CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qocalar evi - Çarəsizliyin, ümidsizliyin məkanı

© pixabay / stevepbQoca kişi əlləri, arxiv şəkli
Qoca kişi əlləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.05.2021
Abunə olmaq
Samirə Mehtiyeva: "Ən çox bilirsiniz nəyə təəssüflənirəm? Bura gətirilən bir qocanın övladının olduğunu eşidəndə çox təəssüflənirəm".

BAKI, 23 may — Sputnik, Nigar İsgəndərova. Kimsəsizlik və tənhalıq. Həyatda yəqin ki, boşluğu ifadə edən bu sözlər, bu hisslər qədər çətin, əzablı və dəhşətli bir şey yoxdur. Ancaq Azərbaycanda da bir çox ölkələrdə olduğu kimi, kimsəsiz və tənha ahılların evi olan, məskunlaşdıqları bir məkan var. Burada - Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsində dövlət özü onlara övladlıq edir.

Yolumuz Ahıl Şəxslər üçün Sosial Xidmətlər Müəssisəsinədir. Müəssisənin rəhbəri Samirə Mehtiyeva Sputnik Azərbaycan-a Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsinin fəaliyyəti haqda ətraflı məlumat verib.

- Hazırda müəssisənin nə qədər sakini var?

- Ahıl şəxslər üçün Sosial Xidmət Müəssisəsinin 208 sakini var ki, onlardan 105-i kişi, 103-ü qadındır. Faktiki olaraq hazırda sayımız 192-dir. Çünki pandemiya ilə əlaqədar olaraq bəzi sakinlərimiz ev məzuniyyətindədir, onların arasında xəstəxana şəraitində olanlar da var. Nizamnaməmizə uyğun olaraq müəssisəmizə 70 yaşından yuxarı şəxslər qəbul olunur. Burada ailə quranlar, öncədən ailəli olub sonradan övladı tərəfindən atılan cütlüklər də var ki, yollarını buradan salıblar. Eləsi var ki, həyat yoldaşı ilə birgə bura gəlmişdi, həyat yoldaşı təzəlikcə dünyasını dəyişdi.

© Sputnik / Nigar IskanderovaAhıl Şəxslər üçün Sosial Xidmətlər Müəssisəsinin rəhbəri Samirə Mehtiyeva
Qocalar evi - Çarəsizliyin, ümidsizliyin məkanı - Sputnik Azərbaycan, 1920, 23.05.2021
Ahıl Şəxslər üçün Sosial Xidmətlər Müəssisəsinin rəhbəri Samirə Mehtiyeva

- Fəaliyyətinizin bir qismi pandemiya, karantin müddətinə təsadüf etdi...

- Artıq 1 ildir ki, burada karantin şəraitində yaşayırıq, qocalarımız heç yerə getmir, eyni zamanda da qonaq da qəbul etmirlər. Çox sevindirici haldır ki, bu bir il ərzində ahıllarımız arasında COVID 19-a yoluxanlar olmadı. Artıq müəssisəmizin sakinləri arasında peyvəndləşmə işləri gedir. Onlar yaxınlıqdakı poliklinikada peyvəndlənirlər. Müəssisəmizdə yataq xəstələri də var, heç kəslə təmasları olmasalar da, otaqdan çıxmasalar da, onlar da istəklərinə uyğun olaraq peyvəndlənəcəklər. Son bir il ərzində pandemiya ilə əlaqədar olaraq müəssisəmizə qəbul minimuma düşüb, Yalnız tamamilə kimsəsiz, dözülməz vəziyyətdə olan şəxslər öncə sığınacağa yerləşdirilib, karantin müddəti başa çatdıqdan sonra bura yerləşdiriliblər. Onların sayı təxminən 15 nəfərdir.

- Otaq şəraitləri necədir?

- Burada hər bir sakinimizin ayrıca otağı var. Otaqlar tam təmirli vəziyyətdədir və yaşamaq üçün hər bir təminat, mebel və avadanlıqlar var. Yeni ildə bütün sakinlərimizin geyimləri yeniləndi. Sakinlərimizə Heydər Əliyev Fondu tərəfindən də böyük diqqət göstərilir.

© Sputnik / Nigar IskanderovaAhıl Şəxslər üçün Sosial Xidmətlər Müəssisəsinin sakini Həbib Qənbərov
Qocalar evi - Çarəsizliyin, ümidsizliyin məkanı - Sputnik Azərbaycan, 1920, 23.05.2021
Ahıl Şəxslər üçün Sosial Xidmətlər Müəssisəsinin sakini Həbib Qənbərov

- Burada tamamilə kimsəsiz qocalarla yanaşı qohum-əqrəbaları tərəfindən axtarılan qocalar da varmı?

- Bəzən yaxınlarından kimsə gəlib sakinlərimizi yanına aparardı. Pandemiyadan öncə də bəzi ahıllarımızın doğmaları bir müddətlik evə aparmışdılar, lakin pandemiya olduğu üçün biz onlar yenidən müəssisəmizə qayıtmayıblar. Ailələr var ki, şəraitləri ahıl şəxsə qulluq etməyə imkan vermir. Lakin onlar ahılları heç zaman diqqətdən kənarda qoymurlar. Elə ailələr var ki, deyir ki, ahıl şəxsə baxmağa imkanları, şəraitləri yoxdur. Oğul gətirib atasını bura qoyur, deyir ki, atam yataq xəstəsidir, yoldaşım baxa bilmir. Yəni, elə ailələr var ki, sadəcə olaraq məcburiyyətdən valideynlərini müəssisəmizə tərk edirlər.

- Burada işlədiyiniz müddətdə dinlədiyiniz hekayələrdən ən çox nəyə təəssüflənmisiz?

- Həyatdır, həyatda hər şey baş verir. Ən çox bilirsiniz nəyə təəssüflənirəm? Bura gətirilən bir qocanın övladının olduğunu eşidəndə çox təəssüflənirəm. Bu yaxınlarda elə Sosial Xidmətlər Agentliyinin sığınacağına, yəni Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial reabilitasiya Müəssisəsinə gözəl bir nəslin nümayəndələri yerləşdirildi. 78 yaşlı qadın ginekoloq olub, 88 yaşlı kişi isə professordur. Həyat onların da yolunu buradan salıb. Bu insanlar çox qürurlu olurlar və əksər hallarda bura gəlmə səbəblərini gizlədirlər. Biz də səbəblərin dərinliyinə gedərək onların yaralarını təzələmək istəmirik. Onlar təcili yardımla küçədən götürülərək öncə sığınacağa, sonra isə bura yerləşdiriliblər.

© Sputnik / Nigar IskanderovaAhıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsi
Qocalar evi - Çarəsizliyin, ümidsizliyin məkanı - Sputnik Azərbaycan, 1920, 23.05.2021
Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsi

Binanı gəzərkən və tərk etdikdə el arasında "Qocalar evi" adlanan müəssisənin dəhlizlərində üzümüzdə tanış sima axtaranları görürük. Gözü arxada qalan kim, sən kimsən deyərək, sanki doğmasını simasını yadırğamış kimi sual verən kim... Bəlkə onlar da bir zamanlar yollarının buradan düşəcəyini və gözlərini buradaca yumacaqlarını düşünməzdilər...

Xəbər lenti
0