Gənc cütlük, arxiv şəkli

Gün o gün olsun, balam, toy-düyün olsun, balam

1423
Restoran sahibləri toylara icazə verilməsini alqışlasalar da, qərardan irəli gələn bəzi nüansların onlar üçün problem olduğunu söyləyirlər.

BAKI, 22 iyun — Sputnik. İyulun 1-dən etibarən toyların keçirilməsinə icazə verilir. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərardan irəli gələn bəzi nüanslara aydınlıq gətirmək, şadlıq saraylarındakı son durumu, görülən işlər, atılacaq addımlar, qiymət artımınının olub-olmaması kimi bir sıra vacib nüanslara aydınlıq gətirməyə, sahibkarların dilindən bir çox sualları səsləndirməyə çalışdıq.

Rüsvayçılıq olacaq... Amma buna da şükür

"Versal" şadlıq sarayının inzibatçısı Simran Mustafayevin sözlərinə görə, işçi qüvvəsi yetərli sayda olmasa da, toylara icazə verilməsi xəbəri sahibkarları çox sevindirib:

"Hər ay şadlıq sarayı dezinfeksiya olunub. Eyni zamanda da su anbarları da dezinfeksiya olunub. İşçilərə də tapşırılıb ki, toylar açılanadək hamısı COVID pasportu alsınlar, peyvənd vurdursunlar. Əsas işçilərimizin bəziləri hələlik sadəcə birinci vaksini vurdurublar, bəziləri isə artıq ikincini də vurdurublar. Pandemiya ilə əlaqədar hələlik ofisant, aşpazlarımız yoxdur".

O bildirir ki, artıq il yarımdır ki, şadlıq sarayı tamamilə fəaliyyətini dondurub: "Digər şadlıq sarayları, restoranlardan fərqli olaraq bizdə il yarımdır ki, toylar keçirilmir. Bu səbəbdən də il yarımda tamamilə müflis olduq, ancaq borcla yaşadıq. Bu səbəbdən belə bir xəbərin olmasına sevinsək də, qısa müddətdən sonra, avqustun əvvəlində Məhərrəm ayı daxil olacaq. O müddətdə də toyların keçirilməsi iki ay dayanacaq. Rüsvayçılıq olacaq. Amma ən azından deyim ki, toyların icazə verilməsi gözəl bir addımdır, buna da şükür".

Daha öncədən iyul ayı üçün 5-6 toy tarixi təyin olunub

"Bənövşə" şadlıq sarayının rəhbəri Xəyyam Baxşıyev işçilərlə bağlı problemdən danışıb: "Yəqin ki, bu gündən etibarən toyların təyin olunması üçün artıq müraciətlər daxil olar. Bizim şadlıq sarayı bir az qıraq yerdədir, digər şadlıq sarayları kimi mərkəzdə yerləşmir".

O bildirir ki, son aylarda da zəng edib tarix üçün yer yazdıranlar olurdu: "Lakin qeyd edim ki, hələlik öncədən iyul ayı üçün 5-6 toy yazılıb".

Baxşıyev deyir ki, artıq bu gündən etibarən Nazirlər Kabinetinin qərarına müvafiq olaraq lazımi addımlar atılacaq: "İl yarımdır ki, işçilərimiz gedib orada-burada işləyirlər. Elə bizi də fikir aparıb ki, görəsən, bu qədər işçini haradan tapacağıq. Amma daimi işçilərimə demişəm ki, qabaqcadan peyvənd olunun".

Daxili İşlər Nazirliyinin yaydığı xəbərdə adı qanunsuz toy edilən şadlıq sarayı kimi hallanan şadlıq sarayının rəhbəri belə bir şeyin olmadığını deyib: "Dövlətə tabe adamam. Mənim kitabımda belə bir şeyin olması qəti qadağandır. Olmazsa, olmaz. Biz sadəcə olaraq restoran kimi işləyirdik".

O da digər restoranın inzibatçısı kimi toyların olmadığı müddətdə tamamilə müflis olduğunu bildirib: "Bu müddətdə 20 minədək borcum yığılıb. Özüm də 1-ci qrup əliləm".

Qiymətlər artacaq

"Şahənşah" şadlıq sarayının baş administratoru Zaur Abdullayev behlərdən söz açaraq toy tarixlərinin ayın günlərinə uyğun olaraq yerləşdirilməsindən danışıb: "Ötən ildən əlimizdə olan toylar var, hansı ki ev sahiblərinin behini də almışıq. Bu xəbər çıxandan bəri yerbəyer işləri ilə məşğuluq. Bu səbəbdən bir neçə günlük kənardan toy gününün təyini ilə bağlı sifarişi hələlik saxlamışam. Lakin onu qeyd edim ki, hazırda bir balaca narazılıq da var. COVID-19 pasportu ilə bağlıdır. Toy sahibləri deyirlər ki, biz necə edək ki, peyvənd olunmayan, yaxud da peyvənd olunmaq istəməyən yaxınlarımız da bu toy məclisində iştirak etsinlər".

"Qiymətlərimizdə dəyişiklik olacaq. Çünki əvvəllər qiymətlərimiz 370 nəfərlik və bir qədər də çox qonaq sayı olan məclislərə hesablanmışdısa, indiki 150 nəfərlik tələbə görə qiymət uyğun deyil. Yəqin ki, qiymətlərdə azı 10 manat dəyişiklik olacaq. Baxın, əvvəllər stol 12 nəfərlik idisə, indi 6 nəfərlikdir. Biz işçilərin də pulunu verməliyik və buna görə də məcbur olub qiyməti də qaldırmalıyıq", - deyə o əlavə edib.

Ailələr bir masa ətrafında yerləşdiriləcək

O qadağalar və stolların düzülüşündən də danışıb: "Kimin əlində COVID-19 pasportu, yaxud da immunitet pasportu olacaqsa, onlar toya buraxılacaqlar. Stolların düzülüşünə gəldikdə isə ailənin bir üzvini başqa, digər üzvini başqa yerdə oturdacaq deyilik. Təbii ki, ailələr birgə əyləşəcəklər".

Həmsöhbətimiz bildirib ki, özünün əldə etdiyi son məlumata görə, işçi heyətlərinin 70-80 faizi artıq peyvənd olunub: "Onlar işə hazır vəziyyətdədirlər".

Nə şiş yansın, nə də kabab

Öncəki sifarişlərdən danışan Abdullayev deyib ki, bütün sifarişləri azı 250 nəfərlik məclis üçündür: "Zallarımız böyük olduğu üçün hər kəs zəng edir ki, bəs 150 deyil, daha çox qonaqla toy etmək istəyir. Mən də qeyd etmişəm ki, bizə belə tələb qoyulub. Bayaq bir müştərimiz zəng etdi, dedi ki, hələ də qərarsız qalıb. O deyir ki, "qohumun hansına deyim ki, get, iynə vurdur, sonra gəl". Digər narazılıq isə toyun günləri ilə bağlıdır.

Bizdə adətdir ki, toylar ən çox şənbə və bazar günləri olsun. Ancaq mən onlara şərt qoymuşam ki, əldə etdiyim sifarişlərə əsasən günlər təyin olunacaq. Yəni, ən birinci müştərimin toyu ilk olaraq qeyd olunacaq, sonuncu yazılan toy sahibinin toyu isə ən sonuncu qeyd olunacaq. Ən axırıncı müştərimiz noyabrda bizə beh verib. Ondan sonra toy günü yazdıran olmayıb. Biz də çalışırıq ki, nə şiş yansın, nə də kabab".

O bildirir ki, öncələr sifarişlər daha çox olsa da, artıq bəziləri gəlib behlərini götürüb nikaha daxil olublar.

"Gilavar" şadlıq sarayının baş inzibatçısı Sahib Əliyev isə qərarla bağlı sual doğuran məqamlardan danışır və çıxış yolu axtarır: "Ümumiyyətlə, vasitənizlə buradan qərardan irəli gələn bəzi məsələlərlə bağlı iradlarımızı bildirmək istəyirik. Baxın, 150 nəfərlik qonaq tələbi var. Biz sahibkarıq, bunu necə və hansı sistemlə yoxlaya biləcəyik ki, bu qədər şəxs COVID-19 pasportu alıb, ya almayıb, yaxud da immunitet pasportu var, ya yoxdur. Sərt karantin dövründəki kimi bir-bir girib camaatı necə yoxlayacaqlar? Şəxsən bu öhdəliyi bizim üzərimizə qoyurlarsa, biz onu yoxlaya bilməyəcəyik. Çöldə insanları yoxlamaq problem deyil, onlar ayıq başlı olurlar. Amma toyda bu çətindir axı. Baxın, içkili olanlar da olur. Təkcə bəylə-gəlinin pasportuna nəzarət etmək olar. Hansı ki onlar daha öncədən toy günü təyin etmək üçün gəlib danışırlar və bu zaman biz onlarla ünsiyyətdə oluruq. Amma qonaqları ancaq toy günü görürük axı. Saat 18:00-da 150 nəfər necə birdən içəri daxil olacaq?! Bunun üçün hansıda dövlət qurumundan bütün şadlıq saraylarına işçi heyəti ayrılmalıdır, çünki bunun üçün biz gərək ayrıca işçi qüvvəsi ayıraq ki, bu da xərcdir. Əgər bir nəfər vaksin olunmayıbsa, 150 nəfərin içində bu adamı necə tapacağıq, bax bu sual doğurur".

Heç olmasa, bir masanın arxasında 6 nəfər yox, 8-10 nəfər əyləşərdi

"Lakin 12 nəfərlik masa da, ara məsafə də olacaq və biz 12 nəfərin yeməyini 6 nəfərin qabağına qoymuş olacağıq. Belə olan halda, təbii ki, qiymət artımı olacaq. Heç olmasa, bir masanın arxasında 6 nəfər yox, 8-10 nəfər əyləşərdi, belə olan halda biz, təbii ki, qiymət artımı edə bilmərik. Ümumiyyətlə, vaksinasiya varsa, stol niyə 6 nəfərlik olmalıdır?! Heç olmasa, ara məsafəsini azaldıb 70 santimetr eləsinlər. Amma qeyd edim ki, bəlkə də bir o qədər də qiymət artımı olmayacaq, qiymət məsələsi heç bizi 150 nəfərin yoxlanışına nəzarət qədər narahat etmir. Bir sahibkar olaraq qiymətin artırılması bizə sərf etmir. Camaatı da nəzərə almaq lazımdır", - deyə o əlavə edib.

Məgər 50 nəfər olanda koronavirus olmur ki?!

Restoran təmsilçisi nəzarətin necə həyata keçiriləcəyi ilə bağlı onlara məlumat verilməsini tələb edir və 50 nəfərə görə pasportu tələb olunmaması ilə bağlı nüansa toxunur: "Məgər 50 nəfər olanda koronavirus olmur ki? Söhbət bizdən yox, qonaqlardan gedir, biz işçiləri, lap elə bəylə-gəlini də yoxlaya bilərik, amma 150 nəfəri yox. Başqa suallar da var, qapalı yerdə, toyda qonaq necə maskadan istifadə edə bilər? Adam çörək yeyirsə, yaxud da oynayırsa, maska tələb etmək olar?".

O 50 nəfərlik məclislərə görə qiymət artımının olmayacağını bildirir.

"Simfoniya" şadlıq sarayının baş inzibatçısı İlqar Qasımov qiymətlərin Məhərrəmlikdən sonra qalxacağını proqnozlaşdırır: "Artıq bu xəbər çıxandan zənglər gəlib. Qiyməti qaldırmaqla bağlı isə hələlik konkret bir şey düşünməmişik. Çünki insanların da bir elə imkanları yoxdur. Amma say azalanda istər-istəməz qiymət fərqi olmalıdır. Çünki əlavə musiqi, video üçün də xərc tələb olunur. Belə olanda masa qiyməti daha yüksək olur. Lakin hələlik ki, köhnə qiymətlərdə qalmışıq".

"Əvvəl 500 nəfərlik toyu 120 manata edirdiksə, indi 150 nəfərlik toyu bu qiymətə edəcəyik, Məhərrəmliyə qədər. Məhərrəmlikdən sonra qiymət haqda düşünəcəyik. Halbuki, əvvəllər 500 nəfərlik zalda 200 nəfərlə toy etmək istəyəndə qiymətlər qalxırdı. İndi isə deyirlər ki, icazə verin, gələk toy edək. Belə olan halda indidən qiymətləri necə qaldıraq?!" - deyə o əlavə edib.

Həmsöhbətimiz deyir ki, şadlıq saraylarının işçiləri vaksinasiya olunub, günəmuzd kimi işləyən ofisiant və aşpazlardan da vaksinasiya olunmaq tələb olunur.

Toylara icazə verilməsi ilə əlaqədar restoran sahiblərinin əhval-ruhiyyələri yerindədir. Şadlıq saraylarının bir zamanlar - təxminən il yarımdır ki, susan telefonları isə artıq bir neçə saatdır durmaq bilmir. Restoran sahibləri "təki toy olsun" deyirlər.

Tibb üzrə ekspert Ədalət Rüstəm də yeni xəbəri şərh edib: "Toy oldu-olmadı, maska taxılmalıdır. Nəinki qapalı məkanda, açıq havada da maska taxılmalıdır, əgər məsafə gözləmək mümkün deyilsə. Sosial məsafə gözlənilərsə, maskanı çıxarmaq, yemək yemək olar".

Boşqablar bir-birindən 20 santimetr aralı olmalıdır

O bildirir ki, toyların keçirilməsi üçün Səhiyyə Nazirliyi tərəfindən təlimat hazırlanmalıdır: "Şadlıq evləri, restoranlar da bu tələblərə əməl etməlidir. Məsələn, öncəki illərdə bir masanın arxasında 12 nəfər otururdusa, indi 4 nəfər oturmalıdır. Masanın eni ən azı 1.5 metr olmalıdır. Yanaşı oturan iki nəfər arasında məsafə azı 1 metr olmalıdır. Boşqablar bir-birindən 20 santimetr aralı olmalıdır. Polis və digər qurumlar isə nəzarəti həyata keçirtməlidir".

Dəfələrlə təxirə salınan, günün dəyişdirilən toylar göründüyü kimi, qərara müvafiq olaraq daha fərqli olacaq, maskalı, yaxud da COVİD-19 pasportu ilə ev sahibləri, qonaqlar restorana buraxılacaqlar. Bundan başqa, ev sahibi bunadək 300-500 nəfərin toyunda iştirak edibsə, onun yalnız 150-ni toya dəvət edə biləcək. Bir sözlə, qonaqları seçəcək. Bunadək əlavə olaraq 200-300 toya gedərək pul yazdırıbsa, həmin adamlardan pulunu necə ala biləcək, bunu necə izah edəcək, hər halda bu məsələlər də onlar üçün sual doğurur. Çünki əlavə olaraq bir toyu bir neçə tarixdə qeyd etmək də müğənni, xidmət xərci, geyim və maşın xərcinə görə də əlavə vəsait tələb edir.

Bəy və gəlin 50 nəfərlik məclisdə maska taxmalıdırlar

Biz isə sahibkarların bizə ünvanladığı suallara aydınlıq gətirməyə çalışdıq. Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bəzi nüanslara aydınlıq gətirib: "50 nəfərlik məclisdə də sıxlıq normaları gözlənilməli, tibbi maskadan istifadə edilməlidir. 150 nəfərlik məclislərlə bağlı isə maska tələbi yoxdur. Bunun üçün yalnız COVID-19 və İmmunitet pasportu tələbi var. Restoran personalı isə əlcəkdə və tibbi maskada xidmət göstərməlidir".

E.Hacıyev 50 nəfərlik toy üçün COVID-19 və digər pasportu olmayan bəy-gəlin necə, maska taxmalıdırmı, sualını da cavablayıb: "Bütün hallarda 50 nəfərlik məclisdə koronavirus infeksiyası şəraitində tibbi maskadan istifadə edilməlidir. NK-nın qərarında bu barədə bildirilir".

O bildirir ki, 50 və 150 nəfərlik açıq havada keçiriləcək məclislərə görə də tələb eynidir: "Açıq və qapalı məkanlarda 150 nəfərlik məclisdə yalnız pasport tələbi var, 50 nəfərlik məclisdə isə tibbi maska tələbi var".

E.Hacıyev restoran sahiblərini əsas düşündürən suala "150 nəfər necə yoxlanılacaq", məsələsinə də aydınlıq gətirib: "Bütün hallarda sahibkarlıq subyekti məsuliyyəti üzərinə götürür. Eləcə də toy sahibləri iltizam sənədi imzalayır və bildrirlər ki, biz COVID-19 virusu şəraitində qayda və tələblərə əməl etmək öhdəliyini üzərimizə götürürük. Toy günü qonaqların yoxlanmasına gəldikdə isə, bunu restoranın inzibatçıları həyata keçirəcəklər".

E.Hacıyev bildirir ki, restoran sahibi 5 gün öncə yer tutumu və qonaq sayını öncədən portala daxil edəcək.

Beləliklə, ev sahibi bütün çağırılan qonaqların məsuliyyətini daşıyacaq.

Təki toy havası gəlsin...

Eləcə də oxuyun:

  • Azərbaycanda iyulun 1-dən toy və nişanlara icazə verildi

  • İki doza peyvənddən 6 ay sonra yenidən peyvənd vurulacaq? TƏBİB-dən izahat

  • COVID-19-u gizli keçirənlər immunitet sertifikatı ala bilərlərmi? Əlac ancaq...

  • Pandemiya zamanı pul qazanmaq istəyənlər üçün təlimatlar

1423
Teqlər:
toy, restoran, bəy, gəlin, COVID-19 pasportu, sahibkar
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (476)
Türkiyənin Antalya əyalətində meşə yanğınları

Türkiyə alovlar içində: Yanğınlar lokallaşdırılsa da, mübarizə davam edir

971
(Yenilənib 00:29 31.07.2021)
Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli bildirib ki, hazırda 81 yanğın ocağından 70-i lokallaşdırılıb, Adana, Osmaniyə, Antalya, İzmir, Mersin, Muğlada yanğınlarla mübarizə davam edir.

BAKI, 30 iyul - Sputnik. Türkiyənin yanğınsöndürənləri 85 yanğın ocağından 74-nü lokallaşdıra biliblər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli özünün "Twitter" səhifəsində yazıb.

O qeyd edib ki, hazırda 85 yanğın ocağından 74-ü lokallaşdırılıb, Adana, Osmaniyə, Antalya, İzmir, Mersin, Muğlada yanğınlarla mübarizə davam edir.

Nazirin sözlərinə görə, 11 yerdə yanğın davam edir. Yanğınla mübarizəyə 6 təyyarə, 9 pilotsuz uçuş aparatı (PUA), bir pilotsuz helikopter, 45 yanğınsöndürmə helikopteri, bir yanğınsöndürmə tankeri, 1 080 suçiləyici və 55 inşaat maşını, 4 mindən çox heyət cəlb edilib.

Meşələrin qəhrəmanlarının havadan və yerdən böyük sədaqətlə yanğınlarla mübarizə apardığını ifadə edən nazir dəstək göstərən hər kəsə minnətdarlığını bildirib.

Azərbaycanın yanğınsöndürənləri də Türkiyəyə köməyə gediblər

Azərbaycan Prezidentinin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin əməkdaşları Türkiyəyə yola düşüb. Heyət AZAL-ın təyyarələri ilə Türkiyə Respublikasına yola salınıb.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən, nazirliyin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər və digər lazımi avadanlıq və ləvazimatlar qısa zamanda qardaş Türkiyəyə çatdırılacaq.

E.Mirzəyevin sözlərinə görə, hazırda Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 100 nəfər əməkdaşı Türkiyəyə yola düşür:

"Bildiyimiz kimi, bu gün Türkiyədə güclü yanğınlar müşahidə olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Türkiyədə baş verən yanğınlarda həlak olan şəxslərin yaxınlarına başsağlığı verib".

"Türkiyənin kədəri Azərbaycanın kədəridir", - deyən nazir müavini əlavə edib ki, Azərbaycandan iki helikopter və 500 nəfərdən artıq canlı qüvvə və 50-dən artıq texnika hazır vəziyyətdədir.

Türkiyədə yanğınlar 

Türkiyədə, Antalyanın Manavgat rayonunda Yeniköy məhəlləsinin yaxınlığındakı meşədə yanğın olub. İyulun 28-dən başlayan yanğın nəticəsində Manavqat rayonun mərkəzinə qədər yayılıb, bəzi yaşayış məntəqələri və iş yerləri yanaraq yararsız hala düşüb.

Ümumilikdə Türkiyənin Antalya əyalətində başlayan meşə yanğınları nəticəsində 3 nəfər həlak olub, 62 nəfər isə xəsarət alıb.

Yanğının söndürülməsinə 100-dən çox texnika, o cümlədən 2 təyyarə və 15 helikopter cəlb edilib.

Antalyadan başqa Türkiyənin Kayseri, Bodrum, Osmaniyə, Milas, Adana, Kütahya, Mersin, Dıdım, Kuşadası, Kocaeli bölgələrində də kütləvi surətdə meşa yanğınları baş verməkdədir. Türkiyə rəsmiləri hadisənini terror aktı olduğunu istisna etmirlər. 

Həmçinin oxuyun:

Azərbaycan yanğınsöndürənləri qardaş ölkənin harayına getdilər

* İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

* Mehriban Əliyevadan Türkiyəyə dəstək

* Çavuşoğlu Türkiyədəki yanğınlar barədə: "Saxlanılan şübhəlilər var"

971

Pandemiya bahalı mənzilləri gözdən salıb: indi onlar heç kəsə lazım deyil

363
(Yenilənib 21:59 30.07.2021)
Pandemiya dövründə Azərbaycanda çox bahalı olan mənzillərə tələbat, canlanma olmadı. Bu müddətdə daha çox ipoteka ilə mənzillər satıldı, nağd olaraq satılan mənzillərin sayı isə azaldı.

BAKI, 30 iyul — Sputnik. Bu ilin yanvar-iyun aylarında dünya üzrə qiyməti 10 milyon ABŞ dollarından yuxarı olan super bahalı evlərin satışı ilə bağlı 13,7 milyard ABŞ dolları məbləğində 785 əqd bağlanıb ki, bu da dəyər və kəmiyyət baxımından bir il əvvəlki göstəricilərdən iki dəfə çoxdur. Açıqlanan vəsait Nyu-York, Los-Anceles, Honq-Konq, London, Sidney, Sinqapur və Dubayda evlərin alınmasına sərf olunub.

Maraqlıdır, Azərbaycanda bahalı mənzil bazarında vəziyyət necədir?

Azərbaycanın Rieltorlar Birliyinin sədri Elnur Azadov Sputnik Azərbaycan-a açıqlamasında ümumi vəziyyəti şərh edib. O bildirir ki, pandmeiya başladığı müddətdə daşınmaz əmlak bazarı haqda verilən proqnozlar özünü doğrultmayıb: "Pandemiya başlayanda belə bir fikir formalaşmışdı ki, müxtəlif sahələr, o cümlədən də turizm və daşınmaz əmlak sahələri çökəcək. Mənzil almaq istəyən vətəndaşlar ehtiyat etdilər. Beləcə bir il, il yarım ərzində bazarda daşınmaz əmlak almaq istəyən müşəri bazası toplandı. Onlar başa düşdülər ki, bu sahədə investisiya yatırmaq baxımından bunun heç bir riski yoxdur".

E.Azadov deyir ki. yaranmış bu vəziyyət bütün dünya ölkələri üçün bir təcrübə oldu, daşınmaz əmlak bazarına elə ciddi bir təsiri olmadı: "Xüsusən də Azərbaycanda bunu müşahidə edə bildik. Bu müddətdə daşınmaz əmlak bazarında alqı-satqıdan fərqli olaraq hotellər, əcnəbilər üçün kirayələnən evlər daha çox zərərlə üzləşdilər".

E.Azadov deyir ki, hazırda da daşınmaz əmlak bazarına böyük maraq var. Yerli bazardakı vəziyyətə nəzər salan ekspert bildirir ki, bu müddətdə fərdi evlərin tikintisi üçün xırda torpaqlara tələbat artdı.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Azərbaycanda hələ pandemiyadan öncə bahalı mənzil bazarının alıcılarının azaldığını deyir. O yaranmış vəziyyətin həmin mənzil bazarında qiymətlərin şişirdilmiş olmas ilə izah edir: " Zamanla bu mənzillərin qiyməti aşağı düşdü və real bazar qiyməti aldı. Hazırda da həmin mənzillərdə qiymət artımı yoxdur".

Ekspert bildirir ki, pandemiya dövründə Azərbaycanda çox bahalı olan mənzillərə tələbat, canlanma olmadı. Bu müddətdə daha çox ipoteka ilə mənzillər satıldı, nağd olaraq satılan mənzillərin sayı isə azaldı.

Əmlak sektorunun inkişafının həm də turizm sektorundan asılı olduğunu deyən ekspert Türkiyədəki vəziyyətdən danışır: "Türkiyədəki vəziyyətə nəzər yetirək, burada aylıq olaraq Azərbaycan vətəndaşları tərəfindən 80-100 mənzil alınır. Həmçinin digər ölkələrdən hər ay Türkiyədə mənzil alanların sayı artır. Bunun da əsas səbəbi Türkiyənin turizm sektorunun inkişafda olması ilə bağlıdır".

"2-3 il öncəyə nəzər salsaq, görərik ki, bu müddətdə Azərbaycana ən çox şərq ölkələrindən axın edilib. Onlar bir müddət sonra Azərbaycanın daşınmaz əmlak sektoruna maraq göstərdilər. Lakin əcnəbilərin Azərbaycanda torpaq ala bilməməsi, yaxud da böyük villalar ala bilməməsi maneələr yaradır. Bu səbəbdən həmin ölkələrin vətəndaşlar bizimlə qonşu ölkələrdən daşınmaz əmlak almağa maraq göstərdilər", - deyə E.Fərzəliyev əlavə edib.

Azərbaycanda bahalı mənzil bazarında canlanma yoxdur. Çox bahalı mənzillərin qiymət artımı yoxdur.

363
Пульт дистанционного управления телевизором

CBC teleradio şirkətində kadr dəyişiklikləri baş verib