arasında keçirilən yarışda Elis Manolova nigeriyalı Blessinq Oborududuya uduzub. Yunan-Roma güləşində təmsilçimiz Rafiq Hüseynov isə startda əlavə vaxtda isveçli Aleks Kestidisə qalib gəlib, ancaq dörddəbir finalda Qırğızıstan idmançısı Akjola Mahmudova 1:9 hesabı ilə məğlub olub. Ancaq əgər Mahmudov finala çıxarsa, o zaman Hüseynovun bürünc medal uğrunda yarışmaq şansı olacaq. Manolovanın da şansı eynidir.   

26 atletimiz Oyunlarda iştirakını başa vurub

Tokiodakı Olimpiya Oyunlarında 26 Azərbaycan idmançısı çıxışlarını yekunlaşdırıb. Bunlardan cüdoçu İrina Kindzerska (78+ kq) və boksçu Alfonso Dominges (81 kq) bürünc medal qazanıblar.

Taekvondoçular Fəridə Əzizova (67 kq) və Murad Beygi Xarçeqani (80 kq), qılıncoynadan Anna Başta, cüdoçular Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zəlim Kotsoyev (100 kq), Uşangi Kokauri (100+ kq) və Aişə Qurbanlı (48 kq), boksçular (Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenso Sotomayor (69 kq) və Məhəmməd Abdullayev )91+ kq), üzgüçülər Maksim Şemberev və Məryəm Şeyxəlizadəxangah, gimnastlar İvan Tixonov  və Marina Nekrasova, velosipedçi Elçin Əsədov, atıcı Emin Cəfərov, triatlet Rostislav Pevtsov, badmintonçu Edi Reski Dviçayo və yüngül atlet Anna Skidan Olimpiadada uğur qazana bilməyiblər.

Azərbaycan Tokio-2020-də

Tokioda Yay Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-nə kimi keçirilir.

Tokio Yay Olimpiadasında ölkəmizi 44 idmançı təmsil edir. Onlar 40 lisenziya qazanaraq 14 idman növündə - cüdo, güləş, bədii gimnastika, idman gimnastikası, karate, boks, taekvondo, yüngül atletika, güllə atıcılığı, qılıncoynatma, veloidman, badminton, üzgüçülük və triatlonda - çıxış edirlər.

Azərbaycan üçün bu, 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarından bəri ən az sayda Olimpiya lisenziyasıdır, o vaxt idmançılarımız 38 lisenziya qazanmışdılar.

2008-ci ildə Pekində azərbaycanlı idmançılar 44, 2012-ci ildə Londonda 53, 2016-cı ildə Rio-de Janeyroda 56 lisenziya qazanıblar. 1996-cı ildən bəri olimpiadalarda idmançılarımız 43 medal qazanıblar ki, bunun da 7-si qızıl, 11-i gümüş, 25-i isə bürüncdür.

Həmçinin oxuyun:

5
Teqlər:
Tokio Yay Olimpiya Oyunları, bürünc medal, güləş

Qəbələdə musiqi ziyafəti

33
(Yenilənib 21:10 01.08.2021)
Qəbələ festivalında Bakı Musiqi Akademiyasının tələbələri növbəti konsert proqramını təqdim ediblər.

BAKI, 1 avqust - Sputnik. XII Qəbələ Musiqi Festivalı çərçivəsində avqustun 1-də Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin iştirakı ilə növbəti konsert proqramı təqdim olunub.

Sputnik Azərbaycan xəbər verir ki, festivalın təşkilatçı qurumlarının təmsilçilərinin, yerli musiqisevərlərin və şəhərin qonaqlarının iştirakı ilə keçən konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları çıxış ediblər.

Prezident təqaüdçüləri Vüsalə Babayevanın (piano), Zərrin Əliyevanın (violin), Lalə İbrahimovanın (vokal), Kamran Talıblının (fleyta), Leyla Zeynalovanın (piano), Emil Əhmədzadənin (piano), həmçinin Elxan Niftiyev, Fuad Əlizadə, Ləman Seyidova, Ceyran İsayeva, Fəqan Həsənli və digər pianoçuların, klarnet ifaçısı Məhəmmədəli Paşazadənin, violin ifaçısı Nigar Əsgərovanın, qaboy ifaçısı Əziz Pənahın, violençel ifaçısı Ərol Rzayevin, vokalçılar Rza Xosrovzadə və Mahir Tağızadənin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsertdə M.Arnold, F.Şopen, M.Moşkovski, R.Şuman, A.Qrunfeld, N.Rimski-Korsakov, həmçinin Tofiq Quliyev, Niyazi və digər bəstəkarların əsərləri səsləndirilib.

Festivalın proqramına uyğun olaraq, axşam saat 21:00-da Heydər Əliyev Konqres Mərkəzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “Bakı Kamera Orkestri”nin çıxışı olacaq.

XII Qəbələ Musiqi Festivalının açılış mərasimi

Azərbaycanın dilbər guşələrindən olan Qəbələ şəhəri yenidən öz qapılarını sənətsevərlərin, Musiqi Festivalı iştirakçılarının üzünə açıb.

Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, Azərbaycan Respublikasının Təhsil və Mədəniyyət nazirliklərinin və Bakı Musiqi Akademiyasının  dəstəyi ilə iyulun 31-də başlayan XII Qəbələ Musiqi Festivalı avqustun 4-dək davam edəcək.

Builki festival əlamətdar hadisəyə - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunub. Yubileyin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il mayın 26-da Sərəncam imzalayıb. Bununla bağlı respublikamızın bir çox bölgələrində, musiqi-tədris ocaqlarında müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. XII Qəbələ Musiqi Festivalı da yubileyə həsr olunmuş tədbirlərdən biridir.

Musiqi ictimaiyyəti arasında böyük rəğbətlə qarşılanan Qəbələ Musiqi Festivalının proqramı bu il də çox zəngindir. Musiqisevərlər festival günlərində bir çox musiqi kollektivlərinin maraqlı konsert proqramından zövq alacaqlar. Festivalda klassik musiqi ilə yanaşı, muğam, vokal, kamera musiqisi axşamları da təşkil olunacaq.

İyulun 31-də axşam saatlarında Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında musiqisevərlərə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin iştirakı ilə festivalın ilk konserti təqdim olunub. Konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları çıxış ediblər. Pianoçular Leyla Zeynalova, Atabala Manafzadə, Cəmil Sədizadə, Rəşid Behbudov, Jalə Mayılova, Səbinə Muradova, Gülər Ağayeva və Fəqan Həsənlinin, violin ifaçıları Osman Mustafazadə, Zərrin Əliyeva və Aysel Abdullayevanın, violençel ifaçısı Orxan Hüseynovun, həmçinin viola, fleyta, klarnet və truba ifaçılarının, vokalçılar Nigar Əsgərova və Sübhan Rüstəmovun ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsertdə S.Raxmaninov, H.Venyavski, A.Messager, A.Skryabin, A.Piazzolla, F.Şopen, D.Şostakoviç, həmçinin Azərbaycan bəstəkarlarından Tofiq Quliyev, Fikrət Əmirov və Müslüm Maqomayevin əsərləri səsləndirilib.

Gənc musiqiçilərin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Sonra “Qafqaz Resort” otelində açıq səhnədə XII Qəbələ Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

Əvvəlcə ölkəmizdə musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.

Açılış mərasimindən sonra Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri geniş konsert proqramı ilə çıxış edib. Orkestrin bədii rəhbəri və baş hərbi dirijoru Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Hərbi Orkestr Xidmətinin rəisi, Xalq artisti, general-mayor Yusif Axundzadədir.

Konsertin əvvəlində orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni və Ü.Hacıbəylinin “Koroğlu” operasından “Üvertüra” səsləndirilib.

Orkestrin rəisi Əməkdar incəsənət xadimi, polkovnik-leytenant Rüfət Axundzadənin və hərbi dirijor baş leytenant Elnur Qurbanovun dirijorluğu ilə keçirilən konsertdə Aynur İsgəndərli (vokal), Arslan Növrəsli (tar), Kənan Qədimov (vokal), Gülnar Qüdrətli (xanəndə), Namiq Qurbanov (zurna, balaban) və Anar Hüseynovun (nağara) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

33