Əlil, arxiv şəkli

Əlilə baxana əlli manat verilir: Deyirlər dövlətin başı Qarabağa qarışıb

2375
(Yenilənib 21:57 03.05.2021)
"Gələcəkdə yəqin ki, pensiya və müavinətlər artdıqca, baxıcılara verilən vəsaitlər də artacaq. Bu məbləğ orta aylıq əmək haqqına bağlansa, daha yaxşı olar" - Musa Quliyev

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 3 may — Sputnik. Dünya əhalisinin təxminən 20 faizinədək olan hissəsi orta və ağır dərəcəli fiziki məhdudiyyətli şəxslərdir ki, onlar digərləri ilə müqayisədə daha çox yardıma ehtiyac duyurlar. Onların həyat keyfiyyətlərinin yaxşılaşdırılması üçün xüsusi baxıcıların ayrılmasına ehtiyac var. Əlilliyi olanlara baxan şəxslərin maaşları pandemiya dövründə müxtəlif ölkələrdə artıb. Pandemiyadan öncəki illə müqayisədə bir çox ölkələrdə ötən il əlilliyi olanlara baxan şəxslərin maaşları artıb. Həmçinin bu şəxslərin maaşlarının cari ildə də artacağı gözlənilir. Belə ki, cari ildə Türkiyədə minimum əmək haqqının 2 min 825 Türk Lirəsi (579 manat) olacağı proqnozlaşdırılıb. Minimum əmək haqqı ilə yanaşı bəzi məvaciblərdə də artım proqnozlaşdırılır. Bu sırada əlilliyi olan şəxslərin baxıcıları da maaşları artırılacaq şəxslər sırasında yer alıb. Burada məqsəd əlilliyi olan şəxsləri daha keyfiyyətli xidmətlərlə təmin etməkdir.

Belə ki, Türkiyədə əlilliyi olan şəxslərə təyin olunan baxıcılara aylıq olaraq 2019-cu ildə 1384 Türk Lirəsi (284 manat), 2020-ci ildə 1460 Türk Lirəsi (299 manat), cari ildə isə ekvivalenti 316 Azərbaycan manatına bərabər əmək haqqı təyin olunub.

Qonşu Türkiyədə bu vəsait yalnız əlilliyi azı 50 faiz olan şəxslərə qulluq edən baxıcılara verilir. Yəni, əllilik dərəcəsi 50 faizdən az olan şəxslərə heç bir baxıcı təyin edilmir. Türkiyə qanunlarına görə, yalnız şəxsin ailə üzvləri, yaxud da qohumları baxıcı ola bilər. Baxıcıdan tələb olunan əsas şərtlərdən biri də işçinin fiziki məhdudiyyəti olan şəxsin olduğu evdə ona xidmət göstərməsinin vacibliyidir. Əks təqdirdə, fiziki məhdudiyyəti olan şəxsin rahatlığının təmin olunmaması nəzərə alınaraq həmin şəxslərə vəsait ödənilmir.

Azərbaycanda isə qanunvericiliyə görə, yalnız 1-ci qrup əlil olan şəxslərə baxıcı təyin olunur və onlar aylıq olaraq 50 manat əməkhaqqı alırlar. Əlilliyi olanlara baxan baxıcılar bu vəsaitin kifayət qədər az olduğundan gileylidirlər. Onlar ölkəmizdə də bu məbləğin artırılmasının tərəfdarıdırlar.

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin üzvi Musa Quliyev Sputnik Azərbaycan-a açıqlamasında baxıcılar üçün ayrılan vəsaitin zamanla artacağını deyib:

"Öncələr bu xidmətə görə məvacib təyin olunmurdu. Yalnız birinci qrup əlillərin pensiyaları daha yüksək hesablanırdı, bu zaman müavinət xərcləri bura daxil idi. Lakin son iki ildə qanunvericilikdəki dəyişikliklərə görə, digər qruplara nisbətən 1-cı qrup əliliyi olan şəxslərin pensiyaları yüksək olaraq qalır, həm də ailə üzvlərinə 50 manat məbləğində sosial müavinət müəyyənləşir. Bu məbləğ başlanğıc üçündür. Gələcəkdə də yəqin ki, pensiya və müavinətlər artdıqca vəsaitlər artacaq. Bu məbləğ orta aylıq əmək haqqına bağlansa, daha yaxşı olar".

Deputat əlavə edib ki, əlillik dərəcələri ilə bağlı yeni meyarlar hazırlansa da, hələlik Milli Məclisə daxil olmayıb. May ayında güman ki, yeni meyarlar Milli Məclisə daxil olacaq.

Sputnik Azərbaycan-a danışan "Əlil Qadınlar Cəmiyyəti"nin sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında əlillik və reabilitasiya ilə bağlı fəaliyyət göstərən ictimai şuranın üzvi Məxluqə Rəhimova isə növbəti ildə bu problemin də həllini tapacağına ümidlidir:

"Çalışırıq ki, əlilliyi olan şəxslərin sosial problemləri həll olunsun. Lakin hazırda işğaldan azad olunan ərazilərdə quruculuq işləri aparıldığı üçün bu məbləği qaldırmaq mümkün deyil. Əslində isə onlara təyin olunan məbləğ yüksək olmalıdır. Bir insan haradasa işləyirsə, ən azı 200-250 manat əmək haqqı alır. Bu da onun kimi. Həmin şəxs ailə üzvü yox, başqası olsa, o da məvaciblə çalışmalıdır".

Rəhimovanın dediyinə görə, əlilliyi olan şəxslərə baxanlara ötən ilin yanvarından bu məbləğ təyin olunub, ondan daha öncə isə bu məbləğ də olmayıb.

"Düşünürəm ki, növbəti ildən sonra bu məsələlər yenidən həllini tapacaq, mərhələli şəkildə təşkil olunacaq. Qarabağdan gəlir əldə etdikdən sonra bəlkə də Azərbaycan əlilinə, qazisinə, şəhid ailəsinə ən yaxşı baxan bir dövlət formalaşacaq. Veteranlar 80 manat alırlar, onlara verilən müavinətin artırılmasına ehtiyac var. Lakin hazırkı dönəmdə bir millət kimi gücümüz çatan təminatla razı olmalıyıq. Əslində bu gün hamımız əlilik, sağlam görünənlərimiz də stress və həyəcandan əlil səviyyəsindədir", - deyə o, əlavə edib.

2375
Hindistanda epidemioloji vəziyyət

"Hindistan ştammı"nın Azərbaycanda yayılma riski böyükdür

2
(Yenilənib 16:17 06.05.2021)
"Hindistan ştammı"nın yayılmasının qarşısını almaq üçün virusun yayıldığı ölkələrə, xüsusilə Hindistana hava nəqliyyatı, eləcə də avtomobil nəqliyyatı ilə səfərlərdən qaçmaq lazımdır.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 6 may — Sputnik. Koronavirusla bağlı dünyanı bürüyən daha bir narahatlıq "Hindistan ştammı" ilə bağlıdır. Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in departament müdiri Yaqut Qarayeva Azərbaycanda "Hindistan ştammı"nın qeydə alınmadığını bəyan etsə də, virusun mutasiya etmiş bu növü artıq bir neçə ölkəni xofa salıb. ABŞ-da koronavirusun ikiqat mutasiyalı ştammı aşkarlanıb. "San Francisco Chronicle" qəzetinin Stanford Kliniki Virusologiya Laboratoriyasının mütəxəssislərinə istinadən məlumatına görə, ştamm San-Fransisko Körfəzində yaşayan bir nəfərdə aşkarlanıb. "Hindistan ştammı" ilə təmasda olan daha yeddi nəfər test edilib və nəticələr gözlənilir. Bu ştamm martın sonunda ortaya çıxıb.

Fransanın Lo və Qaronna departamentində də COVID-19 virusunun Hindistan ştammına yoluxma aşkarlanıb. Bunu Yeni Akvitaniya bölgəsinin regional səhiyyə təşkilatının rəhbəri Benuat Elbod deyib. Onun sözlərinə görə, yeni ştamm Hindistandan ölkəyə gələn fransızın analizlərinin cavabında aşkar edilib. Hazırda təcrid olunan şəxsin təmasda olduğu insanlar da yoxlanılır.

Polşada da koronavirusun Hindistan ştammı aşkarlanıb. Bu barədə ölkənin səhiyyə naziri Adam Nedzelski bildirib. Nazirin sözlərinə görə, Varşava və Katovis bölgələrində koronavirus ocaqları qeydə alınıb. Həmin regionlardan götürülmüş nümunələrdən 14-də hind mutasiyası təsdiqlənib.

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 virusunun Hindistanda aşkarlanan variantının (B.1.617) dünyada sürətlə yayıldığını, artıq 20-dək ölkədə koronavirusun bu ştammının aşkarlandığını açıqlayıb. Məlumatda bildirilir ki, Böyük Britaniya, ABŞ, Sinqapur kimi ölkələrdə də aşkarlanan COVID-19 virusunun Hindistan variantı virusun orijinal variantından daha təhlükəlidir. Belə ki, bu variantın yoluxuculuq qabiliyyəti daha yüksəkdir və daha ölümcüldür. Bundan başqa, vaksinlərin qoruyuculuq qabiliyyətinə üstün gələ bilir.

Qeyd edək ki, son günlər Hindistanda COVID-19 virusuna yoluxmaların sayı və ölüm halları sürətlə artır. Mütəxəssislər bunun əsas səbəblərindən biri kimi virusun ikiqat mutasiyasının ölkədə sürətlə yayılmasını göstərir. Son bir həftədir ki, dünya üzrə sutkalıq yoluxma antirekordunu Hindistan gündəlik 300 mindən çox yoluxma ilə yeniləyir. Ölüm hallarının çoxalması krematoriyaların işini çətinləşdirib. Belə ki, meyit sayının krematoriyaların gündəlik iş potensialından çox olması səbəbindən meyitlərin şəhərlərin müxtəlif yerlərində yandırılmasına (kremasiya) başlanılıb. Bundan başqa, bir neçə krematoriyanın fasiləsiz işləyən sobalarında ərimə baş verib.

Bəs görəsən, dünyanı təşvişə salan "Hindistan ştammı"nın Azərbaycan-a keçməsinin qarşısını almaq üçün hansı profilaktik tədbirlər görülməlidir?

İnfeksionist Vüqar Cavadzadə Sputnik Azərbaycan-a bildirib ki, "Hindistan ştammı"nın Azərbaycanda da yayılma riski böyükdür. Onun sözlərinə görə, "Hindistan ştammı" pandemiya infeksiyası olduğundan bütün dünyada yayıla bilər. İnfeksionistin fikrincə, "Hindistan ştammı"ndan qorunmaq üçün xüsusi profilaktik üsul yoxdur, lakin COVID-19-da tətbiq edilən qorunma tədbirləri davam etdirilməlidir:

""Hindistan ştammı"nın yayılmasının qarşısını almaq üçün virusun yayıldığı ölkələrə, xüsusilə Hindistana hava nəqliyyatı, eləcə də avtomobil nəqliyyatı ilə səfərlərdən qaçmaq lazımdır. Əks halda, virusun Azərbaycanda da yayılma riski böyük olacaq".

V.Cavadzadə deyir ki, Hindistanda B.1.617 ştammının yayılma səbəbi həmin ölkədə açıq havada kütləvi toplaşma oldu. O ki qaldı, B.1.617 ştammından sonra Hindistanda ölüm hallarının artmasına, Hindistanda daha çox ölüm müşahidə olunma səbəbi daha çox sosial faktorlarla və gigiyenik tələblərə əməl etməməklə bağlıdır.

İnfeksionist "Hindistan ştammı"nın xüsusi müalicəsinin olmadığını, COVID-19-da tətbiq edilən müalicə metodunun B.1.617 ştammında da keçərli olduğunu söyləyir.

Professor Adil Qeybulla bildirib ki, bu gün bütün dünyada "Hindistan ştammı" təhlükəsi var və virusun bu cür mutasiyası çox təhlükəlidir. Əgər Hindistan ştammı Azərbaycana gəlib çıxarsa, dərhal karantin tədbirləri görülməlidir:

"Əgər bu ştamm dünya üzrə yayılarsa, ölkələr çox sərt tədbirlər görərsə, təbii ki, biz də bu yolu getməyə məcbur olacağıq. Çünki bəzi alimlər bunu virusun ikiqat mutasiya olduğuna görə pandemiyanın yeni mərhələsi sayırlar. Belə bir dalğa olsa, bu, böyük itkilərə gətirəcək. Koronavirusun mutasiya etməsi pandemiya ilə bağlı verilən proqnozların özünü doğrultmadığını göstərir. Buna görə də, karantin qaydalarına əməl etməyə dava etməliyik".

Məlumat üçün bildirək ki, Yaqut Qarayeva brifinqdə bəyan edib ki, Azərbaycanda indiyədək koronavirusun "Böyük Britaniya ştammı"ndan başqa yeni növ qeydə alınmayıb.

B.1.617 ştammından sonra Hindistanda gündəlik ölü sayı 3 min civarındadır. Küçələrdə kütləvi meyitlərin yandırılması həyata keçirilir. Xatırladaq ki, "Hindistan ştammı" ilk dəfə şərqi Benqaliya ştatında Genomika və İnteqrativ Biologiya İnstitutunun əməkdaşları tərəfindən aşkarlanıb. Müəyyən edilib ki, virusda ikili mutasiya əmələ gəlib və bunlar B.1.617 və B.1.618 mutasiyalarıdır. Bunun nəticəsində virusun genomunda olan arxitektonika nukleotid zəncirinin quruluşu xeyli dəyişib və virus yeni bir xassə alıb. İkiqat mutasiya nəticəsində virusun immunreaksiyadan yayınma qabiliyyəti var.

2

Ey qızıl lalələr, qızıl lalələr video

7
(Yenilənib 13:03 06.05.2021)
Yaz fəsli Azərbaycan təbiətində xüsusi rəngarənglik yaradır. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında, Göyçayın Qarayazı kəndinin ətrafında bitən qızıl lalələr gözəl mənzərə ortaya çıxarıb.

Rayonun dörd bir yanında yamyaşıl çəmənliklərdə boy verən lalələr paytaxt sakinləri ilə bərabər, yerli qonaqların, yaradıcı insanların da diqqətini cəlb etməyi bacarır.

7