Bankada manat, arxiv şəkli

Aqrar sığorta barədə bilməli olduğumuz hər şey

16
(Yenilənib 22:55 10.07.2021)
İstənilən fermer əkin sahəsini və heyvanlarını sığortalayıb, hadisə baş verəndə ödənişini ala bilər.

BAKI, 10 iyul — Sputnik. Ötən həftə Azərbaycanda ilk aqrar sığorta ödənişi həyata keçirilib. Göygöl rayonunun Üçtəpə kəndində yerləşən heyvandarlıq təsərrüfatında sığortalı iribuynuzlu mal-qara xəstəlik səbəbindən məcburi kəsimə verilib. Təsərrüfatın sahibi olan fermerə 3 min manatdan artıq sığorta ödənişi həyata keçirilib.

Aqrar Sığorta Fondunun (ASF) İdarə Heyətinin sədri Fuad Sadıqov ilk aqrar sığorta hadisəsi, əkinlərin və heyvanların sığorta şərtləri, qiymətləri və bu sahədə gözlənilən yeniliklərlə bağlı sualları cavablandırıb.

- Fuad müəllim, ilk növbədə ilk aqrar sığorta ödənişinin təfərrüatları barədə məlumat verərdiniz. Təsərrüfatda hansı hadisə baş vermişdi və ödəniş necə həyat keçirildi?

- İlk öncə qeyd edim ki, Göygöl rayonunun ərazisində fəaliyyət göstərən fermer bizə könüllü olaraq müraciət edərək təsərrüfatını, 70 baş inəyi sığortalayıb. Sığorta müqaviləsi 3 illik müddətə bağlandı və sığorta haqqının 50 faizə qədərini dövlət ödədi. Yerdə qalan 50 faizi biz fermerimizə imkan yaratdıq ki, növbəti 2 il ərzində hissələrlə ödəsin. Sığorta hadisəsi bir neçə gün əvvəl baş verdi, bu barədə Fonda məlumat verildi. Qaydalara uyğun olaraq təsərrüfata dərhal müstəqil ekspert göndərildi. Ekspert heyvanı müayinə etdi, məlum oldu ki, sağalması mümkün deyil və məcburi kəsimə verilməlidir. Qərar verildi, heyvan məcburi kəsimə yönləndirildi. Bu zaman heyvanın faydalı ətinin 2000 manat dəyərində olduğu müəyyən edildi və məcburi kəsimdə fermer faktiki olaraq 2000 manat vəsait əldə etdi. Heyvanın isə qiyməti 5000 manat olduğundan biz yerdə qalan 3000 manatı təzminat olaraq iyunun 29-da fermerimizə ödədik. Və beləliklə, bir heyvanın sığortalanmasına 150-200 manat vəsait ödənildiyi halda, fermerimiz bunun qarşılığında 5000 manatdan artıq vəsait əldə edib.

- Aqrar sığorta çərçivəsində hansı heyvanlar sığortalanır və sığorta haqqı necə hesablanır?

- Ümumiyətlə hazırda aqrar sığorta vasitəsilə 14 növ bitkini, kənd təsərrüfatı heyvanlarından isə südlük inəkləri sığortalamaq mümkündür. Yeri gəlmişkən, qarşıdakı aylarda bu siyahı həm bitkilər, həm də heyvanlar üzrə genişlənəcək. Sığorta tarifləri və sığorta haqlarına gəlincə, Aqrar Sığorta Fondu bu barədə daim ictimaiyyəti məlumatlandırır. Heyvanların sığortalanması üçün tariflər 6,1%-9,5% arasında dəyişir. Sığorta haqqının yarısını da dövlət ödəyir. Bu hesabla məsələn, qiyməti 1000 manat olan qeyri-cins heyvanın sığortalanması üçün sığorta haqqı 60 manatdır. Bunun yarısını, yəni 30 manatını fermerimizin yerinə dövlət, qalan 30 manatını fermer özü ödəyir. Bəs hadisə baş verdikdə nə olur? Fermer dərhal Fonda məlumat verir – bu şərtdir. Biz müstəqil ekspertləri hadisə yerinə göndəririk, onlar sığorta hadisəsi harada baş veribsə, orada hadisəni qiymətləndirirlər, hadisənin özünü, səbəbini, dəyən zərəri müəyyən edirlər və rəsmi qaydada fonda təqdim edirlər. Bundan sonra Fond yeddi iş günü ərzində bütün sənədləri emal edib, hazırlayıb sığorta ödənişini həyata keçirir. Yəni, istənilən fermer əkin sahəsini və heyvanlarını sığortalayıb, hadisə baş verəndə ödənişini ala bilər. Bir şərtlə ki, bu sahə və heyvanlar elektron sistemdə qeydiyyatdan keçmiş olsun.

- Bəs bitkilərin, əkin sahələrinin sığortası neçəyə başa gəlir?

- Xatırladım ki, aqrar sığorta vasitəsilə ölkədəki əsas bitkiləri - buğda, arpa, qarğıdalı, çəltik, kartof, pambıq, üzüm, şəkər çuğunduru, çay, tütün, fındıq, portağal, naringi və limon bitkilərini sığortalamaq mümkündür. Sığorta tariflərinə gəlincə, ölkə üzrə bir hektar buğda və ya arpa sahəsinin sığorta haqqı 17-18 manat təşkil edir. Fərz edək ki, bir fermer bir hektardan 1000 manat məhsuldarlıq götürür. 1000 manat məhsulunu sığortalamaq üçün 17 manat sığorta haqqı ödəyir.

- Sığorta haqqı regionlar üzrə dəyişir?

- Bəli, mən sizə orta rəqəmləri deyirəm. Bəzi regionlarda sığorta haqqı daha aşağı – 7-10 manatdır. Fərz eləyək, bir hektar sahənin sığorta haqqı 16 manat edirsə, bunun 8 manatını dövlət, yerdə qalan 8 manatlı fermer özü ödəyir. Hadisə baş verdikdə isə, fermerə o sahədən nə qədər zərər dəyibsə, biz ödəyəcəyik. Məsələn, fermer sahədən 1000 manatlıq məhsul götürəcəkdisə və hadisə nəticəsində 800 manat ziyan dəyib, 200 manatlıq məhsul götürübsə, 800 manatlıq zərəri fermerə ödəyirik.

- Son günlər Azərbaycanın müxtəlif ərazilərində açıq sahələrdə yanğın hadisələri baş verir, taxıl sahələri yanır. Bu sahələr arasında sığortalanan varmı və onlara görə ödəniş ediləcəkmi?

- Qeyd edim ki, artıq sığortalı fermerlərimiz yanğınlarla bağlı bizə müraciət edirlər. Məsələn, Samux və Hacıqabulda buğda, arpa əkən təsərrüfatçılar bizə müraciət edir ki, xırda yanğınlar var. O yanğınlar ekspertlərimiz tərəfindən qiymətləndirilib və yaxın gələcəkdə həmin təsərrüfatlara ödənişlər də veriləcək. Hadisələrimiz təkcə yanğınla bağlı deyil. Bir neçə gün əvvəl İsmayıllıda dolu yağmışdı, Yevlaxda, Aran zonasında isə leysan yağışlar və sel, su basması olmuşdu. Bu hadisələr də ekspertlərimiz tərəfindən qiymətləndirilib və sığortalılarımıza ödənişlər ediləcək.

- Qeyd etdiniz ki, sığortalanan heyvan və bitkilərin siyahısı genişlənəcək. Bura nələr əlavə olunacaq?

- Bəli, Fond tərəfindən hökumətə aqrar sığorta predmetlərinin, yəni sığortalanacaq bitkilərin siyahısının genişlənməsi ilə bağlı təkliflər təqdim edilib. Bu təkliflərə əsasən həmin siyahıdakı bitkilərin 45-ə çatdırılması gözlənilir. İlkin olaraq deyim ki, bura yonca, soya, soğan, demək olar ki, əksər meyvələr, bostan bitkiləri və başqaları aiddir. Sığortalanan heyvanların da siyahısı genişlənəcək. Artıq südlük inəklərlə yanaşı, iribuynuzlıu ətlik heyvanlar və xırdabuynuzlu heyvanların  - qoyun və keçi təsərrüfatlarının da sığortalanması mümkün olacaq. Eləcə də arı təsərrüfatları da sığortalana biləcək. Yəni, aqrar sığorta mexanizmi ildən-ilə genişlənəcək və xidmətlərin əhatə dairəsi böyüyəcək.

- Fuad müəllim, fermerlər tərəfindən aqrar sığortaya maraq necədir, iş adamları təsərrüfatlarını sığortalamağa meyllidirlərmi?

- Bəli, bu sahədə əvvəlki illərdə görünməyən aktivlik var. Ötən illərdə həm sığorta müqaviləsinin sayı, həm də yığılan sığorta haqlarının məbləği az olduğu halda, biz bu ilin ilk üç ay ərzində təqribən 12 min hektar əkin sahəsini (əsasən buğda, arpa, üzüm və pambıqçılıq təsərrüfatları) sığortalamışıq. Bundan əlavə, 2 mindən artıq iribuynuzlu heyvan sığortalanıb. İndiyədək ümumilikdə 2 milyon manata yaxın sığorta haqqı toplanılıb. İlin əvvəlindən indiyədək yığılan sığorta haqları isə 1,7 milyon manat təşkil edir. Bunun 1,2 milyon manatı heyvanların sığortasından, təqribən 500 min manat isə əkin sahələrinin sığortasından daxil olub. Bu yaxşı bir göstəricidir və ilin sonunadək onun 3-4 qat artmasını gözləyirik. Xatırladım ki, aqrar sığorta icbari deyil, könüllüdür. Təsərrüfatını sığortalamış şəxslər isə öz qazanclarını və gəlirlərini qoruyurlar.

- Aqrar sığorta sistemi üçün müstəqil aqrar sığorta ekspertlərinin hazırlanması ilə bağlı vəziyyət nə yerdədir və kimlər müstəqil ekspert ola bilərlər?

- Aqrar sığorta risklərinin qiymətləndirilməsi, sığorta hadisəsinin ilkin rəyinin verilməsi, qiymətləndirilməsi müstəqil ekspertlər tərəfindən həyata keçirilir. Ölkədə fəaliyyət göstərən aqronomlar, baytarlar, zootexniklər və əlaqəli ixtisasların sahibləri müstəqil ekspert ola bilərlər. Bunun üçün Dövlət İmtahan Mərkəzi tərəfindən imtahanlar təşkil olunur, o imtahanları uğurla keçən şəxslərə Aqrar Sığorta Fondunda təlim keçilir və Mərkəzi Bank tərəfindən sertifikat verilir. Bundan sonra həmin şəxslər bizimlə əməkdaşlıq edə bilərlər.

- İndiyədək neçə müstəqil ekspert hazırlanıb?

- Namizədlərin sayı 100-ə yaxın idi, 14 nümayəndə imtahanları uğurla başa vuraraq müstəqil ekspert sertifikatı alıb. Bu, ilkin olaraq yaxşı nəticə olsa da, özü-özlüyündə kiçik göstəricidir. Yəni, 14 müstəqil ekspert ölkə miqyasında aqrar sığortanın ehtiyaclarını ödəməyə kifayət etmir. Artıq yeni imtahanlar keçirilir və düşünürük ki, ilin sonunadək bu rəqəmi 50-yə çatdıra biləcəyik. Müstəqil ekspert peşəsi kifayət qədər gəlirlidir. Yəni, ay ərzində hadisələrin qiymətləndirilməsi, sığorta müqaviləsinin bağlanıb-bağlanmaması və rəyinin verilməsi nəticəsində ortalama 800-900 manat vəsait əldə edə bilərlər. Özü də bu şəxslər dövlət və ya özəl sahədə işləyərək, öz əsas iş yerlərin saxlayaraq bu fəaliyyətlə məşğul ola bilərlər.

- Bir qədər əvvəl məlum oldu ki, Azərbaycanda tətbiq edilən aqrar sığorta modelinə başqa ölkələr də maraq göstərir və bu təcrübədən yararlanmaq istəyirlər. Söhbət hansı ölkələrdən gedir?

- Artıq bizim ölkədə tətbiq edilən aqrar-sığorta modeli digər qonşu ölkələrdə də maraq doğurur. Belə ki, artıq Qazaxıstanda, Özbəkistanda bu modellərin tədqıq edilməsinə dair müraciətlər edilir. Bildiyiniz kimi, Azərbaycanda bu sistem Türkiyənin TARSİM modelinin üzərində və bu təşkilatın dəstəyi ilə qurulub. Bu, dünyada kifayət qədər məşhur və uğurlu bir modellərdəndir, hansı ki, dövlət-özəl əməkdaşlığı prinsipləri üzərində formalaşdırılıb. Uğurlu təcrübəsinə görə, ona başqa ökələrin də marağı böyükdür.

16
Əli qandallanmış kişi polis bölməsində, arxiv şəkli

Qərb bölgəsində "ənənəvi" narkotik maddə alverçiləri ələ keçiblər

3
Goranboy rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış Nurəddin Ələkbərovun üzərindən narkotik vasitə olan "tiryək" və "heroin" aşkar edilərək aşkar edilərək götürlüb.

BAKI, 25 iyul — Sputnik. İyulun 25-i istirahət gününə təsadüf etsə də, narkotacirlər sən demə iş başında imiş. Sputnik Azərbaycan günün narkomaniya ilə mübarizə xronikasını təqdim edir:

Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarında rayon sakini, əvvəllər məhkum olunmuş Nürəddin Ələkbərovun qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əsaslı şübhələr yaranıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin şəxs şübhəli qismində saxlanılaraq polis şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı N. Ələkbərovun üzərindən narkotik vasitə olan "tiryək" və "heroin" aşkar edilərək aşkar edilərək götürlüb.

RPŞ əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri də uğurla nəticələnib. Belə ki, rayon sakini, əvvəllər məhkum olunumuş, qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamaqda şübhəli bilinən Elmin Uğurluyev saxlanılarkən üzərindən narkotik vasitə olan "heroin" aşkar edilərək götürülüb.

Bundan başqa polis əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində, əvvəllər məhkum olunmuş Murad Ələkbəri saxlanılıb və üzərindən narkotik maddə olan "heroin " aşkar edilib.

Rayon sakini Hətəm Uğurluyev saxlanılan zaman isə ondan narkotik vasitə olan, qurudulmuş "marixuana" şkar olunub.

Maddi sübutlar ekspertizaya təqdim olunub. Saxlanılan şəxslərlə bağlı Goranboy RPŞ-də araşdırmalar davam etdirilir.

Zaqatalada da psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri həyata keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şöbənin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı üzərində metamfetamin (“patı”) daşımaqda şübhəli bilinən rayonun Əliabad qəsəbə sakini, əvvəllər də analoji cinayət əməlinə görə məhkumluq həyatı yaşayan Elgüc Ağaməmmədov saxlanılıb. Şəxsi axtarış zamanı həmin şəxsdən metamfetamin aşkarlanaraq götürülüb. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, dünən Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun əsasən "Kubinka", "Şamaxinka" və digər ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetamin, yəni "patı"nın qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 9 nəfər tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Zeynal Qarayev, Əhliman Məmmədov, Vüsal Əliyev, Bahar Bayramova, Rəşad Həsənov, Elnur Hacıyev, Mustafa Sarıyev, Musa Əliyev və Natiq Ramazanov tutularaq istintaqa təqdim olunublar.

Bu şəxslərin üzərlərinə və evlərinə baxış zamanı külli miqdarda heroin, psixotrop maddə olan metamfetamin, heroin və elektron tərəzilər aşkar edilərək götürülüb. Bu şəxslər izahatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbirləri seçilib. Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

3
Taksi

Operativ Qərargah üzvlərinin taksi şirkəti, yaxud ictimai nəqliyyat qadağası üçündür?

89
(Yenilənib 19:50 25.07.2021)
Vətəndaşlar həftəsonları və bayram günləri ictimai nəqliyyatın fəaliyyətinin dayandırılmasının  onların sosial durumuna mənfi təsir etdiyindən şikayətlənirlər.

BAKI, 25 iyul — Sputnik. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 sentyabr saat 06:00-dək uzadılıb. Bu qərarda bildirilir ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə 2021-ci il 31 iyul saat 00:00-dan 2 avqust saat 06:00-dək, 7 avqust saat 00:00-dan 9 avqust saat 06:00-dək, 14 avqust saat 00:00-dan 16 avqust saat 06:00-dək, 21 avqust saat 00:00-dan 23 avqust saat 06:00-dək, 28 avqust saat 00:00-dan 30 avqust saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

İctimai nəqliyyata həftəsonu qadağasının uzadılması sosial platformada ciddi narazılıqla qarşılanıb. Vətəndaşlar həftəsonları və bayram günləri  ictimai nəqliyyatın fəaliyyətinin dayandırılmasının  onların sosial durumuna mənfi təsir etdiyindən şikayətlənirlər. Onlardan bir neçəsi həftəsonu və bayram günlərində ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağanın ailə büdcələrinə təsiri barədə fikirlərini Sputnik Azərbaycan-la bölüşüb.

Bayram günlərində ictimai nəqliyyata qadağa taksilərdə qiymətləri bahalaşdırdı

37 yaşlı Səidə Qurbanova paytaxtdakı özəl klinikalardan birində tibb bacısı işləyir. Onun sözlərinə görə, istirahət və bayram günlərindən asılı olmayaraq çalışdığı xəstəxanada növbəsi düşürsə işə getməlidir: “İşlədiyim xəstəxanada 6 gün iş rejimidir. Şənbə və bazar günləri isə ictimai nəqliyyat işləmir. Mən məcburam ki, Masazır qəsəbəsindən işə taksi ilə gəlib-gedəm. Bu azmış kimi bayram günlərində də icimai nəqliyyatın hərəkəti dayandırılır. Belə çıxır ki, heç kəs istirahət günlərində, bayram günlərində iş başında olanları fikirləşmir. Mən dörd günlük Qurban bayramı tətilinin üç gününü işə taksi ilə gedib-gəlmişəm. Bayram günləri taksiyə təlabat artdığından, şənbə və bazar günləri taksiyə xərclədiyimdən daha çox pulum çıxıb. Bayram günlərində 1 manatlıq taksilər qiyməti 3 manata qaldırmışdılar. Taksi şirkətləri isə qiyməti ikiqat artırmışdı. Əvvəl 4 manat 80 qəpiyə Masazırdan 20 yanvara qədər getdiyim yolu bayram günlərində 9 manat 60 qəpiyə getməli oldum. Ordan işə isə 1 manatlıq taksi tapmağı ümid etsəm də taksilər qiyməti üç manata qaldırmışdı. Bir gün işə gedib-gəlməyim mənə 25 manata başa gəldi. Aylıq maaşım isə 456 manatdır” deyə vətəndaş bildirir.

Əzim Şabanov isə mebel ustasıdır. Onun sözlərinə görə, bayram-bazar olmasından asılı olmayaraq baş usta olduğu üçün işdə olmaldır. Həmsöhbətimiz deyir ki, bayram günlərində, eləcə də şənbə-bazar ictimai nəqliyyatın fəaliyyəti dayandırıldığından, bütün işləyənlər kimi o da taksi xidmətinin ümidinə qalıb: “Şənbə və bazar günlərində, eləcə də bayram günlərində ictimai nəqliyyatın fəaliyyətinə qadağa qoyanlar aztəminatlı insanları, hər gün işləmək məcburiyyətində olanları başa düşmürlər. Azərbaycanda hər kəsin şəxsi avtomobili yoxdur. Mən şənbə və bazar günlərində, eləcə də bayramda taksiyə gündəlik 35 manatdan çox pul xərcləmişəm. İş yerim “Xalqlar Dostluğu” metrosuna yaxın olduğundan, taksi ilə 16 manat 50 qəpiyə işə getmişəm. Dörd günə 100 manatdan çox taksiyə xərcim çıxıb. Hökumət bizim kimi insanların vəziyyətini nəzərə alıb ictimai nəqliyyatın fəaliyyətinə həftəsonu və bayram günləri qoyduğu qadağanı aradan qaldırmalıdır. Taksilərə n şənbə-bazar  və bayram günləri təlabat artdığından qiymətlər daha da bahalaşır. Mənim işlədiyim sexdə iki nəfər taksiyə verməyə pulu olmadığından bayram günləri işləyə bilmədi. Bu isə onların qazancına təsir edir”deyə Ə. Şabanov bildirir.

Taksi şirkətlərindən də bayram günlərində və şənbə-bazar qiymətlərin bahalaşdığını təsdiqlədilər.  “Ulduz” taksi şirkətindən bildirdilər ki, bayram günlərində, eləcə də şənbə-bazar günləri taksilərə təlabat kəskin artır. Bu isə bazar iqtisadiyyatının prinsiplərinə görə, avtomatik olaraq taksi xidmətlərinin bahalaşmasına səbəb olur.  Taksi şirkətlərindən qiymətlərdə adi günlərlə müqayisədə 4-5 manat civarında bahalaşmanın olduğunu təsdiqlədilər.

Qadağanın təhlükəsizlik baxımından əhəmiyyəti qalmayıb!?

İqtisadçı ekspert Samir Əliyev həftəsonu ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağanın səhv olduğunu və təcili ləğv edilməli olduğunu söyləyir. Ekspert deyir ki, həftəsonu və bayram günlərində ictimai nəqliyyatın fəaliyyəti pandemiya dövründə yoluxmaların artmaması səbəbindən dayandırılsa da, artıq bu qərarın təhlükəsizlik baxımından əhəmiyyəti qalmayıb. Samir Əliyev həftəsonu və bayram günlərində ictimai nəqliyyatın fəaliyyətinə tətbiq edilən məhdudiyyətin sosial baxımdan həssas təbəqələrin büdcəsinə əhəmiyyətli dərəcədə zərər vurduğunu söyləyir: “Taksilərə 4 nəfər əyləşir və avtobusdan fərqli olaraq bir-birinə daha yaxın məsafədə otururlar. Bu zaman yoluxmanın qarşısı alınmır. Əksinə, sıx təmas olduğundan virusa yoluxma üçün münbit şərait yaranır. Bundan əlavə gediş haqqı baha başa gəlir. Taksilərdə gediş haqqı 1 manat olsa belə sərnişinlər avtobuslardan (30 qəpik) fərqli olaraq 3 dəfədən çox gediş haqqı ödəməli olurlar. Nəzərə alsaq ki, son günlər 1 manatlıq taksilər də həftəsonu qiyməti iki-üç manatadək bahalaşdırır, bu zaman taksidən istifadə etmək məcburiyyətinə qalanların vəziyyətini düşünmək elə də çətin deyil.  Bu şənbə və bazar, eləcə də bayram günləri işləyənlər üçün əlavə xərcdir”.

S. Əliyev deyir ki, şəhər yerlərində tıxacların qarşısını alınması yollarından biri də ictimai nəqliyyatın səmərəli işləməsidir: “Bizdə isə onsuz da səmərəli işləməyən nəqliyyat həftəsonu tamam dayanır. 1 və 2 manatlıq taksilər hesabına tıxac daha da artır.  Təsəvvür edin 40 nəfər aparan 1 avtobus əvəzinə 10 ədəd minik maşını xidmət göstərir. Üstəgəl həftəsonları şəxsi maşınlardan istifadə artır.  Bundan  əlavə ictimai nəqliyyat qadağası kölgə iqtisadiyyatını çiçəkləndirir. Şəhərdaxili nəqliyyatın şənbə-bazar, eləcə də bayram günləri əldə edə biləcəyi gəlirdən dəfələrlə çox vəsaiti qanunsuz işləyən taksilər qazanır. Həmin vəsait fakiti olaraq vergidən kənarda qalır. Ona görə də Nazirlər Kabineti yanında Operativ Qərargah qərarlar qəbul edərkən bu amilləri nəzərə almalıdır".

"Bu qərarların ən böyük zərbəsi kasıb insanlara dəyir"

Millət vəkili Sabir Rüstəmxanlı Sputnik Azərbaycan-a açıqlamasında  bildirib ki, Operativ Qərargahın qərarları pandemiya dövründə əhalinin sağlamlığının qorunması məqsədilə qəbul olunur. Deputat deyir ki, toylara qoyulan qadağanın aradan qaldırılmasından sonra yoluxma sayının artması, pandemiya dövründə qərarların yumşaldılmasının bəzən təhlükə yaratdığını ortaya çıxartdı. Bununla belə Sabir Rüstəmxanlı həftəsonları, eləcə də bayram günlərində ictimai nəqliyyatın fəaliyyətinin dayandırılmasının düzgün olmadığı fikrindədir: “Avtobuslar və metro həftəsonları da işləməlidir. İnsanlar metro işləmədiyi dövrdə avtobusların ümidinə qalmışdı. Avtobuslarda nəticədə sıxlıq yaranmışdı. Metronun fəaliyyətinə icazə verildikdən sonra avtobuslarda sərnişin sıxlığı azaldı. Mənim fikrimcə də həftəsonu ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılmamalıdır. Amma digər tərəfdən yaxşı tərəfi odur ki, ölkəmizdə taksi qiymətləri ucuzlaşıb” deyə S. Rüstəmxanlı bildirir.

Millət vəkili Fazil Mustafa isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın həftəsonu və bayram günləri ictimai nəqliyyatın hərəkətini tam məhdudlaşdırması, Qərargah üzvlərindən hansınınsa taksi şirkəti olduğuna, gəliri taksi şirkətlərinə yönəltdiyinə şübhələr yaradıb: “ Qərarlar qəbul edilərkən vətəndaşların sosial durumu mütləq nəzərə alınmalıdır. Amma Operativ Qərargahın ictimai nəqliyyatla bağlı qəbul etdiyi qərarda taksi şirkətlərinin marağı güdülür. Elə qərar qəbul olunur ki, taksi şirkətləri daha çox gəlir əldə edir. Bu qərarların ən böyük zərbəsi kasıb insanlara dəyir. Hansı ki, onlar gündəlik çörək arxasınca gedir və mütləq əksəriyyətinin şəxsi avtomobili yoxdur. Bu qərarlar verilərkən yoxsul insanlar və orta təbəqə nəzərə alınmalıdır. İctimai nəqliyyata həftəsonu qadağasını uzatmaq düzgün qərar deyil. Bu qərarın heç bir əhəmiyyəti qalmayıb” deyə F. Talıblı bildirir.

Qeyd edək ki, pandemiya dövründə ictimai nəqliyyatın fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tənzimlənir. Buna görə də, istər sərnişindaşıma ilə məşğul olan marşrut sahibləri, istərsə də Bakı Metropoliteni qərar verməkdə sərbəst deyil.

 

89