Əldə telefon, arxiv şəkli

Banklar müştəriləri diqqətli olmağa səsləyir - Telefonla məlumatlarınızı ötürməyin

20
(Yenilənib 00:16 29.04.2021)
Bir daha əhaliyə müraciət edilir ki, kart məlumatlarını paylaşmasınlar, şübhə doğuran əməliyyatları həyata keçirməsinlər.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 29 aprel — Sputnik. Bəzi işbazlar özlərini bank işçisi kimi təqdim edərək bank müştərilərinin məlumatlarını ələ keçirirlər. Onlar özlərini bank müştərisi kimi təqdim etməklə qarşı tərəfdən kartla bağlı məlumatlarını ötürmələrini tələb edir və bunun müqabilində müəyyən vədlər verirlər. Müştərilərin məlumatsızlığı və ehtiyatsızlığı isə onların hesablarındakı vəsaitlərin çıxarılmasına səbəb olur. Bəs bankların müştərilərə bu tələyə düşməmək üçün tövsiyəsi nədən ibarətdir?

"Kapital Bank"ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov belə hallarla qarşılaşdıqlarını vurğulayaraq deyib:

“Müştərilər tərəfindən kart məlumatlarının 3-cü şəxsə verilməsi halları, təəssüf ki, hərdən olur və hazırda da var. Banka belə bir müraciət olduqda, təbii ki, biz kartın sahibinə pulun silindiyi platforma və əməliyyatlar barədə məlumat təqdim edirik. Bundan başqa, "Kapital Bank" mütəmadi olaraq mətbuatda, sosial şəbəkələrdə ödəniş kartlarından təhlükəsiz istifadə barədə məlumatlandırıcı xəbərlər paylaşır, cəmiyyətdə maarifləndirmə tədbirləri keçirir, həmçinin kibercinayətkarlarla üzləşməmək üçün təhlükəsizlik qaydalarına riayət etmək barədə SMS-bildirişlər göndərir. Saytınız vasitəsilə bir daha əhaliyə müraciət edərək bildirmək istərdik ki, kart məlumatlarını paylaşmasınlar, şübhə doğuran əməliyyatları həyata keçirməsinlər”.

"Bank of Baku"nun Reklam və İctimaiyyətlə əlaqələr departamentinin direktoru Gülşən Cumayeva da bildirir ki, bu gün bir çox kart sahiblərinin dələduzlar tərəfindən aldadılması, tələyə salınması ilə bağlı cəhdlərin olması, bəzilərinin hətta uğurla nəticələndiyi haqda məlumatlar eşidirlər:

“Bu kimi halların yaşanmaması üçün ilk növbədə bütün kart istifadəçilərindən şəxsi məlumatlarını qorumağı, digər şəxslərə ötürməməyi tövsiyə edir, qeyri-dəqiq mənbələrdən linklərə keçid etməməyə çağırırıq. Bankımız müştərilərimizi bu istiqamətdə görüləcək addımlarla bağlı mütəmadi olaraq müxtəlif kommunikasiya kanalları vasitəsilə maarifləndirir.

Belə ki, həm sosial şəbəkələrdəki rəsmi səhifələrimizdə, həm sms bildirişlər, həm də DostBank mobil tətbiqimiz vasitəsilə onlara kartlarının təhlükəsizliyinin təmin edilməsi barəsində məlumatlar göndərilir, əməliyyatlar zamanı diqqətli olmaları tövsiyə edilir. Hər bir kart sahibini öz məlumatlarını bir daha kənar şəxslərlə paylaşmamağa çağırır, təhlükəli ola biləcək sayt və ya platformalarda qeydiyyatdan keçirməmələrini xahiş edirik”.

"Yelo Bank"ın PR meneceri Ayxan Şıxlinski son günlər bu kimi dələduzluq hallarının artdığını deyir:

"Bank olaraq müştərilərimizin şəxsi məlumatlarının qorunması və informasiya təhlükəsizliyinin təmin olunması üçün bütün lazımi tədbirləri görürük. Amma çox təəssüf ki, dələduzlar hər cür hiylələrdən istifadə edirlər. Müştərilərimizi diqqətli olmağa çağırır, heç bir halda kart məlumatlarını kimliyindən asılı olmayaraq tanımadıqları insanlarla bölüşməməyə çağırırıq. Sosial şəbəkələrdəki kanallarımız və mətbuat vasitəsilə daim maarifləndirmə işləri aparır, istifadəçilərimizi daha da diqqətli olmağa səsləyirik".

"Access Bank"ın PR meneceri Sərvinaz Ələkbərova hələlik bu kimi hallarla qarşılaşmadıqlarını deyir: "Son zamanlar baş verən zənglərlə bağlı məlumatımız var, amma hələ ki, bizim müştərilər arasında belə hal yaşanmayıb".

20

Ey qızıl lalələr, qızıl lalələr video

7
(Yenilənib 13:03 06.05.2021)
Yaz fəsli Azərbaycan təbiətində xüsusi rəngarənglik yaradır. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında, Göyçayın Qarayazı kəndinin ətrafında bitən qızıl lalələr gözəl mənzərə ortaya çıxarıb.

Rayonun dörd bir yanında yamyaşıl çəmənliklərdə boy verən lalələr paytaxt sakinləri ilə bərabər, yerli qonaqların, yaradıcı insanların da diqqətini cəlb etməyi bacarır.

7

Azərbaycanda sutkalıq yoluxma sayı aşağı düşdü

251
Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 717, bu günə qədər isə ümumilikdə 3 300 581 test icra olunub

 

BAKI, 6 may — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 844 yeni yoluxma faktı qeydə alınıb, 2 057 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 324 685 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 301 006 nəfər müalicə olunaraq sağalıb, 4 635 nəfər vəfat edib. 19 044 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 717, bu günə qədər isə ümumilikdə 3 300 581 test icra olunub.

251
Xalidə Bayramova

Xalidə Bayramova işdən çıxarıldı

0
(Yenilənib 17:50 06.05.2021)
Səbail RİH başçısı Vüqar Zeynalov Xalidə Bayramovanın vəzifəsindən azad olunması ilə bağlı əmr imzalayıb

BAKI, 6 may — Sputnik. Səbail icra başçısının birinci müavini Xalidə Bayramova vəzifəsindən azad olunub. Bu barədə məlumatı Sputnik Azərbaycan-a Səbail Rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.

Məlumata görə, Səbail RİH başçısı Vüqar Zeynalov Xalidə Bayramovanın vəzifəsindən azad olunması ilə bağlı əmr imzalayıb.

Qeyd edək ki, bir müddət öncə X. Bayramovaya Baş Prokurorluq tərəfindən xəbərdarlıq edilməklə, "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunun tələblərinin pozulması səbəbindən barəsində qanuni tədbirlərin görülərək intizam məsuliyyətinə cəlb edilməsindən ötrü "Prokurorluq haqqında" qanunun 23-cü maddəsinə əsasən Səbail RİH-ə müvafiq təqdimat verilib.

0