CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yevlaxda qorunan iyirmi doqquz illik xarı-bülbül sirri

© Sputnik / Rahim MammadovYevlaxda Xari bulbul
Yevlaxda Xari bulbul  - Sputnik Azərbaycan, 1920, 02.05.2021
Abunə olmaq
Ərəbbəsrə kənd sakini Vidadi Şöyübov 1992-ci ildən bağında bitən gülü hər kəsdən gizli saxlayıb. O, hər dəfə xarı-bülbülə baxıb kövrələrək, Şuşanın azad ediləcəyi günü gözləyib.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 2 may — Sputnik. Ordumuzun möhtəşəm qələbəsi nəticəsində torpaqlarımız işğaldan azad edildi. İllərdir həsrət qaldığımız Şuşa, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və digər rayonlar düşməndən təmizləndi. 30 ilə yaxın bir müddətdə ermənilər həmin rayonları, kəndləri xarabalığa çevirdilər. Mədəniyyət abidləri məhv edildi, tarixi yerlər dağıdıldı. Həmçinin bu illər ərzində ata-baba yurdumuzun fauna və florası da məhv edildi. İllərdir Şuşada, ətraf kəndlərdə bitən xarı-bülbülə də həsrət qaldıq. Vətən müharibəsində qazanılan qələbə bizə torpaqlarımızla bərabər qələbə rəmzinə çevirilən xarı-bülbülü də qaytardı.

Yalnız Azərbaycanda bitdiyi bildirilən Qafqaz qaş səhləbi qısa ömürlü ot bitksidir. Aprel ayında çiçəkləyib, mayın ilk günlərində solur. Xarı-bülbül Şuşa sakinlərinin sevimli bitkisi hesab edilir. Fərqli görünüşü olan gül digər bölgələrdə az-az rast gəlinir.

© Sputnik / Rahim MammadovYevlaxda xarı-bülbül
Yevlaxda qorunan iyirmi doqquz illik xarı-bülbül sirri - Sputnik Azərbaycan, 1920, 02.05.2021
Yevlaxda xarı-bülbül

Sputnik Azərbaycan xəbər verir ki, xarı-bülbül Yevlaxın Ərəbbəsrə kəndində Vidadi Şöyübovun bağında da bitir. Kənd sakini 29 il ərzində həmin gülü hər kəsdən gizli saxlayıb. Səbəbini isə həmin vaxt Şuşanın işğalda olması ilə əlaqələndirib: "Bizim kəndin - Ərəbbəsrənin təbiəti fərqlidir, yayda bura Yevlaxın digər kəndlərinə nisbətən sərin olur. Bağımız yaz gələndə daha da gözəlləşir, ağaclar çiçəkləyir, otlar göyərir, bir sözlə, hər tərəf al-əlvan olur. 1992-ci ildən bu günə qədər bu həyətdə xarı-bülbül yetişir. Aprel ayında çiçək açır, mayın ilk günlərinə qədər yaşayır. Bunu bu uzun illərdə heç kimə bildirmədim. Hər dəfə gedib o gülləri görüb kövrəlirdim. Özüm-özümlə danışırdım ki, nə vaxt Şuşa azad olunacaq, o zaman xarı-bülbülün sirrini açacağam. 44 günlük Vətən müharibəsindən sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz zəfər çaldı. Şuşa azad edilən gün sevincimdən kövrəldim və söz verdim ki, növbəti ildə bağımda xarı-bülbül bitərsə, onun haqqında hər kəsə danışacağam. İllərdir özümdə saxladığım sirri açacağam. Çox şükür, həm torpaqlarımız azaddır, həm də xarı-bülbül! İndi mənim ürəyim də rahatdır".

© Sputnik / Rahim MammadovYevlaxda xarı-bülbül
Yevlaxda qorunan iyirmi doqquz illik xarı-bülbül sirri - Sputnik Azərbaycan, 1920, 02.05.2021
Yevlaxda xarı-bülbül

Ərəbbəsrə kəndində yetişən xarı-bülbülü Vidadi Şöyübov toxumdan artırmaq istəsə də, buna nail ola bilməyib. Hər il yabanı halda bağın müxtəlif hissələrində bitib. Bu il ötən illərə nisbətən daha çoxdur. V.Şöyübov Sputnik Azərbaycan-ın müxbiri ilə söhbətində bitkinin 20-25 sm boyunda, üzərindəki çiçəklərin sayının isə 4-7 ədəd olduğunu bildirib:

"Çox zərif, incə bir bitkidir. Çiçəyin üzərində sanki bülbül əyləşib. Kiçik nəvəm var, mənə sual verir ki, "baba, televiziyalarda gördüyümüz güldəndir bu?" Cavab verdim ki, "bəli, bala, həmin xarı-bülbüldür bizim bağda da bitib". Özüm onun toxumundan götürüb artırmaq istədim, alınmadı, bitmədi. Maraqlısı odur ki, hər il bağın müxtəlif hissələrində yetişir. Səbəbini bilmirəm. Hazırda bağda 20-yə yaxındır".

Qeyd edək ki, görünüşü ilə göz oxşayan xarı-bülbül, Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir növdür.

Xəbər lenti
0