DTX

DTX Alimpaşa Məmmədovun həbsilə bağlı məlumat yaydı

23
(Yenilənib 10:33 29.04.2021)
Məmmədovun xidməti və yaşayış yerlərinə baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

BAKI, 29 aprel — Sputnik. Ölkədə həyata keçirilən sistemli islahatlara mane olan, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan korrupsiya və digər əlaqəli cinayət əməllərinə qarşı hüquqi mübarizə tədbirləri davam etdirilir.

Sputnik Azərbaycan-a Dövlət Təhlükəsizlik Xidmətindən daxil olan məlumatda bildirilir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən külli miqdarda dövlət əmlakının ələ keçirilməsi, vətəndaşların hüquqlarına zərər vurulması ilə bağlı qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Başlanılmış cinayət işi üzrə araşdırmalar zamanı Məmmədov Alimpaşa Adil oğlunun Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Şəmkir rayonu Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 2 milyon 844 min manat dəyərində əmlakı olan "Çinarlı Qəsəbə" MMC-nin bütün paylarını oğlu Adilzadə Adil Alimpaşa oğlu və tabeçiliyində fəaliyyət göstərən digər şəxslərə məxsus "Şəmkir Səbət Ticarət Mərkəzi" MMC-yə cəmi 40 manata satılmasını, Şəmkir şəhər Bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 967 min manat dəyərində qida məhsulları istehsal zavodu olan "Abad Şəmkir" MMC-nin bütün paylarını oğlu Adil Adilzadəyə cəmi 180 manata satılmasını təmin edib xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Alimpaşa Məmmədovun Şəmkir rayon ərazisində abadlıq işlərinin görülməsi ilə bağlı "Ağstafasutikinti" MMC-nin hesabına köçürülmüş 218 min manat külli miqdarda pul vəsaitini nağdlaşdıraraq təkrar mənimsəmə yolu ilə ələ keçirməsinə, Şəmkir rayonu ərazisində dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına tikinti və abadlıq işləri, əsaslı və cari təmir, habelə yolların təmir edilməsi ilə bağlı işləri yerinə yetirən ayrı-ayrı şəxslərdən ümumilikdə 382 min manat, rayon ərazisində sahibkarlıq və yaşayış təyinatlı tikinti işlərinin aparılması ilə bağlı ayrı-ayrı vətəndaşlardan ümumilikdə 217 min manat vəsaiti tabeçiliyində olan şəxslər vasitəsi ilə rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyən edilib.

Alimpaşa Məmmədovun həmçinin rayon icra hakimiyyəti başçısının ərazi icra nümayəndələri və digər yerli dövlət təsisatlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında 3 min - 10 min manat məbləğində pul vəsaitləri tələb edərək almasına dair əldə edilmiş məlumatlar üzrə araşdırma aparılır. Eləcə də, onun mənimsəmə və rüşvət alma yolu ilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədi ilə 832 min manat vəsaitin oğlu Adil Adilzadənin adına təsis etdiyi "Az Forel" MMC-nin Şəmkir rayonunda yerləşən balıqyetişdirmə və emalı müəssisəsinin tikintisinə və digər xərclərinə yönəltməklə cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitlərini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Alimpaşa Məmmədovun xidməti və yaşayış yerlərinə baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

Alimpaşa Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

23

Qəbul imtahanlarında pulsuz iştirak edəcək vətəndaşların siyahısı genişləndirilib

4
Yeni Sərəncamla ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən kateqoriyaya aid vətəndaşların siyahısı daha da genişləndirilib.

BAKI, 7 may - Sputnik. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu stimullaşdırmaq və əhalinin sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamında dəyişiklik edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Dəyişikliyə əsasən “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 271) 1.2-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunub və aşağıdakı məzmunda 1.3 – 1.7-ci bəndlər əlavə edilib:

“1.3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

1.4. şəhid ailəsinin üzvləri;

1.5. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

1.6. məcburi köçkün statusu olan şəxslər;

1.7. I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.”.

Beləliklə, yeni Sərəncamla ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən kateqoriyaya aid vətəndaşların siyahısı daha da genişləndirilib.

Xatırladaq ki, “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamına əsasən orta ixtisas təhsili müəssisələrinə və ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı DİM-in keçirdiyi imtahanlarda iştirak etmək üçün Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlərə uyğun olaraq, ümumi təhsil müəssisələrini bitirən aşağıdakı kateqoriyadan da olan Azərbaycan Respublikası vətəndaşlarının imtahanlarda iştirakı üçün tələb edilən məbləğin ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

1.1. ilk dəfə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər;

1.2. ilk dəfə ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər.

4
WhatsApp loqosu, arxiv şəkli

"Whatsapp"a tamam, yoxsa davam - sosial şəbəkəyə hansı məlumatlarımız lazımdır?

9
(Yenilənib 19:47 07.05.2021)
"Əgər bu şərtlərlə razılaşmaq istəmirsinizsə, o zaman "Telegram", "Signal" və bu kimi digər paltformalardan isitfadə etmək olar. Lakin bununla bilmək olmaz ki, həmin platformalar da gələcəkdə bu siyasətdən istifadə edəcək, ya yox" - Fərid Pərdəşünas.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 7 may — Sputnik. "Whatsapp"la bağlı yayılan xəbərlər əslində səhv başa düşülür. Burada məlumatların ötürülməsindən söhbət getmir. 

Lakin istifadəçilər elə bilirlər ki, bu sosial şəbəkədəki şəxsi məlumatlar, video və fotolar yayılır, xeyr".

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında texnobloger Fərid Pərdəşünas son günlər adıçəkilən sosial şəbəkənin idarəetmə sistemindəki dəyişikliklər, mesajların, şəxsi məlumatların yayılmasına münasibət bildirərkən deyib.

O, "Whatsapp" tərəfindən "Facebook"a ötürüləcək məlumatlara isə bu cür aydınlıq gətirib:

"Burada söhbət ad, soyad, şəxsin sonuncu dəfə onlayn olma vaxtı, sosial şəbəkədəki davranış tarixçələrindən gedir. Yəni şəxs hansı müddətdə bu sosial şəbəkəyə daxil olur və s. bu tip məlumatlar "Whatsapp" tərəfindən "Facebook"a göndərilir və reklam alətlərində, "Whatsapp Biznes"də bizneslərin optimallaşdırılması, hədəf auditoriyalarının müəyyən olunmasında istifadə olunacaq. Yəni fərdi məlumatların ötürülməsi ilə bağlı heç bir təhlükə yoxdur".

Həmsöhbətimiz deyir ki, bu proses illərdir belə davam etsə də, artıq sosial şəbəkə bunu rəsmi olaraq elan etməyə başlayıb: "Sosial şəbəkə istifadəçilərə öncədən bu haqda məlumat verir. Bu, əslində, belə olmalıdır və istifadəçilər bununla razılaşmalıdırlar. Bu səbəbdən düşünürəm ki, platforma dəyişməyə, başqa sosial şəbəkə platformasına axın etməyə, söz-söhbət yaratmağa ehtiyac yoxdur. Əgər bu şərtlərlə razılaşmaq istəmirsinizsə, o zaman "Telegram", "Signal" və bu kimi digər paltformalardan isitfadə etmək olar. Lakin bununla bilmək olmaz ki, həmin platformalar da gələcəkdə bu siyasətdən istifadə edəcək, ya yox".

9
Teqlər:
istifadəçi, ekspert, siyasət, yeni, "Whatsapp"
Min bir gecə baleti, arxiv şəkli

"Min bir gecə" baleti beynəlxalq festivalda

0
(Yenilənib 23:11 07.05.2021)
Balet mayın 13 və 14-də göstəriləcək. Tamaşanı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edəcək.

BAKI, 7 may — Sputnik. Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Min bir gecə" baleti mayın 13-dən iyunun 2-dək Tatarıstanın paytaxtı Kazanda keçiriləcək Rudolf Nureyev adına 36-cı Beynəlxalq klassik balet festivalında nümayiş olunacaq. Sputnik Azərbaycan xəbər verir ki, Tatarıstan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində reallaşacaq festival Rusiyanın Əməkdar incəsənət xadimi, həmvətənimiz Eldar Əliyevin xoreoqrafik quruluşunda Mariinski Teatrının Primorsk səhnəsinin (Vladivostok) "Min bir gecə" tamaşası ilə açılacaq. Balet mayın 13 və 14-də göstəriləcək. Tamaşanı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edəcək.

Eldar Əliyevin quruluşunda "Min bir gecə" baletinin premyerası 2020-ci ilin avqustunda olub.

Dünyaca məşhur balet artistləri, xoreoqraf və dirijorları bir araya gətirən Rudolf Nureyev adına festival 1987-ci ildən keçirilir.

0