Tovuzda kartofun yığımı

Fermerlərin harayı: Kartof əkdim alan yox

2275
(Yenilənib 21:18 20.06.2021)
Fermerlər deyirlər ki, kartofun çıxarılmasına sayılı günlər qalıb, amma hələ heç bir alıcı gəlib kartofla maraqlanmayıb.

BAKI, 20 iyun — Sputnik. Tovuz rayonunun aran hissəsində kartofçuluqla məşğul olan fermerlər bu il bol məhsul götürməyi planlayırlar. Onlar bir neçə ildir suvarmada çətinliklərlə qarşılaşdıqlarından, bunun məhsuldarlığa mənfi təsiri ilə üzləşiblər. Bu il isə hava yağmurlu keçdiyindən suyun bol olduğunu deyirlər. Hazırda son suvarmaları həyata keçirilən bu bitkinin bir neçə gündən sonra yığımına kütləvi şəkildə start veriləcək. Lakin son suvarma bitməmiş fermerlərin məhsulu sata bilməmək narahatlığı artıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri kartof əkini ilə məşğul olan fermerlərin sahələrində olaraq kartofun vəziyyəti ilə maraqlanıb.

40 ildir kartofçuluqla məşğul olan fermer Atakişi İmaməliyev ilkin suvarmada su qıtlığı ilə üzləşsələr də, hazırda bu sahədə çətinlik olmadığın dilə gətirib:

© Sputnik / Ilham Mustafayev
Mayın 15-dən etibarən ilk suvarma həyata keçirilir

"Suvarmada ilk dövrlər suyun qıtlığından çətinlik çəkdik. Kartof elədir ki, gərək həftədə bir dəfə suvarıla. Belə olduqda, həm məhsuldarlıq yüksək olur, həm də məhsul keyfiyyətli. Gecikdirildikdə isə ikinci böyümə əmələ gəlir və kartof formasını itirir. Nəticədə satışa ziyan verir, alıcılar yöndəmsiz məhsulu almaq istəmirlər. Bu səbəbdən kartof sahələri çox olduğundan, suya da böyük tələbat yaranır. Şükürlər olsun ki, bu il yağıntı normadan da artıq oldu və bu vəziyyətdən fermerlər çıxa bildi".

Fermerin bildirdiyinə görə səpinin aparılma vaxtından asılı olaraq, mayın 15-dən etibarən ilk suvarma həyata keçirilir. Məhsul yığılana qədər isə vəziyyətdən asılı olaraq 6, bəzən 8 dəfə ümumilikdə su verilməli olur. Hazırda son suvarma işini aparan fermer ehtiyac olsa bir neçə gündən sonra bir dəfə də kartofu suvarmağı düşünür.

© Sputnik / Ilham Mustafayev
Fermer Atakişi İmaməliyev

Fermer aran kartofçuluğunda ən böyük çatışmamazlığın toxumçuluqla bağlı olduğunu söyləyib:

"Çalışırıq bu toxumları özümüz istehsal edək. Bu, bizim üçün ucuz başa gələr və mənfəətimizə xeyli təsir göstərə bilər. Lakin əlimizdə toxumçuluq üçün lazımi imkanlar olmadığından öz məhsulumuzdan lazımı qədər toxum götürə bilmirik. Öz toxumumuzu əkdiyimiz sahələr isə o qədər də məhsuldar olmur. Dövlətin dəstəyi ilə öz məhsulumuzdan toxum götürmə işini təkmilləşdirsək, gələcəkdə daha az xərclə daha çox məhsul götürə bilərik".

© Sputnik / Ilham Mustafayev
Təsərrüfatçı Vüqar Abdullayev

Böyük kartof sahələri olan fermerlər suvarma işini təcrübəli suçulara gördürürlər. Bir hektarı suvarmaq üçün fermer 40 manatından keçməli olur. Bir çox təsərrüfatçı isə əlavə xərcdən qaçmaq üçün öz sahələrini özü suvarır.

Təsərrüfatçı Vüqar Abdullayev sonuncu suvarmasını aparır. Suvarmada çətinlikdən çox onu alıcı tapa bilməməsi narahat edir:

© Sputnik / Ilham Mustafayev
Son suvarma bitməmiş fermerlərin məhsulu sata bilməmək narahatlığı artıb

"İki hektar 20 sot sahədə kartof əkmişəm, hazırda 7-ci dəfə suvarıram. Bu il suvarma yaxşı olub. Yeganə problemimiz kartofun satışı ilə bağlıdı. Kartof istidə çox qalmadığından, yığımdan öncə alıcı gəlib məhsulun behini verir, hazır məhsulu götürməyə boyun olur. Sahədən çıxarıldıqca, kisələrə götürürlər. Lakin bu il kartofun çıxarılmasına sayılı günlər qalıb, amma hələ heç bir alıcı gəlib kartofla maraqlanmayıb".

V.Abdullayev məhsulun sahədə satılmamasının əlavə xərclərə səbəb olduğunu deyib:

© Sputnik / Ilham Mustafayev
Bir hektarı suvarmaq üçün fermer 40 manatından keçməli olur

"Məhsulu sahədə sata bilməsək, əlavə xərcimiz çox olur. Soyuducuya qoymalıyıq, setka almalıyıq, yerləşdirmək üçün fəhlə tutmalıyıq. Ona görə də sahədə satmaq ən gözəl alverdir. O da ki, alıcımız yoxdur".

Bu il Tovuzda təxminən 6 min hektara qədər sahədə kartof əkilib. Kütləvi məhsul yığımına isə çox az vaxt qalıb.

2275

Gün başlanğıcında polisdən xəbərdarlıq

3
(Yenilənib 09:37 27.07.2021)
BDYPİ bütün hərəkət iştirakçılarına həyat və sağlamlıqlarının qorunması, yollarda meydana gələ biləcək müxtəlif xoşagəlməz halların qarşısının alınması, eləcə də nəqliyyat vasitələrinə ziyan dəyməməsi üçün son dərəcə ehtiyatlı və diqqətli olmağı tövsiyə edib.

BAKI, 27 iyul — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraitinin küləkli olması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Sputnik Azərbaycan bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən güclü küləyin əsəcəyi barədə verilən proqnozla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarına həyat və sağlamlıqlarının qorunması, yollarda meydana gələ biləcək müxtəlif xoşagəlməz halların qarşısının alınması, eləcə də nəqliyyat vasitələrinə ziyan dəyməməsi üçün son dərəcə ehtiyatlı və diqqətli olmağı tövsiyə edib.

"Sürücülər küləkli havada yolun kənarları qapalı olan hissəsindən və tunellərdən açıq əraziyə çıxarkən avtomobilin hərəkət istiqamətinin qəflətən dəyişmə ehtimalının yüksək olmasını nəzərə alaraq, meteoroloji şəraitə uyğun sürət həddi seçməli, eləcə də nəqliyyat vasitələrini parklayarkən tikinti işləri aparılan yerlərin, ağacların, iri həcmli reklam lövhələrinin, o cümlədən küləyin təsiri nəticəsində aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamalıdırlar.

Həmçinin, piyadalar da yolun hərəkət hissəsinə çıxmamaqla yolları və küçələri yalnız müəyyən olunmuş yerlərdən keçsinlər, xüsusilə yeni tikililərin, hündürmərtəbəli binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçsinlər", - BDYPİ-nin məlumatında deyilir.

Eləcə də oxuyun:

  • FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

  • Xəzər dənizində hava şəraiti ilə bağlı xəbərdarlıq edildi: Dalğalar 7 metrə çatacaq

3
Teqlər:
piyada, avtomobil, külək, hava, müraciət, BDYPİ
Qərəvəli kənd sakini  27  yaşlı Teyyub Nağıyev

Buradan laqeyd keçməyin: Yol kənarında fındıq satan müharibə iştirakçısı var

10
(Yenilənib 09:21 27.07.2021)
Vətən müharibəsi başlayan günədək həyətində yetişdirdiyi məhsulları yol kənarında satmaqla ailəsini dolandıran qəhrəman, döyüşlərin başladığı ilk günlərdən orduya qatılıb.

BAKI, 27 iyul — Sputnik. Bakıdan İsmayıllı, eləcə də digər şimal-qərb rayonlarına hərəkət edən yolçular yəqin ki, avtomobil yolunun kənarında duraraq əlində fındıq satan bu gənci görüblər. Onu görənlər və tanıyanlar üçün təkrarda fayda var deyək, tanımayanlar üçünsə tanıdaq.

Şamaxı rayonu, Qərəvəli kənd sakini 27 yaşlı Teyyub Nağıyev. Vətən müharibəsi başlayan günə qədər həyətində yetişdirdiyi məhsulları yol kənarında satmaqla ailəsini dolandıran qəhrəmanımız, döyüşlərin başladığı ilk günlərdən ordu sıralarına qatılıb.

© Sputnik / Rashad Keremoglu
Qərəvəli kənd sakini 27 yaşlı Teyyub Nağıyev

Teyyub Nağıyevin Sputnik Azərbaycan-ın müxbiri Rəşad Kərəmoğluna bildirdiyinə görə, müharibənin ilk günlərində Goranboy rayonu, Ağcakənd istiqamətində N saylı hərbi hissəyə göndərilib. Orada 3 gün qaldıqdan sonra Talış kəndi istiqamətində gedən döyüşlərə yollanıb.

© Photo : courtesy of Teyyub Nagiyev
Qərəvəli kənd sakini 27 yaşlı Teyyub Nağıyev

"Talış istiqamətində döyüşlərdə iştirak etmişəm. Həmin kənd alınandan sonra, Suqovşan istiqamətində döyüşlərə qatılmışam. Daha sonra Murovdağ istiqamətindəki döyüşlərdə iştirak etmişəm. 2020-ci ilin dekabrın 31-də müvafiq sərəncamla ehtiyata buraxılmışam", - deyə Nağıyev bildirib.

O, müharibədən qayıdandan sonra yenidən öz işinin başına dönüb. Yol kənarında mövsümə uyğun olaraq kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olur.

© Photo : courtesy of Teyyub Nagiyev
Qərəvəli kənd sakini 27 yaşlı Teyyub Nağıyev

Qəhrəmanımız döyüşlərdən qayıdandan bir neçə gün sonra iş üçün Şamaxı rayon Məşğulluq Mərkəzinə müraciət edib. Onu dərhal qeydiyyata alıblar. Ötən həftə isə ona 3 baş iribuynuzlu inək verilib. Günün bir neçə saatını yol kənarında məhsul satmaqla qazanc əldə edən Teyyub Nağıyevin ən böyük arzusu sevdiyi peşə ilə məşğul olmaq və evinin yarımçıq qalan tikintisini tamamlamaqdır.

© Sputnik / Rashad Keremoglu
Qərəvəli kənd sakini 27 yaşlı Teyyub Nağıyev

"Yeganə çətinliyim odur ki, evdə işləyən təkcə mənəm. Anam 250 manat pensiya alır, atamın 67 yaşı var, işləyə bilmir. Gündə 15-20 manatlıq, şənbə və bazar günləri isə 20-30 manatlıq qoz-fındıq satıram. Rabitə və texnologiya sahəsini yaxşı bilirəm. Əsgərlikdə 1 il 6 ay rabitəçi olmuşam. Müharibə dövründə də 96 gün ərzində rabitəçi olmuşam. Bu işi yaxşı bildiyim üçün əgər rabitə sahəsindən təklif gəlsə, məmnuniyyətlə işləyərəm", - deyə keçmiş döyüşçü ona gələcək iş təkliflərini gözləyir.

© Photo : courtesy of Teyyub Nagiyev
Qərəvəli kənd sakini 27 yaşlı Teyyub Nağıyev

Teyyubun gəlirlərinin az olması səbəbindən tikintisi yarımçıq qalan evinə gəlincə, ümid edirik ki, imkanlı şəxslər və müvafiq dövlət qurumları inşaat işlərinin başa çatdırılmasına yardım etməklə onun sevincinə səbəb olacaqlar.

Həmçinin oxuyun:

Zəfərimizin təməlini qoyan iki böyük qəhrəmanın şəhid olduğu gündür

Sahibini gözləyən bağlamalar. Bir qəhrəmanın özü, digərinin anası gəldi...

Yüzlərlə qəhrəmanın yeganə şəhid bacısı: "Yubileyi son ad günü oldu"

10