Bakıda keçid

Bu məkanda cərimələnə bilərsiz - DİN-dən açıqlama

32
(Yenilənib 16:23 16.06.2021)
Polis bu gün piyada keçidlərində reyd keçirib. Bu məkanda maskadan istifadə etməyənlər cərimələniblər.

 

BAKI, 16 iyun — Sputnik. Bu gün yerüstü piyada keçidində maska ilə bağlı polis reydi keçirilib. Belə ki, polis Binəqədi rayonu "Azadlıq" metrostansiyasına enən istiqamətdəki piyada keçidində reyd zamanı maskadan istifadə etməyənlərə cərimə yazıb. Polis əməkdaşları Sputnik Azərbaycan-ın müxbiri Zülfiyyə Quluyevaya bildiriblər ki, keçidlər qapalı məkan sayıldığından maska taxmayanlar cərimələnirlər. Vətəndaşların çoxu keçiddə maskadan istifadə barədə məlumatlı olmadıqlarını bildiriblər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, keçid qapalı məkan hesab edilir: "Adından göründüyü kimi, qapalı yerlərin hamısı qapalı məkan hesab olunur. Yeraltı və yerüstü keçidlər də qapalı məkan hesab olunur. Buna görə də sərnişinlərin yeraltı və yerüstü keçidlərdən istifadə etdikdə tibbi maskadan istifadə etməsi məcburidir".

O, həmçinin qeyd edib ki, qapalı məkanlarda, yeraltı və yerüstü piyada keçidlərində və eləcə də yeraltı piyada keçidlərinin ticarət obyektləri olan hissələrində, ictimai nəqliyyatda polis tərəfindən gücləndirilmiş qaydada nəzarət-profilaktik tədbirləri davam etdirilir.

Azərbaycanda maska rejimi

Azərbaycanda 2020-ci ilin iyun ayının 1-dən qapalı məkanlarda maska rejimi tətbiq edilib, 2020-ci ilin noyabrın 21-dən isə tibbi maska həmçinin açıq havada da məcburi olub. Nazirlər Kabineti yanında Operativ Qərargah 31 may saat 06:00-dan etibarən açıq havada tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbini ləğv etdi. Bununla belə qapalı məkanlarda maska rejimi qüvvədə qalıb.

Eləcə də oxuyun:

  • İnsanlar sevinirlər: Hər kəs "Mall"lara gedə biləcək

  • Yol polisindən maskalarla bağlı xəbərdarlıq: Cərimələr qüvvədədir

32
Teqlər:
yeraltı keçid, yerüstü keçid, piyada keçidi, DİN, cərimə, maska
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (476)
Taksi

Operativ Qərargah üzvlərinin taksi şirkəti, ya ictimai nəqliyyat qadağası üçündür?

3
(Yenilənib 19:27 25.07.2021)
Vətəndaşlar həftəsonları və bayram günləri ictimai nəqliyyatın fəaliyyətinin dayandırılmasının  onların sosial durumuna mənfi təsir etdiyindən şikayətlənirlər.

BAKI, 25 iyul — Sputnik. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 sentyabr saat 06:00-dək uzadılıb. Bu qərarda bildirilir ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə 2021-ci il 31 iyul saat 00:00-dan 2 avqust saat 06:00-dək, 7 avqust saat 00:00-dan 9 avqust saat 06:00-dək, 14 avqust saat 00:00-dan 16 avqust saat 06:00-dək, 21 avqust saat 00:00-dan 23 avqust saat 06:00-dək, 28 avqust saat 00:00-dan 30 avqust saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

İctimai nəqliyyata həftəsonu qadağasının uzadılması sosial platformada ciddi narazılıqla qarşılanıb. Vətəndaşlar həftəsonları və bayram günləri  ictimai nəqliyyatın fəaliyyətinin dayandırılmasının  onların sosial durumuna mənfi təsir etdiyindən şikayətlənirlər. Onlardan bir neçəsi həftəsonu və bayram günlərində ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağanın ailə büdcələrinə təsiri barədə fikirlərini Sputnik Azərbaycan-la bölüşüb.

Bayram günlərində ictimai nəqliyyata qadağa taksilərdə qiymətləri bahalaşdırdı

37 yaşlı Səidə Qurbanova paytaxtdakı özəl klinikalardan birində tibb bacısı işləyir. Onun sözlərinə görə, istirahət və bayram günlərindən asılı olmayaraq çalışdığı xəstəxanada növbəsi düşürsə işə getməlidir: “İşlədiyim xəstəxanada 6 gün iş rejimidir. Şənbə və bazar günləri isə ictimai nəqliyyat işləmir. Mən məcburam ki, Masazır qəsəbəsindən işə taksi ilə gəlib-gedəm. Bu azmış kimi bayram günlərində də icimai nəqliyyatın hərəkəti dayandırılır. Belə çıxır ki, heç kəs istirahət günlərində, bayram günlərində iş başında olanları fikirləşmir. Mən dörd günlük Qurban bayramı tətilinin üç gününü işə taksi ilə gedib-gəlmişəm. Bayram günləri taksiyə təlabat artdığından, şənbə və bazar günləri taksiyə xərclədiyimdən daha çox pulum çıxıb. Bayram günlərində 1 manatlıq taksilər qiyməti 3 manata qaldırmışdılar. Taksi şirkətləri isə qiyməti ikiqat artırmışdı. Əvvəl 4 manat 80 qəpiyə Masazırdan 20 yanvara qədər getdiyim yolu bayram günlərində 9 manat 60 qəpiyə getməli oldum. Ordan işə isə 1 manatlıq taksi tapmağı ümid etsəm də taksilər qiyməti üç manata qaldırmışdı. Bir gün işə gedib-gəlməyim mənə 25 manata başa gəldi. Aylıq maaşım isə 456 manatdır” deyə vətəndaş bildirir.

Əzim Şabanov isə mebel ustasıdır. Onun sözlərinə görə, bayram-bazar olmasından asılı olmayaraq baş usta olduğu üçün işdə olmaldır. Həmsöhbətimiz deyir ki, bayram günlərində, eləcə də şənbə-bazar ictimai nəqliyyatın fəaliyyəti dayandırıldığından, bütün işləyənlər kimi o da taksi xidmətinin ümidinə qalıb: “Şənbə və bazar günlərində, eləcə də bayram günlərində ictimai nəqliyyatın fəaliyyətinə qadağa qoyanlar aztəminatlı insanları, hər gün işləmək məcburiyyətində olanları başa düşmürlər. Azərbaycanda hər kəsin şəxsi avtomobili yoxdur. Mən şənbə və bazar günlərində, eləcə də bayramda taksiyə gündəlik 35 manatdan çox pul xərcləmişəm. İş yerim “Xalqlar Dostluğu” metrosuna yaxın olduğundan, taksi ilə 16 manat 50 qəpiyə işə getmişəm. Dörd günə 100 manatdan çox taksiyə xərcim çıxıb. Hökumət bizim kimi insanların vəziyyətini nəzərə alıb ictimai nəqliyyatın fəaliyyətinə həftəsonu və bayram günləri qoyduğu qadağanı aradan qaldırmalıdır. Taksilərə n şənbə-bazar  və bayram günləri təlabat artdığından qiymətlər daha da bahalaşır. Mənim işlədiyim sexdə iki nəfər taksiyə verməyə pulu olmadığından bayram günləri işləyə bilmədi. Bu isə onların qazancına təsir edir”deyə Ə. Şabanov bildirir.

Taksi şirkətlərindən də bayram günlərində və şənbə-bazar qiymətlərin bahalaşdığını təsdiqlədilər.  “Ulduz” taksi şirkətindən bildirdilər ki, bayram günlərində, eləcə də şənbə-bazar günləri taksilərə təlabat kəskin artır. Bu isə bazar iqtisadiyyatının prinsiplərinə görə, avtomatik olaraq taksi xidmətlərinin bahalaşmasına səbəb olur.  Taksi şirkətlərindən qiymətlərdə adi günlərlə müqayisədə 4-5 manat civarında bahalaşmanın olduğunu təsdiqlədilər.

Qadağanın təhlükəsizlik baxımından əhəmiyyəti qalmayıb!?

İqtisadçı ekspert Samir Əliyev həftəsonu ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağanın səhv olduğunu və təcili ləğv edilməli olduğunu söyləyir. Ekspert deyir ki, həftəsonu və bayram günlərində ictimai nəqliyyatın fəaliyyəti pandemiya dövründə yoluxmaların artmaması səbəbindən dayandırılsa da, artıq bu qərarın təhlükəsizlik baxımından əhəmiyyəti qalmayıb. Samir Əliyev həftəsonu və bayram günlərində ictimai nəqliyyatın fəaliyyətinə tətbiq edilən məhdudiyyətin sosial baxımdan həssas təbəqələrin büdcəsinə əhəmiyyətli dərəcədə zərər vurduğunu söyləyir: “Taksilərə 4 nəfər əyləşir və avtobusdan fərqli olaraq bir-birinə daha yaxın məsafədə otururlar. Bu zaman yoluxmanın qarşısı alınmır. Əksinə, sıx təmas olduğundan virusa yoluxma üçün münbit şərait yaranır. Bundan əlavə gediş haqqı baha başa gəlir. Taksilərdə gediş haqqı 1 manat olsa belə sərnişinlər avtobuslardan (30 qəpik) fərqli olaraq 3 dəfədən çox gediş haqqı ödəməli olurlar. Nəzərə alsaq ki, son günlər 1 manatlıq taksilər də həftəsonu qiyməti iki-üç manatadək bahalaşdırır, bu zaman taksidən istifadə etmək məcburiyyətinə qalanların vəziyyətini düşünmək elə də çətin deyil.  Bu şənbə və bazar, eləcə də bayram günləri işləyənlər üçün əlavə xərcdir”.

S. Əliyev deyir ki, şəhər yerlərində tıxacların qarşısını alınması yollarından biri də ictimai nəqliyyatın səmərəli işləməsidir: “Bizdə isə onsuz da səmərəli işləməyən nəqliyyat həftəsonu tamam dayanır. 1 və 2 manatlıq taksilər hesabına tıxac daha da artır.  Təsəvvür edin 40 nəfər aparan 1 avtobus əvəzinə 10 ədəd minik maşını xidmət göstərir. Üstəgəl həftəsonları şəxsi maşınlardan istifadə artır.  Bundan  əlavə ictimai nəqliyyat qadağası kölgə iqtisadiyyatını çiçəkləndirir. Şəhərdaxili nəqliyyatın şənbə-bazar, eləcə də bayram günləri əldə edə biləcəyi gəlirdən dəfələrlə çox vəsaiti qanunsuz işləyən taksilər qazanır. Həmin vəsait fakiti olaraq vergidən kənarda qalır. Ona görə də Nazirlər Kabineti yanında Operativ Qərargah qərarlar qəbul edərkən bu amilləri nəzərə almalıdır".

"Bu qərarların ən böyük zərbəsi kasıb insanlara dəyir"

Millət vəkili Sabir Rüstəmxanlı Sputnik Azərbaycan-a açıqlamasında  bildirib ki, Operativ Qərargahın qərarları pandemiya dövründə əhalinin sağlamlığının qorunması məqsədilə qəbul olunur. Deputat deyir ki, toylara qoyulan qadağanın aradan qaldırılmasından sonra yoluxma sayının artması, pandemiya dövründə qərarların yumşaldılmasının bəzən təhlükə yaratdığını ortaya çıxartdı. Bununla belə Sabir Rüstəmxanlı həftəsonları, eləcə də bayram günlərində ictimai nəqliyyatın fəaliyyətinin dayandırılmasının düzgün olmadığı fikrindədir: “Avtobuslar və metro həftəsonları da işləməlidir. İnsanlar metro işləmədiyi dövrdə avtobusların ümidinə qalmışdı. Avtobuslarda nəticədə sıxlıq yaranmışdı. Metronun fəaliyyətinə icazə verildikdən sonra avtobuslarda sərnişin sıxlığı azaldı. Mənim fikrimcə də həftəsonu ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılmamalıdır. Amma digər tərəfdən yaxşı tərəfi odur ki, ölkəmizdə taksi qiymətləri ucuzlaşıb” deyə S. Rüstəmxanlı bildirir.

Millət vəkili Fazil Mustafa isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın həftəsonu və bayram günləri ictimai nəqliyyatın hərəkətini tam məhdudlaşdırması, Qərargah üzvlərindən hansınınsa taksi şirkəti olduğuna, gəliri taksi şirkətlərinə yönəltdiyinə şübhələr yaradıb: “ Qərarlar qəbul edilərkən vətəndaşların sosial durumu mütləq nəzərə alınmalıdır. Amma Operativ Qərargahın ictimai nəqliyyatla bağlı qəbul etdiyi qərarda taksi şirkətlərinin marağı güdülür. Elə qərar qəbul olunur ki, taksi şirkətləri daha çox gəlir əldə edir. Bu qərarların ən böyük zərbəsi kasıb insanlara dəyir. Hansı ki, onlar gündəlik çörək arxasınca gedir və mütləq əksəriyyətinin şəxsi avtomobili yoxdur. Bu qərarlar verilərkən yoxsul insanlar və orta təbəqə nəzərə alınmalıdır. İctimai nəqliyyata həftəsonu qadağasını uzatmaq düzgün qərar deyil. Bu qərarın heç bir əhəmiyyəti qalmayıb” deyə F. Talıblı bildirir.

Qeyd edək ki, pandemiya dövründə ictimai nəqliyyatın fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tənzimlənir. Buna görə də, istər sərnişindaşıma ilə məşğul olan marşrut sahibləri, istərsə də Bakı Metropoliteni qərar verməkdə sərbəst deyil.

 

3

Toylarda yoxlamalar sərtləşdirildi - 1562 nəfər toy şənliyinə buraxılmayıb

51
(Yenilənib 17:51 25.07.2021)
Daxili İşlər Nazirliyi bildirir ki, 185 şadlıq sarayında, 59 şəxsi həyətyanı sahədə keçirilən şənlikdə monitorinq olub.

BAKI, 25 iyul — Sputnik. Azərbaycanda el şənliklərinin keçirildiyi məkanlarda reydlər keçirilib.

İyulun 24-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 244 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən (DİN) Sputnik Azərbaycan-a verilən məlumata görə, monitorinq 185 şadlıq sarayında, 59 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi açılıb;

-1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib;

- 89 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 2 şəxs barədə materiallar baxılması üçün məhkəməyə göndərilib;

- 1562 nəfər "COVID-19" pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Masallıda karantin qaydalarını pozan obyekt sahibləri və toy təşkilatçıları cərimələnib.  DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan daha 2 toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Belə ki, aparılan yoxlamalar zamanı “Gənclik” restoranı və “Boradigah” şadlıq sarayında təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, müəyyənləşdirilmiş say həddindən artıq qonağın iştirak etməsi müəyyən olunub. Həmin obyektlərin sahibləri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat, toy təşkilatçıları isə 400 manat məbləğində cərimə olunublar.

Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirilən reydlər nəticəsində rayon ərazisində yerləşən "Xəyal" şadlıq sarayında təşkil olunan toy məclisində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları aşkarlanıb.  DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, şöbə əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə adı çəkilən sarayda keçirilən toy mərasimində icazə verilən həddən artıq sayda - 168 nəfər qonağın iştirak etməsi müəyyən edilib. Toy sahibi və qonaqlarla izahedici söhbətlər aparılıb, qayda pozuntusuna yol verən obyektin icarədarı R.Fətəliyev barəsində isə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Saatlı Rayon Məhkəməsinə göndərilib.

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı rayonun Ləkiçılpaq kəndində Mətləb Səlimova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.  DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilən zaman müəyyən edilən say həddindən artıq qonağın iştirak etdiyi müəyyən olunub.

Aşkarlanmış qayda pozuntuları ilə bağlı Mətləb Səlimov inzibati məsuliyyətə cəlb olunaraq cərimələnib.

Toy qadağasının götürülməsi

Qeyd edək ki, 2021-ci il iyulun 1-dən Azərbaycanda toy və nişan mərasimlərinə qoyulan qadağa aradan qaldırılıb. "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" Nazirlər Kabinetinin qərarında edilən dəyişikliyə görə, mərasimlərdə qonaqların sayı 150 nəfərdən çox ola bilməz, üstəlik, toy gecə yarısından əvvəl bitməlidir.

Qonaqların sayı 50 nəfərədək olduqda onların maska taxması (yemədikləri zaman) vacib olsa da, toya COVID-19 pasportu olmayanlar da gələ bilərlər. Ancaq toya 50 nəfər və daha artıq şəxs gəlibsə, onlardan COVID pasportu tələb olunacaq. Restoran və şadlıq evlərinin personalının 80%-nin koronavirus immuniteti barədə sertifikatı olmalı, onlar mütləq maska taxmalıdırlar (musiqiçilər istisna olmaqla).

Şənlik mərasimlərinin təşkili ilə əlaqədar əsas qaydalar

- 50 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərinin "İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər"də müəyyən olunmuş tələblərə uyğun olaraq təşkil edilməsinə icazə verilir. Bu tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə vacibdir. Lakin həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb edilmir.

- 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində isə yaşı 18-dən yuxarı olan bütün şəxslərin iştirakına yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd (COVID-19 pasportu) olduğu halda icazə verilir. Bu şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələbi yoxdur.

- Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına əsasən, 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) azı 80 faizinin COVID-19 pasportuna malik olması mütləqdir (1 avqustadək birinci doza qeyd olunmuş vaksinasiya sertifikatı qəbul edilir). Şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir.

- Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi tərəfindən həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumat müvafiq portala (icaze.e-gov.az) daxil edilməldir.

Keçiriləcək tədbirin tarixinə ən azı 5 gün qalmış tədbirin keçirilmə tarixi, başlama və bitmə vaxtı, qonaq sayı barədə məlumatlar portala daxil edilməlidir. Şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı karantin rejiminin qaydalarına əməl edilməsi ilə bağlı şənlik və məkan sahibi birlikdə məsuliyyət və cavabdehlik daşıyırlar. 150 nəfərdən artıq iştirakçısı olan şənlik mərasimlərinin keçirilməsi növbəti yumşalma barədə qərar qəbul olunanadək qadağandır.

- İnzibati Xətalar Məcəlləsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir.

51