Qəbələdə rayonundakı Qaraçay çayı

gəzməyə imkan verir, pul qazanmağa - Qəbələlilər yeni "əjdaha"dan şikayətçidirlər

62
(Yenilənib 14:29 15.07.2021)
Türyançayın bir qolu olan Qaraçay yaz-yay aylarında sakinlərə gün-dirilik vermir: onun ucbatından nə uşaqlar oxuya, nə sakinlər başqa ərazilərə çıxıb pul qazana bilirlər. Tibbi yardım isə ən böyük problemlərdəndir.

BAKI, 15 iyul – Sputnik. Adətən, çaylarda su quruyanda "yuxarı başında əjdaha suyu kəsib" deyirlər. Qəbələ rayonundakı Qaraçay çayı isə özü "əjdaha"ya çevrilib, sakinlərin rahat gediş-gəlişinə mane olur. Türyançayın bir qolu olan bu çayın yalnız bir tərəfində istinad divarları var. Bu səbəbdən də yaz və yay aylarında, xüsusilə də yağış yağan vaxtlarda çayın yatağı genişlənir və bəzən ayrı-ayrı istiqamətlərdə yataq əmələ gəlir.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, çay yatağının bu cür genişlənməsi səbəbindən Solquca və Dandıq kəndlərinin sakinləri rayon mərkəzinə getməkdə çətinlik çəkirlər. Qəbələ şəhərindən 35 kilometr aralı yerləşən bu kəndlərin sakinləri mərkəzə və digər kəndlərə getmək üçün eni 50 metrə yaxın olan çaydan keçməli olurlar. Kənd sakini Sahib Ağakərimov bildirir ki, kənddə tibb məntəqəsi olmadığı üçün ilkin tibbi yardım üçün də rayon mərkəzinə getməyə məcburdurlar.

© Sputnik / Ibrahim Hashimov
Qəbələdə rayonundakı Qaraçay çayı üzərində batmış avtomobil
“Budur, çayı keçdim, maşın qırıldı. Bir bufer 300 manatdır. Allah saxladı ki, özümə heç nə olmadı. Başqa yol yoxdur, ancaq belə yüksək keçidli avtomobillərlə gedirik. Xəstəmiz olur, təcili yardım gəlib çata bilmir. Hamilə qadınlar pis vəziyyətdə qalırlar”, – S.Ağakərimov deyib.

Kənd sakini Mübariz Əzizov da deyir ki, rayon mərkəzinə gedib-gəlmək 20-30 manata başa gəlir.

© Sputnik / Ibrahim Hashimov
Mübariz Əzizov

“Bizim hər günümüz belədir. Böyük maşınlarla, yük maşınları ilə yolu birtəhər keçirik. Ərzaq almağa, hər hansı bir işimizi həll etməyə gedə bilmirik. Digər ərazilərdə iş olanda da işləyə bilmirik. Çünki yolpulu qazancımızdan çox çıxır. Beş manatlıq dərman almaq üçün otuz-otuz beş manat yolpulu verməli oluruq”, – M.Əzizov əlavə edib.

© Sputnik / Ibrahim Hashimov
Qəbələdə rayonundakı Qaraçay çayı

Kənd sakini Zaur Aslanov isə yolsuzluğun uşaqların təhsilinə də təsir göstərdiyini söyləyir.

“Üç uşağım var. Onları oxutmaq, ali təhsilli etmək istəyirəm. Amma uşaqlar digər kəndlərə repetitor yanına gedə bilmirlər. Müəllimlər də çaya görə bizim kəndə gələ bilmirlər. Çayın üzərində körpü salınsa, çox yaxşı olar”.

© Sputnik / Ibrahim Hashimov
Sahib Ağakərimov

Məsələ ilə bağlı Solquca kənd icra nümayəndəsi İldırım Əhmədov Sputnik Azərbaycan-a bildirib ki, sel və daşqınlar zamanı çay öz yatağını 4-5 yerdən salıb. Bu səbəbdən də tez-tez bu cür çətinliklər yaranır. Problemin həlli ilə bağlı aidiyyəti qurumlara müraciət edilib.

“Su artdıqda çayın yatağı dəyişir. Bu da yolun keçilməsində çətinliklər yaradır. Çayda su artdıqca texnikanın köməyi ilə suyu əsas yatağına salmağa çalışırıq. Çayın üzərində körpünün inşa edilməsinə gəlincə isə, bu barədə kənd camaatının məktubu aidiyyəti orqanlara göndərilib. Problemin qısa zamanda həll ediləcəyini gözləyirik”, - deyə o bildirib.

Eləcə də oxuyun:

62
Teqlər:
problem, sakinlər, körpü, çay, Qəbələ

Bu gün I ixtisas qrupu üzrə qəbul imtahanları keçiriləcək

192
(Yenilənib 08:30 27.07.2021)
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib.

BAKI, 27 iyul — Sputnik. Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.

DİM-dən verilən məlumata əsasən, 19184 abituriyentin iştirakı nəzərdə tutulan imtahanlar 11 şəhər və rayonda - Bakı, Gəncə, Qazax, Ağstafa, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunacaq.

İmtahanlar saat 10:00-da başlanacaq. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Qeyd edək ki, iyulun 27-28-də imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 151 imtahan binası, 2544 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 151 ümumi imtahan rəhbəri, 422 imtahan rəhbəri, 3309 nəzarətçi–müəllim, 308 buraxılış rejimi əməkdaşı, 151 bina nümayəndəsi ayrılıb. İmtahanlarda 23 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

192
Rusiya Jurnalistlər İttifaqının Beynəlxalq şöbəsinin rəhbəri Timur Şafir

Rusiyalı media eksperti: jurnalist hər şeyə şübhə ilə yanaşmalıdır

276
(Yenilənib 08:55 27.07.2021)
Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçirilən SputnikPro vebinarında KİV nümayəndələrinə feyk xəbərləri necə aşkar və ifşa etməyin yollarından danışıblar

BAKI, 26 iyul — Sputnik. Müasir dünyada xəbərlərin, o cümlədən feyk xəbərlərin yayılması sürəti və bunun üçün istifadə olunan alətləri nəzərə alsaq, peşəkar jurnalist hər şeyə şübhə ilə yanaşmalıdır. Bunu bazar ertəsi Bakıda SputnikPro layihəsi çərçivəsində keçirilən "Müasir jurnalistika üçün faktçekinq texnologiyaları" adlı ustad dərsində Rusiya Jurnalistlər İttifaqının Beynəlxalq şöbəsinin rəhbəri Timur Şafir deyib.

Onun sözlərinə görə, ilk növbədə bunu anlamaq lazımdır ki, feyklər heç də yeni bir məfhum deyil, hazırda fərq ondadır ki, bu gün onlar faktoidə çevrilir və ictimai şüurda yalnız ona görə həqiqət kimi qəbul olunur ki, onları KİV-lər yayır.

© Sputnik / Murad Orujov
Rusiya Jurnalistlər İttifaqının Beynəlxalq şöbəsinin rəhbəri Timur Şafir

"Feyklərin yayılma səbəbləri müxtəlifdir. Buna səbəb həm jurnalistlərin, həm də auditoriyanın axmaqlığı, tənbəlliyi, savadsızlığıdır. Digər bir səbəb - hansısa maraqlar, kommersiya maraqlarıdır. Siyasi müstəvidə də feyklər kifayət qədərdir", - deyə Şafir bildirib və onu da qeyd edib ki, əksər hallarda feyklərin məqsədi təxribat olur.

"Çexiyalı jurnalist Fuçikin çağırışını yadda saxlamaq və diqqətli olmaq lazımdır. Peşəkar jurnalist hər şeyə şübhə ilə yanaşmalı və şübhə doğuran bütün məqamlara diqqət yetirməlidir. Bura infiormasiyanın məntiqsizliyi, onun həddən artıq səs-küylü şəkildə təqdim olunması, mənbəyinin olmaması daxildir", - deyə rusiyalı media eksperti bildirib.

Ekspert eyni zamanda jurnalistləri və KİV nümayəndələrini informasiyanın emalı zamanı məsuliyyəti yaddan çıxarmamağa, nə qədər vacib və "dəhşətli" görünməsinə baxmayaraq müxtəlif feykləri peşəkar müstəvidən kənarda yaymamağa çağırıb.

© Sputnik / Murad Orujov
Rusiya Jurnalistlər İttifaqının Beynəlxalq şöbəsinin rəhbəri Timur Şafir

Yardım qismində ekspert faktların yoxlanması üçün müxtəlif alətlərdən istifadə etməyi tövsiyə edib. Onun sözlərinə görə, bunun üçün rəsmi saytlar, internetdə olan müxtəlif şəkillərin, videoların ilkin variantının axtarılıb tapılması üçün müxtəlif vasitələrdən istifadə etmək olar.

"Xəbər nə qədər vacib və dəhşətli görünsə də, hətta siz öz fikrinizi bildirirsinizsə də, onu yaymaq, feykyayanlar zəncirinin həlqəsi olmaq lazım deyil. Xəbərin tarixi kimi sadə bir şey hər şeyin üstünü aça bilər. Yadda saxlamaq lazımdır ki, bu gün köhnə xəbərlərin yayılması üçün geniş imkanlar var: sosial şəbəkələrdə hər şeyi dəfələrlə yenidən dərc etmək olar", - deyə Şafir qeyd edib.

© Sputnik / Murad Orujov
Rusiya Jurnalistlər İttifaqının Beynəlxalq şöbəsinin rəhbəri Timur Şafir

SputnikPro – Rusiyanın ən yaxşı media menecerləri, KİV sahəsində böyük təcrübəyə malik aparıcı mütəxəssisləri tərəfindən ustad dərslərinin verildiyi genişmiqyaslı yeganə proqramdır.

SputnikPro layihəsi artıq dünyanın 13 ölkəsində təşkil olunub. 2018-ci ilin mart ayından indiyə kimi layihədə iki mindən artıq jurnalist, media meneceri, PR mütəxəssisi, mətbuat xidməti əməkdaşı, bloger və müvafiq fakültələrdə təhsil alan tələbələr iştirak ediblər.

Bu maarifçilik layihəsi ilə bağlı yenilikləri aşağıdakı "Facebook" səhifəsindən izləmək olar: https://www.facebook.com/SputnikProject/

Həmçinin oxuyun:

Saxta xəbərləri yaymaqda məqsəd nədir? - Timur Şafir danışır

SputnikPro: "feyk-nyus" nədir və onunla necə mübarizə aparmalı

276