Bakı gecə saatlarında, arxiv şəkli

Azərbaycanda gəlmə turizmə "yaşıl işıq" - Siyahı artırıla bilər

1344
(Yenilənib 16:34 15.06.2021)
Bu il Azərbaycanda əsasən daxili turizmə tələbat olacağı proqnozlaşdırılsa da, xarici ölkələrlə gediş-gəlişin tədricən bərpası bu mövsüm gəlmə turizmin də canlanacağından xəbər verir.

BAKI, 15 iyun — Sputnik. İyunun 5-də “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında əmrinə əsasən, Rusiya Federasiyasının və Türkiyə Respublikasının vətəndaşlarına 10 iyun tarixindən etibarən hava nəqliyyatı vasitəsilə ölkəmizə giriş-çıxışına icazə verildi. Azərbaycanın iki ölkə ilə (Türkiyə-Rusiya) hava yollarını açması ölkəmizdə turizmə hazırlıq məsələsini gündəmə gətirib. Bu il Azərbaycanda əsasən daxili turizmə tələbat olacağı proqnozlaşdırılsa da, xarici ölkələrlə gediş-gəlişin tədricən bərpası bu mövsüm gəlmə turizmin də canlanacağından xəbər verir.

Sputnik Azərbaycan-ın müxbiri Zülfiyyə Quluyeva ölkəmizdə pandemiya dövründə xarici ölkələrlə hava yollarının açılmasının turizmin inkişafına təsirini, bu istiqamətdə Azərbaycanda hazırlıq işlərinin aparılıb-aparılmadığını araşdırıb.

Başqa ölkələrlə də sərhədlər açılmalıdır...

İqtisadçı deputat Vüqar Bayramov deyir ki, turizm mövsümünün başladığını nəzərə alaraq mərhələli şəkildə gəlmə turizmdə xüsusi payı olan ölkələr ilə analoji yumşalmalara gedilməsi məqsədəuyğundur.

Deputat bildirib ki, turizm neftdən sonra ölkəmizə ən çox valyuta gətirən sektordur: “Ötən həftənin cümə axşamından etibarən Azərbaycan Türkiyə və Rusiya vətəndaşları üçün hava əlaqəsini bərpa edib. Eyni zamanda, əvvəllər müzakirə etdiyimiz kimi, COVID-19-a dair PZR testinin neqativ olduğunu təsdiqləyən sənəd üçün müddət 48 saatdan 72 saata çatdırılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın bu qərarı təqdirəlayiqdir. Belə ki, pandemiyadan əvvəlki ildə Azərbaycana gələn 3 milyon 170 min turistin 29,4%-i Rusiya, 22,9%-i Gürcüstan, 10%-i Türkiyə, 8,1%-i İran, 3,4%-i Səudiyyə Ərəbistanı, 2,2%-i Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları idi. Bu baxımdan, gəlmə turizmdə xüsusi paya malik ölkələrdəki epidemioloji vəziyyətə uyğun olaraq mərhələli şəkildə həmin ölkə vətəndaşlarının da Azərbaycana səfər qaydalarının yumşaldılması ölkəyə daxil olan valyutanın həcminin artırılması baxımdan da vacibdir".

Deputat bildirir ki, 2019-cu ildə Azərbaycanın gəlmə turizm gəlirləri 2,7 milyard dollardan çox olub. Onun sözlərinə görə, post-pandemiya dövründə turizm sektorunda yenidən canlanmanın olacağı gözlənilir: “Pandemiyadan öncə turizm və əlaqəli sahələrdə 100 minə yaxın vətəndaşımız çalışırdı. Buna görə də turizm sektorundakı açılmalar məşğulluğun təmin edilməsi baxımdan da vacib hesab olunur. Vaksinasiya prosesini sürətləndirən və virus sayını lokallaşdıra bilən ölkələr ilə mərhələli şəkildə hava və quru əlaqələrinin bərpa edilməsi məqsədəuyğundur və bu, real sektordakı canlanmaya xüsusi təkan verə bilər".

Siyahının genişlənməsi ehtimalı böyükdür

Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda bu gün əsas məsələ insanların sağlamlığının qorunması olduğundan, gəlmə turizmin bərpası da pandemiya dövrünə uyğun həyata keçirilə bilər. Onun sözlərinə görə, ölkəmizdə vaksinasiya prosesinin uğurla davam etməsi turizmin dirçəldilməsinə, gəlmə turizmə şans yaradır:

"Hava yolu ilə iki ölkəylə sərhədlərin açılmasından sonra digər ölkələrlə də gediş-gəlişin bərpası, bu siyahının genişlənməsi ehtimalı böyükdür. Hansı ölkələrlə gediş-gəlişin açılacağı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılıdır. Amma artıq Azərbaycanın xarici ölkə vətəndaşlarını qəbul etmə mexanizmi bəllidir”.

Onun sözlərinə görə, bu gün Azərbaycana turistlərin gəlməsi üçün də işlər görülür. K.Quluzadə bildirir ki, Azərbaycanın turizmlə bağlı bəlli bazarları var. Prioritet bazarlarda turizmin təbliği üçün pandemiya dövründə də işlər dayandırılmayıb: “Sadəcə marketinq siyasəti dəyişərək satışdan çox, tanıtım strategiyasına keçilib. Onlayn olsa da, biz bir çox bazarlarda işləyirdik. Seminarlar və onlayn sərgilər keçirilirdi. Artıq biz canlı sərgilərə keçmişik. Mayın 16-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “ATM 2021” (Arabian Travel Market 2021) beynəlxalq turizm sərgisində pandemiya dövründə ilk dəfə olaraq real iştirakla Azərbaycanın, işğaldan azad edilmiş Qarabağ bölgəsinin, xüsusilə Şuşa şəhərinin turizm potensialı təbliğ olunub. Təbliğat, marketinq işləri davam edir. Formula Qran-prisində Azərbaycanın turizm potensialı çox geniş təbliğ edilirdi. Bu da böyük kütlə üçün əlavə bir xatırlatma idi”.

Turistlər sağlamlıqlarından əmin olmalıdırlar

K.Quluzadə deyir ki, pandemiya dövründə səylər artan rəqabət şəraitində Azərbaycanın təhlükəsiz destinasiya imicini möhkəmləndirməyə yönəldilib. Çünki pandemiya dövründə sərhədlər açıldıqdan sonra insanların ən çox diqqət yetirdiyi istiqamət sağlamlıq və təhlükəsizlik məsələləri olacaq: “Biz bunun üçün SAHMAN proqramını hazırlamışıq. SAHMAN-ın geniş təbliğatı ilə məşğul olmuşuq ki, Azərbaycana gələn turistlər sağlamlıqları ilə bağlı narahat olmasınlar.

Sərhədlər açılarsa, bizim turizm məhsullarımız, hotellərimiz pandemiya dövründə xidmətə hazır vəziyyətdədir. Azərbaycanın turizm sənayesi, eləcə də Bakıda və regionlardakı turizm infrastrukturu turistləri qəbul etməyə hazırdır. Bütün hazırlıq işləri artıq görülüb”, - deyə K.Quluzadə bildirir.

Agentlik rəsmisi bildirir ki, bundan əlavə, ötən ilin avqust ayından başlayaraq Nazirlər Kabinetinin tapşırığı ilə Dövlət Turizm Agentliyi hotellərdə gündəlik monitorinqlər təşkil edir: “Bu monitorinqlərin nəticələri bəllidir. Sağlamlıq nöqteyi-nəzərindən və turizm məhsullarını təqdim etmək baxımından heç bir problem yoxdur. Turizm sektorunda vaksinasiya da uğurla davam edir. Bir çox hotel və turizm şirkətləri də bu prosesi keçirlər”.

Ən çox turist axını bu ölkələrdən gözlənilir

K.Quluzadə bildirir ki, ən çox turist axını iyun ayı üçün gözlənilir. Onun sözlərinə görə, Türkiyə, İsveçrə və Böyük Britaniyadan futbol yarışı ilə bağlı Azərbaycana böyük turist axını gözlənilir: “Türkiyə və Rusiya ilə hava yollarının açılması ilə əlavə turistlərin gəlməsinə də imkanlar verəcək. MDB ölkələri, Azərbaycana  qonşu ölkələr, Avstriya, yaxın şərq ölkələri və Avropa, Şərqi Asiya bizim prioritet bazarlarımızdır. Azərbaycanın altı rəsmi turizm nümayəndəlikləri var. Bu nümayəndəliklər Rusiyada, Çin, Hindistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Almaniyadadır. Bu istiqamətlər bizim üçün prioritet bazarlardır”.   

Quru sərhədlər də açılacaq?

Ekspertlər də pandemiya dövründə ölkəmizə giriş-çıxış qaydalarının yumşaldılmasının, daha çox ölkələrlə hava əlaqələrinin bərpa edilməsinin tərəfdarıdır. Turizm üzrə ekspert Ruslan Quliyev deyir ki, Qazaxıstan, Belarus, Körfəz ölkələri ilə də əlaqələr bərpa edilməlidir. Onun sözlərinə görə, vaksinasiya gəlmə turizmin dirçələcəyinə ümid yaradır.  R.Quliyevin sözlərinə görə, hava yollarının açılması quru sərhədlərin də açılmasına ümid yaradır: “Gürcüstan artıq quru sərhədləri açır. Azərbaycan da Gürcüstan, Naxçıvan, Türkiyə və İran istiqamətində sərhədləri açarsa, bu ölkəmizə turist axınına, gəlmə turizmin dirçəlməsinə səbəb olar”, - deyə R.Quliyev söyləyir.

Qeyd edək ki, mətbuatda Azərbaycan iyunun 15-dən quru sərhədlərini açacağı ilə bağlı məlumat yayılıb. Məlumata görə, artıq Dövlət Gömrük Komitəsi (DGK) gömrük-keçid məntəqələrinin açılması ilə bağlı qonşu ölkələrin müvafiq qurumları ilə ilkin razılıq əldə edib. Bununla əlaqədar rəhbərlik Ərazi Baş Gömrük İdarələrinə tapşırıqlar verib və gələn həftə məntəqələrinin açılması üçün hazırlıqlara başlanılıb. Dövlət Gömrük Komitəsi (DGK) isə hələ ki, onlara belə bir qərarın daxil olmadığını bildirib.

İyunun 15-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov isə hazırda digər məsələlərdən fərqli olaraq quru sərhədlərinin açılması ilə bağlı məsələnin müzakirə olunmadığını bildirib.

Xatırladaq ki, NK-nın son qərarına əsasə,n Rusiya Federasiyasının və Türkiyə Respublikasının vətəndaşlarına 10 iyun tarixindən etibarən hava nəqliyyatı vasitəsilə ölkəmizə giriş-çıxışı aşağıdakı qaydalarla həyata keçirilir: yaşı 18-dən yuxarı olan şəxslər – yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PZR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında ölkəmizə daxil ola bilərlər. 1-18 yaş arasında olan şəxslər isə yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PZR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında Azərbaycana gələ bilərlər.

2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək 4 oyununda iştirak edən futbol komandalarının təmsil etdikləri ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə münasibətdə - Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 aprel tarixli 2576 nömrəli Sərəncamının 2-ci hissəsində göstərilən sənədlərdən hər hansı birini və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PZR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında ölkəmizə təşrif buyururlar. Onlardan  Azərbaycanı tərk edərkən COVID-19-a dair PZR testi tələb olunmayacaq.

Bu müddətə qədər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, Dövlət Gömrük Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn zəruri tədbirlərin, o cümlədən COVID-19 pasportunun elektron qaydada qarşılıqlı tanınması üçün tədbirlərin görülməsini təmin etməlidirlər. “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ın təsdiq edilməsi barədə” 2020-ci il 11 iyun tarixli 199 nömrəli və “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli qərarlarında nəzərdə tutulan məhdudiyyətlər bu Qərara zidd olmayan hissədə öz qüvvəsini saxlayır.

Eləcə də oxuyun:

  • AZAL sərnişindaşıma ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib

  • Tarixlə təbiətin əsarətində: Dövlətçiliyimizin təməllərindən biri təhlükədədir - FOTO

  • Overçuk: "Azərbaycanda yollar möhtəşəm səviyyədədir, bunu orada olan hər kəs bilir"

  • "Azərbaycanda ilin ortasından iqtisadi artım bərpa olunacaq"

  • Futbol azarkeşlərini Bakıya gətirin - Türk səyahət şirkətlərinə sərfəli təklif

1344
Teqlər:
turizm, Azərbaycan, uçuş, sərhəd, COVID-19, epidemiya, Koronavirus, COVID-19 pasportu, turistlər
Bakı Beynəlxalq Avtovağzalı, arxiv şəkli

Dövlət Xidməti gücləndirilmiş rejiminə keçdi

2
Hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 72 istiqamət üzrə 643 avtobus çıxır. Gücləndirilmiş iş rejimi ilə əlaqədar olaraq bu rəqəm iki dəfə artırılacaq.

 

BAKI, 20 sentyabr — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX), eyni zamanda Bakı Beynəlxalq Avtovağzal Kompleksi və respublikanın 56 avtovağzal və avtostansiyası da daxil olmaqla yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib. Bu barədə Sputnik Azərbaycan-a DANX-dan bildirilib.

Məlumatda deyilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, mayın 31-dən ölkədə şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti tam bərpa olunsa da, tədris müəssisələrinin fəaliyyətinin pandemiya ilə əlaqədar məhdudlaşdırılması səbəbilə məhdud sayda avtobuslarla xidmət göstərilirdi. Gücləndirilmiş iş rejimi ilə əlaqədar olaraq həm Bakıdan regionlara, həm də regionlardan paytaxta axının çox olacağı nəzərə alınaraq avtobusların sayının artırılması qərara alınıb. Hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 72 istiqamət üzrə 643 avtobus çıxır. Gücləndirilmiş iş rejimi ilə əlaqədar olaraq bu rəqəm iki dəfə artırılacaq. Tədris ilinin başlanması ilə əlaqədar olaraq Gəncə, Lənkəran, Şirvan, Şəki, Qax, Zaqatala, Quba istiqamətindən paytaxta axının olacağına ehtimal verərək bu istiqamətdə avtobusların sayında artım daha çox olacaq. Digər istiqamətlərdən paytaxta gələn avtobusların sayı isə axına uyğunlaşdırılacaq. Xüsusilə vurğulayaq ki, ali məktəblərin açılması ilə əlaqədar olaraq daha çox sərnişin axınının paytaxta olacağı güman edilir. Paytaxtdan sonra regionun ikinci ən böyük şəhəri olan Gəncəyə sərnişin axınında sıxlıq müşahidə olunacağı ehtimal edilir. Nazirlər Kabinetinin qərarına uyğun olaraq, heç bir avtovağzalda sərnişinlərdən COVID-19 pasportu tələb olunmur. Lakin avtobusa daxil olarkən, COVID-19-un ilkin əlamətlərinin yoxlanmasına dair tədbirlər həyata keçriləcək.

Paytaxtdan regionlara və əks istiqamətdə gecə reysləri aktivdir. Gecə reysləri üzrə Qırmızı körpü, Şəki, Gəncə, Zaqatala istiqamətlərinə və əks istiqamətə səfər etmək olar.

Həmçinin oxuyun:

Bakı metrosu gücləndirilmiş iş rejiminə keçir

Ölkənin bütün avtovağzalları gücləndirilmiş rejimə keçir

2
Çaykənd kəndində duman, arxiv şəkli

Dağlarda duman, yağış - Sabahın havası

2
(Yenilənib 14:28 20.09.2021)
Havanın temperaturu gecə 16-21, gündüz isə 28-33, dağlarda gecə 9-14, gündüz isə 17-22 dərəcə olacaq.

BAKI, 20 sentyabr — Sputnik. Sentyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-22, gündüz 26-29, Bakıda gecə 20-22, gündüz 26-28 dərəcə olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70%, gündüz 40-45% olacaq.

Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir qısamüddətli yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə olacaq.

Həmçinin oxuyun:

Qarşıdakı həftənin ilk gününün hava proqnozu

Hava kütlələri idarə olunur - azərbaycanlı ekoloq

2