Xudayar Yusifzadənin doğum günü ilə bağlı tədbir

Şəhidin anası: "Xudayar mənim yox, Azərbaycan xalqının oğludur"

37
(Yenilənib 15:53 15.07.2021)
Polad Həşimovun şəhadətə yetdiyi gün könüllü təlimlərə yazılan Xudayar Yusifzadənin bu gün doğum günüdür. Şəhidin əzizləri onunla bağlı xatirələrini Sputnik Azərbaycan-la bölüşüblər.

BAKI, 15 iyul — Sputnik. Bərdənin tanınan qarmon ustası Müslüm Yusifoğlu ilə evdar xanım Radə Qurbanovanın övladı, dörd uşağından biri Xudayar Yusifzadənin bu gün doğum günüdür. Ailəsi şəhidimizin ölümündən sonrakı ilk doğum gününü onu sevənlərlə birgə qeyd edib.

Məlahətli, ürəyəyatımlı səsi ilə oxuduğu “Vətən yaxşıdır” mahnısıyla tanımışdıq onu. Vətən torpağına ayaq basmanın xoşbəxtliyi gülən gözlərindən oxunan şəhidimiz cəbhədə canı, qanı ilə vuruşan minlərlə vətən övladından biri idi. Gizir Xudayar Yusifzadə ölümündən əvvəl çəkilən görüntüləri ilə hər kəsin ürəyinə hakim olmuşdu. Hər kəs sevirdi onu...

© Sputnik / Emin Alisahib
Xudayar Yusifzadənin şəxsi əşyaları

Ailəsi ilə vida söhbəti 

Şəhidin qardaşı Məhəmməd Yusifzadə Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində deyib ki, ataları Xudayarın dünyaya gəlişindən 24 gün sonra dünyasını dəyişib. “Xudayar 1998-ci il iyulun 15-də dünyaya göz açıb. 24 gün sonra atam dünyadan köçüb. Xudayar bizə əmanət, yadigar qalmışdı. Uşaqlıq illərindən hərb sahəsinə maraqlı bir uşaq idi. Əsgərlikdən gəldikdən sonra yenidən sərhəd qoşunlarına yazılmaq istəyirdi. Yazıldı da”. 

Ömrünü Vətənin müdafiəsinə həsr etmək istəyən gizir buna nail olur. Vətənin müdafiəsinə qalxır və göstərdiyi şücaət və xatirələri ilə dastana çevrilir. Qardaşı deyir ki, Xudayarın ilk döyüşü Kəlbəcər istiqamətində olur: “Öncə Kəlbəcər istiqamətində döyüşlərdə iştirak etdi. Daha sonra Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan istiqamətinə gəldilər. Zəngilan istiqamətində gedən döyüşlərdə qardaşım şəhid oldu”.

Qardaşı Xudayarın ölümündən bir gün əvvəl ailəsi ilə danışdığını da bildirir: “Həmişəki kimi deyib-gülürdü ancaq. Zarafat edirdi. Amma onun bizimlə son danışığı oldu”. 

© Sputnik / Emin Alisahib
Xudayar Yusifzadənin şəxsi əşyaları

Acı və qürur dolu ömür yolu

Xudayar Yusifzadə 2004-2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb. Atasız böyüyən Xudayar nənə-babasının himayəsində olub. Xudayar hərbi xidmətdə olarkən atasından qalan ev elektrik naqillərindəki qısaqapanmadan yanaraq külə dönür və  onlar kirayədə yaşamalı olurlar. İşləmək üçün paytaxta yollanan Xudayar və ailəsi taleyin çətinlikləri qarşısında əyilmirlər. Tale onu elə istədiyi kimi hərbi sahəyə gətirib çıxarır və elə ömrünü də arzuladığı kimi Vətənin müdafiəsi yolunda fəda edir.

O, 2016-2018-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib və “gizir” hərbi rütbəsi alıb. 2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə təlimlərə qatılıb. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda gedən döyüşlərdə savaşıb. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan uğrunda gedən döyüşlər zamanı Ağbənd istiqamətində şəhid olub.

© Sputnik / Emin Alisahib
Xudayar Yusifzadənin doğum günü ilə bağlı tədbir

“Xudayar təkcə mənim yox, xalqın oğludur”

“Xudayar təkcə mənim yox, xalqın oğlu idi. Baxın görün xalq onu necə sevir. Mən desəm ki, Xudayar mənim oğlumdur, onu sevənlərə haqsızlıq olar. Xudayar xalqın oğlu idi”.

Bu sözləri isə şəhidimizin anası Radə Qurbanova Sputnik Azərbaycan-a açıqlamasında bildirib. O deyib: “Xudayar haqqında nəsə danışmaq artıqdır. Xudayar özü öz sözünü deyib, gedib. O, təkcə özü üçün yox, həm də bütün şəhidlərimiz üçün danışıb. Bu gün Azərbaycan xalqı da şəhidinin sözünü deyir. Bugünkü gündə ona olan sevgi, ona olan məhəbbət açıq-aydın görünür. Mən bir ana kimi demək istəyirəm ki, Xudayar mənim yox, Azərbaycan xalqının oğludur”.

© Sputnik / Emin Alisahib
Radə Qurbanova şəhid Xudayrın anası

Şəhidin anası həmçinin bu günün özəl olduğunu və Xudayarın məhz döyüş təlimlərinə bu gün könüllü olaraq yazıldığını da qeyd edib.

“Xudayar Polad Həşimovun şəhadətə yetdiyi gün könüllü təlimlərə yazılıb. Hər ikisi ilə də bütün Azərbaycan xalqı fəxr edir. Allah hər ikisinin də şəhadətini mübarək eləsin. Bütün şəhid analarına bir sözüm var. Bizim övladlarımız qəhrəmandırlar və biz onlarla fəxr etməliyik. Allah bütün şəhid analarına səbir və dözüm versin”.
© Sputnik / Emin Alisahib
Xudayar Yusifzadənin anası ilə şəkli

Qorxmaz döyüşçü

“Xudayar olduqca gözəl qardaş olub. Onun haqqında Xudayarı tanıyan kimdən soruşsan, eyni sözləri eşidəcəksən. Qorxmaz döyüşçü idi. Bu gün hər kəs onun doğum gününə toplaşıb. Azərbaycanda elə bir şəxs tapmazsan ki, Xudayarı tanımasın, onu xoş xatirə ilə anmasın. Bütün şəhid analarının qarşısında baş əyirik. Onun anasına Allahdan səbir diləyirik. Biz şəhidlərin hesabına qalib olduq. Bütün şəhidlərin qarşısında baş əyirik. Allah Azərbaycan xalqına hər zaman Xudayar kimi igid oğullar nəsib etsin ki, biz Xudayar kimi ürəyi Vətənlə döyünən, ruhunda, əqlində, dilində Vətən sözü olan ərənlərimizlə fəxr edək. Ruhun şad olsun, igidimiz”, - qazi Rail Yusubov Xudayarla bağlı xatirələrini bizimlə bölüşərkən deyib.

© Sputnik / Emin Alisahib
Məhəmməd Yusifzadə Şəhid Xudayarın qardaşı

Xudayar Bərdə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən, Xudayar Yusifzadə ölümündən sonra “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

© Sputnik / Emin Alisahib
Rail Yusubov Qazi

2021-ci il fevralın 18-də Xudayar Yusifzadənin təhsil aldığı Bərdə şəhərinin Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində onun büstünün açılış mərasimi olub. Xudayar Yusifzadə ölümündən iki gün əvvəl Əliağa Vahidin “Vətən yaxşıdır” şeirinə bəstələnmiş mahnını ifa edib və bunu telefon vasitəsilə lentə alıb. Həmin video qısa müddət ərzində sosial medialarda trendə çevrilib. Qeyd edək ki, “Vətən yaxşıdır” təsnifinin musiqisi Əlibaba Məmmədova, sözləri Əliağa Vahidə aiddir. Təsnif Əlibaba Məmmədovun xeyir-duası ilə “Xudayar təsnifi” adlandırılıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Eləcə də oxuyun: 

37
Teqlər:
xatirə, doğum günü, Xudayar Yusifzadə, şəhid
Mövzu:
Müharibə adamları

Bu gün I ixtisas qrupu üzrə qəbul imtahanları keçiriləcək

3
(Yenilənib 08:30 27.07.2021)
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib.

BAKI, 27 iyul — Sputnik. Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.

DİM-dən verilən məlumata əsasən, 19184 abituriyentin iştirakı nəzərdə tutulan imtahanlar 11 şəhər və rayonda - Bakı, Gəncə, Qazax, Ağstafa, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunacaq.

İmtahanlar saat 10:00-da başlanacaq. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Qeyd edək ki, iyulun 27-28-də imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 151 imtahan binası, 2544 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 151 ümumi imtahan rəhbəri, 422 imtahan rəhbəri, 3309 nəzarətçi–müəllim, 308 buraxılış rejimi əməkdaşı, 151 bina nümayəndəsi ayrılıb. İmtahanlarda 23 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

3
Heydər Əliyev aeroportu, arxiv şəkli

Vətəndaşlar pandemiyadan əvvəl aldıqları səyahət biletlərinin pulunu geri ala bilmirlər

2480
Şikayətlərdə bunun səbəbi əsasən səyahət edəcəkləri ölkələrə uçuş marşrutunun dəyişdirilməsi ilə əlaqələndirilir.

BAKI, 26 iyul — Sputnik. Hələ 2020-ci ildə müxtəlif xarici ölkələrə səyahət üçün turpaket alan Azərbaycan vətəndaşlarının bir qismi bu günədək turizm şirkətlərinə ödədikləri məbləği geri ala bilmirlər. Bu barədə sosial platformada vətəndaşlar mütəmadi olaraq narazılıqlarını ifadə edən statuslar paylaşır. Şikayətlərdə bunun səbəbi əsasən səyahət edəcəkləri ölkələrə uçuş marşurutunun dəyişdirilməsi ilə əlaqələndirilir.

Turizm şirkətlərindən birindən Misirə turpaket alan müştəri hələ 2020-ci ilin əvvəlində bunun üçün turizm şirkətlərindən birinə 700 manat ödəyib. Turpaketin qiymətinin 30 faizini ödəyən vətəndaş 2400 manatın yerdə qalan hissəsini isə səyahət edəcəyi təqdirdə ödəyəcəkmiş. Koronavirus pandemiyasına görə hava sərhədləri bağlandığından onun Misir səfəri təxirə düşüb. Amma indiyədək turizm şirkəti ödədiyi vəsaiti vətəndaşa geri qaytarmayıb. Buna da səbəb kimi Bakıdan Misirə birbaşa uçuşların dayandırılması göstərilib. Bu gün Azərbaycandan xarici ölkələrə səyahət üçün aviabilet alan vətəndaşlar da eyni problemi yaşayır. Onlar arasında da biletlərinin dəyərini geri ala bilməyənlər az deyil. Sputnik Azərbaycan problemin həlli yollarını araşdırıb.

Əlaqə saxladığımız turizm şirkətlərindən Sputnik Azərbaycan-a bildiriblər ki, pandemiya səbəbindən bəzi ölkələrə aviareyslər dayandırılıb. Bu isə müştərinin aldığı turpaketklə həmin ölkələrə səyahət imkanını çətinləşdirib.

Aviareyslərin dayandırılması turpaketlərin qiymətini də bahalaşdırıb...

"Delta travel" turizm şirkətindən bildirdilər ki, onlar müştərilərin çoxunun turpaket üçün ödədiyi vəsaiti geri qaytarıb. Amma bəzi aviaşirkətlər bilet dəyərini geri qaytarmadığından, onlar da müştərinin pulunu geri qaytara bilmir. Amma turizm şirkətləri turpaket alan müştərilərinə səyahət üçün başqa variantlar da təklif edirlər. Məsələn Misirə turpaket alan müştərilərə hazırda turizm şirkətləri İstanbul üzərindən səyahət imkanı yaradır. Turizm şirkətlərindən bildirdilər ki, Azərbaycandan Misirə birbaşa uçuş olmadığından, onlar müştərilərə İstanbul üzərindən səyahət təklif edirlər. Amma bu zaman müştəri əlavə vəsait ödəməlidir.

Belə ki, 2020-ci ilin yanvarında iki nəfər üçün Misirə 2400 manata turpaket alan müştəri indi bunun üçün 2100 ABŞ dolları ödəməlidir. Çünki uçuşun birbaşa həyata keçirilməməsi turpaketin qiymətini bahalaşdırıb.

O ki qaldı pandemiyadan əvvəl xarici ölkələrə səyahət üçün alınan aviabiletlərin dəyərinin qaytarılmasına, "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) sorğumuza cavabda bildirib ki, COVID-19 pandemiyasının yayılması ilə əlaqədar "Azərbaycan Hava Yolları" QSC-nin reyslərinə aviabiletlərin qaytarılması və dəyişdirilməsi qaydalarını tərtib edib.

COVID-19 pandemiyasının yayılması ilə əlaqədar hansı aviabiletlər qaytarılmalı və dəyişdirilməlidir?

2020-ci ilin 10 mart tarixindən 25 oktyabr tarixinədək uçuş dövrünü əhatə edən "AZAL" və "Buta Airways" aviaşirkətlərinin aviabiletləri ödənişsiz yenidən təxsis edilə və ya dəyişdirilə bilər. Açıq tarixlə rəsmiləşdirilmiş aviabiletlər (konkret geri qayıdış tarixi qeyd edilməyən biletlər) istisnadır.

Aviabiletlərin qaytarılması və ya dəyişdirilməsi üçün hara müraciət etməyə gəlincə, AZAL-dan bildirdilər ki, bunun üçün callcenter@azal.az elektron poçtu vasitəsilə yazılı formada aviaşirkətin çağırış mərkəzinə və ya aviaşirkətin internet saytında əlaqə forması vasitəsilə müraciət etməyiniz xahiş olunur.

AZAL aviabiletlərin hansı tarixə dəyişdirilə biləcəyini də açıqlayıb. Bildirib ki, yeni uçuş tarixi ilkin aviabilet üzrə uçuş tarixindən sonrakı 24 aydan gec olmamalıdır. Sərnişinə təkcə uçuş tarixini deyil, tariflər arasında fərqin ödənilməsi şərtilə (həmin fərq mövcuddursa) uçuş istiqamətini də dəyişmək imkanı təqdim edilir. Bu halda arzu olunan tarixdə həmin istiqamət üzrə reysin yerinə yetirilib-yetirilmədiyi nəzərə alınır.

O ki, qaldı aviabileti dəyişməyib ödənilən pulun geri alılnasına, AZAL-dan bildridilər ki, alternativ olaraq, AZAL həmçinin sərnişinlərə aviabiletin dəyərinin geri qaytarılması əvəzinə vauçer formasında pul sənədi (EMD) təklif edir. Bu vauçeri ləğv edilmiş reysə biletin ilkin uçuş tarixindən etibarən iki il ərzində istifadə etmək mümkündür. Vauçer "AZAL" və "Buta Airways" aviaşirkətlərinin bütün istiqamətlərində etibarlıdır. Vauçerin kodu sərnişinin elektron poçtuna göndəriləcək. Həmin kod aviaşirkətin rəsmi kassalarında və agentliklərində aviabiletin alışı zamanı təqdim edilə bilər.

Məlumat üçün bildirək ki, bu günədək isə Azərbaycan 10-a yaxın ölkə ilə hava əlaqəsini bərpa edib. Bunlar Türkiyə, Rusiya, ABŞ, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsrail, Macarıstan və Qətərdir.

Qeyd edək ki, Nazirlər Kabinetinin 5 iyunda imzaladığı qərarından sonra 10 iyun tarixindən etibarən epidemioloji vəziyyətdə müsbət dinamikanın müşahidə edildiyini nəzərə alaraq, Rusiya Federasiyası və Türkiyə Respublikasının vətəndaşlarının hava yolu ilə Azərbaycan ərazisinə səfərinə icazə verilib. Həmin qərara əsasən, yaşı 18-dən yuxarı olan sərnişinlər tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID pasport) və uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması şərti ilə ölkəmizə səfər edə bilərlər.

Həmçinin 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənədi təqdim olunmalıdır. Eyni zamanda, 10 iyundan başlayaraq Azərbaycana daxil olmaq üçün bütün 1 yaşdan yuxarı olan sərnişinlərin COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin müddəti uçuşdan əvvəl 48 saatdan 72 saatadək artırılır. 1 yaşdan aşağı olan uşaqlar üçün COVID pasport və PCR test nəticələrinə dair sənədlər tələb olunmur. Azərbaycan Respublikasına birbaşa uçuşlar icra edən bütün aviadaşıyıcılar yalnız müvafiq tələblərə cavab verən sərnişinləri qeydiyyata almalıdırlar. Azərbaycan ərazisinə daxil olarkən sərhəd nəzarətindən keçdikləri zaman tələblərə cavab verməyən sərnişinlər ölkə ərazisinə buraxılmır və aviadaşıyıcının hesabına həmin təyyarə ilə geri qaytarılır.

İyunun 21-dən isə ABŞ, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsrail, Macarıstan və Qətər vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə səfər etməsinə icazə verilib.

Həmçinin oxuyun:

TƏBİB-dən səyahət edənlərə çağırış

Pandemiya Azərbaycanda səyahət və yay istirahətləri planına necə təsir edir?

Koronavirussuz səyahət: hələlik PZR testlə, tezliklə peyvənd pasportu ilə

2480