Şadlıq sarayı, arxiv şəkli

Şadlıq sarayları hədəfdədir, AQTA bir tərəfdən...

22
Daxili İşlər Nazirliyi 2 şadlıq sarayının sahibi barəsində cinayət işi başladıb, AQTA isə 11 şadlıq çarayını cərimələyib.

BAKI, 12 iyul — Sputnik. Azərbaycanda xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 2 şadlıq sarayının sahibi barəsində cinayət işi başlanılıb, 12 obyekt sahibi şübhəli şəxs qismində saxlanılıb, 21 obyekt sahibi inzibati cərimə edilib, 10 fakt üzrə istintaq araşdırması aparılır, vaksinasiya olunmasını təsdiq edən müvafiq sənədi olmayan 423 nəfər isə şadlıq saraylarına buraxılmayıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumatda bildirilir.

Xəbərdə qeyd olunur ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, bu il iyul ayının 1-dən müəyyən qaydalara əməl olunmaqla toy şənliklərinin keçirilməsinə icazə verilib. Lakin aparılan yoxlamalar nəticəsində bəzi şadlıq saraylarında qeyd olunan qərardan irəli gələn tələblər pozularaq toyların təşkili zamanı "icaze.e-gov.az" portalından qeydiyyatdan keçməməsi, icazə verilən saydan artıq qonağın iştirak etməsi, mərasimlərə qatılan bəzi şəxslərin vaksinasiya olunmalarını təsdiq edən müvafiq sənədin olmaması, eləcə də şənliklərin saat 24:00-dan sonra da davam etməsi müəyyən edilib. Belə halların qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları Dövlət Vergi Xidməti və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə Bakı şəhərində, eləcə də respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən şadlıq saraylarında müntəzəm olaraq yoxlamalar həyata keçirir.

Son 3 gün ərzində paytaxtda yerləşən 300-ə yaxın şadlıq sarayında analoji yoxlamalar aparılıb. Nəticədə 12 şadlıq sarayında ("Gülüstan", "Golden Baku", "Billur", "Kral", "Aura", "SS Hall", "Ərzurum», «Neon Palace», «Kleopatra», «Sevən ürəklər», «Xan bağı», «Şuşa») xüsusi karantin rejimindən irəli gələn qaydaların pozulması halları müəyyən edildiyindən, hər bir fakt üzrə Cinayət Məcəlləsinin 139-1-ci maddəsilə cinayət işləri başlanılıb, təqsirkar şəxslər saxlanılıblar. 4 şadlıq sarayı və 1 restoranda isə («Yeganə», «Amor», «İdeal», «Retro», «Səda») aşkar edilmiş qayda pozuntularına görə İXM-in 211-ci maddəsilə protokollar tərtib edilərək obyekt sahibləri barəsində inzibati həbs və ya cərimə tətbiq edilib. Analoji tədbirlər ərazi polis orqanları tərəfindən müvafiq dövlət qurumları ilə birgə respublikanın bütün şəhər və rayonlarında da həyata keçirilir. Belə yoxlamalar nəticəsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 2 şadlıq sarayının sahibi barəsində cinayət işi başlanılıb, 12 obyekt sahibi şübhəli şəxs qismində saxlanılıb, 21 obyekt sahibi inzibati cərimə edilib, 10 fakt üzrə istintaq araşdırması aparılır, vaksinasiya olunmasını təsdiq edən müvafiq sənədi olmayan 423 nəfər isə şadlıq saraylarına buraxılmayıb. Bu istiqamətdə həyata keçirilən tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyi bir daha toy etməyi planlaşdıran vətəndaşlarımızdan, eləcə də toy şənliklərinin keçiriləcəyi şadlıq sarayı və restoran sahiblərindən təşkil edəcəkləri şənlik mərasimləri zamanı koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən bütün qərarlara, o cümlədən dəvət edilən qonaqların say məhdudiyyətinə, onların vaksinasiya olunmalarını təsdiq edən müvafiq sənədə malik olmaları tələbinə ciddi riayət və nəzarət etməyi xahiş edir. Əks təqdirdə, koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə nəzarəti həyata keçirən polis və digər aidiyyəti qurumlar qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirkar şəxslər barəsində cəza tədbirləri görmək məcburiyyətində qalacaqlar.

AQTA-nın reydləri

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) də pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

Agentlikdən verilən məlumata görə, iyulun 10-11-də Quba rayonu, Vaqif küçəsi 151 ünvanında fəaliyyət göstərən “Qızıl Tac” şadlıq sarayında, Gəncə şəhəri, Vəli Xuluflu 131 ünvanında fəaliyyət göstərən “Şah Saray” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu faktları aşkar olunub. Belə ki, həmin şadlıq saraylarında 150 nəfərlik şənlik mərasiminin keçirilməsi üçün müvafiq portala rəsmi müraciət olunub və keçirilən baxış zamanı şənlik mərasiminin 150 nəfərdən artıq şəxsin iştirakı üçün nəzərdə tutulduğu müəyyən olunub.

Bundan əlavə, nəzarət tədbirləri çərçivəsində 11 şadlıq sarayında şənlik mərasimində xidmət göstərən işçi heyətin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi aşkar edilib. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Pozuntular aşkar edilmiş şadlıq sarayları aşağıdakılardır:

Bakı şəhəri, Nizami rayonu, T.Abbasov 20 ünvanında fəaliyyət göstərən “Sevinc” şadlıq sarayı;

Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində fəaliyyət göstərən “Ağ Çiçəyim” şadlıq sarayı;

Bakı şəhəri, Nizami rayonu, A.Manafov küç., məhəllə 2347 ünvanında fəaliyyət göstərən “İmperator” şadlıq sarayı;

Sumqayıt şəhəri, 9-cu mkr, Ü.Hacibəyov küçəsində fəaliyyət göstərən "Səma" şadlıq sarayı;

Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində fəaliyyət göstərən "Briliant" şadlıq evi;

Qəbələ rayonu, Həmzəli kəndində fəaliyyət göstərən “Qəbələ Palace” şadlıq sarayı;

Quba rayonu, Əzizbəyov küçəsində fəaliyyət göstərən “Quba" şadlıq evi;

Göyçay rayonu, Qarabaqqal kəndində fəaliyyət göstərən "Kənan" şadlıq sarayı;

Kürdəmir rayonu, Karrar qəsəbəsində fəaliyyət göstərən "Miraj Palace" şadlıq sarayı;

Şəmkir rayonu, Bakı-Qazax yolunun 391 km-liyində fəaliyyət göstərən “Ceyhun” şadlıq sarayı;

Tovuz rayonu, Abulbəyli kəndi, “Uğurlu” şadlıq sarayı.

Aşkar olunmuş qayda pozuntuları ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcək.

Mərasimlərin keçirilmə qaydaları

Azərbaycanda toylar monitorinq edilir. 50-150 nəfərlik mərasimlərdə qaydalara riayət olunmasının monitorinqi Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunub.

Şənlik mərasimlərinin təşkili ilə əlaqədar əsas qaydalar aşağıdakılardır:

- 50 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərinin "İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər"də müəyyən olunmuş tələblərə uyğun olaraq təşkil edilməsinə icazə verilir. Bu tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə vacibdir. Lakin həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb edilmir.

- 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində isə yaşı 18-dən yuxarı olan bütün şəxslərin iştirakına yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd (COVID-19 pasportu) olduğu halda icazə verilir. Bu şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələbi yoxdur.

- Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına əsasən, 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) azı 80 faizinin COVID-19 pasportuna malik olması mütləqdir (1 avqustadək birinci doza qeyd olunmuş vaksinasiya sertifikatı qəbul edilir). Şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir.

- Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi tərəfindən həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumat müvafiq portala (icaze.e-gov.az) daxil edilməldir.

Keçiriləcək tədbirin tarixinə ən azı 5 gün qalmış tədbirin keçirilmə tarixi, başlama və bitmə vaxtı, qonaq sayı barədə məlumatlar portala daxil edilməlidir. Şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı karantin rejiminin qaydalarına əməl edilməsi ilə bağlı şənlik və məkan sahibi birlikdə məsuliyyət və cavabdehlik daşıyırlar. 150 nəfərdən artıq iştirakçısı olan şənlik mərasimlərinin keçirilməsi növbəti yumşalma barədə qərar qəbul olunanadək qadağandır.

- İnzibati Xətalar Məcəlləsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, 2021-ci il iyulun 1-dən Azərbaycanda toy və nişan mərasimlərinə qoyulan qadağa aradan qaldırılıb. "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" Nazirlər Kabinetinin qərarında edilən dəyişikliyə görə, mərasimlərdə qonaqların sayı 150 nəfərdən çox ola bilməz, üstəlik, toy gecə yarısından əvvəl bitməlidir.

Qonaqların sayı 50 nəfərədək olduqda onların maska taxması (yemədikləri zaman) vacib olsa da, toya COVID-19 pasportu olmayanlar da gələ bilərlər. Ancaq toya 50 nəfər və daha artıq şəxs gəlibsə, onlardan COVID pasportu tələb olunacaq. Restoran və şadlıq evlərinin personalının 80%-nin koronavirus immuniteti barədə sertifikatı olmalı, onlar mütləq maska taxmalıdırlar (musiqiçilər istisna olmaqla).

22
İvan Tixonov

On nəfərə bir qələbə: Azərbaycanlı idmançıların Tokioda ilk günü

13
Tokio Olimpiadasında ilk yarış gününün nəticələrinə görə, medal sıralamasında üç qızıl və bir bürünc medal qazanan Çin birincidir.

BAKI, 24 iyul - Sputnik. Tokio Yay Olimpiya Oyunlarının ilk yarış günü azərbaycanlı idmançılar üçün uğursuz keçdi. Sputnik Azərbaycan bildirir ki, onlardan yalnız biri uğurlu start götürə bilib.

Cüdo

İlk məyusedici xəbərlər cüdodan gəldi. Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) ilk pillələrdən yarışdan ayrıldılar. Hüseynov öncə britaniyalı Eşli Makkenzini udub, gürcü Luxumi Çxvmianiyə uduzdusa, Qurbanova elə ilk görüşündəcə Katarina Koştaya (Portuqaliya) məğlub oldu.

Veloyürüş

Vaxtından əvvəl yarışı dayandıranlardan biri də velosipedçi Elçin Əsədov oldu. 234 km-lik şosse yürüşünün, demək olar ki, yarısını keçəndən sonra yıxıldı. 

Güllə atıcılığı

Snayperimizi Ruslan Lunyov da uğursuzluğa düçar oldu. 10 metrlik məsafəyə pnevmatik tapançadan atəşdə 20-ci yerə düşərək finala çıxa bilmədi. Ancaq birinci gün çıxış edən idmançılarımızın çoxundan fərqli olaraq, Lunyov hələ Oyunlarda iştirakını yekunlaşdırmayıb - 25 m-lik məsafəyə xırda kaliberli tapançadan atəş yarışında da qüvvısini sınayacaq. 

Üzgüçülük

 

Üzgüçülərimiz Maksim Şemberev və Məryəm Şeyxəlizadəxangah Tokiodakı Olimpiadada uğursuz çıxış ediblər.

400 m məsafədə kompleks üzgüçülükdə çıxış edən Şemberev 4:19.40 dəqiqə nəticə ilə çıxışını yekunlaşdırıb. O, öz yarımqrupunda sonuncu - səkkizinci yer tutub. Ümumi sıralamada isə 29 iştirakçı arasında 26-cı ola bilib. Yarımfinala çıxa bilməyən Şemberev Olimpiadadakı işini yekunlaşdırıb.

Şemberev üçün bu, ikinci Olimpiadadır. 2012-ci ildə Londonda o, Ukrayna bayrağı altında çıxış edirdi.

100 m məsafədə batterflyay üsulu ilə yarışda Məryəm Şeyxəlizadəxangah finişə 1:01,37 dəqiqə nəticə ilə çataraq, üç nəfərdən ibarət yarımqrupda birinci olub. Yekun hesabda isə 33 yarışçı arasında 30-cu olub və o da Tokiodakı çıxışını bitirib.

 

Məryəmdən kimsə nəticə gözləmirdi, o, Beynəlxalq Federasiyanın kvotası ilə Olimpiadaya gəlib, Şemberev isə lisenziya normativini yerinə yetirmişdi və ən azı, onun yarımfinala çıxacağına ümid edirdik.

Boks

İdman həvəskarlarına ən böyük məyusluğu isə boks yarışları yaşatdı. Titullu idmançı, Riodakı 2016-cı il Olimpiadasının gümüş mükafatçısı Lorenso Sotomayordan (69 kq), heç olmasa, medallar uğrunda mübarizə gözlənilirdi, birinci dövrədən kənarda qalmaq yox. O isə 1/16 finalda Gürcüstan təmsilçisi Əsgərxan Madiyevə uduzdu. Görüşü üçüncü raundda Sotomayorun zədəsi səbəbindən (qanaxma) saxladılar, ancaq Azərbaycan yığmasının kubalı legioneri üçün qələbə ümidi heç yox idi də: ilk iki raundu o uduzmuşdu.

57 kq çəki dərəcəsində çıxış edən boksçumuz - Tayfur Əliyev növbəti mərhələyə adlamağa layiq idi. Çünki 1/16 mərhələdə Vyetnam təmsilçisi Duaonq Van Nquenə qarşı yaxşı döyüşürdü. Ancaq hakimlər mübahisəli qərar verərək qələbəni vyetnamlının adına yazdılar (2:3).

 

Boksçumuz Məhəmməd Abdullayev (91 kq çəki dərəcəsi) isə Azərbaycan təmsilçiləri arasında Tokiodakı Olimpiadada qələbə qazanan yeganə idmançı oldu. 1/16 finalda o, Bəhreyn təmsilçisi Denis Latipovla görüşündən 3:1 hesabı ilə qalib ayrıldı. Düzdür, püşkatmada onun heç bəxti gətirməyib: növbəti mərhələdə o, dünya çempionu, Özbəkistan təmsilçisi Bahodir Calolovla görüşəcək. Bu görüş iyulun 29-da olacaq.

İdman gimnastikası 

Təmsilçilərimizdən Tokiodakı ilk yarış günündə sonuncu çıxış edən isə idman gimnastı İvan Tixonov oldu. O, təsnifatda 45-ci yer tutaraq, adını finala yazdıran 24 nəfərin arasına düşə bilmədi.

Medal hesabı

Tokio Olimpiadasında ilk yarış gününün nəticələrinə görə, medal sıralamasında üç qızıl və bir bürünc medal qazanan Çin birincidir. İkinci yerdə Yaponiya ilə İtaliya qərarlaşıblar: hərəyə bir qızıl və bir gümüş medal. İlk onluğa həmçinin 4. Koreya (1, 0, 2), 5. Macarıstan, Kosovo, Tailand, Ekvador, İran (1, 0, 0), 10. Serbiya, Rusiya (0, 1, 1) daxildir.

13
Teqlər:
atıcılıq, gimnastika, cüdo, şosse velosipedi, üzgüçülük, boks, idmançılar, azərbaycanlı, Tokio Yay Olimpiya Oyunları

Təhsil naziri müəllimlərin imtahanı ilə bağlı söz verdi

10
Təhsil naziri əmin edib ki, araşdırmaların nəticəsinə əsasən növbəti 3 gün ərzində müvafiq qərarlar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq.

BAKI, 24 - iyul - Sputnik. Azərbaycanın Təhsil naziri Emin Əmrullayev müəllimlərin işə qəbulu ilə əlaqədar keçirilmiş imtahanlardan narazılıqlara dair açıqlama verib.

"2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu imtahanlarında namizədlərə təqdim olunmuş test tapşırıqları haqqında sosial mediada yayılmış narazılıqlardan məlumatlıyıq. Bunları nəzərə alaraq, ekspert komissiyası tərəfindən test tapşırıqlarının müxtəlif seanslar üzrə müqayisəli elmi-statistik təhlili aparılacaq", - deyə nazir sosial şəbəkə hesabında qeyd edib.

O əmin edib ki, araşdırmaların nəticəsinə əsasən növbəti 3 gün ərzində müvafiq qərarlar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq.

 

Qeyd edək ki, imtahanda iştirak edən müəllimlər sosial şəbəkələrdə xüsusilə ədəbiyyatdan verilən sualların məzmunundan, ümumilikdə isə suallar üçün az vaxt ayrılmasından şikayət ediblər.

Eləcə də oxuyun:

10
Teqlər:
imtahan, işə qəbul, müəllim, Emin Əmrullayev, təhsil naziri, təhsil