Şamxal Cəfərov və Azər Hüseynov

Sahibini gözləyən bağlamalar. Bir qəhrəmanın özü, digərinin anası gəldi...

84
(Yenilənib 06:04 28.05.2021)
Azər Hüseynov: "Çox istərdik ki, burada paltarlarını dəyişib döyüşə gedən oğullarımız elə əşyalarının ardınca da özləri gəlsin"

BAKI, 27 may — Sputnik, Emin Əlisahib. Sizə təqdim edəcəyimiz növbəti yazı Vətən müharibəsinə yollanan gənclərimizin özəl əşyaları haqdadır. Daha doğrusu, bir neçə gün əvvəl hazırladığımız reportajın davamıdır, desək yanılmarıq. O əşyalar qaytarılmaq üçün sahiblərini gözləyirdi. Yazıb işıqlandırdıq. Sputnik Azərbaycan-ın bu xəbərindən sonra həmin əşyaların sahiblərindən bəziləri bizimlə əlaqə saxladı. 44 günlük Vətən müharibəsinə yollanarkən öz əşyalarını Alıbəyli kənd tam orta məktəbində qoyub gedən o qəhrəmlardan birini sizə tanıdacağıq.

Vətən müharibəsinə yollanarkən, şəxsi əşyalarını Ağdam rayon Alıbəyli kənd tam orta məktəbində qoyub gedənlərdən biri də Bərdə rayon Mehdili kənd sakini Şamxal Əbülfət oğlu Cəfərovdur. Şamxal deyir ki, 44 günlük Vətən müharibəsindən aylar keçməsinə baxmayaraq, əşyalarının bu günə kimi qorunub saxlanılması onun üçün gözlənilməz olub. O, şəxsi əşyaları haqda məlumatı Sputnik Azərbaycan-da yayımlanan "Rahibin son yazısı: Döyüşə gedirik, silməyin, xatirə" adlı yazını oxuduqdan sonra xəbərdar olub:

"Sputnik Azərbaycan xəbər saytında xəbərləri oxuyurdum. Qarşıma maraq doğuran başlıqlı xəbər çıxdı. Daxil oldum xəbəri oxudum və orda bağlamaların şəkli qoyulmuşdu. Bir bağlamanın da üzərində mənim adım, soyadım və yaşadığım yer yazılmışdı. Gözlərimə inana bilmədim, bağlama mənə məxsus idi və çox sevindim, çünki o əşyalarımın və paltarlarımın mənim üçün xüsusi bir anlamı var. Dərhal sizinlə əlaqə saxladım".

© Sputnik / Emin Alisahib
Bərdə rayon Mehdili kənd sakini Şamxal Cəfərov

Müsahibimizlə birlikdə yollanırıq Alıbəyli kənd tam orta məktəbinə. Buradan onun şəxsi əşyalarını götürəcəyik. Şamxal danışır ki, o da 44 günlük Vətən müharibəsində iştirak etmək üçün bura, kənd orta məktəbinə gəlib və burada mülki paltarlarını hərbi geyimlə əvəz edərək, cəbhəyə yollanıb:

"Könüllü kimi qeydiyyatdan keçmişdik. Sentyabrın 28-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə Rayon Şöbəsindən zəng gəldi. Dedilər ki, sabah saat 4-dən 6-ya kimi burada olmalısınız. Ayın 29-da komissarlığa gəldik. Ordan da bizi Ağdamda bir məktəbə, yəni bura - Alıbəyli kənd məktəbinə gətirdilər. Burada mülki formaları çıxardıq, hərbi formaları geyinib ön xəttə, döyüşə yollandıq".

Müsahibimiz deyir ki, o, Ağdam rayonunun azad edilməsində fəal iştirak edib. Müharibə qurtarandan sonra isə onlar evlərinə dönüblər. Qələbə ilə qayıdan igidlərimizin isə sevincdən paltarları da yada düşməyib:

"Sağ-salamat evinə qayıdan uşaqların sevinc hissi o qədər böyük idi ki, paltarlarımız, şəxsi əşyalarımız belə yada düşmədi. Doğrusu, həm paltarlarımızı hansı ünvanda dəyişdiyimiz yadımızda deyildi. Həm də fikirləşdik ki, paltarlarımızı bu vaxta kimi saxlamazlar, yəqin ki, atıblar. Xəbəri saytınızda oxuyanda çox sevindim. Sizinlə əlaqə saxladım ki, gəlib buradakı paltarlarımı, şəxsi əşyalarımı götürüm. Sputnik Azərbaycan xəbər agentliyinin bütün kollektivinə təşəkkür edirəm ki, bu xəbəri yayımladı. Məktəbin kollektivi də sağ olsun, onlara da təşəkkür edirəm ki, bizim əziyyətimizi bu cür ali qiymətləndirib, əşyalarımızı qoruyub saxlayıblar. Məndə döyüş yoldaşlarımın bəzilərinin əlaqə nömrələri var, onlarla da əlaqə saxlayıb şəxsi əşyalarının burada olması barədə məlumat verəcəyəm".

© Sputnik / Emin Alisahib
Bərdə rayon Mehdili kənd sakini Şamxal Cəfərovun bağlaması

Vətən müharibəsinin qəhrəmanlarından olan bu müsahibimizin bura gəlişi də elə ən çox məktəb kollektivini sevindirdi. Döyüşə yollanan əsgərlərimizin özəl əşyalarını qoruyub saxlayanlardan biri olan məktəbin müəllimi Azər Hüseynov deyir ki, həm əsgərimizin paltarının arxasınca gəlməsinə, həm də onun döyüşdən sağ-salamat qayıtmasına çox sevinirlər:

"Sizə məktəbin rəhbərliyi və kollektivi adından təşəkkürümüzü bildiririk ki, bunu işıqlandırdınız və ictimailəşdirdiniz. Ən azından bu gün başlanğıc olaraq, bir nəfər sizin vasitənizlə gəlib, şəxsi əşyalarından ibarət bağlamanı götürdü. Bu da bizim üçün çox xoş oldu. Biz onu qoruduq, saxladıq və bu gün öz sahibləri müharibədən sağ-salamat qayıdıb, öz paltarını götürür. Bu, bizim üçün çox xoşdur".

Müsahibimiz onu da əlavə edib ki, bu ünvandan hazırladığınız reportajdan sonra artıq bir neçə nəfər məktəbə zəng edərək, gəlib əşyalarını aparacağını bildirib. Azər Hüseynov bildirir ki, gələn zənglər arasında üzüntülü xəbərlər də var:

"Aldığımız bir xəbər bizi məyus etdi. Bir ana zəng edib dedi ki, övladı şəhid olub. Vətən müharibəsi zamanı bura Azərbaycanın müxtəlif bölgələrindən könüllü və Səfərbərlik Xidmətindən çağırılan gənclərimiz gəlirdi. Həmin bağlamanın sahibi olan şəhidimiz də Göyçay rayonunun Cəyirli kəndindəndir. Anası zəng edib dedi ki, "balamın son xatirəsidir o əşyalar. Onları mütləq mənə çatdırın. Mən balamın iyini bundan sonra o əşyalardan alacağam". Biz şəhidimizin paltarını tapıb çıxardıq. Onu müəyyən vasitələrlə şəhidimizin ailəsinə çatdıracağıq. Amma çox təəssüf ki, o gəncin şəhid xəbərini eşitdik. Çox istərdik ki, burada paltarlarını dəyişib, döyüşə gedən oğullarımız elə əşyalarının ardınca da özləri gəlsin".

© Sputnik / Emin Alisahib
Şamxal Cəfərov və Azər Hüseynov

Qeyd edək ki, hazırda Alıbəyli kənd tam orta məktəbində Vətən müharibəsinə yollanan qəhrəmanlara məxsus 300-ə yaxın bağlama saxlanılır. Bu bağlamaların bura qoyulduğu vaxtdan 8 ay ötür. O, qəhrəmanların özləri və yaxud ailələri istənilən vaxt əşyalarını gəlib götürə bilərlər. Bunun üçün Ağdamın Alıbəyli kənd tam orta məktəbinin kollektivi daim sizin yolunuzu gözləyir.

Həmçinin oxuyun:

Rahibin son yazısı: “Döyüşə gedirik, silməyin, xatirə” - FOTO

84
Koronavirus testləri, arxiv şəkli

Koronavirus cəbhəsində bu gün vəziyyət necədir? Bu günün statistikası

50
(Yenilənib 16:42 15.06.2021)
İndiyədək ölkədə ümumilikdə 335 264 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 876 nəfər müalicə olunaraq sağalıb, 4 958 nəfər vəfat edib, aktiv xəstə sayı 1 430 nəfərdir.

BAKI, 15 iyun - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 177 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 264 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 876 nəfər müalicə olunaraq sağalıb, 4 958 nəfər vəfat edib, aktiv xəstə sayı 1 430 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10316, ötən müddət ərzində isə ümumilikdə 3 637 889 test aparılıb.

50

İlham Əliyevin köməkçisi quru sərhədlərinin açılması məsələsinə aydınlıq gətirib

17
(Yenilənib 15:20 15.06.2021)
Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Azərbaycanın quru sərhədlərinin açılması ilə bağlı məsələyə aydınlıq gətirib.

BAKI, 15 iyun — Sputnik. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Azərbaycanın quru sərhədlərinin açılması ilə bağlı məsələyə aydınlıq gətirib.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, prezidentin köməkçisi hazırda digər məsələlərdən fərqli olaraq quru sərhədlərinin açılması ilə bağlı məsələnin müzakirə olunmadığını bildirib.

Quru sərhədlərlə bağlı durum

Mətbuatda Azərbaycan iyunun 15-dən quru sərhədlərini açacağı ilə bağlı məlumat yayılıb. Məlumata görə, artıq Dövlət Gömrük Komitəsi (DGK) gömrük-keçid məntəqələrinin açılması ilə bağlı qonşu ölkələrin müvafiq qurumları ilə ilkin razılıq əldə edib. Bununla əlaqədar rəhbərlik Ərazi Baş Gömrük İdarələrinə tapşırıqlar verib və gələn həftə məntəqələrinin açılması üçün hazırlıqlara başlanılıb. Dövlət Gömrük Komitəsi (DGK) isə hələ ki, onlara belə bir qərarın daxil olmadığını bildirib.

Xatırladaq ki, NK-nın son qərarına əsasən, Rusiya Federasiyasının və Türkiyə Respublikasının vətəndaşlarına 10 iyun tarixindən etibarən hava nəqliyyatı vasitəsilə ölkəmizə giriş-çıxışı aşağıdakı qaydalarla həyata keçirilir: yaşı 18-dən yuxarı olan şəxslər – yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PZR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında ölkəmizə daxil ola bilərlər. 1-18 yaş arasında olan şəxslər isə yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PZR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında Azərbaycana gələ bilərlər.

 

 

17
Teqlər:
sərhəd
Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada görüşü, 15 iyun 2021-ci il

Azərbaycan Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalanıb

2305
(Yenilənib 17:25 15.06.2021)
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalayıblar.

BAKI, 15 iyun - Sputnik. İyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb.

Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsini prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan imzalayıblar.

15:34

Ali qonağın Şuşada rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimi olub.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

  • Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada görüşü, 15 iyun 2021-ci il
    © Official website of President of Azerbaijan Republic
  • Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada görüşü, 15 iyun 2021-ci il
    © Official website of President of Azerbaijan Republic
  • Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada görüşü, 15 iyun 2021-ci il
    © Official website of President of Azerbaijan Republic
1 / 3
© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada görüşü, 15 iyun 2021-ci il

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və birinci xanım Əminə Ərdoğanı qarşıladılar.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verdi.

Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

--------

13:24

İyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərinə yola düşüb.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Füzuli rayonunda qarşılayıb.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Füzulidə görüş

--------

13:09

Azərbaycana rəsmi səfərə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşaya gedir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Twitter hesabından məlumat verib.

"NATO sammitinin ardından Azərbaycanın tarix və mədəniyyət paytaxtı Şuşaya gedirik. Qarabağ zəfərini taclandıran bu ziyarət Türkiyə-Azərbaycan bağlarını daha da gücləndirəcək və dərinləşdirəcək. Qafqazın tarixi inanc, əzm və cəsarətlə yenidən yazılır", - İ.Kalın qeyd edib.

Şuşada Azərbaycan və Türkiyə dövlət başçılarının təkbətək görüşü, sonra isə Ərdoğanın sözlərinə görə, iki ölkə arasında ən böyük razılaşmanın imzalanması nəzərdə tutulur. Sonra isə KİV-in məlumatına görə, prezidentlər birgə mətbuat konfransı keçirəcəklər. 

Bundan sonra Ərdoğan Şuşada gəzintiyə çıxacaq. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Milli Məclisdə çıxış edəcəyi də gözlənilir. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında millət vəkili Fazil Mustafa bildirib.

--------

08:02

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

© Photo : AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfəri zamanı

Sputnik Azərbaycan xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

© Photo : AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfəri zamanı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

2305