CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Geridə qalmışların həvəsi - Zərərli trend Azərbaycanda qadınları da haqladı

© AFP 2023 / MARTIN BUREAUЖенщина в центре социальной реабилитации, фото из архива
Женщина  в центре социальной реабилитации, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.06.2021
Abunə olmaq
"Dəfələrlə görmüşəm ki, qəlyanı kişilərdən çox, qızlar çəkirlər. Bir qəlyan 20-dək siqaretin zərəri qədər zərər verə bilər. Ümumiyyətlə, tütün məhsullarının istifadəsi və təbliğatı artır." - Əsəd Beydullayev

BAKI, 8 iyun — Sputnik. Bir ildən artıqdır, dünyada davam edən pandemiya bir sıra vərdişləri aradan çıxarsa da, müəyyən yaş təbəqələrində olan şəxslər üçün bəzi yeni asılılıqlar yarandı. Siqaret asılılığı kimi. Sputnik Azərbaycan-ın müxbiri Nigar İsgəndərova dünyada və Azərbaycanda tütünlə bağlı vəziyyəti araşdırmağa çalışıb.

Geridə qalmışların həvəsi

Pulmonoloq Əsəd Beydullayevlə Azərbaycandakı durumu müzakirə etdik: "Siqaretlə əlaqədar olaraq ağciyərlərdə xroniki xəstəliklər yaranır. Bəziləri bunu xroniki bronxit, bəziləri astma hesab edirlər. Bu problemlərlə bağlı şikayət edənlər çox olur. Bu şəxslər xüsusən nəfəs darlığı ilə müraciət edirlər. Adətən, yaşı 50-dən yuxarı olan şəxslərdə siqaretin zərərləri aşkar hiss olunur. Əlamətlər də ilkin olaraq nəfəs darlığı ilə başlayır. Bu cür xəstəliklər bronxların daralmasına səbəb ola bilir. Lakin bu problem ortaya çıxdıqda artıq geriyə dönmək mümkün olmur. Yanaşı xəstəlikləri olanlar isə bu xəstəliyi daha ağır keçirirlər. Xüsusən də, ürəyində problem olanlar, şəkər xəstələri. Lakin bu proses illərlə davam edərsə, hər gün ağciyərdən daha böyük hissə ayrılaraq məhv olacaq. Ümumiyyətlə, COVID-19-a qədər xəstələrin 30-40 faizi məhz uzun müddət siqaret aludəçisi olaraq bundan əziyyət çəkənlər idi".

"Xüsusən onu qeyd edim ki, siqaret daha çox geridə qalmış ölkələrdə geniş istifadə olunur. Modern, müasir ölkələrdə isə siqaretə eyib kimi baxmağa başlayırlar ki, bu da çox yaxşı bir göstəricidir. Lakin siqaret istehsal edən şirkətlərin hədəfi kişilərlə yanaşı, qadın və uşaq kontingentini də özünə cəlb etməkdir. Azərbaycanda onsuz da kişilərin əksəriyyəti siqaret çəkir. Növbədə əsas hədəf isə qadınlardır.

Bu kontingenti ələ almağa başlayır. Həkim olaraq işə başlayanda düşünürdüm ki, müraciət edənlərin çoxu 70 yaşlı kişilər olacaq. Lakin təəssüf ki, bunun əksinə, müraciətlərin çoxu cavan və hamilə qadınlardan gəldi. 20-25 yaşlı bir qadının artıq 5-6 ildir ki, siqaret çəkməsi isə həyəcan təbili çalmağa əsas verir. Reallıqda belə xəstələrin sayı mənim öz xəstələrimdən də 10 dəfələrlə artıqdır. Bir tədbir görülməsə, qarşıdakı illərdə bu problemdən əziyyət çəkən qadınların sayı artacaq. Məncə, təbliğatı artırmaq lazımdır", - deyə həkim əlavə edib.

Yetməzlik sindromu

Ə.Beydullayev deyir ki, ümumiyyətlə, hər mənada təbliğatın rolu çox böyükdür: "Hər bir şey, demək olar ki, təbliğatdan başlayır. Siqaret çəkən kişilərin belə 90 faizi təbliğatla bu yola əl atır. Yetməzlik sindromu var. Məsələn, kinolarda belə qəhrəmanlar hamını qırandan sonra bir siqaret yandırırdılar. Sanki bununla da bir kişilik simvolunu ortaya çıxarırdılar. Bütün kişilər də siqaret çəkib onlara oxşamağa çalışırdılar. Bəzən xanımlar da özlərini həmin o qəhrəmanlara oxşatmağa hazırlaşırlar. Onlara baxıb yaxın rəfiqələri bu azara yoluxurlar. İnsanlar siqaret çəkməyi daha ağıllı olmaq, inkişaf etmək kimi göstərirdilər.

Həqiqətən də xanımlar arasında bu tora düşənlər çoxdur. Günümüzdə artan ailə problemlərinin də bu faktora təsiri var. Ailədaxili problemlər, boşanmaların sayının artması və s. bu kimi amillər də siqaretə tələbi artırıb. İnsanların bir balaca özlərini itirmələri, kiminsə güdazına getmələrinin də siqaretə olan tələbatda rolu var. Çünki insanlar siqaretin stressdən xilas edəcəyini düşünürlər. Amma təəssüf ki, bu belə deyil. Siqaret stressi artırır, nəinki azaldır. Qeyd edim ki, bir həkim olaraq mənə müraciət edən, siqaretlə bağlı problem yaşayanlar arasında 20 faizi qadınlardır. Amma düşünürəm ki, bu rəqəm daha da böyükdür".

"Kişilərlə müqayisədə qadınlara siqaret daha mənfi təsir edir. 40 il siqaret çəkmiş kişi ilə 15 il siqaretin tüstüsünü udmuş qadın eyni zərər görür. Qadınlar gərək ki, ümumiyyətlə siqaret çəkməsinlər. Xüsusən də hamilə qadınlar bu məsələdə diqqətli olmalıdırlar. Çünki passiv siqaret çəkənlərin də əksəri qadınlardır", - deyə Beydullayev əlavə edib.

O bildirir ki, siqaretin törətdiyi zədələnmələrlə müraciət edənlərin əksəriyyəti yaşlı kişilər olsa da, siqaretdən xilas olmaq istəyənlərin əksəriyyəti qadınlar və bir qismi də ailələri tərəfindən məcbur edilən kişilərdir.

Qəlyanı kişilərdən çox, qızlar çəkirlər

Ə.Beydullayev deyir ki, valideyni tərəfindən gətirilən yeniyetmə ilə danışdıqda da bəlli olur ki, həmin şəxsdə yetməzlik sindromu var: "Yəni, özünü böyük göstərmək istəyindən bu yola əl atır. Valideyn təbliğat apararsa ki, dostların arasında söz sahibi olmaq, hörmət qazanmaq üçün dərslərini yaxşı oxumalıdır, savadı ilə seçilməli, idman eləməlidir, bu zaman daha müsbət nəticələr əldə etmək olar.

Sözümün önəmi olmasa da, mən əks-təbliğat üçün orta məktəb şagirdlərinin ağciyər xəstəxanalarında turunu təşkil edərdim. Burada onları siqaretdən səhhətində fəsadlaşmalar yaranaraq ağırlaşan, lakin adekvat düşüncəsi olan xəstələrlə görüş təşkil edərdim ki, orta məktəb şagirdləri siqaretin zərərindən xəbərdar olsunlar. Beləcə siqaretin, narkotikin zərərini daha aydın göstərərdim. Bunu videolarla edib qorxunu da əlavə edərdim. Bilirsiniz də, biz qorxmağı sevirik. Bir şeyi qorxanda etmərik".

"Artıq orta məktəblərdən bu təbliğata başlamaq olar. Çox ağır vəziyyətdə, boğulan bir xəstə maska ilə orta məktəbə girsə, o, siqaretin fəsadlarını müəllimdən daha yaxşı göstərmiş olar. Bu cür videolar hazırlanaraq telekanallarda davamlı olaraq yayımlansa, daha müsbət nəticələr əldə etmək olar", - deyə o əlavə edib.

Həkim onu da vurğulayır ki, ümumiyyətlə, daha öncəki illə müqayisədə tütün istifadəçilərinin yaşı gəncləşib: "Dəfələrlə görmüşəm ki, qəlyanı kişilərdən çox, qızlar çəkirlər. Bir qəlyan 20-dək siqaretin zərəri qədər zərər verə bilər. Ümumiyyətlə, tütün məhsullarının istifadəsi və təbliğatı artır. Artıq qadınlar arasında qəlyan çəkmək bir dəb halını alıb".

Dünyanın axırı hara gedir?

"Lancet" dərgisinin məlumatına görə, dünyada siqaret çəkənlərin sayı artaraq 1 milyard 100 milyona çatıb. 204 ölkədə aparılan araşdırmanın ən maraqlı tərəfi isə siqaret çəkənlərin 2/3-nin 10 ölkədə yaşamasıdır. Ən çox siqaret asılılığı olan ölkə kimi Çin ilk yerdə qərarlaşıb. Burada siqaret istehlakçılarının sayı 341 milyondur. Sonrakı yerlərdə Hindistan, İndoneziya, ABŞ, Rusiya gəlir.

Bəlli olub ki, araşdırma aparılan ölkələrdə 15-24 yaşlarında siqaretə aludəçiliyin qarşısını almaq istiqamətində aparılan tədbirlər uğursuz olub. Ortalama rəqəm kimi siqaretə başlama yaşı 19 hesab edilib.

"Lancet"in məlumatına görə, dünyada hər il 7.69 milyon insan siqaretdən dünyasını dəyişir. Qabaqlayıcı tədbirlər görülməzsə, bu rəqəmin qarşıdakı onilliklərdə daha da artacağı proqnozlaşdırılır. Tütün məmulatlarının istifadəsi ilə əlaqədar 200 milyon insan isə xəstə həyat tərzi yaşayır. Bunların 20 faizi ölüm riski ilə üz-üzədir.

Statistikaya görə, ümumilikdə son 30 ildə 200 milyon insan siqaretdən dünyasını dəyişib. Tütün istifadəsi səbəbiylə iqtisadi xərclər 1 trilyon ABŞ dolları aşıb.

ÜST-ün Azərbaycan planı

Azərbaycanla bağlı duruma gəldikdə isə, ÜST-ün ölkə üzrə hesabatı belədir:

Azərbaycanda siqaret çəkənlərin sayı 1 milyon 306 min 100 nəfərdir. Hazırda siqaret çəkənlərdən isə 653 min 50-nin vaxtından əvvəl ölümü proqnozlaşdırılır. Son 15 ildə ÜST-lə birgə digər ölkələrdə olduğu kimi Azərbaycanda da siqaret istifadəçilərinin sayının azaldılması istiqamətində müəyyən tədbirlər görüləcək və bunlara əməl edilərsə, müsbət gözləntiləri əldə etmək mümkün olacaq.

Bu tədbirlər sırasına daxildir: Gənclər arasında siqaretə meylliyi azaltmaq, əlçatanlığı azaltmaq üçün siqaretin aksiz vergisini artırmaq;

Bir çox ərazilərdə siqaretin çəkilməsi qadağan etmək;

5.5 faiz olmaqla siqaretin birbaşa, yaxud da dolayı yolla reklamlarını, təşviqini qadağan etmək;

Bunlara riayət etməklə 5 ildə siqaretin kütlə arasında yayılmasını 41 faiz, 15 ildə 53 faiz, 40 ildə 63 faiz azaltmaq mümkün olacaq.

Siqaretə bağlı ölümlərin azalmasında müəyyən nüanslar çox önəmlidir. Bu nüansları belə təsnifləşdirmək olar:

Siqaretlə bağlı qanunların daha da təkmilləşdirilməsi ilə 5 ildə - 7.8, 15 ildə - 9.0, 40 ildə isə - 9.8 faiz - daha dəqiq desək, 63 min 882 nəfər;

Tütündən imtina xidmətləri ilə 5 ildə  -2.1, 15 ildə - 3.6, 40 ildə - 5.1 faiz, daha dəqiq desək, 33 min 476 nəfər;

Kütləvi informasiya vasitələrində aparılan təbliğat materialları ilə 5 ildə - 6.5, 15 ildə - 7.5, 40 ildə - 7.8 faiz, daha dəqiq desək, 50 min 938 nəfər;

Siqaret qutularının üzərində olan məlumatlandırıcı informasiyalarla 5  ildə -6.0, 15 ildə -9.0, 40 ildə -12.0 faiz, daha dəqiq desək, 78 min 366 nəfər;

Bazar, yəni alqı-satqı məhdudiyyətlərinin olması ilə 5 ildə -4.6, 15 ildə -5.5, 40 ildə -6.0 faiz, daha dəqiq desək, 39 min 52 nəfər;

Müxtəlif siyasətlərlə 5 ildə - 40.9, 15 ildə - 53.2, 40 ildə - 63.4 faiz, daha dəqiq desək, 414 min 95 nəfər;

Siqaretə təyin olunan vergilərin artırılması ilə 5 ildə - 22.0, 15 ildə -33.0, 40 ildə - 44.0 faiz, daha dəqiq desək, 287 min 82 nəfər ölüm halının azalması deməkdir.

Eləcə də oxuyun:

  • Pandemiya dövründə siqaret asılılığı rekord həddə çatıb

  • Baş onkoloq hansı insanlarda xərçəng riskinin yüksək olduğunu açıqladı

  • Uşaqlar arasında enerji içkiləri ilə bağlı vəziyyət nəzarətdən çıxıb

Xəbər lenti
0