Günəş panellərinin quraşdırılması, arxiv şəkli

Fermerə günəş paneli quraşdırmaq neçəyə başa gəlir sərfəlidirmi?

4447
(Yenilənib 12:08 29.06.2021)
Təsərrüfatlarda günəş panellərinin quraşdırılması məsələsinə mütəxəssislər və fermerlər münasibət bildiriblər.

BAKI, 29 iyun — Sputnik. Müasir dünyada günəş enerjisi bərpa olunan enerjinin ən perspektivli növü hesab olunur. Günəş enerjisindən elektrik enerjisi əldə etmək məqsədilə günəş panellərindən, istilik enerjisi əldə etmək üçün isə günəş kollektorlarından istifadə edilir.

Bəs, Azərbaycanda günəş enerjisindən istifadədə vəziyyət necədir? Təsərrüfatlarda günəş panellərinin quraşdırılması neçəyə başa gəlir və sərfəlidirmi?

Fermer təsərrüfatlarında günəş panellərinin quraşdırılması ilə özəl şirkətlər məşğul olurlar

Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov Sputnik Azərbaycan-a deyib ki, Energetika Nazirliyi bu sahədə dövlət siyasətini həyata keçirir: "Məsələn, qanunvericilik bazasının təkmilləşdirilməsi və s. İri layihələrə gəlincə, Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə qoyuluş gücü 230 meqavat (MVt) olan günəş elektrik stansiyası layihəsi üzrə müqavilələr imzalanıb. Bakı şəhəri və Abşeron rayonunda tikiləcək günəş elektrik stansiyası, təxminən, ildə 500 milyon kilovat-saat elektrik enerjisinin istehsalına, 110 milyon kubmetr təbii qaza qənaət edilməsinə, 200 min ton karbon emissiyasının azaldılmasına, yeni iş yerlərinin yaradılmasına yol açacaq. Fermer təsərrüfatlarında isə günəş panellərinin quraşdırılması ilə özəl şirkətlər məşğul olurlar".

Su mənbəyi üçün qazılan subartezian quyusu günəş panellərindən alınan elektrik enerjisi ilə çalışır

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktor müavini Vahid Əliyev Sputnik Azərbaycan-a bildirib ki, Qubada müasir texnologiyaların tətbiqi ilə yaradılan "ağıllı bağ"da Günəş panelləri və örtük sistemi quraşdırılıb: "Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun "Ağıllı bağ" layihəsi çərçivəsində salınan meyvə bağının becərilməsi tamamilə avtomatlaşdırılıb. Su mənbəyi üçün qazılan subartezian quyusu günəş panellərindən alınan elektrik enerjisi ilə çalışır. Bu, elektrik enerjisi olmayan ərazilərdə effektiv fəaliyyət növüdür. Elə ərazilər var ki, oraya elektrik xətləri çəkmək çətindir. Həmin yerlərdə günəş panellərinin quraşdırılması vasitəsilə günəşdən elektrik enerjisi alaraq bağların suvarılması mümkündür. Alternativ enerjiyə keçmək üçün fermerlərin maarifləndirilməsi həyata keçirilir. İşğaldan azad edilən ərazilərimizdə gələcəkdə alternativ enerjidən xüsusilə günəş enerjisindən istifadə edilərək "ağıllı kənd" salınacaq".

"Alternativ enerjidən böyük ərazilərdə istifadə edilməsi daha səmərəlidir. Kiçik ərazilər üçün isə maliyyə tutumu çoxdur. Yarım hektar sahə üçün bunu quraşdırmağa ehtiyac yoxdur. Əgər fermerin 10 hektardan çox sahəsi varsa, bunu quraşdıran zaman daha effektiv olur. Böyük ərazisi olan, təxminən 10-50 hektar ərazisi olan fermerlər buna maraq göstərirlər. Ümid edirik ki, fermerlər gələcəkdə bundan daha geniş istifadə edə biləcəklər", - deyə o əlavə edib.

Günəş panellərinin quraşdırılması 50 manatdan başlayır

"Provitaz" şirkətindən Sputnik Azərbaycan-a bildiriblər ki, günəş panellərinin quraşdırılması qiymətləri təxminən 50 manatdan başlayaraq 7 min manata və daha yuxarıdır: "Fermer sifariş verirsə, günəş panellərinin çatdırılması, quraşdırılması həmin məbləğin içərisində gedir. Zəmanət 1-5 illikdir. Ümumiyyətlə, günəş panellərinin quraşdırılması qiyməti sabit deyil, istifadə edilən kilovat-saatdan asılıdır".

İlin 8-9 ayı elektrik enerjisindən istifadə etmədən isti su əldə edirik

Goranboylu fermer Elxan Məmmədov Sputnik Azərbaycan-a deyib ki, təsərrüfatında istilik enerjisi əldə etmək üçün günəş kollektorları quraşdırıb: "Çox yaxşıdır və bütün fermerlərə məsləhət görürəm. Hətta indi ev üçün quraşdırmaq istəyirəm. Artıq 10 ildir ki, bundan istifadə edirəm. O vaxt xarici bir təşkilat bunu təsərrüfatımda quraşdırdı. Heç bir enerji sərf etmədən daimi isti su əldə edə bilirik. Lakin qışda olmur, günəş çıxanda isə isti su olur. Başqa sözlə, ilin 8-9 ayı elektrik enerjisindən istifadə etmədən isti su əldə edirik".

Burada fermer kommersiya müqayisəsi aparmalıdır

Enerji məsələləri üzrə ekspert İlham Şaban Sputnik Azərbaycan-a deyib ki, burada fermer kommersiya müqayisəsi aparmalıdır: "Fermer bilməlidir ki, ənənəvi enerji üçün xərci nə qədərdir, alternativ enerjidən istifadə edərsə, xərci nə qədər olacaq. Və bundan sonra qərar verməlidir. Məsələn, bağ evlərinə günəş panellərini quraşdırmaq kommersiya baxımından sərfəli deyil. Burada günəş panellərinin keyfiyyət məsələsinə də diqqət etmək lazımdır. Texniki parametrlərinə görə keyfiyyətli mal olmalıdır".

Energetika Nazirliyi tərəfindən 2020-ci ildə görülmüş işlərə dair hesabat

Energetika Nazirliyinin məlumatına görə, 2020-ci ildə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin tabeliyindəki "Azalternativenerji" MMC tərəfindən alternativ və bərpa olunan enerji mənbələri hesabına 10,0 mln. kilovat-saat elektrik enerjisi istehsal olunub, onun 8,5 mln. kilovat-saatı ümumi enerji sisteminə ötürülüb.

"Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi" pilot layihəsi çərçivəsində Böyükşor gölündə 100 kilovat-saata qədər gücə malik olacaq fotovoltaik sistemin quraşdırılması, habelə günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədilə biznes modellərinin formalaşdırılması, təlimlər vasitəsilə milli potensialın gücləndirilməsi nəzərdə tutulur. Layihənin icrasının 2023-cü ilin mart ayına qədər başa çatdırılması nəzərdə tutulur.

Azərbaycan Prezidentinin tapşırığına əsasən ölkənin elektrik enerjisi üzrə ümumi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilədək 30%-ə çatdırılması, habelə investisiya şirkətləri ilə yeni layihələrin həyata keçirilməsi ilə bağlı danışıqların aparılması üçün tədbirlərin icrası davam etdirilir.

Nazirlik tərəfindən bərpa olunan enerji mənbələrinin ölkənin elektrik enerjisi üzrə ümumi qoyuluş gücündə payının 2030-cu ilədək 30%-ə çatdırılması məqsədilə beynəlxalq məsləhətçi şirkət cəlb edilərək elektrik şəbəkəsinə qoşulacaq yeni güclərin dövrlər üzrə optimal həddinin müəyyən edilməsi təmin edilib. Almaniyanın "VPC" şirkəti tərəfindən hazırlanmış hesabata əsasən, qarşıya qoyulmuş 30% hədəfinə nail olmaq üçün ölkəmizdə 2030-cu ilədək ümumilikdə 1500 MVt qoyuluş gücündə yeni bərpa olunan enerji stansiyaları quraşdırılmalıdır ki, bu ümumi gücün də 2020-2022-ci illərdə 440 MVt, 2023-2025-ci illərdə 460 MVt, 2026-2030-cu illərdə 600 MVt olmaqla 3 mərhələdə şəbəkəyə inteqrasiyası məqsədəuyğun hesab edilib.

Eyni zamanda, şirkət tərəfindən bərpa olunan enerji üzrə yeni qoyuluş güclərinin inteqrasiyası ilə bağlı müvafiq tədbirlər paketi təqdim edilib, 2030-cu ilə qədər olan müddət ərzində tədbirlərin həyata keçirilməsi üçün vaxt cədvəli hazırlanıb, lazımi tədbirlər üçün tələb olunan büdcə hesablanıb və müvafiq dövrlərdəki fəaliyyətlər üzrə bölünüb.

Azərbaycan Prezidentinin 2020-ci il 22 sentyabr tarixli, 1159 nömrəli Fərmanı ilə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılıb və Agentliyin Əsasnaməsi təsdiq edilib. Agentlik Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələri və onlardan səmərəli istifadə sahəsində fəaliyyətin təşkilini və tənzimlənməsini təmin edən, dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, Energetika Nazirliyinin strukturuna daxil olan qurumdur.

16 rayonda potensial günəş elektrik stansiyaları üçün yerlərin seçilməsi məqsədilə ilkin tədqiqat işləri aparılıb, 11 rayonda ümumi sahəsi 9218 ha və güc qoyuluşu potensialı 4609 MVt olan 20 ərazi seçilib. Bu ərazilərdən enerji istehsalı proqnoza görə 6.1 milyard kilovat-saat ola bilər. Ərazilərin digər regional inkişaf planları ilə uyğunlaşdırılması və prioritetli ərazilərin müəyyən edilməsi üçün İşçi Qrupu yaradılıb. Hazırda İşçi Qrupu tərəfindən ərazilərin prioritetləşdirilməsi işləri aparılır.

2020-ci il ərzində Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin tabeliyində "Azalternativenerji" MMC-nin balansında olan stansiyalarda qurğu və avadanlıqlara texniki xidmət göstərilib, mütəmadi olaraq profilaktika və ölçüsınaq işləri aparılıb. Baş vermiş nasazlıqların səbəbi araşdırılıb, sıradan çıxmış avadanlıqlar gecikdirilmədən təmir edilib və stansiyaların normal rejimdə işləməsinə nail olunub.

Energetika Nazirliyində yaradılmış İşçi Qrupun tərkibində külək və günəş potensiallı ərazilər üzrə ölçü müşahidə və texniki xidmət işləri barədə tapşırıqların icrası yerinə yetirilir.

Bərpa olunan enerji ilə çalışan küçə işıqlandırma sistemləri, intellektual idarə olunan suvarma və günəş su nasos sistemləri tətbiqi ilə əlaqədar bu sahədə ixtisaslaşmış xarici şirkətlərlə təcrübə mübadiləsi aparılıb.

"Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" yeni qanun layihəsi qəbul edilib

Qeyd edək ki, Milli Məclisdə "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" yeni qanun layihəsi qəbul edilib. Bu qanun elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin hüquqi, iqtisadi və təşkilati əsaslarını, habelə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının təşviq edilməsi üçün dəstək mexanizmlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

Qanun layihəsinə əsasən, bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin qiymətləri (tarifləri) müəyyənləşəcək. Bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin qiymətləri (tarifləri) elektrik şəbəkəsinə ötürülən elektrik enerjisinin hər kilovat-saatı üçün hesablanır. Eyni zamanda qanun layihəsində Azərbaycanda bərpa olunan enerji mənbələrinin potensialı atlasının yaradılması da nəzərdə tutulub.

Azərbaycanda emal olunan sistemlərlə alternativ bərpaolunan enerji mənbələrindən istifadə genişlənməlidir

Millət vəkili Asim Mollazadə "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib ki, alternativ bərpaolunan enerji ilə bağlı qanunun qəbul edilməsi işğaldan azad edilmiş torpaqlara qayıdış üçün zəruridir. "Hamı gözəl bilir ki, Azərbaycanın neft strategiyası uğurlu olub. Biz çalışmalıyıq ki, Azərbaycanda alternativ bərpaolunan enerji mənbələrdən istifadə genişlənsin. Məhz Azərbaycanda emal olunan sistemlərlə alternativ bərpaolunan enerji mənbələrindən istifadə genişlənməlidir", - deyə millət vəkili əlavə edib.

Energetika Nazirliyi BP ilə Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş enerjisi layihəsi üzrə əməkdaşlığa başlayır

Energetika Nazirliyi və BP Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair icra müqaviləsi imzalayıblar.

Bu sənəd işğaldan azad olunmuş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması, Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafı ilə bağlı strateji qərarı və 2030-cu ilədək karbon qazı emissiyalarını 35%-dək azaltmaq öhdəliyinin, BP-nin isə 2050-ci ilədək "xalis sıfır emissiya"lı şirkətə çevrilmək strategiyasının icrası çərçivəsində imzalanıb.

Energetika naziri Pərviz Şahbazov deyib: "Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi müasir inkişaf kursunda Qarabağın "yaşıl enerji" zonasına çevrilməsi mühüm yer tutur. Bu vəzifənin Azərbaycanın yeni sosial-iqtisadi inkişaf strategiyasının prioritetləri ilə vəhdətdə həyata keçirilməsi bərpa olunan enerji sahəsinə xarici investisiyanın cəlbi üçün geniş imkanlar yaradır. Karbohidrogen sektorunda uzunillik strateji tərəfdaşımız BP ilə imzaladığımız bu sənəd yaşıl enerji və karbonsuzlaşdırma üzrə əməkdaşlığımızda yeni bir səhifə açacaq. Ümid edirəm ki, qoyuluş gücü 240 MVt olan günəş enerjisi layihəsi üzrə BP ilə fəal işbirliyimiz Qarabağa xarici sərmayənin gətirilməsini təmin edəcək".

"Azgüntex" zavodunda günəş panelləri istehsal olunur

Azərbaycanda "Azgüntex" zavodunda günəş panelləri istehsal olunur. 2012-ci ildən fəaliyyət göstərən zavodda il ərzində 100 min ədəd günəş paneli istehsal olunur. Sumqayıt şəhərinin yaxınlığında yerləşən zavod istehsal etdiyi günəş panelləri ilə respublikanın bu qurğulara olan tələbatını ödəyir. Müəssisənin hazırladığı panellərdən əsasən, irihəcmli günəş-elektrik stansiyalarında, paytaxt və bölgələrdə yerləşən sosial obyektlərdə istifadə olunur. Panellərin yığılması üçün lazım olan xammal isə xaricdən gətirilir.

5 ayda bərpaolunan enerji mənbələrindən hansı həcmdə elektrik enerjisi istehsal edilib?

Bu ilin yanvar-may aylarında Azərbaycandakı külək elektrik stansiyalarında 39 milyon kilovat-saat, günəş elektrik stansiyalarında 20,2 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz çoxdur.

4447
Футбольный мяч. Архивное фото

Konfrans Liqası: Azərbaycanın iki klubu mübarizəni dayandırdı, biri isə mərhələni keçdi

14
(Yenilənib 23:03 29.07.2021)
Azərbaycanın "Sumqayıt" və "Keşlə" futbol klubları UEFA Konfrans Liqası ilə vidalaşmalı olublar.

BAKI, 29 iyul - Sputnik. “Qarabağ” (Ağdam) klubu avrokuboklarda növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Ağdam klubu Konfrans Liqasında mərhələ adlayan ilk Azərbaycan klubu kimi tarixə düşüb.

II təsnifat mərhələsindən mübarizəyə başlayan Qurban Qurbanovun yetirmələri “Aşdod” səddini adlayıb. Evdə qolsuz heç-heçə edən Premyer Liqanın vitse-çempionu İsraildəki qələbə ilə tur adlayıb.

“Qarabağ” bu qələbəni erkən qol sayəsində qazanıb. Filip Ozobiçin 6-cı dəqiqədəki qolu komandaya mərhələ adlamaq imkanı verib.

"Sumqayıt" və "Keşlə" də UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.

"Report"un məlumatına görə, Sənan Qurbanovun baş məşqçi olduğu paxtaxt təmsilçisi Rusiyanın "Soçi" klubunu qəbul edib.

"ASK Arena"da keçirilmiş qarşılaşmada qonaqlar 4:2 hesabı ilə qələbə qazanıb. 21-ci dəqiqədə rəqibin heyətində Marko Duqandziç hesabı açıb. 35-ci dəqiqədə "Keşlə"nin braziliyalı legioneri Felipe Santos bərabərlik qolunu vurub. Bundan 3 dəqiqə sonra Nikita Burmistrov "Soçi"ni yenidən önə keçirib.

İlk hissə bu hesabla yekunlaşıb. İkinci yarının əvvəlində paytaxt təmsilçisi hesabı bərabərləşdirməyə müvəffəq olub. 52-ci dəqiqədə Rəhman Hacıyev topu rəqib qapısından keçirib. Danila Proxin 70-ci dəqiqədə meydan sahiblərini növbəti dəfə mərkəzə dəvət edib. Duqandziç 82-ci dəqiqədə özünün ikinci, komandasının isə 4-cü qoluna imza atıb. Rusiyadakı matçda rəqibinə 0:3 hesabı ilə uduzan "Keşlə" Konfrans Liqası ilə vidalaşıb.

"Sumqayıt" "Kapital Bank Arena"da Serbiyanın "Çukariçki" komandası ilə üz-üzə gəlib. Görüş "gənclik şəhəri" təmsilçisi üçün yaxşı başlamayıb. 10-cu dəqiqədə Belqrad klubunun heyətində İbrahima Ndiaye hesabı açıb. 6 dəqiqə sonra isə Marko Dotsiç penaltidən fərqlənməklə meydan sahibini növbəti dəfə məyus edib. Oyunda başqa qol vurulmayıb. Serbiyada rəqibi ilə qolsuz heç-heçə edən "Sumqayıt" da Konfrans Liqası ilə vidalaşmalı olub.

14

Olimpiya ümidləri: azərbaycanlı idmançılardan kim Tokioda medal qazana bilər