* AZƏRBAYCAN *

Bu gün azərbaycanlı əsirlərə işgəncə vermiş ermənilərin məhkəməsi keçirilir

37
(Yenilənib 11:25 02.06.2021)
Azərbaycan vətəndaşının müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və Ermənistanın İrəvan şəhərində qanunsuz saxlanıldığı yerlərdə döyülərək müxtəlif xarakterli işgəncələrə məruz qaldığı müəyyən edilib.

BAKI, 2 iyun — Sputnik. Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə keçirilir.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin icraatında olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Qeyd edək ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə Hərbi Prokurorluqda cinayət işinin istintaqı zamanı əsirlərin və beynəlxalq humanitar hüquqla müdafiə olunan digər şəxslərin girov saxlanması, onlara işgəncə verilməsi, qəddar və qeyri-insani rəftar edilməsi faktları müəyyən olunub.

Belə ki, istintaqla müəyyən edilib ki, Ermənistan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış silahlı qrupların fəaliyyətində iştirak edib onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 1991-ci ilin iyul ayında Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürüb qanunsuz olaraq azadlığı məhdudlaşdırılan Azərbaycan vətəndaşına, habelə 13 sentyabr 1999-cu il tarixdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək Ermənistan Respublikasının İrəvan şəhərinə gətirilmiş və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edilən zaman tərcüməçi kimi iştirak edərkən işgəncə verib.

İstintaqla o da müəyyən olunub ki, Lüdvik Mkrtiçyan tərəfindən daha 11 nəfər əsir götürülüb. Azərbaycan vətəndaşının müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və Ermənistanın İrəvan şəhərində qanunsuz saxlanıldığı yerlərdə döyülərək müxtəlif xarakterli işgəncələrə məruz qaldığı və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun avtomat silahdan atəş açılaraq öldürüldüyü müəyyən edilib.

Lüdvik Mkrtiçyan 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq ələ keçirilib.

Aparılan istintaq tədbirləri nəticəsində Lüdvik Mkrtiçyanla birlikdə azərbaycanlılara qarşı amansız rəftar edərək onlara işgəncələr vermiş Ermənistan Respublikasının vətəndaşı, 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin də cinayətkar əməlləri ifşa olunub.

İstintaqla Alyoşa Xosrovyanın 5 nəfər azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməsi, onlarla qəddar və qeyri-insani rəftar etməsi müəyyən edilib.

Belə ki, Alyoşa Xosrovyan 1994-cü ilin aprel ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri Babayan Samvel Andranikoviç üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Bundan başqa, Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illər ərzində əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz olaraq saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlıq nümayiş etdirərək onlara mütəmadi olaraq döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib.

Alyoşa Xosrovyan Azərbaycan Respublikasının ərazisində kəşfiyyat xarakterli hərəkətlər apararkən 03 oktyabr 2020-ci il tarixdə Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən ələ keçirilib.

Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

20.05.2021-ci il tarixdə tarixdə iş üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Hazırda cinayət işi üzrə digər şəxslərin cinayətkar əməllərinin ifşa edilərək məsuliyyətə cəlb olunması istiqamətində kompleks tədbirlər davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğu bəyan edib ki, Ali Baş Komandan İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq törədildiyi vaxtdan asılı olmayaraq sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək.

37
Suqovuşan, arxiv şəkli

Bir qrup hərbçimiz "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olundu

21231
Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərmiş hərbçilərimiz təltif edildilər

BAKI, 24 iyun - Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif ediliblər.

Onların siyahısı ilə bu linkdən tanış olmaq mümkündür. 

Vətən müharibəsi

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ savaşında Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.
Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.

Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından yanvarın 11-dək dəfn edilən 2841 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 64 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim edib.

44 günlük müharibədə xəsarət alan bütün qazilərin müalicə və reabilitasiyası Prezidentin göstərişi ilə dövlət tərəfindən gerçəkləşdirilir.

Dirçəliş

Müharibədən sonra işğaldan azad edilmiş bölgələrdə bərpa və quruculuq işlərinə başlanıb. Bu prosesə yerli müəssisələr və qurumlarla yanaşı, müxtəlif xarici şirkətlər də dəvət alıb. Qarabağda "ağıllı" şəhər və kənd sistemləri olacaq. Bərpa zamanı ən yeni texnologiyalardan istifadə ediləcək.

Füzulidə beynəlxalq aeroportun tikilməsinə start verilib. Prezident İlham Əliyevin sözlərinə görə, ya Laçın, ya Kəlbəcərdə ikinci beynəlxalq hava limanı inşa ediləcək. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olunub və orada 30 illik fasilədən sonra "Xarı-bülbül" festivalı keçirilib. 

---------------

29.12.2021

12:19

Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir sıra hərbi qulluqçuları “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilirlər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Təltif olunmuş hərbçilərimizin siyahısı ilə bu linkdən tanış ola bilərsiniz. 

21231
Teqlər:
Azərbaycan Ordusu, hərbçilər, Azərbaycan, Qarabağ, medal, Suqovuşan
Əbülfəz Elçibəy, arxiv şəkli

Bu gün Əbülfəz Elçibəyi yad edirik

9
(Yenilənib 16:22 24.06.2021)
Əbülfəz Elçibəyin prezidentliyə başladığı ilk vaxtlarda dövlətin qarşısında duran təxirəsalınmaz vəzifələr Azərbaycanın dövlət müstəqilliyini tam gerçəkləşdirmək, Milli Ordu yaratmaq və müharibədəki məğlubiyyətlərin qarşısını almaq idi.

BAKI, 24 iyun — Sputnik. Azərbaycan Respublikasının ikinci prezidenti (1992–1993), Azərbaycan tarixində xalq tərəfindən, demokratik seçkilər yolu ilə seçilən ilk prezident Əbülfəz Elçibəyin (tam adı: Əbülfəz Qədirqulu oğlu Əliyev) doğum günüdür.

Əbülfəz Elçibəy 24 iyun 1938-ci ildə Naxçıvan MSSR-in Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz bəy 1964-cü ilin oktyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb. Tulunilər dövləti (868–905)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb. ADU-nun "Asiya və Afrika ölkələri tarixi" kafedrasında müəllim və baş müəllim işləyib.

1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adı ilə həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilmişdir.

Həbsdən buraxıldıqdan sonra bir müddət işsiz qalır. 1976-cı ilin dekabrında Azərbaycan EA Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayır. Sonralar böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbə və vəzifələrə qədər yüksəlir.

Seyidlərdən ibarət olan (bu səbəbdən də onların adına "Seyid" və "Mir" dini titulları artırılıb) ata tərəfi Cənubi Azərbaycandandır. İlkin ulu babaları kökcə Şah İsmayıl Səfəvinin sələflərindən olan Şeyx Sədrəddin Musanın (1305–1392) uruqlarındandır. Bəzi qaynaqlarda Şeyx Sədrəddinə Şeyx Xoca Əli də deyildiyi bildirilir, bəzi qaynaqlarda isə Şeyx Xoca Əlinin onun oğlu olduğu göstərilir. Bu fikirlərdən hansının doğruluğundan asılı olmayaraq Əbülfəz Elçibəyin nəsli məhz həmin Şeyx Xoca Əlidən (Şeyx Əli Xoca da adlanıb) başlanır. Əbülfəz Elçibəyin özündə olan soyağacında nəslin davamçıları olan 30-dan artıq adamın adı sadalanır.

Klassik və müasir ərəb dilini, islam dininin əsaslarını, şərq ölkələrinin elm, tarix, fəlsəfə və mədəniyyətini incəliklə bilən Əbülfəz Elçibəy Azərbaycan tarixşünaslıq və şərqşünaslığında indiyədək öyrənilməyən sahələrdə çox dəyərli və əsaslı elmi araşdırmalar aparıb. Onun 40-dan artıq sanballı elmi əsəri nəşr edilib. Bunların içərisində BDU-nun "Elmi əsərlər"ində, EA-nın "Xəbərlər"ində, "Əlyazmalar xəzinəsində" toplusunda və b. nəşrlərdə çıxan "Əhməd ibn Tulun və Tulunilər dövlətinin yaranması" (1967), "Abbasilər xilafətinin tənəzzülü və parçalanmasına dair" (1968), "9–10-cu əsrlər Ərəb-Misir ədəbiyyatı haqqında" (1971), "Tulunilər dövləti və Qərmətilər" (1971), "Abbasilər xilafətinin parçalanması və feodal dövlətlərinin yaranmasına dair" (1971), "9-cu yüzilliyin 2-ci yarısında Misirdə sənətkarlıq və ticarət" (1972), "Hənəfilik və onun əsas qaydaları" (1986), "Əhməd Tantarani Maraği və onun "Tantaraniyyə" qəsidəsi" (1987) və b. bir çox digər tədqiqatlarını göstərmək olar. Alimin bütünlüklə yeni düşüncələr toplusu olan kitabları: "Tolunoğulları dövləti (868–905)" (İstanbul, 1997) və "Bütöv Azərbaycan yolunda" (İstanbul, 1998) dünya şərqşünaslıq elminə dəyərli töhfədir.

8 iyun 1992-ci ildə Azərbaycan Respublikasında ilk dəfə demokratik yolla prezident seçilən Əbülfəz Elçibəy, ölkədə demokratiyanın bərqərar olması, Azərbaycanın tam suveren dövlətə çevrilməsi və xalqın rifahının yaxşılaşdırılması yolunda çox mühüm işlər görüb.

Əbülfəz Elçibəyin prezidentliyə başladığı ilk vaxtlarda dövlətin qarşısında duran təxirəsalınmaz vəzifələr Azərbaycanın dövlət müstəqilliyini tam gerçəkləşdirmək, Milli Ordu yaratmaq və müharibədəki məğlubiyyətlərin qarşısını almaq idi. Buna görə də ölkənin bütün imkanları Milli Ordu quruculuğuna səfərbər edildi. Ordu quruculuğu yalnız hərbi-strateji problem olmayıb, xeyli dərəcədə siyasi-psixoloji problem səviyyəsinə qaldırıldı. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna qoyuldu. Ağdərə və Goranboy rayonları erməni işğalçılarından təmizləndi. İşğal altında olan Laçının əksər kəndləri onun hakimiyyəti zamanı düşməndən azad edildi.

Elçibəy iqtidarının apardığı geridönməz müstəqillik siyasətindən təşvişə düşən xarici və daxili düşmənlər birləşərək Azərbaycanda hərbi qiyam təşkil etdilər və ölkədə vətəndaş müharibəsi qaçılmaz oldu. Öz xalqını labüd faciələrdən qurtarmaq istəyən prezident Əbülfəz Elçibəy 1993-cü ilin iyununda hakimiyyətdən uzaqlaşaraq doğma Kələki kəndinə getdi və burada 4 il 4 ay yaşayaraq siyasi mübarizəsini davam etdirdi. Bir çox antitürkist, bidətçi qruplar onu hakimiyyətdən salmışdır.

Prezidentlik səlahiyyəti bitdikdən bir qədər sonra – 1997-ci ilin 30 Oktyabrında Bakıya dönən Əbülfəz Elçibəy, yenidən Azərbaycan müxalifətinin liderinə çevrildi. Demokratik Konqresə sədr seçilən AXCP sədri Əbülfəz bəy, həmin ilin noyabrında Bütöv Azərbaycan Birliyini də yaratdı və ona başçılığı öz üzərinə götürdü. 1997-ci ildə Marqaret Tetçerin "Qafqazda ən böyük demokrat" adlandırdığı Ə.Elçibəy, həm də Türk Xalqları Assambleyasının fəxri sədri seçildi.

Əbülfəz Elçibəyin siyasi-nəzəri görüşləri "Bu mənim taleyimdir" "Deyirdim ki, bu quruluş dağılacaq", "Demokratiya və azadlıq", "Bütöv Azərbaycan yolunda", "Əbülfəz Elçibəy: Mən qurtuluşçuyam!", "Elçi düşüncələri" kitablarında əksini tapıb. Onun mübarizə yolunu işıqlandıran Kamil Vəli Nərimanoğlunun "Azərbaycan türklərinin azadlıq elçisi Əbülfəz Əli Elçibəy", A.Səmədoğlunun "Elçibəy və Azərbaycan", Fazil Qəzənfəroğlunun "Əbülfəz Elçibəy. Tarixdən gələcəyə", Ədalət Tahirzadənin "Elçi Bəy", "Elçibəylə 13 saat üz-üzə", "Prezident Elçibəy", O.Məmmədovun "Elçibəy ilə birlikdə otuz il" və b. kitablar oxucuların marağına səbəb oldu.

Yorulmadan demokratiya və milli bütövlüyümüz uğrunda mübarizə aparan Əbülfəz Elçibəy 22 avqust 2000-ci ildə – 62 yaşındaykən qardaş Türkiyənin Ankara şəhərində əbədiyyətə qovuşdu. Bakıda dəfni günü yüz minlərlə insanın onun tabutunu son mənzilinədək çiyinlərində aparması onun doğma xalqının ürəyində əbədi sevgi qazandığına sübut oldu.

9