CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəzərə çirkab sular haradan axıdılır? - Rəsmi açıqlama

© Sputnik / Irade JELILKürdəxanında çirkab sular
Kürdəxanında çirkab sular - Sputnik Azərbaycan, 1920, 14.06.2021
Abunə olmaq
Ekologiya və Təbii Sərvət Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Ramal Bağırov Xəzərə axıdılan çirkab sulara görə "Azərsu" ASC-nin cərimələndiyini bildirib

BAKI, 14 iyun — Sputnik. Xəzərə axıdılan çirkab suların mənbəyi Zabrat gölüdür. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə bu gün Ekologiya və Təbii Sərvət Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Ramal Bağırov Nazirliyin Facebook sosial şəbəkə hesabında keçirilən "Ekspert saatı"nda bildirib. O, deyib ki, artıq Kürdəxanıdan Xəzərə axıdılan çirkab sularla bağlı "Azərsu" ASC-nin vəzifəli şəxsləri cərimələnib: "Kürdəxanıdan Xəzərə axıdılan çirkab sular mənbəyini Zabrat gölündən götürür. Bu göl ətrafında mərkəzləşmiş kanalizasiya sistemi olmadığından həmin sular ətraf ərazidə yaşayan əhali tərəfindən Zabrat gölünə, oradan da digər ərazilərə axıdılır. Biz müəyyənləşdirmişik ki, bu suların tərkibi fekal sulardır. Buna görə "Azərsu" ASC-nin Bağlar su-kanal İdarəsinin rəhbərliyi vəzifəli şəxs qismində 4 min manat cərimə olunub. Həmçinin göstəriş verilib ki, həmin suların təmizlənərək Xəzər dənizinə axıdılması təmin edilsin. Hazırda həmin çirkab suların üzərində təmizləyici qurğuların quraşdırılması işləri aparılır. Yəqin ki, qısa müddət ərzində çirkab suların təmizlənməsi prosesi həyata keçiriləcək".

R. Bağırov həmçinin qeyd edib ki, respublika ərazisində 7 milyon kq. tibbi tullantı formalaşıb. Onun sözlərinə görə, bunun 2 milyona yaxını təhlükəli və ciddi təhlükəli BC növünə aid olub: ""COVID-19-la əlaqəli olan miqdar isə 26 min kubmetr təşkil edib və hamısı aidiyyati üzrə zərərsizləşdirilib".

11 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov isə ağacların dibinin betonlanması məsələsinə toxunub. İdarə rəisi deyib ki, son vaxtlar ölkədə ağacların yaşıl örtüklə örtülməsi, üzərinin dekor tipli işıqlandırılması, eləcə də diblərinin betonlanması halları müşahidə edilir. Onun sözlərinə görə, yaşıllıqların normal bioloji inkişafına mənfi təsir göstərən kənar müdaxilələrin olması yolverilməzdir : "Əgər ağac bioloji inkişafdan qalmayıbsa və heç bir zərər olmayıbsa, bu halda hər hansı inzibati tədbirin görülməsi mümkünsüzdür. Biz sadəcə ağacların üzərinin yaşıl örtükdən azad olunması tələbi irəli sürə bilirik. İnzibati Xətalar Məcəlləsində inzibati tədbir görülməsi yalnız ağacın zədələnməsinə görə edilir. İstənilən halda ağacların inkişafı üçün kənar müdaxilə etmək olmaz!" deyə V. Cavadov bildirib.

Həmçinin oxuyun:

AAYDA: Çirkab suları formalaşdıracaq heç bir təsərrüfat sahəmiz mövcud deyil

Çirkab sular dənizə axıdılmaqda davam edir - REPORTAJ

Xəbər lenti
0