Pirşağı çimmərliyində vəziyyət, 28 iyun 2021-ci il.

Xəzərin sahilində: Çimərliklərdə qiymətlər sərinləməyə imkan vermir

2910
(Yenilənib 14:33 07.07.2021)
Çimərliklərin fəaliyyətinə icazə verilsə də, paytaxtda çimərliklərin çoxu qiyməti iki-üç dəfə bahalaşdırıb.

BAKI, 29 iyun — Sputnik. Nazirlər Kabinetinin qərarına əsasən iyun ayının 10-dan etibarən çimərliklərin fəaliyyətinə icazə verilib. Anomal istilərdə paytaxt sakinlərinin ən çox üz tutduğu məkan da elə çimərliklərdir. Sputnik Azərbaycan çimərliklərdə şərait, qiymətlər, xidmət keyfiyyəti və təhlükəsizliklə bağlı vəziyyəti araşdırıb.

Dünən hava isti olduğundan çimərliklərə gedən yollarda avtomobillərin sıxlığı müşahidə olunurdu. Amma əvvəlki illərdən fərqli olaraq çimərliklərin yollarının asfaltlanması, abad olması dənizə üz tutanların çətinliyini xeyli azaltmışdı. Pirşağı istiqamətində çimərlik çox olduğundan seçimi etmək də bir qədər çətin idi. Ta ki, çimərliklərə yaxınlaşıb xidmətin keyfiyyətini və qiymətini görənədək...

© Sputnik / Zulfiyya Guluyeva
Pirşağı çimmərliyində vəziyyət, 28 iyun 2021-ci il.

Çimərliklər sahibkarların əsarətində - Vətəndaşlar pulsuz içəri buraxılmır!

Elə biz də çoxları kimi çimərliklərdən hansında dayanıb istirahət edəcəyimizi müəyyənləşdirənədək bir neçə çimərliyə baş çəkməli olduq. Əvvəlcə yolumuzu əhali arasında xidmətin daha yaxşı olduğu çimərlik kimi tanınan "Həyat" çimərliyindən salırıq. Çimərliyin girişində girişin pulsuz olduğu yazılsa da, qapıdakı mühafizəçi hər kəs kimi bizdən də bir manat ödəniş etməyi tələb edir. Etiraz edəndə isə pulun avtodayanacaq üçün ödənilməli olduğunu bildirir. Deyir ki, içəridə ödəməli olacağımız 15 manat ancaq kölgəlik və stol-stul üçündür. Giriş üçün ödənilən məbləğin isə həmin qiymətə aidiyyəti yoxdur. Burada sudan pis qoxu gəldiyindən çimərliyə gələnlərin çoxu kimi biz də dərhal çıxmalı oluruq. Daha sonra üz tuturuq yaxın ərazidəki digər çimərliklərə.

© Sputnik / Zulfiyya Guluyeva
Çimərliyin girişində girişin pulsuz olduğu yazılsa da, ödəniş tələb edilir

Qiymətlər iki-üç dəfə bahalaşıb - 25-30-50 manata...

"Caspian" çimərliyinə daxil olmamış girişdəcə bələdçi bizi qiymətlərlə tanış edir. Məlum olur ki, bu çimərliyə giriş pulsuz olsa da, çimərlik ərazisində kölgəlik və 4 nəfərlik stol-stulun qiyməti 25 manatdan 50 manata qədər dəyişir: "Əgər dənizə yaxın yerdə kölgəlik kirayələmək istəyirsinizsə, qiyməti 50 manatdır. İkinci sırada kölgəliklər 30, üçüncü sırada isə 25 manata təklif edirik. Əlavə nə sifariş versəniz, menyuya uyğun pulunu ödəyəcəksiniz", - deyə bələdçi bildirir. Bu çimərlikdə günlüklər, stol-stul və şezlonq verilsə də, qiymətlərin çox baha olması səbəbindən digər çimərliyə üz tuturuq. "Sun" çimərliyində isə elə qapıdaca giriş üçün 2 manat, kölgəlik və stol-stul üçün 30 manat ödəniş etməli olduğumuzu bildirirlər.

Beləcə bir neçə çimərliyə yaxınlaşdıqdan sonra məlum olur ki, dənizkənarını icarəyə götürənlər çimərliklərə giriş üçün hər kəsdən 1-2 manat civarında pul tələb edirlər. Halbuki çimərliklərə girişin pulsuz olduğu, bunun üçün vətəndaşlardan pul tələb olunmasının qanunsuz olduğu dəfələrlə aidiyyətə qurumlar tərəfindən bildirilib.

© Sputnik / Zulfiyya Guluyeva
Çimərliklərə gedən yollarda avtomobillərin sıxlığı müşahidə olunurdu

Çimərliklərin vaksin fırıldağı...

İsti havada sərinləmək üçün dənizə üz tutanlar da çimərliklərə vətəndaşların pulla buraxılmasından, eləcə də qiymətlərin bahalığından şikayətləndilər. Paytaxt sakini Fəxriyyə Kazımova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu mövsüm Bakıda pulsuz çimərlik tapmaq müşkülə çevrilib. Ötən mövsüm 10-15 manata icarəyə verilən kölgəlik və stolların qiyməti isə 50 manatadək bahalaşıb:

"Bir neçə çimərlikdə qiymətlərlə maraqlanmışam. Ötən il 10 manata kölgəlik icarəyə verilən çimərliklərdə qiymətlər 25-30, 15 manata olanlarda isə bahalaşaraq 50 manat olub. Çimərliklərdə səbəbini COVID-19-a görə vaksin tələb olunması ilə əlaqələndirirlər. Deyirlər ki, yoxlama aparılmaması üçün aidiyyəti qurumlara pul verdiklərindən qiymətləri bahalaşdırmalı olublar".

"Caspian" çimərliyində nəzarətçi də bizə eyni fikri söylədi. Çimərliklərə giriş üçün vaksin tələbi olmadığını nəzarətçiyə xatırlatsaq da, o, vaksinə görə yoxlama aparıldığını, bu səbəbdən də qiyməti bahalaşdırmalı olduqlarını söylədi. "Sun" çimərliyində isə bildirdilər ki, rəhbərlik onlara qiyməti qəti aşağı salmamaq barədə göstəriş verib: "Müdiriyyət qiymətləri müəyyən edir. Bizə də tapşırıb ki, yerlər boş qalsa belə, ucuz verməyin. Bizə nə tapşırıblar, onu edirik. Qiyməti aşağı salsaq, gərək öz cibimizdən ödəyək", - deyə nəzarətçi bildirib.

© Sputnik / Zulfiyya Guluyeva
Çimərliklərdən gələn pis qoxu insanları dənizə həsrət qoyub

Ümid qalıb ictimai çimərliklərə

Pirşağı ətrafında çimərliklərdə qiymətlər və xidmətlərlə tanış olduqdan sonra bu ərazidə vətəndaşlar üçün yaradılmış ictimai çimərliyə gəlirik. İctimai çimərlikdə giriş və avtomobillərin parklanması üçün ödəniş tələb olunmurdu. Hətta kölgəliklər belə, dincəlməyə gələnlərin pulsuz istifadəsinə verilmişdi. Yalnız stol və stul icarəyə götürmək üçün 10 manat tələb olunurdu.

Çimərliyə giriş pulsuz olsa da, pullu çimərliklərin çoxundan təmiz və səliqəli idi. Üstəlik burada heç bir çimərlikdə rastlaşmadığımız qaydaya, sosial məsafəyə də əməl olunurdu. Bunun üçün kölgəliklərin ətrafına ip çəkilmişdi. Qida qalıqlarını atmaq üçün isə zibil qabları qoyulmuşdu. Çimərlikdə duş, sanitar qovşaqdan da istifadə etmək imkanı yaradılıb. Pullu çimərliklərin çoxundan fərqli olaraq burada FHN-nin xilasetmə məntəqəsi də fəaliyyət göstərir.

Bu vaxt dənizdə üzmək təhlükəlidir - Xilasedicidən tövsiyələr...

Xilasedici Zahir Ramazanovla söhbət zamanı öyrənirik ki, çimərlikdə təhlükəsizliyə ciddi nəzarət edilir. Şarlardan o tərəfə keçmək istəyən vətəndaşlara dərhal xəbərdarlıq edilir. Bununla belə, xilasedici bildirir ki, çimərliyə gələnlər arasında qaydaları pozaraq özünü təhlükəyə atanlar da az olmur: "Axşama doğru gənclər, yaxud da çimərliyə içkili gələnlər qaydaları pozmağa cəhd edirlər. Sözsüz ki, biz onları dənizdən çıxartmaq səlahiyyətində deyilik. Onlara dənizdə şarlardan o tərəfə keçməyin təhlükəli olduğunu xatırladırıq. Kimsə buna baxmayaraq keçirsə, boğulmaq təhlükəsi yaranırsa, dərhal xilas edirik", - deyə xilasedici bildirir.

© Sputnik / Zulfiyya Guluyeva
Xilasedici Zahir Ramazanov

12 ildir ki, bu peşədə çalışan xilasedici valideynlərin uşaqlarını çimərlik ərazisində nəzarətsiz buraxmasından da gileylənir: "Dünən 3 yaşında bir qız valideynlərini itirmişdi. Mən onun əlindən tutub çimərlik boyu gəzə-gəzə valideynlərini tapdım. Belə körpə uşaqları çimərlikdə nəzarətsiz qoymaq qəti yolverilməzdir. Uşaqla çimərliyə gələn bütün valideynlər bunun məsuliyyətini dərk etməlidirlər".

Digər xilasedici Ceyhun Fərziyev isə peşəsinin məsuliyyətli olduğunu, çətin olsa belə, şərəfli olduğunu bildirir: "İnsanları xilas etmək üçün bütün günü günün altında işləməyə dəyər. Çünki insan həyatından qiymətli heç nə yoxdur. Çox arzu edərdik ki, insanlar dənizdə küləkli havada üzməsinlər. Şimal küləyi bərkiyirsə, dənizdə suyun altında axın yaranır. Biz bu zaman çimməyə qadağa qoyuruq", - deyə Ceyhun Fərziyev bildirir.

© Sputnik / Zulfiyya Guluyeva
Xilasedici Ceyhun Fərziyev

Mövsüm başlayandan hələ ki, bu çimərlikdə batan olmadığını deyən xilasedicilər ehtiyatı da əldən vermirlər. Gün ərzində, xüsusilə axşam saatlarında xilasedici gəmisi ilə dənizdə dövrə vuraraq vəziyyəti nəzarətdə saxladıqlarını söyləyirlər. Dənizdə isə dincələnlər arasında isə bu tövsiyələrə əməl edənlər də var, həyatlarını riskə atıb qoyulan məsafəni keçənlər də.

© Sputnik / Zulfiyya Guluyeva
İctimai çimərlikdə giriş və avtomobillərin parklanması üçün ödəniş tələb olunmur

Çimərliklərdən gələn pis qoxu insanları dənizə həsrət qoyub..

Çimərlik ərazisinə gələnlərin bəziləri isə dənizə təhlükəyə görə yox, suyun çirkli olması üzündən girmədiklərini bildirdilər. Pirşağı ərazisində çimərliklərdə infrastruktur yaradılsa da, dənizin suyunun natəmiz olması səbəbindən insanların çoxu isti qumun üstündə dincəlməklə kifayətlənməli olurdu. Burada həmsöhbət olduğumuz paytaxt sakini Pirzadə Abdulla deyir ki, dənizdə üzməyi sevsə də, Xəzərin suyunun çirkli olması üzündən dənizin mehində sərinləməklə kifayətlənir: "Dənizə hər yerdən kanalizasiya suları axır. Buraya gələnə qədər bir neçə çimərliyə getmişəm.

Çoxunun kənarında əyləşmək belə, mümkün deyil. Kanalizasiya qoxusu adamı dənizin 10 metrliyindən adamı vurur. Burdan əvvəlki çimərlikdə su sapsarı rəngdə idi. Dənizə yaxınlaşdıqca pis qoxu gəlirdi. Ona görə də dənizə kənardan baxıram. Çox arzu edərdik ki, çimərliklərdə yaratdıqları şərait kimi dənizə natəmiz suların axıdılmasının qarşısını da alsınlar", - deyə sakin bildirir.

© Sputnik / Zulfiyya Guluyeva
İsti havada sərinləmək üçün dənizə üz tutanlar da çimərliklərə vətəndaşların pulla buraxılmasından, eləcə də qiymətlərin bahalığından şikayətləndilər

Çimərlik turizminin inkişafı nağıl oldu

Qeyd edək ki, ölkəmizdə turizmin inkişafı ilə bağlı strateji yol xəritəsi və "Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı" qəbul edilib. Strateji yol xəritəsində bildirilir ki, turistlər üçün cəlbediciliyi artırmaq məqsədilə çimərliklərə beynəlxalq təcrübədə olduğu kimi mavi bayraq nişanının verilməsi üzrə səylər genişləndirilərək, Xəzər dənizinin region daxilində ən çox üstünlük verilən yay turizm məkanına çevrilməsi ilə bağlı tədbirlər görülməlidir. Buraya Xəzər dənizinin təmizlənməsi və yaxınlıqdakı obyektlər üçün tənzimlənən tullantı emalı qurğularının yaradılması daxildir.

"Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında Prezidentin sərəncamına əsasən hazırlanan tədbirlər planına görə, çimərlik ərazilərinə axıdılan təmizlənməmiş təsərrüfat-məişət tullantı sularının hermetik qapalı sistemə keçirilməsi, axıntıların birbaşa yox, mövcud kanalizasiya şəbəkəsinə birləşdirilməsi, kanalizasiya şəbəkəsi olmayan sahilboyu ərazilərdə tullantı sularının təmizlənməsi üçün stasionar təmizləyici qurğular şəbəkəsinin yaradılması və mütəmadi araşdırmaların təşkili təmin edilməlidir. Həmin sənədə əsasən, ərazilərdən çimərliklərə birbaşa çıxışı olan bütün drenaj, yağış və digər axıntı sularının zərərsizləşdirilməsi təmin edilməlidir.

Çimərliklərdəki hazırkı şərait, qiymətlər və dəniz suyunun vəziyyəti isə ölkəmizdə çimərlik turizminin inkişafı üçün hələ çox iş görülməli olduğundan xəbər verir. 2020-ci ildə başa çatan "Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair Tədbirlər Planı"nda nəzərdə tutulan işlərin isə demək olar ki, cüzi hissəsi belə həyata keçirilməyib. Hər il çimərlik turizmindən külli məbləğdə gəlir əldə edən qonşu Türkiyə və Gürcüstandan isə belə görünür ki, öyrənəcəyimiz çox şey var. Ölkəmizdə çimərlik turizmini inkişaf etdirmək üçün bu məkanlara gedən yolların asfaltlanması isə sadəcə turistləri çimərliyə qədər aparan vasitədir. Dəniz suyunun vəziyyəti, çimərliklərdə xidmətlə üst-üstə düşməyən qiymətlər, natəmizlik belə davam edərsə çimərliyə abad yolla gedən turistlərin elə dənizə baş vurmamış geri qayıdacağı qaçılmazdır.

© Sputnik / Zulfiyya Guluyeva
Pullu çimərliklərin çoxundan fərqli olaraq burada FHN-nin xilasetmə məntəqəsi də fəaliyyət göstərir

6 yerdə ictimai çimərlik yaradılıb

Xatırladaq ki, çimərlik mövsümü ilə əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhərinin sahil kənarı ərazilərində yaradılan ictimai çimərliklərdə mövsümə hazırlıq işləri başa çatıb. İki il ərzində Abşeron yarımadasının Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağı qəsəbələrində, Səbail rayonunda, "Şıx" çimərlik ərazisində ümumilikdə 6 yerdə fəaliyyət göstərən ictimai çimərliklər şəhər sakinlərinin Leyla Əliyevaya müraciətlərindən sonra paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzlərinə və çimərliklərə alternativ olaraq yaradılıb.

Burada yaradılan şərait və ən başlıcası pulsuz xidmət göstərilməsi Bakı sakinləri və şəhər qonaqlarının böyük rəğbətini qazanıb. Çimərlik mövsümü ərəfəsində ictimai çimərliklərdə lazımi təmizlik-abadlıq işləri aparılıb, qış ərzində dəniz sahilinə yığılan tullantılar, həmçinin dalğaların sahilə atdığı müxtəlif əşyalar yığışdırılıb, digər təmizlik işləri görülüb. Çimərliklərdəki inventarlar, günlüklər, söhbətgahlar, sanitariya qovşaqları və duşlar mütəmadi olaraq yoxlanılır, qaydaya salınır, cari təmir işləri, bir sıra yerlərin rənglənməsi aparılır.

Qeyd edək ki, COVID-19 pandemiyasının davam etməsi ilə əlaqədar vətəndaşların sağlamlıqlarının qorunması məqsədilə çimərliklərdə mövcud epidemioloji vəziyyətə uyğun tədbirlər nəzərdə tutulub. Çimərlik ərazilərində maarifləndirici lövhələr, poster və elanlar yenilənir. Xatırladaq ki, çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, həmçinin tibb məntəqələri təşkil olunub.

2910
Əli qandallanmış kişi polis bölməsində, arxiv şəkli

Qərb bölgəsində "ənənəvi" narkotik maddə alverçiləri ələ keçiblər

3
Goranboy rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış Nurəddin Ələkbərovun üzərindən narkotik vasitə olan "tiryək" və "heroin" aşkar edilərək aşkar edilərək götürlüb.

BAKI, 25 iyul — Sputnik. İyulun 25-i istirahət gününə təsadüf etsə də, narkotacirlər sən demə iş başında imiş. Sputnik Azərbaycan günün narkomaniya ilə mübarizə xronikasını təqdim edir:

Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarında rayon sakini, əvvəllər məhkum olunmuş Nürəddin Ələkbərovun qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əsaslı şübhələr yaranıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin şəxs şübhəli qismində saxlanılaraq polis şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı N. Ələkbərovun üzərindən narkotik vasitə olan "tiryək" və "heroin" aşkar edilərək aşkar edilərək götürlüb.

RPŞ əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri də uğurla nəticələnib. Belə ki, rayon sakini, əvvəllər məhkum olunumuş, qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamaqda şübhəli bilinən Elmin Uğurluyev saxlanılarkən üzərindən narkotik vasitə olan "heroin" aşkar edilərək götürülüb.

Bundan başqa polis əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində, əvvəllər məhkum olunmuş Murad Ələkbəri saxlanılıb və üzərindən narkotik maddə olan "heroin " aşkar edilib.

Rayon sakini Hətəm Uğurluyev saxlanılan zaman isə ondan narkotik vasitə olan, qurudulmuş "marixuana" şkar olunub.

Maddi sübutlar ekspertizaya təqdim olunub. Saxlanılan şəxslərlə bağlı Goranboy RPŞ-də araşdırmalar davam etdirilir.

Zaqatalada da psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri həyata keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şöbənin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı üzərində metamfetamin (“patı”) daşımaqda şübhəli bilinən rayonun Əliabad qəsəbə sakini, əvvəllər də analoji cinayət əməlinə görə məhkumluq həyatı yaşayan Elgüc Ağaməmmədov saxlanılıb. Şəxsi axtarış zamanı həmin şəxsdən metamfetamin aşkarlanaraq götürülüb. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, dünən Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun əsasən "Kubinka", "Şamaxinka" və digər ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetamin, yəni "patı"nın qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 9 nəfər tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Zeynal Qarayev, Əhliman Məmmədov, Vüsal Əliyev, Bahar Bayramova, Rəşad Həsənov, Elnur Hacıyev, Mustafa Sarıyev, Musa Əliyev və Natiq Ramazanov tutularaq istintaqa təqdim olunublar.

Bu şəxslərin üzərlərinə və evlərinə baxış zamanı külli miqdarda heroin, psixotrop maddə olan metamfetamin, heroin və elektron tərəzilər aşkar edilərək götürülüb. Bu şəxslər izahatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbirləri seçilib. Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

3
Taksi

Operativ Qərargah üzvlərinin taksi şirkəti, yaxud ictimai nəqliyyat qadağası üçündür?

6
(Yenilənib 19:50 25.07.2021)
Vətəndaşlar həftəsonları və bayram günləri ictimai nəqliyyatın fəaliyyətinin dayandırılmasının  onların sosial durumuna mənfi təsir etdiyindən şikayətlənirlər.

BAKI, 25 iyul — Sputnik. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 sentyabr saat 06:00-dək uzadılıb. Bu qərarda bildirilir ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə 2021-ci il 31 iyul saat 00:00-dan 2 avqust saat 06:00-dək, 7 avqust saat 00:00-dan 9 avqust saat 06:00-dək, 14 avqust saat 00:00-dan 16 avqust saat 06:00-dək, 21 avqust saat 00:00-dan 23 avqust saat 06:00-dək, 28 avqust saat 00:00-dan 30 avqust saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

İctimai nəqliyyata həftəsonu qadağasının uzadılması sosial platformada ciddi narazılıqla qarşılanıb. Vətəndaşlar həftəsonları və bayram günləri  ictimai nəqliyyatın fəaliyyətinin dayandırılmasının  onların sosial durumuna mənfi təsir etdiyindən şikayətlənirlər. Onlardan bir neçəsi həftəsonu və bayram günlərində ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağanın ailə büdcələrinə təsiri barədə fikirlərini Sputnik Azərbaycan-la bölüşüb.

Bayram günlərində ictimai nəqliyyata qadağa taksilərdə qiymətləri bahalaşdırdı

37 yaşlı Səidə Qurbanova paytaxtdakı özəl klinikalardan birində tibb bacısı işləyir. Onun sözlərinə görə, istirahət və bayram günlərindən asılı olmayaraq çalışdığı xəstəxanada növbəsi düşürsə işə getməlidir: “İşlədiyim xəstəxanada 6 gün iş rejimidir. Şənbə və bazar günləri isə ictimai nəqliyyat işləmir. Mən məcburam ki, Masazır qəsəbəsindən işə taksi ilə gəlib-gedəm. Bu azmış kimi bayram günlərində də icimai nəqliyyatın hərəkəti dayandırılır. Belə çıxır ki, heç kəs istirahət günlərində, bayram günlərində iş başında olanları fikirləşmir. Mən dörd günlük Qurban bayramı tətilinin üç gününü işə taksi ilə gedib-gəlmişəm. Bayram günləri taksiyə təlabat artdığından, şənbə və bazar günləri taksiyə xərclədiyimdən daha çox pulum çıxıb. Bayram günlərində 1 manatlıq taksilər qiyməti 3 manata qaldırmışdılar. Taksi şirkətləri isə qiyməti ikiqat artırmışdı. Əvvəl 4 manat 80 qəpiyə Masazırdan 20 yanvara qədər getdiyim yolu bayram günlərində 9 manat 60 qəpiyə getməli oldum. Ordan işə isə 1 manatlıq taksi tapmağı ümid etsəm də taksilər qiyməti üç manata qaldırmışdı. Bir gün işə gedib-gəlməyim mənə 25 manata başa gəldi. Aylıq maaşım isə 456 manatdır” deyə vətəndaş bildirir.

Əzim Şabanov isə mebel ustasıdır. Onun sözlərinə görə, bayram-bazar olmasından asılı olmayaraq baş usta olduğu üçün işdə olmaldır. Həmsöhbətimiz deyir ki, bayram günlərində, eləcə də şənbə-bazar ictimai nəqliyyatın fəaliyyəti dayandırıldığından, bütün işləyənlər kimi o da taksi xidmətinin ümidinə qalıb: “Şənbə və bazar günlərində, eləcə də bayram günlərində ictimai nəqliyyatın fəaliyyətinə qadağa qoyanlar aztəminatlı insanları, hər gün işləmək məcburiyyətində olanları başa düşmürlər. Azərbaycanda hər kəsin şəxsi avtomobili yoxdur. Mən şənbə və bazar günlərində, eləcə də bayramda taksiyə gündəlik 35 manatdan çox pul xərcləmişəm. İş yerim “Xalqlar Dostluğu” metrosuna yaxın olduğundan, taksi ilə 16 manat 50 qəpiyə işə getmişəm. Dörd günə 100 manatdan çox taksiyə xərcim çıxıb. Hökumət bizim kimi insanların vəziyyətini nəzərə alıb ictimai nəqliyyatın fəaliyyətinə həftəsonu və bayram günləri qoyduğu qadağanı aradan qaldırmalıdır. Taksilərə n şənbə-bazar  və bayram günləri təlabat artdığından qiymətlər daha da bahalaşır. Mənim işlədiyim sexdə iki nəfər taksiyə verməyə pulu olmadığından bayram günləri işləyə bilmədi. Bu isə onların qazancına təsir edir”deyə Ə. Şabanov bildirir.

Taksi şirkətlərindən də bayram günlərində və şənbə-bazar qiymətlərin bahalaşdığını təsdiqlədilər.  “Ulduz” taksi şirkətindən bildirdilər ki, bayram günlərində, eləcə də şənbə-bazar günləri taksilərə təlabat kəskin artır. Bu isə bazar iqtisadiyyatının prinsiplərinə görə, avtomatik olaraq taksi xidmətlərinin bahalaşmasına səbəb olur.  Taksi şirkətlərindən qiymətlərdə adi günlərlə müqayisədə 4-5 manat civarında bahalaşmanın olduğunu təsdiqlədilər.

Qadağanın təhlükəsizlik baxımından əhəmiyyəti qalmayıb!?

İqtisadçı ekspert Samir Əliyev həftəsonu ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağanın səhv olduğunu və təcili ləğv edilməli olduğunu söyləyir. Ekspert deyir ki, həftəsonu və bayram günlərində ictimai nəqliyyatın fəaliyyəti pandemiya dövründə yoluxmaların artmaması səbəbindən dayandırılsa da, artıq bu qərarın təhlükəsizlik baxımından əhəmiyyəti qalmayıb. Samir Əliyev həftəsonu və bayram günlərində ictimai nəqliyyatın fəaliyyətinə tətbiq edilən məhdudiyyətin sosial baxımdan həssas təbəqələrin büdcəsinə əhəmiyyətli dərəcədə zərər vurduğunu söyləyir: “Taksilərə 4 nəfər əyləşir və avtobusdan fərqli olaraq bir-birinə daha yaxın məsafədə otururlar. Bu zaman yoluxmanın qarşısı alınmır. Əksinə, sıx təmas olduğundan virusa yoluxma üçün münbit şərait yaranır. Bundan əlavə gediş haqqı baha başa gəlir. Taksilərdə gediş haqqı 1 manat olsa belə sərnişinlər avtobuslardan (30 qəpik) fərqli olaraq 3 dəfədən çox gediş haqqı ödəməli olurlar. Nəzərə alsaq ki, son günlər 1 manatlıq taksilər də həftəsonu qiyməti iki-üç manatadək bahalaşdırır, bu zaman taksidən istifadə etmək məcburiyyətinə qalanların vəziyyətini düşünmək elə də çətin deyil.  Bu şənbə və bazar, eləcə də bayram günləri işləyənlər üçün əlavə xərcdir”.

S. Əliyev deyir ki, şəhər yerlərində tıxacların qarşısını alınması yollarından biri də ictimai nəqliyyatın səmərəli işləməsidir: “Bizdə isə onsuz da səmərəli işləməyən nəqliyyat həftəsonu tamam dayanır. 1 və 2 manatlıq taksilər hesabına tıxac daha da artır.  Təsəvvür edin 40 nəfər aparan 1 avtobus əvəzinə 10 ədəd minik maşını xidmət göstərir. Üstəgəl həftəsonları şəxsi maşınlardan istifadə artır.  Bundan  əlavə ictimai nəqliyyat qadağası kölgə iqtisadiyyatını çiçəkləndirir. Şəhərdaxili nəqliyyatın şənbə-bazar, eləcə də bayram günləri əldə edə biləcəyi gəlirdən dəfələrlə çox vəsaiti qanunsuz işləyən taksilər qazanır. Həmin vəsait fakiti olaraq vergidən kənarda qalır. Ona görə də Nazirlər Kabineti yanında Operativ Qərargah qərarlar qəbul edərkən bu amilləri nəzərə almalıdır".

"Bu qərarların ən böyük zərbəsi kasıb insanlara dəyir"

Millət vəkili Sabir Rüstəmxanlı Sputnik Azərbaycan-a açıqlamasında  bildirib ki, Operativ Qərargahın qərarları pandemiya dövründə əhalinin sağlamlığının qorunması məqsədilə qəbul olunur. Deputat deyir ki, toylara qoyulan qadağanın aradan qaldırılmasından sonra yoluxma sayının artması, pandemiya dövründə qərarların yumşaldılmasının bəzən təhlükə yaratdığını ortaya çıxartdı. Bununla belə Sabir Rüstəmxanlı həftəsonları, eləcə də bayram günlərində ictimai nəqliyyatın fəaliyyətinin dayandırılmasının düzgün olmadığı fikrindədir: “Avtobuslar və metro həftəsonları da işləməlidir. İnsanlar metro işləmədiyi dövrdə avtobusların ümidinə qalmışdı. Avtobuslarda nəticədə sıxlıq yaranmışdı. Metronun fəaliyyətinə icazə verildikdən sonra avtobuslarda sərnişin sıxlığı azaldı. Mənim fikrimcə də həftəsonu ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılmamalıdır. Amma digər tərəfdən yaxşı tərəfi odur ki, ölkəmizdə taksi qiymətləri ucuzlaşıb” deyə S. Rüstəmxanlı bildirir.

Millət vəkili Fazil Mustafa isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın həftəsonu və bayram günləri ictimai nəqliyyatın hərəkətini tam məhdudlaşdırması, Qərargah üzvlərindən hansınınsa taksi şirkəti olduğuna, gəliri taksi şirkətlərinə yönəltdiyinə şübhələr yaradıb: “ Qərarlar qəbul edilərkən vətəndaşların sosial durumu mütləq nəzərə alınmalıdır. Amma Operativ Qərargahın ictimai nəqliyyatla bağlı qəbul etdiyi qərarda taksi şirkətlərinin marağı güdülür. Elə qərar qəbul olunur ki, taksi şirkətləri daha çox gəlir əldə edir. Bu qərarların ən böyük zərbəsi kasıb insanlara dəyir. Hansı ki, onlar gündəlik çörək arxasınca gedir və mütləq əksəriyyətinin şəxsi avtomobili yoxdur. Bu qərarlar verilərkən yoxsul insanlar və orta təbəqə nəzərə alınmalıdır. İctimai nəqliyyata həftəsonu qadağasını uzatmaq düzgün qərar deyil. Bu qərarın heç bir əhəmiyyəti qalmayıb” deyə F. Talıblı bildirir.

Qeyd edək ki, pandemiya dövründə ictimai nəqliyyatın fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tənzimlənir. Buna görə də, istər sərnişindaşıma ilə məşğul olan marşrut sahibləri, istərsə də Bakı Metropoliteni qərar verməkdə sərbəst deyil.

 

6