* AZƏRBAYCAN *
Əlil, arxiv şəkli

Musa Quliyev: Əlilliyin 4 dərəcəsi olacaq

19
(Yenilənib 13:40 01.06.2021)
"Əlillik dərəcələrinin verilməsi ilə bağlı Almaniyadakı kimi faiz göstəricilərinə keçəcəyik. Bu da kriteriyaları daha da yüngülləşdirəcək. Əlillik indiyə qədər əmək qabiliyyətinin itirilmə dərəcəsinə görə təyin olunub"

BAKI, 24 may — Sputnik. "Əlilliyin təyinatı ilə bağlı qanunvericiliyə çox ciddi dəyişikliklər olacaq".

Bunu APA-ya müsahibəsində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

M. Quliyev deyib ki, indiyə qədər əlilliyin təyin olunması sovet sisteminə, 1940-cı illərdən formalaşan 3 əlillik dərəcəsi ilə müəyyənləşib: "Amma Azərbaycan həm əlillərin hüquqları üzrə BMT Konvensiyasına qoşulub həm də 2018-ci ildə "Əlillərin hüquqları haqqında" yeni qanun qəbul olunub. Həmin qanunun tələblərindən biri əlillik dərəcələrinin qruplar üzrə deyil, aparıcı ölkələrdə olduğu kimi, daha geniş şəkildə faizlər üzrə verilməsinə daha çox imkan yaradılmasını nəzərdə tutur. Əlillik dərəcələrinin verilməsi ilə bağlı Almaniyadakı kimi faiz göstəricilərinə keçəcəyik. Bu da kriteriyaları daha da yüngülləşdirəcək. Bir var, 3 dərəcə, biri də var, 4 dərəcə olsun. 4 dərəcə olacaq və bu zaman həkimin seçim imkanları da, qiymətləndirmə imkanları da geniş olur. Əlillik indiyə qədər əmək qabiliyyətinin itirilmə dərəcəsinə görə təyin olunub. Yəni, üçüncü qrup əmək qabiliyyəti məhduddur, amma öz işində işləyə bilər, ikinci qrup əmək qabiliyyətsizdir, amma həkimlərin verdiyi əmək zəmanətinə uyğun olaraq işlə məşğul ola bilər. Birinci qrupun isə əmək qabiliyyəti tam məhduddur, işləyə bilməz, yaxud onun üçün xüsusi yaradılmış şəraitdə işləyə bilər və başqasının köməyinə ehtiyacı var. Tutaq ki, insanın hər iki ayağı amputasiya olunub, durub harasa iş yerinə gedib işləyə bilməz, ancaq əlil arabasında işləyə bilər. Deməli, evində xüsusi şərait yaradılarsa, kompüterdə hansısa işi görə bilər. Amma yeni meyarlara görə əmək qabiliyyətinin saxlanılma dərəcəsi əsas götürülür. Yəni tutaq ki, 10 faiz əmək qabiliyyəti itirilibsə, 90 faiz saxlanılıbsa, buna bir cür, 90 faiz itirilib, 10 faiz saxlanılıbsa, başqa cür baxılacaq. Amma əsas mahiyyət odur ki, indiyə qədər əlillik dərəcəsi əmək qabiliyyətinin itirilmə dərəcəsinə görə müəyyənləşirdisə, indi əmək qabiliyyəti və həyat fəaliyyətinin saxlanılma dərəcəsi əsas götürüləcək, daha pozitiv yanaşma olacaq".

"Eyni zamanda reabilitasiya potensialı müəyyənləşəcək ki, 10 faiz əmək qabiliyyətini itiribsə, çalışaq 1-2 il ərzində 10 faizini də bərpa edək, sağlam həyata qayıtsın. 4 əlillik dərəcəsinə görə müavinətlər də fərqli olacaq, spektr daha da genişlənəcək. Bəzi müavinətlər cüzi, bəzi müavinətlər daha çox olacaq. Bununla bağlı qanun qəbul olunandan sonra həmin həkimlərə treninq də keçiriləcək", - deyə o qeyd edib.

Parlamentin komitə sədri qeyd edib ki, eyni zamanda dəyişikliklərə əsasən, hər hansı səbəbdən əlillik təyinatı üçün gec müraciət olunubsa, təkrar müalicə və müayinəyə qayıdıbsa, ötürülən müddət üçün 6 ay geriyə imkan yaradılacaq ki, onun pensiyası verilsin: "Bu, yaxşı və vətəndaşın sosial müdafiəsini təmin edəcək bir təklifdir. Dəyişikliklər hazırdır, amma ona yəqin ki, növbədənkənar sessiyada baxacağıq".

Parlamentin komitə sədri vurğulayıb ki, bu gün heç kim əlillik sahəsində problem olmadığını demir: "Saxta əlillərlə mübarizə aparanda bəzən həqiqi əlillər də əziyyət çəkirlər. Yəqin ki, bu il ərzində bu problem çözülər və gələn il tam şəffaflığa nail olmuş olarıq. Bu, çox ciddi sosial problemdir. Amma bu, heç kimə əsas vermir ki, haqqı olanın haqqına girsin, eyni zamanda haqqı olmayan da dövlətdən müavinət, pensiya alsın. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apardığı monitorinqə əsasən, həqiqi əlilliyi olmayan insanlara il ərzində 270 milyon manat vəsait xərclənir. Bu vəsait büdcədə qalarsa, pensiyaları, müavinətləri artırarıq. O insanlar da artıq sağlam insanlardır, gedib əmək fəaliyyəti ilə məşğul ola bilərlər".

19
Bakıda avtobus, arxiv şəkli

Bakıətrafı marşrutlar üzrə avtobuslar nağdsız ödənişə keçir

3
(Yenilənib 16:05 24.06.2021)
Marşrut xətlərinin də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiyası davam edir. Sabahdan daha bir avtobusda gediş haqqı kartla ödəniləcək.

BAKI, 24 iyun — Sputnik. Sabahdan Bakıda 108B nömrəli marşrut xətti ("Azadlıq prospekti" metrostansiyası – Mehdiabad qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda da gediş haqqı "BakıKart" vasitəsilə ödəniləcək. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Xəbərdə bildirilir ki, iş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Xatırladaq ki, dünəndən 204 nömrəli marşrut xətti üzrə ("Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzindən Bakının Sabunçu rayonunun Ramana qəsəbəsinin "Sovxoz" adlanan ərazisinə qədər) hərəkət edən avtobuslarda gediş haqqı "BakıKart" vasitəsilə ödənilməsinə başlanılıb. Məlumat üçün bildirək ki, indiyədək paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 58%-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 780 min nəfərə yaxın sərnişin (ümumi sərnişinlərin 42%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.

3
İmtahan, arxiv şəkli

Tərsinə fenomen: iki məktəb niyə hər kəsi məyus edib?

221
Bakıda iki məktəbin heç bir məzunu ali məktəbə qəbul ola bilməyib. Sputnik Azərbaycan bunun səbəbini araşdırıb.

 

BAKI, 24 iyun — Sputnik. Bakıda iki orta ümumtəhsil müəssisəsindən ötən tədris ilində ali məktəbə bir məzun belə qəbul ola bilməyib. Dövlət İmtahan Mərkəzinin yaydığı xəbərə görə, bunlar 185 saylı və 105 saylı tam orta məktəblərdir. Bu məlumat sosial platformadakı təhsil qruplarında da geniş müzakirəyə və tənqidə səbəb olub. Sosial şəbəkə istifadəçiləri həmin məktəblərin rəhbərliyini və pedaqoji heyətini yaxşı təhsil verməməkdə günahlandıraraq tənqid ediblər.

Sputnik Azərbaycan ötən il ali məktəbə bir məzunu belə qəbul ola bilməyən məktəblərlə əlaqə saxlayaraq bunun səbəbini araşdırıb.

Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 185 saylı orta məktəbdən Sputnik Azərbaycan-a bildirdilər ki, məktəbin direktoru Esmira Rzaquliyeva məzuniyyətdə olduğundan bu suala cavab verə bilmir. Amma özünü məktəbin müəllimi kimi təqdim edən şəxs ötən il məzunların heç birinin ali məktəbə qəbul ola bilməməsinin səbəbini şagird sayının az olması ilə izah etdi. O bildirdi ki, əvvəlki illərdə məktəbin ali təhsil ocaqlarına qəbul imtahanlarında yüksək bal toplayaraq fərqlənən məzunları olub. Amma son illər məzun sayı azaldığından, ali məktəblərə qəbulla bağlı bu cür mənzərə yaranıb.

Ələtin Şıxlar massivində yerləşən 105 saylı məktəbin direktor əvəzi Mənsim Hacıyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ötən il məktəbin 11 məzunu olub. Onlardan üç nəfəri ali məktəbə sənəd verib. Bir məzun ödənişli universitetə qəbul olduğundan oxumaqdan imtina edib:

"Yerdə qalan yaxşı oxuyan şagirdlərimiz isə 9-cu sinifdən kolleclərə qəbul olublar. Amma əvvəlki illərdə ali məktəblərə qəbul olan şagirdlərimiz olub. Bu il 12 məzunumuz var. Onlardan 5 nəfəri ali məktəbə sənəd verib. Bizim məktəbin 2016-cı ildən bu tərəfə 105 bal toplayan məzunları olub. Bu rəqəm artmaqda davam edir. Fənn olimpiadalarında bizim dörd şagirdimiz yarımfinala çıxıb. Ümumilikdə məktəbdə məzun sayı azdır. Məzun sinifləri tək-təkdir. Növbəti ildən paralel siniflərdə məzun sayı artacaq. Ümid edirik ki, ali məktəbə qəbul olan məzunlarımız olacaq. Məktəbdə dərs deyən eyni müəllimlərdir. Buna görə birmənalı olaraq məktəbi günahkar çıxartmaq düzgün deyil", - deyə M.Hacıyev bildirib.

Qeyd edək ki, 2018-ci ildə keçirilən qəbul imtahanlarında Bakı şəhəri 140 saylı tam orta məktəbin bir abituriyenti belə, ali təhsil müəssisəsinə qəbul ola bilməmişdi.

Eləcə də oxuyun:

  • Təhsil Nazirliyi "Məzun günü" ilə bağlı qərar verib

  • "Azərbaycan dili" fənni üzrə ikinci imtahan keçiriləcək

  • Yüksək bal toplayan abituriyentlərlə bağlı statistik göstəricilər açıqlanıb

221