Meşə, arxiv şəkli

Meşələrdə aqrobağlar salınsın, ya yox - Haftoni meşələrində baş verir?

138
(Yenilənib 17:21 09.07.2021)
Ekoaktivistlər meşə torpaqlarında aqrobağların salınması üçün icarəyə verilən torpaqlarda ekosistemin məhv edildiyini iddia edirlər. Nazirlik isə bundan sonra aqrobağ üçün icarəyə verilən meşə torpaqlarının əvvəlki vəziyyətinin videogörüntüsünün çəkiləcəyini söyləyir.

BAKI, 9 iyul — Sputnik. Bir neçə gün öncə bir qrup ekoaktivist Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qarşısında aksiya keçirərək meşələrdə aqrobağların salınmasına etiraz edib. Onlar meşə torpaqlarının aqrobağlar üçün sahibkarlara icarəyə verilməsinin dayandırılmasını tələb ediblər. Ekoaktivistlərin iddiasına görə, aqrobağların salınması üçün icarəyə verilən meşə torpaqlarında ağaclar qırılır, meşə ekosistemi məhv edilir.

Meşələrdə aqrobağlar salınarkən meşələr məhv edilir?

“Ecofront” təşkilatının təsisçisi, ekoaktivist Cavid Qara Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, onların etirazı həm meşə fonduna aid ərazilərin icarəyə verilməsi, həmçinin də icarə müddətinin 39 il artırılması ilə bağlıdır: “2017-ci ildən etibarən meşə fondu torpaqları aqrobağlar üçün 10 il müddətinə icarəyə verilirdi. Bu müddəti 10 ildən 49 ilə qədər artırdılar. Bundan sonra meşələrin qırılmasına başlanıldı”.

C.Qara deyir ki, meşə torpaqları ancaq meşənin bərpa məqsədilə icarəyə verilə bilər:

“Bundan əlavə, meşələrdə açıq talalarda meşə bitkiləri əkilməlidir. Amma bu gün Haftoni meşəsində meşə bitkiləri ilə örtülü ərazini kürüyüb aqrobağ salırlar. Meşəni məhv edib çay plantasiyası salırlar. Hirkan meşəsində “Qırmızı kitab”a  düşən ağaclar var. Aqrobağ salanlar meşədəki həmin ağacları belə qırırlar”.

Ekoaktivist bildirir ki, Azərbaycanda ərazinin 10 faizdən bir qədər çox hissəsini meşə təşkil edir. Bu çox az rəqəm olduğundan meşələrin qorunmasına ehtiyac var.

Subsidiyalar meşələrin qırılmasına rəvac verir

C.Qara deyir ki, meşələrdə aqrobağların salınmasına sahibkarları Kənd Təsərrüfatı Nazirliyinin verdiyi subsidiya cəlb edir: “Nazirlik bağlar salanlara 4 min manatdan çox subsidiya verir. Bu isə sahibkarlarda meşə fondunun torpaqlarında bağ salmağa həvəs yaradır”.

Ekoaktivistin dediyinə görə, meşə fondunun torpaqları çox aşağı qiymətə, hektarı illik 25 manata icarəyə verildiyindən sahibkarlar meşə torpaqlarını icarəyə götürməyə maraq göstərirlər. Çünki aldıqları subsidiya bundan dəfələrlə çoxdur. C.Qara deyir ki, buna görə nazirlik meşə fondunda salınan bağlara verilən subsidiyaları dayandırmalıdır: “Bununla hesab edirəm ki, meşə qırğınlarının qarşısı xeyli alınacaq. Həmçinin qeyd etdiyim kimi, meşə torpaqlarının 49 il müqavilə müddəti 10 ilə endirilməlidir”.

Ekoaktivistin sözlərinə görə, meşə torpaqlarının aqrobağ üçün icarəyə verilməsi nəticəsində son dörd ildə 5 min hektar meşə məhv edilib.

Nazirlik qanunla hərəkət etdiyini deyir

Ekologiya və Təbii Sərvətləri Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov isə deyir ki, meşə fondu torpaqlarının meyvə bağlarının salınması məqsədilə icarəyə verilməsi Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir. Onun sözlərinə görə, qaydaya görə, meşə fondu torpaqlarının icarəyə verilməsini Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.

Mirsalam Qənbərov bildirir ki, meşə bitkiləri ilə örtülü olmayan, yəni tala olan meşə torpaqları meşələrin bərpası məqsədilə icarəçiyə müqavilə əsasında 1 ildən 49 ilədək verilə bilər. O bildirir ki, meşə fondu torpaqlarının icarəyə götürülməsi üçün icarəçi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə müraciət etməlidir:

“Müraciət olunan gündən başlayaraq bir ay müddətindən gec olmamaqla icarəçi ilə icarə müqaviləsi bağlanılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərizəyə baxarkən məsələyə dair yerli meşə təsərrüfatı orqanlarının rəyini və şərtlərini əsas tutur. İcarə müqaviləsi bağlanılmadığı halda icarəçiyə onun səbəbləri göstərilməklə rəsmi izahat verilir ki, meşə torpağı hansı səbəbə görə icarəyə verilə bilməz”.

"İcarədarlar meşələri qırsalar, müqavilə dayandırılır"

Mirsalam Qənbərov deyir ki, meşə fondu torpaqlarından icarə hüququnu Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən hallarda məhdudlaşdıra və ya dayandıra bilər. “Meşə fondu torpaqlarından icarə hüququ icarəçi tərəfindən meşə qanunvericiliyi pozulduqda, fövqəladə vəziyyət törədən qəza, təbii fəlakət və bu kimi başqa hadisələr baş verdikdə, icarəçi tərəfindən meşə fondu torpaqlarının icarə haqqı müəyyən olunmuş müddətdə ödənilmədikdə, icarəçi tərəfindən icarə müqaviləsində nəzərdə tutulmuş şərtlər pozulduqda, icarəçi tərəfindən yanğın təhlükəsizliyi qaydalarına əməl edilmədikdə, meşə fondu torpaqları dövlət ehtiyacları üçün geri alındıqda məcburi xitam verə bilər”.

Nə qədər meşə torpağında aqrobağ salınıb?

Həmsöhbətimiz bildirir ki, meşələrdə aqrobağların salınması işlərinə 2017-ci ildən başlanılıb. 2018-2021-ci illərdə 84 hüquqi və fiziki şəxsə meşə torpağı icarəyə verilib. Bu müqavilələr əsasında 9013 hektar ərazi icarəyə verilib. Bu illərdə 10 halda müqavilə tələbləri pozulduğu üçün 658 hektar meşə torpağının müqaviləsinə xitam verilib”.

Meşə torpaqlarında aqrobağların yaradılmasına olan narazılıqlara münasibət bildirən M.Qənbərov deyir ki, meşə fondu ərazisində aqrobağların salınmasında məqsəd yaşıllıqların artırılması və səmərəli-iqtisadi-sosial layihələrin həyata keçirilməsidir: “Meşə fondundan daha səmərəli istifadəni təmin etməliyik. Sahibkarlar bu işə sərmayə qoyur, regionların sosial inkişafında rol oynayırlar”.

Sahibkarlara icarəyə verilən meşə torpaqlarında hansı ağacların əkilməsinə gəlincə, M.Qənbərov deyir ki, meşə ərazisində meşə bitkilərinin əkilməsi nəzərdə tutulur.

M.Qənbərov Haftoni meşələrində aqrobağ salınarkən meşə ekosisteminin məhv edildiyi ilə bağlı iddialara da cavab verib. O deyir ki, məsələni aydınlaşdırmaq üçün cənub bölgəsinə səfər edəcək:

"Mən şimal-qərb tərəfə, Zaqatalaya, aqrobağların salındığı əraziyə getmişəm. Oraları piyada gəzmişəm. Mənzərə və relyefi diqqətlə təhlil edəndə görünür ki, oradan səmərəli istifadəyə ehtiyac var. Bu günlərdə cənuba da səfərə hazırlaşıram. Orada yerində baxıb araşdıracağıq. Yerinə baxmadan, mütəxəssis olaraq analiz etmədən fikir söyləmək mümkün deyil", - deyə M.Qənbərov bildirib.

Həmsöhbətimiz deyir ki, bundan sonra aqrobağlar salınarkən meşənin əvvəlki vəziyyətinin videosu çəkiləcək. Aqrobağ salındıqdan sonra həmin video ilə müqayisə ediləcək: "Biz birmənalı olaraq meşələrdə ağacların məhv edilməsinə qarşıyıq. İcarədarlar qarşısında da şərt qoyuruq ki, əgər onların icarəyə götürdüyü ərazidə bir belə ağac varsa, biz tapşırırıq ki, o ağac ərazidə qalmalıdır. Heç bir halda kəsilə bilməz. Cəmiyyətə bəzən yanlış informasiya ötürərək səhv ictimai fikir formalaşdırırlar. Ona görə də biz bundan sonra aqrobağ üçün icarəyə verilən meşə torpaqlarının əvvəlki vəziyyətinin videogörüntüsünü çəkəcəyik", - deyə M.Qənbərov söyləyir.

Ekoloqlar meşədə aqrobağların salınmasının əleyhinədirlər

Ekoloqlar isə meşə torpaqlarının aqrobağ məqsədilə icarəyə verilməsini düzgün hesab etmirlər. Ekoloq Telman Zeynalov deyir ki, meşə fondu torpaqları icarəyə verilərkən icarə müqaviləsi bağlayan sahibkar meşənin ekosistemini məhv etməməli, meşədəki ağacları, kolları kəsib-tökməməlidir. Ekoloq aidiyyəti qurumların bu məsələyə nəzarət etməsinin vacib olduğunu söyləyir. Onun sözlərinə görə, meşəni qırıb aqrobağ yaratmaq yox, orada meşə yaratmaq lazımdır:

“Meşə fonduna toxunmaq olmaz. Azərbaycanda meşə çatışmazlığı var. Hazırda ölkə ərazisinin Qarabağı çıxmaqla 8,2 faizini meşə təşkil edir. Əslində ərazimizin 30 faizini meşə təşkil etməlidir".

Meşə torpaqlarının icarəyə verilməsindən nə qədər gəlir əldə olunub?

Qeyd edək ki, “Ecofront” vətəndaş təşəbbüsü Ekologiya və Təbii Sərvətlər Nazirliyinə meşə torpaqlarının icarəyə verilməsi prosesində şəffaflığın təmin edilməsi tələbi ilə müraciət edib. “Ecofront”un sosial şəbəkədə yayılan bəyanatında meşə fondu torpaqlarının aqrobağ salınması məqsədi ilə zəbt edilməsi və mövcud kolluq, seyrək meşəlik ekosistemlərin məhv edilməsindən narahatlıq ifadə edilir.

Bildirilir ki, 2017-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8582 hektar meşə fondu torpağını icarəyə verib. “Ecofront” vətəndaş təşəbbüsü  və deputat sorğusu ilə müəyyən edib ki, meşə ərazilərinin icarəyə verilməsindən üç il ərzində 217,8 min manat və ya ildə 16 manat əldə edilib. “Ecofront” nümayəndələri ictimaiyyətə açıq bir informasiya mənbəyi yaratmağı, icarəyə götürülmüş meşə ərazilərinin yeri barədə məlumat verilməsini təklif edirlər. “Ecofront” bildirir ki, meşə fondunun boş sahələri meşə bərpası üçün nəzərdə tutulub. Meşə fondunda aqrobağ salınması tamamilə qanunsuzdur.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Asim Mollazadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, meşələri qorumaq lazımdır. Onun sözlərinə görə, meşə torpaqlarında aqroparklar yaradılarkən buna ciddi əməl edilməlidir: "Meşələrdə də boş ərazilər olur. Hansı ki, orada ağac, kol olmur. Belə yerlərdən aqrar məqsədlər üçün istifadə etmək olar. Amma mütləq bunu elə etmək lazımdır ki, ağaclara zərər dəyməsin".

A.Mollazadə bundan əlavə, meşələrdə meşə bitkilərinin əkilməli olduğunu söyləyir. Onun sözlərinə görə, icarəyə verilən meşə torpaqlarından istifadəyə də nəzarət edilməli, meşə ekosistemini məhv edənlərlə icarə müqaviləsinə xitam verilməldir.

Xatırladaq ki, ekoaktivistlər Haftoni-Girdani meşəsində 43 hektar meşə fondu torpağında çay bağı salınması məqsədi ilə “Beta Tea Azerbaijan” şirkəti ilə bağlanmış müqaviləyə xitam verilməsini, meşəyə dəymiş ziyanın hesablanmasını və adekvat cəza tədbirlərinin görülməsini tələb edirlər. 

Araşdırma Qrupunun ilkin yoxlamaları başa çatıb

Lənkəran rayonunun Haftoni ərazisində “Beta” şirkətinə icarəyə verilmiş meşə fondu sahəsində ağacların kəsilməsi ilə bağlı məlumatların araşdırılması və müqavilə şərtlərinin icra vəziyyətinin yoxlanılması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin araşdırma Qrupunun ilkin yoxlamaları başa çatıb.

Bunu Xidmətin rəisi Hikmət Əlizadə bildirib. O qeyd edib ki, aparılan araşdırmalar zamanı “Beta” şirkəti ilə Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi arasında meşə fondu torpağının açıq sahəsində bağ salınması məqsədilə bağlanmış müqavilənin icrası prosesində kənara çıxmalara yol verildiyi və ərazidə kol-kosdan əlavə, yaş ağacların da kəsildiyi aşkar olunub.

“Araşdırmaların nəticəsi olaraq kəsilmiş ağacların əvəzinə yenilərinin əkilməsi, təbiətə dəymiş ziyanın ödətdirilməsi və “Beta” şirkətinin cərimə olunması həyata keçirilir”, - H.Əlizadə deyib.

Xidmət rəsmisinin sözlərinə görə vəzifə öhdəliklərini layiqincə yerinə yetirməyən meşə xidməti işçiləri barəsində isə intizam tənbeh tədbirləri görülür.

Eləcə də oxuyun:

138
Teqlər:
ekoloq, ekologiya, meşə, aqrobiznes, bağ, Lənkəran, ETSN, Haftoni qəsəbəsi

Qəbələdə musiqi ziyafəti

29
(Yenilənib 21:10 01.08.2021)
Qəbələ festivalında Bakı Musiqi Akademiyasının tələbələri növbəti konsert proqramını təqdim ediblər.

BAKI, 1 avqust - Sputnik. XII Qəbələ Musiqi Festivalı çərçivəsində avqustun 1-də Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin iştirakı ilə növbəti konsert proqramı təqdim olunub.

Sputnik Azərbaycan xəbər verir ki, festivalın təşkilatçı qurumlarının təmsilçilərinin, yerli musiqisevərlərin və şəhərin qonaqlarının iştirakı ilə keçən konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları çıxış ediblər.

Prezident təqaüdçüləri Vüsalə Babayevanın (piano), Zərrin Əliyevanın (violin), Lalə İbrahimovanın (vokal), Kamran Talıblının (fleyta), Leyla Zeynalovanın (piano), Emil Əhmədzadənin (piano), həmçinin Elxan Niftiyev, Fuad Əlizadə, Ləman Seyidova, Ceyran İsayeva, Fəqan Həsənli və digər pianoçuların, klarnet ifaçısı Məhəmmədəli Paşazadənin, violin ifaçısı Nigar Əsgərovanın, qaboy ifaçısı Əziz Pənahın, violençel ifaçısı Ərol Rzayevin, vokalçılar Rza Xosrovzadə və Mahir Tağızadənin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsertdə M.Arnold, F.Şopen, M.Moşkovski, R.Şuman, A.Qrunfeld, N.Rimski-Korsakov, həmçinin Tofiq Quliyev, Niyazi və digər bəstəkarların əsərləri səsləndirilib.

Festivalın proqramına uyğun olaraq, axşam saat 21:00-da Heydər Əliyev Konqres Mərkəzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “Bakı Kamera Orkestri”nin çıxışı olacaq.

XII Qəbələ Musiqi Festivalının açılış mərasimi

Azərbaycanın dilbər guşələrindən olan Qəbələ şəhəri yenidən öz qapılarını sənətsevərlərin, Musiqi Festivalı iştirakçılarının üzünə açıb.

Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, Azərbaycan Respublikasının Təhsil və Mədəniyyət nazirliklərinin və Bakı Musiqi Akademiyasının  dəstəyi ilə iyulun 31-də başlayan XII Qəbələ Musiqi Festivalı avqustun 4-dək davam edəcək.

Builki festival əlamətdar hadisəyə - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunub. Yubileyin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il mayın 26-da Sərəncam imzalayıb. Bununla bağlı respublikamızın bir çox bölgələrində, musiqi-tədris ocaqlarında müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. XII Qəbələ Musiqi Festivalı da yubileyə həsr olunmuş tədbirlərdən biridir.

Musiqi ictimaiyyəti arasında böyük rəğbətlə qarşılanan Qəbələ Musiqi Festivalının proqramı bu il də çox zəngindir. Musiqisevərlər festival günlərində bir çox musiqi kollektivlərinin maraqlı konsert proqramından zövq alacaqlar. Festivalda klassik musiqi ilə yanaşı, muğam, vokal, kamera musiqisi axşamları da təşkil olunacaq.

İyulun 31-də axşam saatlarında Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında musiqisevərlərə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin iştirakı ilə festivalın ilk konserti təqdim olunub. Konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları çıxış ediblər. Pianoçular Leyla Zeynalova, Atabala Manafzadə, Cəmil Sədizadə, Rəşid Behbudov, Jalə Mayılova, Səbinə Muradova, Gülər Ağayeva və Fəqan Həsənlinin, violin ifaçıları Osman Mustafazadə, Zərrin Əliyeva və Aysel Abdullayevanın, violençel ifaçısı Orxan Hüseynovun, həmçinin viola, fleyta, klarnet və truba ifaçılarının, vokalçılar Nigar Əsgərova və Sübhan Rüstəmovun ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsertdə S.Raxmaninov, H.Venyavski, A.Messager, A.Skryabin, A.Piazzolla, F.Şopen, D.Şostakoviç, həmçinin Azərbaycan bəstəkarlarından Tofiq Quliyev, Fikrət Əmirov və Müslüm Maqomayevin əsərləri səsləndirilib.

Gənc musiqiçilərin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Sonra “Qafqaz Resort” otelində açıq səhnədə XII Qəbələ Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

Əvvəlcə ölkəmizdə musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.

Açılış mərasimindən sonra Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri geniş konsert proqramı ilə çıxış edib. Orkestrin bədii rəhbəri və baş hərbi dirijoru Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Hərbi Orkestr Xidmətinin rəisi, Xalq artisti, general-mayor Yusif Axundzadədir.

Konsertin əvvəlində orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni və Ü.Hacıbəylinin “Koroğlu” operasından “Üvertüra” səsləndirilib.

Orkestrin rəisi Əməkdar incəsənət xadimi, polkovnik-leytenant Rüfət Axundzadənin və hərbi dirijor baş leytenant Elnur Qurbanovun dirijorluğu ilə keçirilən konsertdə Aynur İsgəndərli (vokal), Arslan Növrəsli (tar), Kənan Qədimov (vokal), Gülnar Qüdrətli (xanəndə), Namiq Qurbanov (zurna, balaban) və Anar Hüseynovun (nağara) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

29
İnəklər

Şəkidə əlacsız kəndlilər heyvanları "həbs etdilər"

1654
(Yenilənib 20:39 01.08.2021)
Mal-qara Şorsu kəndinin tütün, bostan və tərəvəz sahələrini məhv edib, tarlalarını borcla əkib-becərən kəndlilər isə aciz duruma düşüblər.

BAKI, 1 avqust – Sputnik. Deyirlər ki, dar gündə insanın köməyinə ilk çatan qonşusu olur. Lakin Şəkinin Şorsu kənd sakinləri bunun əksini görürlər. Onlar qonşu Cumakənd sakinlərinin və onların mal-qarasının əlindən zara gəliblər. Şorsu kənd sakinlərinin sözlərinə görə, min bir əziyyətlə əkib-becərdikləri tarlaları məhsul dövründə Cumakənd sakinlərinin iribuynuzlu heyvanlarının tapdağında qalır.

Kənd sakini Pənah Şirinov Sputnik Azərbaycan-ın bölgə müxbiri İbrahim Həşimova bildirib ki, qonşu kəndin heyvanları dəfələrlə ona məxsus tütün sahəsinə ziyan vurub.

“Heyvanların bir hissəsi burada, sahədədir. Burada 30-a yaxın heyvan var indi, bir hissəsini də aparıb kameraya salmışıq. Əvvəllər bir neçə dəfə bu cür hal baş verib. İcra nümayəndəliyinə, polisə məlumat vermişik. Amma nəticəsi yoxdur. Yenə heyvanları buraxırlar”, - Pənah Şirinov əlavə edib.

“400 manata yeri icarəyə götürmüşəm. 3000 manat da kredit almışam. Tütünün ikinci qırımıdır. 8-10 kilometr aralıda yerləşən Cumakəndin malları tütünü qıraraq yararsız hala salıb. Kənd sakinləri tədbir görmək əvəzinə deyirlər ki, gedin  kimə istəsəniz şikayət edin”, - Şorsu sakini Elburus İsmayılov deyib.

  • Elburus İsmayılov
    © Sputnik / Ibrahim Hashimov
  • Pənah Şirinov
    © Sputnik / Ibrahim Hashimov
  • Saleh İsgəndərov
    © Sputnik / Ibrahim Hashimov
  • Seymur İsayev
    © Sputnik / Ibrahim Hashimov
  • Tərlan Davudov
    © Sputnik / Ibrahim Hashimov
  • İnəklər
    © Sputnik / Ibrahim Hashimov
1 / 6
© Sputnik / Ibrahim Hashimov
Elburus İsmayılov

Fermer Tərlan Davudov da bildirir ki, aylarla əziyyət çəkib yetişdirdiyi məhsulu heyvanlar bir neçə günün içərisində məhv edir.

“Bu tütün sahəsinə 3000 manat pul xərcləmişəm. Üstəlik də 6 aydır qan-tər tökürəm. Lakin 3 günün içərisində mal-qara məhv elədi. Bu heyvanlar mənə 4000 manatdan artıq ziyan vurub”, - Tərlan Davudov əlavə edib.

Əlacsız qalan Şorsu kənd sakinləri səhələrə girən iribuynuzlu heyvanları toplayaraq xüsusi kameralara salıblar. Kənd sakini Seymur İsayevin sözlərinə görə, əvvəllər bir neçə dəfə heyvanları bu cür saxlasalar da, sonradan buraxmalı olublar. Bu dəfə isə sahibləri tapılana qədər saxlayacaqlar.

“Özbaşına buraxılan mallardır. Naxırçıları yoxdur. Əvvəllər heyvanları gətirib bu kameraya salırdıq. Amma sonradan yazığımız gəlib buraxırdıq. Lakin heyvanları kəndə qədər izləyirdik. Heç kəs də malın ona məxsus olduğunu qəbul etmirdi. Aidiyyəti qurumlara şikayət edəndə də deyirlər ki, heyvanların sahibini tapıb göstərin, cəzalandıraq. Ona görə də bu dəfə sahibləri tapılana qədər heyvanları buraxmayacağıq”.

“Keçmişdə cərimə meydançası var idi. Belə heyvanlar saxlananda iki dəfə xəbərdarlıq edilirdi. Üçüncü dəfə isə ət kombinatına göndərirdilər. Bu qaydanı yenidən qaytarsınlar. Şəxsən mənim heyvanım kiməsə ziyan vursa, cəzasını çəkməyə hazıram”, - kənd sakini Saleh İsgəndərov vurğulayıb.

Faktla bağlı Şorsu kənd icra nümayəndəsi Oruc Mahmudov Sputnik Azərbaycan-a bildirib ki, Cumakənddə naxır olmadığı üçün bu cür hal dəfələrlə baş verib. Çünki, heyvanlar özbaşına buraxılır və Şorsu kəndinə qədər gəlib çıxır.

“Cumakənd də bizim inzibati əraziyə daxildir. Sakinlərə heyvanların ziyan vurması ilə bağlı dəfələrlə xəbərdarlıq etmişik. Bu dəfə isə son xəbərdarlığı etdik. Əgər, bir də bu cür vəziyyət ortaya çıxsa, ciddi tədbirlərin görülməsi üçün polisə müraciət edəcəyik”, - Oruc Mahmudov deyib.

Həmçinin oxuyun: 

* Ayıların basqınına məruz qalan kənddə fövqəladə vəziyyət hökm sürür

Keyfiyyət istəyən pul ödəsin: növbə mal-qaraya çatdı

Aqrar sığorta barədə bilməli olduğumuz hər şey

1654

Azərbaycanın dünya şöhrətli kinematoqrafının qızıl kolleksiyası