Modul tipli klinika, arxiv şəkli

AQTA "TƏBİB"-in tabeliyində olan xəstəxanaları yoxlayıb - NƏTİCƏ

23
(Yenilənib 11:54 22.06.2021)
AQTA "TƏBİB"-in tabeliyində fəaliyyət göstərən bir sıra tibb müəssisələrində yoxlamaları başa çatdırıb.

BAKI, 22 iyun — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət göstərən bır sıra tibb müəssisələrində yoxlamalar başa çatıb. Sputnik Azərbaycan AQTA-ya istinadən xəbər verir ki, cari ilin aprel-iyun aylarında paytaxt Bakı şəhəri istisna olmaqla ölkə ərazisi üzrə ümumilikdə 46 tibb müəssisəsini əhatə edən yoxlama-nəzarət tədbirləri zamanı qidalanma rejiminin təşkili, ərzağın keyfiyyəti, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti, qida təhlükəsizliyi tələblərinə əməl olunması yoxlanılıb.

Yoxlama tədbirləri nəticəsində fəaliyyətində ciddi nöqsanlar aşkarlanmış 8 tibb müəssisəsi ilə bağlı zəruri məlumatlar toplanaraq hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim olunub, həmçinin bir sıra tibb müəssisələrində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmaması ilə bağlı vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb edilib, aşağıda adları qeyd olunan 5 tibb müəssisəsində isə qida təhlükəsizliyi sahəsində ən az nöqsan aşkarlanıb və nəticələri qənaətbəxş qiymətləndirilib. Həmin tibb müəssisələrində aşkar olunmuş nöqsanların qısa müddətdə aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.

Yoxlamaların nəticələrinə əsasən fəaliyyəti qənaətbəxş qiymətləndirilən tibb müəssisələri:

1. Beyləqan Rayon Mərkəzi Xəstəxanası;

2. Tovuz Rayon Mərkəzi Xəstəxanası;

3. Ağdam Rayon Mərkəzi Xəstəxanası;

4. Şəki Rayon Mərkəzi Xəstəxanası;

5. Zaqatala Rayon Mərkəzi Xəstəxanası.

Tibb müəssisələrində aparılan yoxlamalar TƏBİB-in nümayəndələri və tibb müəssisələrinin baş həkimlərinin müşayiəti ilə həyata keçirilib, müfəttişlər tərəfindən yaxa kameraları vasitəsilə videoçəkilişlər aparılıb, aşkar olunan nöqsanlar yerində protokollaşdırılıb, zəruri müayinələrin aparılması üçün ərzaq xammallarından, qida məhsullarından nümunələr götürülüb və sınaqların aparılması məqsədilə müvafiq laboratoriyaya təqdim edilib.

Qeyd edək ki, Agentlik tərəfindən Bakı şəhəri üzrə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində isə iyunun 21-dən etibarən yoxlamalara başlanılıb.

Aparılan yoxlamaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

23

Bu gün I ixtisas qrupu üzrə qəbul imtahanları keçiriləcək

127
(Yenilənib 08:30 27.07.2021)
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib.

BAKI, 27 iyul — Sputnik. Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.

DİM-dən verilən məlumata əsasən, 19184 abituriyentin iştirakı nəzərdə tutulan imtahanlar 11 şəhər və rayonda - Bakı, Gəncə, Qazax, Ağstafa, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunacaq.

İmtahanlar saat 10:00-da başlanacaq. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Qeyd edək ki, iyulun 27-28-də imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 151 imtahan binası, 2544 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 151 ümumi imtahan rəhbəri, 422 imtahan rəhbəri, 3309 nəzarətçi–müəllim, 308 buraxılış rejimi əməkdaşı, 151 bina nümayəndəsi ayrılıb. İmtahanlarda 23 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

127
Rusiya Jurnalistlər İttifaqının Beynəlxalq şöbəsinin rəhbəri Timur Şafir

Rusiyalı media eksperti: jurnalist hər şeyə şübhə ilə yanaşmalıdır

162
(Yenilənib 08:55 27.07.2021)
Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçirilən SputnikPro vebinarında KİV nümayəndələrinə feyk xəbərləri necə aşkar və ifşa etməyin yollarından danışıblar

BAKI, 26 iyul — Sputnik. Müasir dünyada xəbərlərin, o cümlədən feyk xəbərlərin yayılması sürəti və bunun üçün istifadə olunan alətləri nəzərə alsaq, peşəkar jurnalist hər şeyə şübhə ilə yanaşmalıdır. Bunu bazar ertəsi Bakıda SputnikPro layihəsi çərçivəsində keçirilən "Müasir jurnalistika üçün faktçekinq texnologiyaları" adlı ustad dərsində Rusiya Jurnalistlər İttifaqının Beynəlxalq şöbəsinin rəhbəri Timur Şafir deyib.

Onun sözlərinə görə, ilk növbədə bunu anlamaq lazımdır ki, feyklər heç də yeni bir məfhum deyil, hazırda fərq ondadır ki, bu gün onlar faktoidə çevrilir və ictimai şüurda yalnız ona görə həqiqət kimi qəbul olunur ki, onları KİV-lər yayır.

© Sputnik / Murad Orujov
Rusiya Jurnalistlər İttifaqının Beynəlxalq şöbəsinin rəhbəri Timur Şafir

"Feyklərin yayılma səbəbləri müxtəlifdir. Buna səbəb həm jurnalistlərin, həm də auditoriyanın axmaqlığı, tənbəlliyi, savadsızlığıdır. Digər bir səbəb - hansısa maraqlar, kommersiya maraqlarıdır. Siyasi müstəvidə də feyklər kifayət qədərdir", - deyə Şafir bildirib və onu da qeyd edib ki, əksər hallarda feyklərin məqsədi təxribat olur.

"Çexiyalı jurnalist Fuçikin çağırışını yadda saxlamaq və diqqətli olmaq lazımdır. Peşəkar jurnalist hər şeyə şübhə ilə yanaşmalı və şübhə doğuran bütün məqamlara diqqət yetirməlidir. Bura infiormasiyanın məntiqsizliyi, onun həddən artıq səs-küylü şəkildə təqdim olunması, mənbəyinin olmaması daxildir", - deyə rusiyalı media eksperti bildirib.

Ekspert eyni zamanda jurnalistləri və KİV nümayəndələrini informasiyanın emalı zamanı məsuliyyəti yaddan çıxarmamağa, nə qədər vacib və "dəhşətli" görünməsinə baxmayaraq müxtəlif feykləri peşəkar müstəvidən kənarda yaymamağa çağırıb.

© Sputnik / Murad Orujov
Rusiya Jurnalistlər İttifaqının Beynəlxalq şöbəsinin rəhbəri Timur Şafir

Yardım qismində ekspert faktların yoxlanması üçün müxtəlif alətlərdən istifadə etməyi tövsiyə edib. Onun sözlərinə görə, bunun üçün rəsmi saytlar, internetdə olan müxtəlif şəkillərin, videoların ilkin variantının axtarılıb tapılması üçün müxtəlif vasitələrdən istifadə etmək olar.

"Xəbər nə qədər vacib və dəhşətli görünsə də, hətta siz öz fikrinizi bildirirsinizsə də, onu yaymaq, feykyayanlar zəncirinin həlqəsi olmaq lazım deyil. Xəbərin tarixi kimi sadə bir şey hər şeyin üstünü aça bilər. Yadda saxlamaq lazımdır ki, bu gün köhnə xəbərlərin yayılması üçün geniş imkanlar var: sosial şəbəkələrdə hər şeyi dəfələrlə yenidən dərc etmək olar", - deyə Şafir qeyd edib.

© Sputnik / Murad Orujov
Rusiya Jurnalistlər İttifaqının Beynəlxalq şöbəsinin rəhbəri Timur Şafir

SputnikPro – Rusiyanın ən yaxşı media menecerləri, KİV sahəsində böyük təcrübəyə malik aparıcı mütəxəssisləri tərəfindən ustad dərslərinin verildiyi genişmiqyaslı yeganə proqramdır.

SputnikPro layihəsi artıq dünyanın 13 ölkəsində təşkil olunub. 2018-ci ilin mart ayından indiyə kimi layihədə iki mindən artıq jurnalist, media meneceri, PR mütəxəssisi, mətbuat xidməti əməkdaşı, bloger və müvafiq fakültələrdə təhsil alan tələbələr iştirak ediblər.

Bu maarifçilik layihəsi ilə bağlı yenilikləri aşağıdakı "Facebook" səhifəsindən izləmək olar: https://www.facebook.com/SputnikProject/

Həmçinin oxuyun:

Saxta xəbərləri yaymaqda məqsəd nədir? - Timur Şafir danışır

SputnikPro: "feyk-nyus" nədir və onunla necə mübarizə aparmalı

162