* AZƏRBAYCAN *
Məhərrəm İbrahimovun evində xatirə guşəsi

Məhərrəm üçün bircə Laçınla Kəlbəcər qalmışdı: şəhid həmkarımızı anarkən....

1670
(Yenilənib 20:44 10.06.2021)
Qapı qəfil açılır, “hanı bəs atam, hanı, gələn o deyildi yenə?” - deyə bir körpə - 2 yaşlı Toğrul otaqda hər kəsə baxaraq sorğu-sual edir. Sputnik Azərbaycan-ın müxbiri Nigar İsgəndərova Kəlbəcərdə həlak olan Məhərrəm İbrahimovun ailəsinə baş çəkib.

BAKI, 10 iyun — Sputnik. Siracın ailəsindən, Sumqayıtda "Nasosnu" adlanan ərazidən ayrılıb digər həmkarımız Məhərrəm İbrahimovun xatirəsini yad etmək üçün yaşamış olduğu Məhəmməd Əmin Rəsulzadə qəsəbəsinə yollanırıq. Evdə məclisə hazırlıq gedir...

Uşaqlıqlarını da müharibə almışdı

20 il AZƏRTAC informasiya agentliyində çalışan Məhərrəm İbrahimov və onunla birgə həlak olan Azərbaycan Dövlət Televiziyasının operatoru Sirac Abışovun uşaqlığını məhv edən elə müharibə idi. Ötən əsrin 80-cı illərinin sonlarında başlayan didərginlik həyatı, 90-cı illərin əvvəllərində başlayan qaçqınlıq həyatı çox şeyi bu uşaqlardan qopardı, sağalmaz izlər buraxdı. Bu azmış kimi erməni vandalizmi bu gün onların övladlarının – Sirac Abışovun övladı Özgür, Məhərrəm İbrahimovun övladları Uğur və Toğrulun həyatlarından da bir böyük parçanı aldı, canı canlarından olan atalarını onlardan qopardı və illərin sağalmaz izlərini buraxdı.

Beləcə, 4 iyunda hər iki həmkarımızın şəhid xəbəri gəldi. İbrahimov Məhərrəm və Abışov Sirac tank əleyhinə minaya düşərək həlak oldular.

Geridə qalanlar isə onlardan xatirələr, kadrlar, iti qələmlə yazılan tarix oldu.

Məhərrəm İbrahimov ailəsinin sonbeşiyi olub, ən böyük bacısı ilə aralarında 18 yaş fərq var. Bacılarının ovcunda böyüyən uşağın bu gün çadırın üzərində şəhid şəkli asılıb. Bu həqiqəti qəbul etmək isə onun ailəsi üçün çox çətindir.

Məhərrəm İbrahimov 8 il öncə Bahar xanımla ailə qurub, ona iki övlad əmanət qoyub.

© Sputnik / Nigar Iskanderova
Məhərrəm İbrahimovun böyük bacısı Sevda Əsgərova

Məhərrəm İbrahimovun böyük bacısı Sevda Əsgərova bizi qarşılayır. Gözlərindəki kədərlə yanaşı qürur, fəxr hissini görməmək mümkünsüzdür: “Körpə vaxtı qızılca keçirtdiyi üçün gözlərinin altında qızartı qalmışdı. Deyirdim ki, bir həkimə get, buna çarə tap. Deyirdi ki, mənim körpəlik xatirəmdir. O, çox sakit təbiətli biri idi. Ailəcanlı idi. İlk dəfə mən onu işə düzəltmişdim, ilk maaşını alıb atama verdi: “İlk qazancımı atama verdiyim üçün içim fərəhləndi, bacı”, dedi Məhərrəm. 39 yaşınacan bir dəfə də olsa, birimizə cavab qaytarmadı, yox demədi”.

Azərbaycanın yeni qələbə tarixini yazanlar

“Ən əzablı günlərimiz 80-ci illərin sonuna təsadüf etdi. Göyçədən, mahalımızdan didərgin düşdük. Məhərrəmin uşaqlığı da erməni faşizminin qurbanı oldu, həyatının bu çağı da... O, sentyabrın 28-də, müharibənin başlamasının səhəri günü hərbi müxbir olaraq cəbhəyə yollandı. O, bu 9 ay ərzində öz qələmi ilə tarix yazdı. Onun materialları sabah üçün əvəzolunmaz arxiv materiallarıdır. Məhərrəm Siracla birgə Azərbaycanın yeni qələbə tarixini yazanlardandır. Ona Milli Qəhrəman adı verilsə, ruhu çox şad olardı. Çünki Məhərrəm iş başında, qəhrəmancasına həlak oldu. Bunun üçün ölkə başçısı, birinci xanımdan xahiş edirəm ki, əməyi qiymətləndirilsin”, - deyə Sevda xanım bildirir.

“Qarabağdakı həyatını yadıma salıb ağlayacağam hər dəfə, çünki onun nə isti yorğan-döşəyi oldu, nə rahat yuxusu, nə isti yeməyi, nə isti çayı. Səyyar oldular, bu ünvandan başqa ünvana getdilər. Onun orada hər gün ölümlə üzə-üzə olduğunu düşünəndə necə ola bilərdim?! Onun yoxluğundan ağrılı bir hiss yoxdur. Arzu edirəm ki, Siracla Məhərrəm bizim axırıncı şəhidlərimiz olsunlar”, - deyə bacısı əlavə edir.

Bu anda qapı qəfil açılır, “hanı bəs atam, hanı, gələn o deyildi yenə?” - deyə bir körpə - 2 yaşlı Toğrul otaqda hər kəsə baxaraq sorğu-sual edir. Sən demə, qapıdan kim girir-çıxır, məhəllədən hər maşın səsi gələndə 2 yaşlı körpənin içində bir ümid toxumu cücərirmiş. Atasının yoxluğu ilə barışa bilməyən balaca özünü o yana-bu yana çırpır...

Susqunluqdur, bir körpə dediyi ilə hər kəsin əvəzindən danışmışdı. Atasını, dayağını, yol yoldaşını, futbol yoldaşından tutmuş ən xoş xatirələrinin qəhrəmanı olan birini itirmişdi. İtki, ölüm nədir deyə anlamadığından hələ də gözləri yollardadır, bu həqiqəti dərk edənəcən...

Bacısı qardaşı ilə bağlı xatirələrdən danışır: "O, dünyaya gələndə nişanlı idim, 18 yaşım vardı. Bacım mənə məktub yazıb göndərmişdi ki, qardaşımız olub. Çox ağlağan idi. Onun körpəliyini ən çox bacım Azadə görüb.

© Sputnik / Nigar Iskanderova
Məhərrəm İbrahimovun anası əvəzi olan bacısı Azadə xanım

Hər dəqiqəm ölümdür, gərək hazır olasınız

Məhərrəm İbrahimov gənclik illərində atasını, beş il öncə isə anasını itirib. Onun ölümünə üç qardaşı, dörd bacısı yanır. Otağın bir küncündə isə bir qadın - bacısı Azadə Məmmədova susqun-susqun ağlayır, özünü ələ ala bilmir, doğulandan onu ovcunda böyütdüyü üçün bu itki ona daha böyük dağ çəkir: “Doğulandan mən onu saxlamışam. Ağlağan olduğundan həmişə qucağımda gəzdirmişəm. Burnu çox qanayırdı, çox təlaşa düşürdük. Oğluma toy etməyə hazırlaşırdım, gəlib mənə 80 manat da vermişdi. Hər sirri, sözü məndə idi. Ailəsindən, övladlarından çox narahat idi. Uşaqlar da onu görəndə əlini buraxmırdı ki, getmə. Mən də deyirdim ki, daha qayıt. Dedi: "Demək olar ki, hər şeyi başa çatdırmışam. Qalıb Kəlbəcərlə Laçın". Deyirdi ki, "Mina həmin yerlərə çox basdırıldığı üçün elə ən çətin yerlər oralardır. Hər dəqiqəm ölümdür, hər an hər şey ola bilər. Gərək hər şeyə hazır olasınız. Dedim, "Sən mənə vəsiyyət edirsən?!" Sağollaşanda dedi ki, "Minaya da düşə bilərəm”.

“Hə, bir də demişdi ki, 3 günə sizə sürpriz edəcəyəm. O 3 gün keçəndə belə “sürpriz” oldu. İş yoldaşlarım nəsə bilirdilər, mənə demirdilər. Ürəyim də narahat idi, zəng etdim ardıcıl, sonradan artıq nömrəsinə də zəng çatmadı. Bacım İradə zəng etdi ki, tez gəl, Məhərrəm dünyasını dəyişib”, - deyə Azadə xanım köks ötürərək danışır.

Bacısı İradə xanım isə onun nə qədər həsas qəlbə sahib olmağından danışır. Deyir ki, heyvanlara qarşı belə çox diqqətli idi: “O, bizim övladlarımızla dost, yaşıd kimi idi. Anamdan sonra o ən çox məndən qorxub çəkinirdi. Həmişə də məndən oğlanlarıma şikayət edirdi ki, "Onun qorxusundan səsimi çıxara bilmirəm". Həmişə onları danlamağa başlayanda elə ən birinci Məhərrəmdən başlayırdım”.

“Sonuncu dəfə Ramazan bayramında gələndə mənə qaymaq gətirmişdi. Gedəndən sonra da oğluma zəng edib soruşmuşdu ki, "Sultanım qaymağı bəyənib, ya yox". Deyirəm kaş ki o qaymağı gətirməyəydi, yeməyəydik. Qardaşım işinin fədakarı idi, istəyirdi ki, fərqlənsin”, - deyə bacısı İradə xanım əlavə edir.

© Sputnik / Nigar Iskanderova
Məhərrəm İbrahimovun bacısı İradə xanım

Tabutundan bir neçə saat öncə isə yolladığı kəklikotu gəlib evinə çatır. O kəklikotunu qardaşlarının əli ilə son dəfə dərildiyi üçün bacılar aralarında bölüşdürüblər. Xatirələr onları daha çox incidir.

Ən çox otağın bir küncündə oturan qadının üzündə ana iztirabını aydın oxumaq olurdu.

Sonuncu dəfə bacısı ilə danışarkən Kəlbəcərə getdiyini deyəndə artıq Sevda xanımın dünyası yıxılmışdı: “Kəlbəcər təhlükəli ərazi idi, çox qorxurdum ki, nəsə olar. Hər şeyə rəğmən “Yaxşıyam” deyirdi.

Bəd xəbəri isə digər bacısı ona çatdırır, öncə minaya düşmə xəbərini verir. 

Bəs deyirdiniz, atam şəhid deyil?

Körpələr "ölüb", "şəhid olub" sözlərini eşitsələr də, hələ də bu sözlərin tam olaraq nəyi ifadə etdiyini bilmirlər. AzTV-nin qarşısında atasının xatirəsinin əbədiləşdirildiyi məkana üz tutanda şəkilləri görən Toğrul: "Bəs deyirdiniz, atam şəhid deyil?" - deyə soruşubmuş. Amma hələ də yoxluq, şəhid olmaq, dünyasını dəyişmək nədir, bu sözlərin tam mənasını dərk etmək üçün çox körpədir, yaşca özündən böyük olan qardaşı Uğur kimi.

Məhərrəmi jurnalistikaya gətirən qardaşı Əsgər İbrahimov da söhbətə qoşulur: “O, qələmi ilə tarix yazan bir qəhrəman jurnalistə çevrildi. İstəyərdim ki, Sirac və Məhərrəmin fəaliyyəti araşdırılsın. Düşünürəm ki, Milli Qəhrəman adı almış digər jurnalistlərdən heç də geri qalmayıblar. Əgər belədirsə, o zaman onlara da Milli Qəhrəman adının verilməsini istəyərdik. Onların ölümü müasir siyasətdə yeni bir qol açdı, Azərbaycanın lehinə bəyanatlar verildi, erməni terroru bir daha qınanıldı. Dünyada ən böyük "pandemiya"nın məhz ermənilər olduğu başa düşüldü”.

“Məhərrəmin doğulduğu torpaqla şəhid olduğu torpaq arasında elə də böyük məsafə olmayıb, ən çoxu 50 kilometr məsafə olardı. Sanki Məhərrəm Kəlbəcərdən Göyçəyə gedirdi. Bu da bizim üçün bir təsəllidir. Məhərrəmgilin fəaliyyəti erməni vandalizmini gələcək nəsillərə ötürüb böyük bir salnamə yazmaq idi. O, yeni tariximizi yazırdı, viran qoyulan torpaqlardakı son vəziyyəti çatdırırdı. Minalanmış ərazidə bu işləri görmək həyatı riskə atmaq, birbaşa ölümlə oynamaq idi. Hər şeydən razıyıq, sadəcə olaraq Milli Qəhrəman məsələsini qaldırmaq lazımdır”, - deyə qardaşı əlavə edir.
© Sputnik / Nigar Iskanderova
Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov

Məhərrəmin böyük yadigarı olan 7 yaşlı Uğur da hələ ki, atasının yoxluğunu dərk etmir: “İstəyirəm ki, atam bir də getməsin, tezliklə evə qayıtsın, gizlənqaç, futbol oynayaq, birgə gəzək. İstəyirəm ki, həmişəlik yanımızda qalsın. Parkda oynadığımız yadıma gəlir, onunla oynamaq üçün darıxıram”.

Həyat yoldaşı Bahar xanım üçün isə bu faciədən danışmaq daha çətindir. Ağlamaqdan, qəhərdən səsi batıb, güclə sözə başlayır: “Ona həmişə deyirdim ki, biz 21-ci əsrin Leyli-Məcnunuyuq. Onu o qədər sevirdim ki, o, canım, qanım idi. Səkkiz il idi ki, evli idik. Onu ailə qurandan sonra daha yaxşı tanıdım. Çox gözəl xarakteri vardı. Uğurun adını özü qoymuşdu, övladlarımız olanda hədsiz sevinirdi. O, mənim ən yaxın dostum idi. Uşaqlarla bağlı arzularımız vardı. Uğuru həkim, Toğrulu iş adamı görmək istəyirdik. Onların gələcəyi, toylarını belə xəyallarımızda qurmuşduq.

Ondan doya bilmirdim, deyirdim ki, bizimlə çox vaxt keçirt. 9 ay idi ki, orada idi, çox əziyyət çəkirdim. Ayın 4-də, yəni elə ölüm günündə oğlumuzun birinci sinif üçün “vinetka” çəkilişi idi. Parkda çəkiliş zamanı yaxın dostunun həyat yoldaşı mənə bu xəbəri verdi. Hələ də onun yoxluğunu qəbul edə bilmirəm, elə bilirəm ki, işdədir, qayıdacaq”.

Ölüm xəbərini alanadək artıq Uğurun “Vinetka” üçün bir şəkli çəkilmiş olur. O şəkil ən acı xatirələri yada saldığı üçün ana hələ də onu almayıb.

Axşam isə tabut artıq qapıda idi: “Yalvarırdım ki, ayağı, qolu, gözü olmasın, mənim olsun, nəfəsi gəlsin. Hətta mümkün olarsa, öz əl-ayağımı ona verim, özüm şikəst qalım deyə yalvarırdım, olmadı... Acı həqiqət var idi – o, artıq yox idi. Səhərədək cənazənin yanında yatdım. Elə onda anidən yuxuda simasını gördüm... “

Məhərrəm sonuncu dəfə evə elə informasiya sahəsində döyüş yoldaşı olan Siracla birgə gəlir. Gecə olmasına baxmayaraq uşaqlar atalarının gəldiyini bilib ona bərk-bərk sarılırlar, amma sonuncu dəfə... Toğrul isə sarılarkən: “Ata, bir də getmə, çox üzülürəm”, - deyir... Amma əcəl onu aparır...

© Sputnik / Nigar Iskanderova
Məhərrəm İbrahimovun son olaraq onlayn olduğu tarix - 4 iyun 08:47

“O deyirdi ki, ananızı bir də incitməyin. O, həm sizin ananız, həm də atanızdır. Mən nə biləydim ki, o, vəsiyyət edir, vidalaşır?! Deyirdim ki, ataları sənsən, mən yox, sən də qayıdacaqsan. 44 gün ərzində televiziyada altyazıları oxuyurdum, sanki "İbrahimov Məhərrəm..." deyə nəsə oxuyacaqmışam kimi. Müharibə bitəndə sevinmişdim. O, bölgə-bölgə gəzəndə isə artıq içimdə mina qorxusu yaranmışdı”, - deyə Bahar xanım əlavə edir.

Bu hadisədən bir neçə gün öncə Bahar xanım yuxuda Məhərrəmin dişinin düşdüyünü görür. Bu da onun üçün pis bir hadisəyə işarə olur. Arada böyük məsafələr olsa da, Bahar xanım yoldaşı Qarabağda olarkən onunla eyni vaxtlarda yatıb-dururmuş ki, hər şeydən xəbərdar olsun: “Artıq onun rejimini bilirdim. Nə zaman qaldıqları yerə gəlir, nə zaman iş başına keçir, hamısını bilirdim”.

“Axırıncı dəfə ölümündən öncəki gecə danışmışdıq. "Ay Allah!" deyəndə, soruşdum ki, nə olub. Dedi ki, heç nə, arxada oturduğumuz üçün maşın bizi silkələyir. Hələ onu da dedim ki, "özünü qoru da, sənə qurban olum". Səhər saat 08:47-də Kəlbəcər yolundan mənə şəkil atdı. Mesaj yazıb, hal-əhval tutdu. Sonra da bu xəbəri eşitdik”, - deyə Bahar xanım əlavə edir.

O, həyat yoldaşının son səs qeydlərini səsləndirir, “Whatsapp”da son görülmə tarixini göstərir: 08:47

Onlara qalan təsəllilər, xatirələrdir, bir də şam işığı qədər zəif olan ümidlər. Hansı ki, Bahar xanım ötən gün də həyat yoldaşının “Whatsapp” nömrəsinə elə bu son ümidlərlə yazmışdı, həlak olduğunu, şəhid olduğunu bilə-bilə “ürəyim” deyə bir də yazmışdı. Azyaşlı Uğur isə anasının göz yaşlarını silir, “Atam qayıdacaq” deyirdi.

Bu gün bu körpələr sıravi körpələrdən qəhrəman balası statusuna yüksəlib, onlar sabah tarix dərsliklərində öz atalarının adını, rəsmini görüb hədsiz qürur hissi yaşayacaqlar.

© Sputnik / Nigar Iskanderova
Məhərrəm İbrahimovun böyük oğlu Uğur

Məhərrəmdən 7 yaş böyük olan, I Qarabağ müharibəsində gözünün birini itirərək qazi olan qardaşı Ələsgər İbrahimov da onun yoxluğu ilə barışa bilməyənlərdəndir: “Biz bir həyətdə yaşadığımız üçün onun yoxluğu məni daha çox məhv edir, daha çox külə çevirir. Hər gün bu körpələrin açılan o qapıya necə ümidlə baxdığını görmək bilirsiniz, nədir?! Hər dəfə körpələr “Əmi, atam nə vaxt gələcək?” deyə soruşurlar. Bu sualların qarşısında durmaq elə də asan deyil axı. Çörəyimizi belə, bir kəsərdik. O deyirdi ki, sən mənim arxam-dayağımsan. Həyatı dolu-dolu yaşamaq istəyirdi. Onun yoxluğuna necə dözəcəyəm, bilmirəm. Çox dolmuşam, çox qəribsəmişəm“.

Bir addım qalıb, pilləkəni çıxdımsa, vəssalam

“Ən çox yadıma düşəndə peşman olduğum şey 17 yaşında onu siqaret çəkməyinə görə döyməyim olub. Kaş etməzdim, deyirəm. Çox sakit uşaq olub. O, dünyaya gələnə qədər evin sonbeşiyi mən olduğumdan hər kəs mənim nazımı çəkib. O, dünyaya gəldikdən sonra isə, belə məcazi mənada deyim, mənim günüm "qara" olub, hər kəs onu əzizləməyə başlayıb. Həmişə harasa gedəndə, geyinib-keçinib soruşardı ki, “Qaqa, necəyəm?”. Həmişə saçının arxa konturunu da mənə vurdururdu”, - deyə qardaşı əlavə edib.

Son gəlişində isə o bütün qardaşları, bacılarına baş çəkibmiş. Sanki son səfərinin olduğunu bilirmiş: “Deyirdi ki, avqustda qayıdacaq: "Bir addım qalıb, pilləkəni çıxdımsa, vəssalam". Dostumgildə idim, neçə dəfə zəng etmişdim, zəng çatmamışdı, ürəyim partlayırdı. Həyəcandan dilim belə qurumuşdu. Bu anda dostumun övladı atasını çağırdı. Dostum qayıdanda dedi ki, yaralanıb, ağırdır. Qardaşım Əsgər isə zəng edib dedi ki, artıq onu itirmişik. Dünya başıma uçmuşdu”.

Bacısı Fəridə Muradova da xatirələrini bölüşür: “Sonuncu dəfə gəlişlərində anamın, atamın qəbri üstünə getmişdik. İndi isə özü onlarla birgə orada uyuyur. Yığıncaq təşkil etmişdik, onun ad gününə görə. Bir balaca araq içirdi. Dedim, içmə, dedi, "Sonuncu dəfə içirəm"”.

Hadisə isə bacısı Fəridə ilə danışdıqdan bir neçə dəqiqə sonra baş verib: “Öncə qabaqda oturub, sonra "KAMAZ"ın arxasına keçibmiş, sonra da bu hadisə baş verdi, oldum şəhid bacısı”.

Dörd bacı danışsa da, kənarda bir qadın da bacılar qədər hönkürə-hönkürə ağlayırdı. O isə Məhərrəmin qardaşının həyat yoldaşı Vüsalə xanım idi: “Qaynım yox, qardaşım idi o mənim. Mən bu evə gəlin gələndə Məhərrəm körpə, cılız uşaq idi. Onu özüm belə çimizdirirdim, kürəyimə qaldırıb gəzdirirdim, yatanda yanımda yatızdırırdım. Heç yoldaşıma demədiklərimi Məhərrəmə deyirdim”.

“Mənə deyirdi ki, "Sənə xalat alacağam". Deyirdim ki, nə zaman alacaqsan, deyirdi ki, fevralın 29-da", - deyə Vüsalə xanım onunla bağlı xatirələrini yada salır.

© Sputnik / Nigar Iskanderova
Məhərrəm İbrahimovun qardaşının həyat yoldaşı Vüsalə xanım

Qələmimiz, kameramız yerə düşür, qana qərq olur...

39 yaşında dünyasını dəyişən həmkarımız sən demə İkinci Dünya müharibəsində elə 39 yaşında dünyasını dəyişən babası Məhərrəmin adını daşıyırmış.

Nə qədər acı talelər var, nə qədər acı qismətlər var, nə qədər ata adından doymayan, gözü açılan qapılarda, yollarda, qulaqları səsdə, hər maşın səsində qalan körpələr var, ata səsinə doymayan Toğrul, Uğur, Özgür kimi şəhid övladı statusu alan körpələr var. Təkcə atalarını deyil, ən yaxın sirdaşlarını itirən belə körpələr var. Bir də biz varıq, bu acını görüb, dinləyib qələmə alan biz. Yazdıqlarımızla hisslərimizin cüzi bir hissəsini çatdıra bilməyənlər, hər sətrində göz yaşı axıdanlar... O körpələrin gözünə baxa bilməyənlər. Səssiz-səmirsiz qapıdan çıxırıq ki, bir cırıltı səsi ilə körpələrin qəlblərinə ümid toxumu əkməyək, yaralarını təzələməyək deyə...

Dörd iyun, 2021-ci il Kəlbəcərdə tank əleyhinə mina partlayır. Bu partlayış sadəcə orada dünyasını dəyişənlərin faciəsi olmur. Onları sevən hər kəsin, ailəsinin, həmkarlarının, bir sözlə, bütün Azərbaycanın faciəsi olur, qələmimiz, kameramız yerə düşür, qana qərq olur...

Həmkarımızın əziz xatirəsinə həsr olunur... 

Sputnik Azərbaycan olaraq həmkarımızın ailəsinə dərin hüznlə başsağlığı verir, sevdiklərinə səbir diləyirik! Allah rəhmət eləsin!

Eləcə də oxuyun:

  • "İndi o torpaqlara Siracın gözü ilə baxırıq" - Şəhid həmkarımızın əziz xatirəsinə

  •  Gənc heykəltaraşın diplom işi: Polad Həşimov - FOTO

  • Gürcüstanlı jurnalistlərdən azərbaycanlı həmkarlarının ölümü ilə bağlı jest

  • ABŞ rəsmisi Yerevanı bütün mina xəritələrini Azərbaycana verməyə çağırdı

1670
Teqlər:
reportaj, xatirə, Kəlbəcər, şəhid, jurnalistlər
Yusif Eyvazov və Anna Netrebko, arxiv şəkli

Yusif Eyvazov Anna Netrebkodan niyə övladının olmadığını açıqladı

2
Rusiyada yaşayan məşhur azərbaycanlı opera müğənnisi karyeraya necə başlamasından, həyat yoldaşı ilə tanışlığından və niyə ondan uşaq sahibi ola bilməməsindən danışıb.

BAKI, 23 iyun — Sputnik. Xalq artisti Yusif Eyvazov müğənni Valeriyanın "Aramızda qalsın" adlı layihəsinə qonaq olub. Azərbaycanlı solist proqramda həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebkodan niyə övlad sahibi ola bilmədiyinə aydınlıq gətirib.

Peşə seçimi

Uşaq vaxtı mahnı oxumurdum. Oxumaq istədiyimi anlayanda isə təxminən 17-18 yaşım vardı. Bizim ailədə texnoloq və həkimlər üstünlük təşkil edir. Amma mənim bu peşələrə marağım yox idi. Atam onun yolu ilə getməyimi istəyirdi. Hazırlaşıb universitetə daxil oldum. Ali məktəbdə oxuduğum vaxt Şən və Hazırcavablar Komandası ("KVN") yaratmışdılar, mən də üzv oldum. Amma yaxşı "KVN"-çi ola bilmədim.

Çıxışlarımızdan birində mahnı oxumaq lazım idi. Həmin vaxt məni müşayiət edən pianoçu xanım səsimin olduğunu görüb məsləhət verdi ki, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasına daxil olum. Ancaq valideynlər bu fikirdə idilər ki, mahnı oxumaqla ailə dolandırmaq olmaz, ona görə də məni bu fikirdən daşındırmağa çalışdılar. Buna baxmayaraq, konservatoriyaya daxil oldum və qərara gəldim ki, estrada müğənnisi olum. Heç indi də notları yaxşı bilmirəm.

Anatoli Qusev adlı bir pedaqoq var, İtaliyada təhsil almış ilk bakılıdır. İndiyə kimi onunla dostluq edirik. İldə bir dəfə Bakıya gəlirdi. Növbəti səfərlərin birində onun yanına getdim. O, mənə dedi: "Əgər oxumaq istəyirsənsə, İtaliyaya getməlisən".

Valideynlərimin məni xaricə göndərmək imkanı yox idi. Onlar mənim İtaliyaya getmək istəyimi sakit qarşıladılar, fikirləşdilər ki, bir müddət sonra bu həvəsim keçəcək. Amma keçmədi. Axırda atam məcbur olub məni İtaliyaya göndərmək üçün tələb olunan dörd min dolları düzəltdi. İki ay İtaliyada yaşayandan sonra bir qəpiyim də qalmamışdı. Evə qayıda bilməzdim. Onda 20 yaşım var idi. İndiki kimi yadımdadır, 1997-ci il idi, qərara gəldim ki, baristalıq edim. Sutkada cəmi dörd saat yatsam da, o dövr həyatımın ən gözəl vaxtları idi. Yaxşı qazanırdım. Bütün Avropanı gəzdim.

İlk çıxış

Bu, İtaliyada baş verdi. Əməlli-başlı biabırçılıq oldu. Üç saat oxudum, hər şey normal idi, ancaq yuxarı not götürmək istəyəndə alınmadı. Xəcalət içində səhnəni tərk etdim. Bu, mənim üçün böyük biabırçılıq idi. Ancaq xaraktercə tez ruhdan düşən insan deyiləm. Bütün dünya mənə deyirdi ki, səndən ifaçı olmaz.

Anna Netrebko ilə tanışlıq

Milanda tanış olduğumuz vaxt o mənə dedi ki, burada heç nə öyrənə bilməyib. Fikirləşdim ki, ya dəlidir, ya da dahi. Bir həftədən sonra onun çıxışını izləyəndə başa düşdüm ki, dahi vokalistdir. Bilirdim ki, premyeradan sonra ayrılacağıq. Agent də ona yaxınlaşmağı qadağan eləmişdi. O vaxt "WhatsApp" yox idi, biz əsasən, elektron poçt vasitəsilə ünsiyyət saxlayırdıq. Premyeradan sonra məni otağından qovdu, səhəri gün isə yazdı ki, artıq mənə olan həvəsi keçib. O, Vyanaya uçdu, amma biz yazışmağa davam elədik.

Sonra o yenidən çıxış etmək üçün Milana gəldi. Xahiş elədim ki, əlavə bir neçə gün də qalsın, razılaşdı. Ayrılıq anı çətin keçdi: başa düşürdüm ki, bəlkə də biz bir daha görüşməyəcəyik. O gedəndən sonra darıxmağa başladım. Onda mənim 35 yaşım var idi, həyatım barədə demək olar ki, fikirləşmirdim. Anna həyatıma yeni nəfəs gətirmişdi. 2014-cü ildə Vyanaya getdim və orada qaldım.

Netrebkonun həyat yoldaşı olmaq...

Anna güclü qadındır, amma mənə onunla yaşamaq asandır. O, kişinin yanında heç vaxt güclü tərəflərini göstərməz. Bu mənada eynilə azərbaycanlı xanımlara bənzəyir. O, heç vaxt kişini alçatmaz. Alçaldılmağa qətiyyən göz yummazdım. Mənim üçün qəbuledilməz iki şey var: xəyanət və hörmətsizlik. Biz ailə qurduğumuz vaxt hamı deyirdi: "Bu, Netrebkonun əridir". Bunu normal qarşılayırdım, bilirdim ki, bundan qaçmaq mümkün deyil, çünki o, ulduzdur. Başladım öz üzərimdə işləməyə. Anna mənim həyatımda ilhamverici qüvvədir. Biz bir-birimizdən çox şey öyrənmişik. İndi mənim yanımdakı qadın yeddi il bundan əvvəlki Anna deyil. Əgər mən ona 25-30 yaşında rast gəlsəydim, yəqin heç bir il də birlikdə yaşaya bilməzdik. Biz onunla övladı dünyaya gələndən sonra tanış olmuşduq. O, axtardığını məndə tapmışdı.

Niyə Netrebkodan övladı yoxdur

Şükür Allaha ki, Tyaqo eynən Annaya bənzəyir. O, xeyirxah və mehriban uşaqdır. İlk dəfə məktəbdə olanda mənə ata dedi. Çox təsirlənmişdim. Həmin an başa düşdüm ki, o mənim ögey deyil, elə doğma oğlumdur. Onun mənim qanımdan, canımdan olmadığını ağlıma belə gətirmirəm. O, həm də mənim ən yaxın dostumdur.

Tyaqo – bizim yeganə övladımızdır, başqa uşağımız olmadı. Anna ilə genetik cəhətdən uyuşmazlığımız var, yəni ayrı-ayrılıqda uşaq sahibi ola bilərik, amma birlikdə bu mümkün deyil. Hər şeyi sınaqdan keçirtsək də, alınmadı. Hətta mənə surroqat anadan övlad sahibi olmaq da təklif edildi. Amma başqa qadından olan övlad istəmirəm. Ona görə də qərar verdik ki, hər şey necə varsa, o cür də qalsın...

2
Футболисты сборной Украины празднуют забитый мяч.

Ukrayna millisi AVRO-2020 pley-off mərhələsində

3
(Yenilənib 22:41 23.06.2021)
Ukraynalılar artıq öz qruplarında üçüncü yeri tutmuş komandalar arasında ilk dördlüyə düşə biliblər.

Futbol üzrə Ukrayna yığma komandası "E" qrupunda bu gün keçirilmiş iki oyundan sonra Avropa çempionatının 1/8 final mərhələsində mübarizəni davam etdirmək hüququ qazanıb.

Çərşənbə günü "E" qrupunda İsveç milisi 3:2 hesabı ilə Polşa yığmasına qalib gəlib, ispanlar isə slovaklara 5 cavabsız top vurublar.

Qruplarda üçüncü yer tutmuş altı komandadan dördü pley-of mərhələsinə çıxır.

Ukrayna millisi "C" qrupunda üç xalla üçüncü yeri tutub, komandanın top fərqi "-1".

Beləliklə, ukraynalılar dəqiqliklə Finlandiya ("В" qrupu, 3 xal, top fərqi "-2") və Slovakiya komandasını ("Е" qrupu, 3 xal, top fərqi "-5") geridə qoyublar.

3