AZAL təyyarəsi

Daha yeddi ölkənin vətəndaşlarının Azərbaycana səfərinə icazə verilib - Yeni qərar

54
Nazirlər Kabinetinin bu gün imzaladığı qərara əsasən, iyunun 21-dən daha yeddi ölkənin vətəndaşlarının Azərbaycan Respublikasına səfər etməsinə icazə verilir.

 

BAKI, 16 iyun — Sputnik. İyunun 21-dən daha bir sıra ölkələrin vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə səfər etməsinə icazə veriləcək.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilib.

"Ölkəmizdə həyata keçirilən sistemli tədbirlər, həmçinin uğurlu vaksinasiya proqramı nəticəsində Azərbaycanda epidemioloji vəziyyət yaxşılaşmaqda davam edir.

Bununla əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, 10 iyun tarixindən epidemioloji vəziyyəti sabit olan bir sıra ölkələrin vətəndaşları üçün hava yolu ilə Azərbaycan Respublikasının ərazisinə səfərlərdə yumşalmalar tətbiq edilib.

Vaksinasiyanın əhatəlilik dairəsinin daha geniş olduğu ölkələrdə epidemioloji vəziyyətin davamlı surətdə yaxşılaşdığını nəzərə alaraq, iyunun 21-dən aşağıda qeyd olunan ölkələrin vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə səfər etməsinə icazə verilir:

- ABŞ

- Bəhreyn

- Birləşmiş Ərəb Əmirlikləri

- Böyük Britaniya

- İsrail

- Macarıstan

- Qətər

Azərbaycana gəlmək üçün tələblər

Qeyd olunan ölkələrin vətəndaşlarının Azərbaycan Respublikasına səfər etməsi üçün aşağıdakı tələblər gözlənilməlidir:

- yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID Pasport) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması;

- 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması.

Yaşı 1 yaşdan aşağı olan uşaqlar üçün COVID pasport və PCR test nəticələrinə dair sənədlər tələb olunmur.

Azərbaycan Respublikasına birbaşa uçuşlar icra edən bütün aviadaşıyıcılar yalnız müvafiq tələblərə cavab verən sərnişinləri qeydiyyata almalıdırlar.

Azərbaycan ərazisinə daxil olarkən sərhəd nəzarətindən keçdikləri zaman müəyyən edilmiş tələblərə cavab verməyən sərnişinlər ölkə ərazisinə buraxılmır və aviadaşıyıcının hesabına həmin reyslə geri qaytarılır", - deyə məlumatda qeyd olunub.

İlk qaranquşlar

Qeyd edək ki, Nazirlər Kabinetinin 5 iyunda imzaladığı qərarından sonra 10 iyun tarixindən etibarən epidemioloji vəziyyətdə müsbət dinamikanın müşahidə edildiyini nəzərə alaraq Rusiya Federasiyası və Türkiyə Respublikasının vətəndaşları hava yolu ilə Azərbaycan ərazisinə səfərinə icazə verilib. Həmin qərara əsasən yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID pasport) və uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması şərti ilə ölkəmizə səfər edə bilərlər. Həmçinin 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunmalıdır. Eyni zamanda, 10 iyundan başlayaraq Azərbaycana daxil olmaq üçün bütün 1 yaşdan yuxarı olan sərnişinlərin COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin müddəti uçuşdan əvvəl 48 saatdan 72 saatadək artırılır. 1 yaşdan aşağı olan uşaqlar üçün COVID pasport və PCR test nəticələrinə dair sənədlər tələb olunmur. Azərbaycan Respublikasına birbaşa uçuşlar icra edən bütün aviadaşıyıcılar yalnız müvafiq tələblərə cavab verən sərnişinləri qeydiyyata almalıdırlar. Azərbaycan ərazisinə daxil olarkən sərhəd nəzarətindən keçdikləri zaman tələblərə cavab verməyən sərnişinlər ölkə ərazisinə buraxılmır və aviadaşıyıcının hesabına həmin təyyarə ilə geri qaytarılır.

Eləcə də oxuyun:

  • Azərbaycanda gəlmə turizmə "yaşıl işıq" - Siyahı artırıla bilər

  • İlham Əliyevin köməkçisi quru sərhədlərinin açılması məsələsinə aydınlıq gətirib

54
Teqlər:
Azərbaycan, icazə, vətəndaş, xarici, uçuş

Bu gün I ixtisas qrupu üzrə qəbul imtahanları keçiriləcək

165
(Yenilənib 08:30 27.07.2021)
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib.

BAKI, 27 iyul — Sputnik. Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.

DİM-dən verilən məlumata əsasən, 19184 abituriyentin iştirakı nəzərdə tutulan imtahanlar 11 şəhər və rayonda - Bakı, Gəncə, Qazax, Ağstafa, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunacaq.

İmtahanlar saat 10:00-da başlanacaq. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Qeyd edək ki, iyulun 27-28-də imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 151 imtahan binası, 2544 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 151 ümumi imtahan rəhbəri, 422 imtahan rəhbəri, 3309 nəzarətçi–müəllim, 308 buraxılış rejimi əməkdaşı, 151 bina nümayəndəsi ayrılıb. İmtahanlarda 23 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

165
Rusiya Jurnalistlər İttifaqının Beynəlxalq şöbəsinin rəhbəri Timur Şafir

Rusiyalı media eksperti: jurnalist hər şeyə şübhə ilə yanaşmalıdır

219
(Yenilənib 08:55 27.07.2021)
Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçirilən SputnikPro vebinarında KİV nümayəndələrinə feyk xəbərləri necə aşkar və ifşa etməyin yollarından danışıblar

BAKI, 26 iyul — Sputnik. Müasir dünyada xəbərlərin, o cümlədən feyk xəbərlərin yayılması sürəti və bunun üçün istifadə olunan alətləri nəzərə alsaq, peşəkar jurnalist hər şeyə şübhə ilə yanaşmalıdır. Bunu bazar ertəsi Bakıda SputnikPro layihəsi çərçivəsində keçirilən "Müasir jurnalistika üçün faktçekinq texnologiyaları" adlı ustad dərsində Rusiya Jurnalistlər İttifaqının Beynəlxalq şöbəsinin rəhbəri Timur Şafir deyib.

Onun sözlərinə görə, ilk növbədə bunu anlamaq lazımdır ki, feyklər heç də yeni bir məfhum deyil, hazırda fərq ondadır ki, bu gün onlar faktoidə çevrilir və ictimai şüurda yalnız ona görə həqiqət kimi qəbul olunur ki, onları KİV-lər yayır.

© Sputnik / Murad Orujov
Rusiya Jurnalistlər İttifaqının Beynəlxalq şöbəsinin rəhbəri Timur Şafir

"Feyklərin yayılma səbəbləri müxtəlifdir. Buna səbəb həm jurnalistlərin, həm də auditoriyanın axmaqlığı, tənbəlliyi, savadsızlığıdır. Digər bir səbəb - hansısa maraqlar, kommersiya maraqlarıdır. Siyasi müstəvidə də feyklər kifayət qədərdir", - deyə Şafir bildirib və onu da qeyd edib ki, əksər hallarda feyklərin məqsədi təxribat olur.

"Çexiyalı jurnalist Fuçikin çağırışını yadda saxlamaq və diqqətli olmaq lazımdır. Peşəkar jurnalist hər şeyə şübhə ilə yanaşmalı və şübhə doğuran bütün məqamlara diqqət yetirməlidir. Bura infiormasiyanın məntiqsizliyi, onun həddən artıq səs-küylü şəkildə təqdim olunması, mənbəyinin olmaması daxildir", - deyə rusiyalı media eksperti bildirib.

Ekspert eyni zamanda jurnalistləri və KİV nümayəndələrini informasiyanın emalı zamanı məsuliyyəti yaddan çıxarmamağa, nə qədər vacib və "dəhşətli" görünməsinə baxmayaraq müxtəlif feykləri peşəkar müstəvidən kənarda yaymamağa çağırıb.

© Sputnik / Murad Orujov
Rusiya Jurnalistlər İttifaqının Beynəlxalq şöbəsinin rəhbəri Timur Şafir

Yardım qismində ekspert faktların yoxlanması üçün müxtəlif alətlərdən istifadə etməyi tövsiyə edib. Onun sözlərinə görə, bunun üçün rəsmi saytlar, internetdə olan müxtəlif şəkillərin, videoların ilkin variantının axtarılıb tapılması üçün müxtəlif vasitələrdən istifadə etmək olar.

"Xəbər nə qədər vacib və dəhşətli görünsə də, hətta siz öz fikrinizi bildirirsinizsə də, onu yaymaq, feykyayanlar zəncirinin həlqəsi olmaq lazım deyil. Xəbərin tarixi kimi sadə bir şey hər şeyin üstünü aça bilər. Yadda saxlamaq lazımdır ki, bu gün köhnə xəbərlərin yayılması üçün geniş imkanlar var: sosial şəbəkələrdə hər şeyi dəfələrlə yenidən dərc etmək olar", - deyə Şafir qeyd edib.

© Sputnik / Murad Orujov
Rusiya Jurnalistlər İttifaqının Beynəlxalq şöbəsinin rəhbəri Timur Şafir

SputnikPro – Rusiyanın ən yaxşı media menecerləri, KİV sahəsində böyük təcrübəyə malik aparıcı mütəxəssisləri tərəfindən ustad dərslərinin verildiyi genişmiqyaslı yeganə proqramdır.

SputnikPro layihəsi artıq dünyanın 13 ölkəsində təşkil olunub. 2018-ci ilin mart ayından indiyə kimi layihədə iki mindən artıq jurnalist, media meneceri, PR mütəxəssisi, mətbuat xidməti əməkdaşı, bloger və müvafiq fakültələrdə təhsil alan tələbələr iştirak ediblər.

Bu maarifçilik layihəsi ilə bağlı yenilikləri aşağıdakı "Facebook" səhifəsindən izləmək olar: https://www.facebook.com/SputnikProject/

Həmçinin oxuyun:

Saxta xəbərləri yaymaqda məqsəd nədir? - Timur Şafir danışır

SputnikPro: "feyk-nyus" nədir və onunla necə mübarizə aparmalı

219